ƏRDOĞAN ƏSƏDİN HAKİMİYYƏTİNİ TANIYACAQMI?

ƏRDOĞAN ƏSƏDİN HAKİMİYYƏTİNİ TANIYACAQMI?

Natiq Cəfərli: "Ola bilər ki, yaxın zamanlarda Türkiyə və Suriya hökumətləri arasında birbaşa danışıqların şahidi olduq"

"İndi Suriya ilə danışıqların bərpa olunması, Əsədin hakimiyyətinin tanınması AKP hökuməti üçün daxili siyasətdə ciddi problemlər yarada bilər"

"Ona görə də AKP hökuməti çalışacaq ki, bu problemləri dəf etmək üçün daha yumşaq şəkildə bir keçid etsin və cəmiyyəti bu keçidə hazırlasın"

Almaniyanın tanınmış "Der Spiegel" jurnalında dərc edilən məqalədə iddia olunur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ədavəti unudaraq Suriya prezidenti Bəşər Əsədlə barışmağa, onun hakimiyyətini tanımağa hazırdır. Belə ki, strateq.az-ın tərcümə etdiyi həmin yazıda bildirilir ki, Suriya münaqişəsinə qədər Ərdoğan və Əsəd beynəlxalq siyasətdə nadir hallarda olan bir dostluq sərgləyirdilər. Məqalədə qeyd olunur ki, bu, qarşılıqlı faydalı əlaqələr idi: hər iki hökumət azad ticarət sazişi imzaldı, suriyalılar Türkiyəyə vizasız səyahət edə bilir, türk iş adamları Suriyada müəssisələr açırdılar.

"Der Spiegel" yazır ki, Əsəd üçün Ərdoğan Avropaya qapı idi: Ankara ilə yaxşı təmaslar yaxın zamanda Avropa İttifaqı ölkələri, xüsusulə Fransanın Suriya diktatorunu şad xəbərlə sevindirəcəyi mənası verirdi. Ərdoğan özünü Avropa və Ərəb dünyası arasında körpü qurucusu kimi göstərə bildi. Əsədə qarşı üsyanın başlaması ilə bu dostluqdan əsər-əlamət qalmayıb: "Ərdoğan Əsədi "qatil" və "terrorçu" adlandırıb, Əsəd də onu Suriyadakı "cihadçılar"ın dəstəkçisi. Suriyadakı vətəndaş müharibəsi son illərdə hər iki ölkəni dəfələrlə hərbi qarşıdurmanın astanasına gətirib. Amma indi onlar yenidən yaxınlaşırlar. Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu bu günlərdə Əsədlə birgə işləmək istədiyini söyləyib. Bu, qonşular arasındakı əlaqələrdə yeni möhtəşəm dönüş olacaq". Bildirilir ki, 2015-ci ildə Rusiya müharibəyə müdaxilə edərkən, Türkiyə prezidenti Şamda hökumət dəyişikliyində israr edirdi: "Ərdoğan "bir milyon vətəndaşını öldürmüş" prezidentlə, Suriya ilə sülhün qeyri-mümkünlüyünü vurulayırdı. Ancaq son aylarda Ərdoğan getdikcə Suriyada rejim dəyişikliyindən az danışır və Əsədə şifahi hücumlardan yayınır. O, diktatorla bağlı düşüncəsini dəyişdirməyb, əksinə, bu, üçüncü tərəfin – YPG-nin yüksəlişi ilə bağlıdır. YPG terror qrupu İŞİD-ə qarşı ABŞ-la birlikdə uğurla mübarizə apararaq Qərbdə tanınıb. İndi o, Suriyanın üçdə birinə nəzarət edir, hətta kürdlərin azlıqda olduğu ərazilərə də. Ərdoğan bu qrupu ABŞ və Aİ tərəfindən terror təşkilatı kimi təsnif edilən PKK-nın Suriya şöbəsi kimi görür. Ərdoğanın Suriya siyasətində prioritetlər dəyişib: Suriyada YPG-nin liderliyində olan kürd muxtar bölgəsindən xilas olmaq Əsəddən qurtulmadan daha üstündür".

Məqalədə qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin Əsədin ən mühüm müttəfiqidır və o, protejesinin, YPG-nin də nəzarət etdiyi ərazi daxil olmaqla, bütün Suriyaya nəzarət etməsini istəyir: "Bu həm də Suriyanın şimalında Türkiyənin manevr imkanlarını məhdudlaşdırır. Suriyada Trampın ziqzaq kursu Türkiyə ilə YPG arasında qəribə bir yarışa gətirib çıxarıb: hər iki tərəf Putin və Əsədlə daha tez razılıq əldə etməyə çalışır. Kürdlər Suriya rejiminə müraciət edərək, Türkiyədən qorunmaq üçün bölgədə ən azı muxtariyyətlərinin saxlanmasını istəyirlər. Yüksək səviyyəli bir kürd səlahiyyətlisi bu həftə Vaşinqton ziyarəti çərçivəsində “Əl-Monitor” portalına kürd döyüşçülərinin Suriya ordusuna qoşulacağını söyləyib. Ərdoğan ilə yanvar ayının sonundakı görüşündə Kremlin sahibi Putin Türkiyə və Suriyanın 1998-ci ildə Adanada imzalanan sazişinə istinad edib. Suriya hökuməti həmin sazişlə öz ərazisində Türkiyəni təhdid edən qüvvələrə qarşı mübarizəni öhdəsinə götürüb". "Der Spiegel"in iddiasına gğrə, əgər Adana razılaşması bərpa edilərsə, o zaman Türkiyənin Suriyanın şimalındakı YPG-yə qarşı məhdud hərbi təcavüzü qanuniləşdirəcək: "Bunun qarşılığında türk hökuməti diktator Əsədi Suriyanın qanuni hakimi kimi tanımalıdır. Göründüyü kimi, Ərdoğan bu addımı atmağa çox hazırdır".

Картинки по запросу Natiq Cəfərli

Maraqlıdır, görəsən bu versiya nə dərəcədə doğrudur? Ümumiyyətlə, rəsmi Ankara Bəşər Əsədin hakimiyyətini tanıyarsa, o zaman bu, Türkiyənin daxili siyasətinə hansı formada təsir edə bilər? Məhz bu suallarla müraciət etdiyimiz politoloq Natiq Cəfərli "Hürriyyət"ə açıqlamasında bildirdi ki, Türkiyənin Suriya siyasəti əvvəlindən kifayət qədər problemlərlə müşahidə olunurdu: "AKP hökuməti Suriyada proseslər başladığı ilk gündən Bəşər Əsədin hakimiyyətdən getməsi ilə bütün problemlərin həll olunacağını söylədirdi və bunun üçün çalışırdı. Lakin bu münaqişədən öncə Türkiyə ilə Suriyanın kifayət qədər isti münasibətləri var idi. Bəşər Əsəd dəfələrlə İstanbulda, Ankarada səfərlərdə olmuşdu. Hətta Ərdoğanla bir yerdə ailəvi dincəlirdilər. Çox təəssüf ki, Türkiyə bu yaxınlıqdan pozitiv istifadə edə bilmədi və vəziyyət getdikcə gərginləşdi, Suriyanın ərazi bütövlüyü təhlükə altına düşdü, terror qruplarının sayı və çeşidi artdı. Eyni zamanda, müxtəlif ölkələrin müxtəlif maraqları meydana çıxdı. Əslində, bu, belə bir nəticəyə gəlməyə əsas verdi ki, Əsədsiz Suriyada ciddi avtoritet, hakimiyyət boşluğu yarana bilər".

Əsədin hakimiyyəti daha yumşaq formada təhvil verməsinin son bir ildir ciddi şəkildə müzakirə olunmağa başladığını vurğulayan politoloqun sözlərinə görə, artıq AKP hökumətində müəyyən qədər siyasət dəyişiklikləri baş vermək üzrədir: "Sözsüz ki, Türkiyə bu münaqişədə əhəmiyyətli rol oynayır. Türkiyənin həm Suriya qaçqınlarının böyük bir hissəsini qəbul edən, həm Suriyada qoşunları olan, həm də 900 kilometr sərhədi olan bir dövlət kimi bu məsələyə baxışı mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən də düşünürəm ki, artıq AKP hökumətində də müəyyən qədər siyasət dəyişiklikləri baş vermək üzrədir. Hətta hesab edirəm ki, Suriya ilə Türkiyə arasında birbaşa olmasa da, vasitəçilər vasitəsiylə və dolayısı yollarla ictimaiyyətə və mediaya məlum olmayan gizli danışıqların da olması ehtimalı var. Belə bir danışıq əsasən də Rusiya üzərindən aparıla bilər. Əsəd hökuməti ilə birbaşa olmasa da, dolayısı təmasın olduğunu düşünürəm. Yəni, keçid dövrü üçün Əsədin də iştirakı ilə müəyyən bir koalisiyanın, konfiqurasiyanın qurulması mümkündür və Türkiyə də buna razılıq verəcək".

Suriya məsələsinin daim Türkiyənin daxili siyasətində mühüm rol oynadığını və AKP-nin çox sərt mövqedə olduğunu qeyd edən Natiq Cəfərlinin fikrincə, indi Suriya ilə danışıqların bərpa olunması, Əsədin hakimiyyətinin tanınması AKP hökuməti üçün daxili siyasətdə ciddi problemlər yarada bilər: "Ona görə də hesab edirəm ki, AKP hökuməti çalışacaq ki, bu problemləri dəf etmək üçün daha yumşaq şəkildə bir keçid etsin və cəmiyyəti bu keçidə hazırlasın. Hətta ola bilər ki, yaxın zamanlarda Türkiyə və Suriya hökumətləri arasında birbaşa danışıqların şahidi olduq".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA