Ərdoğan-Putin-Ruhani görüşü nə vəd edir? - EKSPERTLƏRDƏN ŞƏRH

Ərdoğan-Putin-Ruhani görüşü nə vəd edir? - EKSPERTLƏRDƏN ŞƏRH

İlqar Vəlizadə: “Bu görüşlər proseslərə real təsir göstərmir”

Turan Rzayev: “5-ci görüş olsa da, bu günə qədər bir nəticə əldə olunmayıb”

Kənan Paşayev: “Bu görüşün digər görüşlərdən fərqlənəcəyini düşünmürəm”

Kamran Sultanlı: “Rusiya Türkiyəni ABŞ-la üz-üzə qoymağa cəhd edir”

Dünən Ankaradakı Çankaya sarayında Rusiya, İran və Türkiyə liderlərinin Suriyadakı vəziyyətlə bağlı 5-ci sammiti keçirilib.

Astana formatında keçirilən zirvə görüşündə Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, Həsən Ruhani və Rəcəb Təyyub Ərdoğan Suriyanın İdlib bölgəsində yaranmış vəziyyəti müzakirə ediblər. Diplomatik mənbələrin məlumatına görə, üçtərəfli sammitdə suriyalı qaçqınların öz evlərinə qayıtmaları üçün şəraitin yaradılması, davamlı sülhün təmin edilməsi və problemin siyasi həlli məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bundan başqa, liderlərin təkbətək görüşlərində ikitərəfli əlaqələr, regional və beynəlxalq formatda əməkdaşlıq məsələləri də müzakirə olunub.

Xatırladaq ki, Suriya problemi üzrə Astana formatı 2017-ci ilin yanvarında Rusiya, İran və Türkiyə liderlərinin təşəbbüsü ilə yaranıb. Həmin vaxt Qazaxıstanın paytaxtında danışıqların 13 raundu keçirilib.

“Rusiya, İran çalışır ki, İdlib tezliklə Əsəd qüvvələrinin nəzarətinə keçsin”

Картинки по запросу İlqar Vəlizadə

Ankarada keçirilən 5-ci üçlü zirvə görüşü ilə bağlı politoloq İlqar Vəlizadə “Hürriyyət”ə dedi ki, bu görüşlər proseslərə real təsir göstərmir: “Keçən görüşdən sonra müəyyən razılıq əldə olunub. Bu razılıq xüsusilə İdliblə bağlı idi. Amma bu razılığa heç kim əməl etmir. İdliblə bağlı açıqlama verilmir, amma prezidentlərin ifadələrinə nəzər yetirsək, hamısı deyir biz İdlibdə müharibənin dayandırılmasının, hərbi gərginliyin azaldılmasının tərəfdarıyıq. Amma nə oldu? Əsədin qüvvələri İdlibə hücuma keçdilər və burada yerləşən müxtəlif terrorçu qruplar bunlara müqavimət göstərməyə başladılar. Türkiyənin orada 12 nəzarət məntəqəsi vardı, onlara basqın olundu. Hərçənd ki, danışıqların nəticəsində tərəflər razılaşıblar ki, bu məntəqələrə heç kəs tərəfindən basqın olunmamalıdır. Ona görə, Türkiyə orada öz qoşun heyətini gücləndirməyə məcbur oldu. Bundan sonra, indi yenə də görüşürlər. Aydındır ki, tərəflərin fikirləri üst-üstə düşmür. Onlar fərqli düşünürlər. Rusiya, İran çalışır ki, İdlib tezliklə Əsəd qüvvələrinin nəzarətinə keçsin. Türkiyə isə çalışır ki, İdlibdə fəaliyyət göstərən müxalif qruplar mövqelərini bərkitsin. Çalışırlar ki, Astana prosesinə müəyyən təsir göstərsinlər. Belə ki, orada Suriya Konstitusiya Şurası müəyyənləşir. Tərəflər çalışırlar ki, Suriya Konstitusiya Şurasında öz qrupları təmsil olunsun. Türkiyə buna nail olub. Amma İranla, Rusiya çalışır ki, bu qruplar zəifləsin. Çünki bu qrupların Konstitusiya Şurasında təmsil olunması Bəşər Əsədin mövqelərinə mənfi təsir göstərə bilər. Ona görə də onları zəiflətmək istəyirlər”.

“Nə İran, nə də Əsəd qüvvələri Amerikanın burada mövcudluğunu istəmirlər”

Vəlizadənin fikrincə, müzakirələr daha çox İdlib ətrafında olacaq: “Eyni zamanda Konstitusiya Şurası barədə fikirlər ortalığa qoyulacaq. Türkiyənin Suriyanın şimali-şərqində apardığı əməliyyatlardan yəqin ki, söhbət gedəcək. Xüsusilə Türkiyə-Amerika Birləşmiş Ştatlarının müştərək hərəkətləri müzakirə olunacaq. Çünki nə İran, nə də Əsəd qüvvələri Amerikanın burada mövcudluğunu istəmirlər. Müəyyən ümidlər var ki, Amerika-Türkiyə razılıqları baş tutmasın və Türkiyə bu regionda birtərəfli hərəkət eləsin. Belə ki, Amerikanın mövqeləri sıxışdırılsın. Bu, olmadı. Türkiyə-Amerika Birləşmiş Ştatları müəyyən razılıqlara gəliblər. Amma razılıqlar da Türkiyəni qane etmir. Çünki Amerika Birləşmiş Ştatları burada Türkiyəni ikinci planda görür. Bu, müştərək əməliyyat deyil. Türkiyənin prezidenti açıq deyib ki, “bu, görüntüdür, biz buna razı deyilik”. Yəqin ki, bütün bu məsələlər müzakirə olunacaq”.

“Tərəflər düşünürlər pis-yaxşı hansısa bir ortaq məxrəcə gələrik”

“Bu görüşlərdə əldə olunan razılıqlara əməl edilmirsə, bu görüşlər dünyanın gözünə çəkmək üçündür” sualına Vəlizadə belə cavab verdi: “Ötən görüşlərin birində pis-yaxşı təhlükəsizlik zolaqlarının yaradılması ilə bağlı bu formatda razılıq əldə olunub. Ötən görüşlərin birində yenə də Türkiyənin İdlibdəki 12 nəzarət məntəqəsinin quraşdırılması ilə bağlı razılıq əldə olunub. Pis-yaxşı əməl olunub. Yəqin ki, yenə bu məntiqi əsas tutsaq, tərəflər düşünürlər pis-yaxşı hansısa bir ortaq məxrəcə gələrik və sonra da baxarıq. Yəqin ki, bu məntiqlə görüşlərə yanaşırlar”.

“Separatçı qruplar həm İran, həm də Türkiyə üçün risklər törədir”

Vəlizadə hesab edir ki, İran-Türkiyə liderləri arasındakı ikitərəfli görüşdə İran ətrafında gedən proseslər, gərginlik müzakirə olunacaq: “Burada İsrail-Fələstin məsələsinin də müzakirə olunacağı istisna olunmur. Çünki bu yaxın günlərdə Netanyahu bəyan etdi ki, İordan çayının qərb sahillərinin bir hissəsini İsrail öz torpaqlarına qatmaq istəyir. Bu bəyanat həm Türkiyə, həm də İran tərəfindən kəskin tənqid olundu. Düşünürəm ki, bu məsələ müzakirə olunacaq. Ənənəvi olaraq ticarət əlaqələri də müzakirə olunur. Neft-qaz ixracı məsələsi Türkiyə üçün aktual məsələdir. Çünki Türkiyə regionda enerji xab rolunu oynamaq istəyir və İran burada müəyyən rol oynaya bilər. Eyni zamanda ola bilər ki, İraqdakı kürd problemi müzakirə olunacaq. Çünki İraqın şimalında bu yaxınlarda müəyyən əməliyyatlar aparıb. Ehtimallar var ki, bu əməliyyatlar İranın xüsusi qrupları ilə bir yerdə aparılıb. Çünki burada fəaliyyət göstərən separatçı qruplar həm İran, həm də Türkiyə üçün risklər törədir. Ola bilər ki, o barədə fikir mübadiləsi olsun”.

“Həm Rusiyanın, həm də Türkiyənin iqtisadi vəziyyəti ağırlaşıb”

“Qaldı ki, Türkiyə-Rusiya prezidenlərinin görüşündə əlbəttə ki, əsas məsələ İdlib məsələsi ola bilər. Qara dəniz hövzəsində olan hərbi-siyasi gərginlik ola bilər. Xatırlayırsınızsa, bu yaxınlarda Türkiyə prezidenti Ukraynaya səfər etdi, burada müəyyən bəyanatlarla, xüsusilə Krımla bağlı çıxış etdi. Ola bilər ki, bu məsələ pezidentlərin diqqət mərkəzində olsun. Düşünürəm ki, yenə də burada iqtisadi əlaqələr müzakirə oluncaq. Çünki ikitərəfli ticarət dövriyyəsi təxminən 30 milyard təşkil edir. Həm Rusiyanın, həm də Türkiyənin iqtisadi vəziyyəti ağırlaşıb, çalışırlar ki, indiki şəraitdən çıxsınlar. Ötən il Putin Vladivastokda çıxış edərək belə bir təklif irəli sürdü ki, gəlin, biz G-7 formatına paralel olaraq başqa bir format yaradaq. Bu, formatda o, Türkiyəni də görür. Ola bilər bu məsələ də müzakirə olsun. Baxmayaraq ki, siyasi ziddiyyətlər mövcuddur, amma iki ölkənin bir-biri ilə sıx iqtisadi əlaqələri var və bu iqtisadi əlaqələr inkişaf edir. Müştərək qaz layihələri iki tərəfin əleyhinə olan arqumentləri üstələyir”,-deyə politoloq vurğuladı.

“Məsələ nə qədər həsas olsa da, tərəflər öz maraqları çərçivəsində yanaşmağa davam edir”

Картинки по запросу Politoloq Turan Rzayev

Politoloq Turan Rzayev isə dedi ki, Ankara görüşü tərəflər arasında sayca 5-ci görüş olsa da, bu günə qədər tam bir nəticə əldə olunmayıb: “Bu özlüyündə bir çox səbəblərlə əlaqədardır. Suriya məsələsi Rusiya, İran və ən çox da Türkiyəni narahat edən məsələ olaraq aktuallığını saxlamaqdadır. Lakin məsələ nə qədər həsas olsa da, tərəflər öz maraqları çərçivəsində yanaşmağa davam edir. İranın Əsəd rejimini dəstəkləməsinin əsas səbəbi Bəşər Əsədin və ailəsinin Suriya əhalisinin 10 faizini təşkil edən şiə inancına mənsub olmasıdır. Yəni İranın Yaxın Şərqdə apardığı din siyasətinə tam cavab verməsidir”.

“Əsədin hakimiyyətdə qalması İranın maraqlarına uyğundur”

T. Rzayev onu da qeyd etdi ki, İran Yaxın Şərqdə Husilər kimi bir çox radikal şiə qruplaşmaların maliyyələşdiricisidir: “Bu baxımdan, Əsədin hakimiyyətdə qalması İranın maraqlarına uyğundur”.

“Bəsər Əsədin atası Hafiz Əsəd SSRİ ilə yaxın siyasi əlaqələrə malik idi”

“Rusiya isə köhnə SSRİ siyasətinin mirascısı olaraq Yaxin Şərqdə köhnə müttəfiqlərindən əl cəkmək istəmir. Bildiyiniz kimi, Bəsər Əsədin atası Hafiz Əsəd SSRİ ilə yaxın siyasi əlaqələrə malik idi. Bəşər Əsəd də bu siyasətin davamı kimi Rusiyayla əlaqələrə davam etmişdir. Tərəflər arasında başda silah olmaqla, enerji və. s sahələrdə çox saylı ticarət əlaqələri mövcuddur. Rusiya bu baxımdan Suriyada Əsəd rejimini dəstəkləməkdədir”,-deyə politoloq nəzərə çatdırdı.

“Türkiyə bu münaqişədə var və olacaq”

T. Rzayev vurğuladı ki, Türkiyə Yaxın Şərqdə olduqca fəal xarici siyasət aparmaqdadır: “Kobud üslübda desək, bu regionu öz maraq dairəsi kimi görur. Suriyadakı vətandaş müharibəsi Turkiyəyə cox saylı miqrantların axın etməsi ilə muşahidə olundu. Əslində, bu, Turkiyənin iqtisadiyyatına da vurulan zərbə kimi düsünülsə də, Turkiyə tam tərsi daha böyük bir iqtisadi inkisafa nail oldu. Bundan başqa, Turkiyə sərhədlərində gedən bu aktivliyə səssiz qalmayıb, Suriyaya müdaxilə etdi. Qisaca desək, Türkiyə bu münaqişədə var və olacaq”.

“Nə qədər ki, ABŞ var Türkiyə İran və Rusiya Suriya munaqişəsi cərcivəsində bir nəticə əldə edə bilməyəcək”

Tərəflərin görüşünü və hazırkı vəziyyəti dəyərləndirən T. Rzayev diqqətə çatdırdı ki, bu gün istər Rusiya, istərsə İran, istərsə də Türkiyə bir çox ölkənin çəkindiyi və ehtiyat etdiyi ölkələrdir: “Bunun nəticəsidir ki, İran-Rusiya və Türkiyə-Rusiya yaxınlaşmalari bas verməkdədir. Lakin bu yaxınlaşmaların nəticəsi olan bu görüşdə də bir nəticə əldə ediləcəyini düşünmürəm. Çünki Turkiyənin regionda əməliyyatları, eyni zamanda son zamanlar ABŞ ilə ortaq hərbi əməliyyatlar razılaşması görüşün nəticəsinə təsir edəcək. Düşünürəm regionda nə qədər ki, ABŞ var Türkiyə İran və Rusiya Suriya munaqişəsi cərcivəsində bir nəticə əldə edə bilməyəcək”.

“Əsəd rejiminin devrilməsi Rusiyanın öz gücünü itirməsi anlamına gəlir”

Картинки по запросу Kənan Paşayev

“Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev isə nəzərə çatdırdı ki, Türkiyə, Rusiya və İran prezidentlərinin Ankara görüşü 3 tərəf arasında keçirilən sayca 5-ci görüşdür: “Açıq danışsaq, bu görüşün mahiyyət baxımından digər görüşlərdən fərqlənəcəyini düşünmürəm. Belə ki, həm Rusiyanın, həm İranın, həm də Türkiyənin bölgədə özünə məxsus maraqları və həmin maraqlara xidmət edən adı çəkilən ölkələr tərəfindən dəstəklənən qüvvələr mövcuddur. Rusiya bölgədə Bəşər Əsəd rejimini dəstəkləyir. Rejimin devrilməsi illərdir Suriyada öz mövqeyini qoruyan Rusiyanın öz gücünü itirməsi anlamına gəlir”.

“Rusiya və Türkiyənin maraqları bölgədə ciddi surətdə kəsişir”

K. Paşayev onu da vurğuladı ki, Əsəd rejiminin hakimiyyətdə qalması Türkiyənin maraqlarına uyğun deyil: “Əsəd rejiminin qəddarlığı və xarici qüvvələrə xidməti nəticəsində ölkədə baş verən silsilə qətliamlar və terrorlar Türkiyənin sərhədlərini təhlükə altında saxlamaqla yanaşı, həm də bölgədən Türkiyəyə güclü qaçqın axınına səbəb olur. Göründüyü kimi, iki ölkənin maraqları bölgədə ciddi surətdə kəsişir.

“İran bölgədə öz hegemonluğunu yaratmağa çalışır”

“İran isə dəstəklədiyi terrorçu qruplaşmaların vasitəsilə bölgədə öz hegemonluğunu yaratmağa çalışır. Bu isə həm Rusiya, həm də Türkiyənin maraqlarına ziddir. Bütün bu səbəblər tərəflərin asanlıqla razılığa gələ bilməyəcəyini göstərir”,-deyə ekspert əlavə etdi.

“Ankara Əsədə qarşı sərt ritorikasini biraz yumşaldıb”

Картинки по запросу eksperti Kamran Sultanlı

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin eksperti Kamran Sultanlı isə dedi ki, Suriyada bu üç ölkə birlikdə hərəkət etsələr də, onlar arasında fikir ayrılıqları var: “İran və Rusiya aktiv şəkildə Əsəd qüvvələrinə dəstək olduqları halda, Türkiyə Əsədə qarşı çıxır. Lakin son dövrlər Ankara Əsədə qarşı sərt ritorikasini biraz yumşaldıb. İran və Rusiya arasında da tam fikir ortaqlığı var demək doğru deyil”.

“Türkiyə Suriyada balans siyasətinə ehtiyac duyur”

K. Sultanlının fikrincə, Suriyada İranın gücünü artırması İsrailin buraya müdaxilə etməsini gücləndirir ki, bu da Rusiyaya sərf etmir: “Moskva təbii ki, İranla əməkdasliğı qorumağa davam edir lakin eynilə arxa kulisdə İsraillə danısıqları davam etdirir. İsrail çalışır ki, Rusiyanı İranın Suriyada guclənməsinin ona da təhdid olduğuna inandırsın. Türkiyə üçün bu format Suriyada sərhəd boyu təhlükəsizliyini qorumaq baxımından önəmlidir. Çünki Türkiyə Suriyada balans siyasətinə ehtiyac duyur. Həmcinin Ankaranın ABŞ-da ortaq patrul xidməti digər iki dövləti qane etmir”.

“Bu görüşdə ciddi razılaşma qəbul edilməyəcək”

Sultanlının sözlərinə görə, Rusiya kürd mövzusunda ən azı ABŞ qədər müsbət düşünsə də, kürdlərin özlərinə ABŞ-ı müttəfiq seçməsi Rusiyanı onlardan nisbətən uzaqlaşdırır: “Turkiyə çalışır ki, kürdləri sərhədlərindən uzaqlaşdırsın. Rusiya isə Türkiyəni maksimum ABŞ-la üz-üzə qoymağa cəhd edir. Ankara üçün isə hər iki superguc arasında balans vacibdir. Zənnimcə, Turkiyənin Əsədlə anlaşması hazırda onun üçün daha çox önəmlidir. Butun bunları nəzərə alıb, düşünürəm ki, bu görüşdə ciddi razılaşma qəbul edilməyəcək. Lakin Ankara İdlib istiqamətində Rusiya və İrandan təhlükəsizliklə bağlı təminat almağa çalışacaq”.

Şamo EMİN, Hurriyyet.org