REAL ŞANS VƏ REAL MANEƏLƏR: "Dərin dövlət" Tramp-Ruhani görüşünə yaşıl işıq yandırıbmı?

REAL ŞANS VƏ REAL MANEƏLƏR: "Dərin dövlət" Tramp-Ruhani görüşünə yaşıl işıq yandırıbmı?

Əziz Rzazadə

Strateq.az

“Cənab Ruhani ilə görüşmək üçün real şans var”. Donald Trampın avqustun 26-da, G7 sammiti sonu keçirdiyi mətbuat konfransında dediyi bu cümlə günə damğasını vurdu. Fransa prezidenti Emmanuel Makronun İran prezidenti ilə 100 dəqiqəlik telefon danışığı, sanksiya siyahısında olan xarici işlər naziri Məhəmməd Cavad Zərifin Biarritzə dəvəti, Həsən Ruhaninin “Ölkənin milli maraqları naminə istənilən siyasi liderlə görüşə hazıram” açıqlaması və s. artıq yorucu təfərrüatdır. Dünya gözünü dörd açaraq yaxın vaxtlarda baş tuta biləcək görüşü görmək intizarındadır.

Bununla belə, “görüş” kəlməsi hələlik yalnız ehtimaldır. İstək və xoş məramın imkanla düz mütənasibliyinə şübhə böyükdür. Donald Tramp və Həsən Ruhaniyə sədd çəkilməsi, yəni ABŞ və İran arasındakı uçurumun indikindən də dərinləşməsi gümanı, əlbəttə, yerində qalır.

Mayk Pompeo, Con Bolton, Ceyson Qrinblatt kimi “quzğun” məsləhətçilərlə əhatələnmiş Trampla müqayisədə, sərt əks mövqeli müxalifləri olan Ruhani, bəlkə də, daha çətin durumdadır. İran mediasının bugünkü başlıqları söylənənə bariz misaldır.

“Keyhan” qəzetinin manşeti: “Cənab Ruhani! Ölkə onla-bunla görüşlə yox, iş və səylə inkişaf edir”.

“Dərin dövlət”ə yaxınlığı ilə tanınan qəzet İran prezidentinin son çıxışından sitat gətirir: “Qulaqlarına pambıq tıxayanlar daim deyirlər: “Böyük dövlətlərlə danışıqlar aparmaqda nə fayda var?.. Biz nüvə sahəsində iki vacib addım atdıq, xarici işlər nazirimiz məsləhətləşmələr üçün Parisə yollanıb. Uğur ehtimalı 20 və ya hətta 10 faiz olsa belə, yenə də çalışmalı və fürsəti itirməməliyik… Milli maraqlarımızı təmin edəcəksə və ölkə çiçəklənəcəksə, istənilən liderlə görüşməkdən çəkinməyəcəyəm”.

Həsən Ruhaninin nəyə eyham vurduğunu dərk edən “Keyhan” şərh edir: “Əlbəttə, cənab Ruhani Avropa, Çin, Rusiya və Yaponiya rəsmiləri ilə görüşü nəzərdə tutmur. Prezident səviyyəsində baş tutmayan yeganə görüş yalnız ABŞ prezidenti, yəni Trampla görüşdür.

Sual oluna bilər: Ruhani və Obama arasındakı 15 dəqiqəlik telefon danışığının İran xalqı üçün nəticəsi nə oldu ki, ABŞ rəsmiləri ilə görüşü intizarla gözləməliyik?”

Nüvə danışıqları prosesini xatırladan “Keyhan” yazır ki, “Ruhani hökuməti ilə ABŞ hökuməti arasında xüsusi rabitə o qədər uzağa getdi ki, iki xarici işlər naziri (Con Kerri və Cavad ZərifƏ.R.) çoxsaylı ikitərəfli görüşlər keçirdi və birlikdə gəzişdilər. İran-ABŞ müzakirə qrupu üzvləri arasındakı görüşlərdə hətta bir-birinə tez-tez zəng etmələrə və nəvələrinin şəkillərini göstərmələrinə şahid olduq. Bəs bu xüsusi rabitə ölkənin çiçəklənməsinə və milli mənafeyinə xidmətə səbəb oldumu?! Cavab “yox”dur”.

Nüfuzlu qəzetin Tramp-Ruhani görüşü ehtimalına münasibəti açıq-aydın əks-mövqelidir: “Dövlətin yüksək vəzifəli şəxsləri yenə də xalqa söz verirlər. Hökumətin iqtidarda olmasından 6 il keçir. Artıq dövlət adamlarının bəziləri hər gün uşaq kimi tənqid olunurlar! Halbuki 96-cı ilin (2017-ci ilƏ.R.) sonuna qədər nüvə sazişinin bəhrəsini görəcəyimizi iddia etmişdilər. İndi sual olunur, o meyvələr haradadır?.. Niyə dollar 3 mindən 19 min tümənə yüksəldi?! Niyə mənzil qiyməti 130% bahalaşdı? Niyə avtomobil, kirayə, məişət əşyaları, ət və s. qiyməti artdı?

İranda və başqa yerlərdə yaşanan təcrübələr göstərir ki, ölkəni çiçəkləndirən onunla-bununla təmas yox, yorulmaz iş və səydir”.

“Keyhan”ın G-7 sammitinin nəticələrinə şərhində deyilir: “Makronun açıqlamaları Trampın İran rəsmiləri ilə xatirə şəklinə ehtiyac duyduğunu açıq şəkildə göstərir. Önümüzdəki dövrdə ABŞ-da prezident seçkiləri keçiriləcək və Tramp belə bir fotoya və jestə ehtiyac duyur. Trampın Şimali Koreya lideri ilə görüşlərinin nəticəsi də xatirə fotosundan başqa bir şey deyildi. Belə olan halda, dövlət xadimlərimiz ABŞ prezidentinə belə böyük bir güzəşt verməyi xəyalından keçirirlər?”

“Sepah”ın nəşri kimi tanınan “Cavan” qəzetinin manşeti də oxşardır: “Diplomatiya fitvası ölkəni abad etmədi, cənab Ruhani!”

Nəşrin baş məqaləsində qeyd olunur: “Ruhaninin son 6 ildə ölkənin üzləşdiyi əngəlləri və problemləri aradan qaldırmaq əvəzinə, həll etmədiyi müşküllərə əlavə problemlər qatmasının inkaredilməz dəlilləri var”.

Qəzet İran prezidentini xarici siyasətdə mənəvi-əxlaqi dəyərlərdən uzaqlaşmaqda ittihamlayır: “Xarici siyasətin mərkəzi şüarına, yəni ləyaqət, müdriklik və məqsədəuyğunluğa nə dərəcədə riayət edirik və bunlardan hansı xarici siyasətimizin prioritetidir? Nüvə sazişi təcrübəsi bu 3 əsas prinsipə riayət etməyin yaxşı əlamətlərini göstərmir, çünki bu prinsiplərdən bəzilərinə laqeyd yanaşılıb və hətta başqaları tərəfindən zərər görüb… İran diplomatiyası ilə nə ölkə abad, nə də problemlər həll olunacaq”.

Mühafizəkar cinahın daha bir nəşri – “Xorasan” qəzeti də sərt tənid oxları yağdırıb: “Ruhani “milli maraqlar naminə hər kəslə görüşməyə hazır”dır. Bəs, həqiqətən də, Tramp administrasiyası ilə danışıqlar, xüsusən, mövcud vəziyyətdə məqbuldurmu? Bu, milli mənafedirmi?”

Daha sonra baş məalədə deyilir: “Son bir neçə ayda sanksiyaların təsiri ciddi şəkildə azalıb və rial məzənnəsini son 4 ayda təxminən 30 faiz artırıb. Mövcud vəziyyətdə danışıqlar aparmaq üçün hazırlıq qısa müddətdə dolların məzənnəsini aşağı sala bilər, ancaq uzunmüddətli perspektivdə yenidən rialın məzənnə enişini görəcəyik”.

“Xorasan”ın çıxardığı nəticə budur: “Ruhaninin mövqeyi təkcə milli maraqlara zidd deyil, o, gələcək ABŞ seçkilərində Trampın xeyrinə rəqiblərinə qol vurur. Tramp yaxşı bilir ki, İrana ən azı bir güzəşt verməklə, rəqiblərinin hücumlarını zəiflədəcək və hətta bunu xarici siyasət nailiyyətinə çevirə biləcək. Ancaq qələbədən sonra tam təslim olması üçün o, İrana təzyiqləri artıracaq. Xarici şirkətlər və Qərb ölkələri İranla iqtisadi əməkdaşlığa başlamayacaq…Əslində, milli maraqlara zidd olan ABŞ-la danışıqlar oyundur və yenidən iqtisadiyyatı iflasla üzləşdirəcək”.

KİV-lər öz yerində, amma hər kəsin gözlədiyi ölkənin Ali Liderinin açıqlamasıdır. O, mümkün Tramp-Ruhani görüşünə necə yanaşır?

Əvvəllər “ABŞ-la nə müharibə, nə danışıqlar” rəyini bildirən Ayətullah Xamnəinin “yaşıl işığı” olmadan Həsən Ruhaninin bu qədər cəsarətli ola bilməyəcəyini düşünənlər, bəlkə də, haqlıdır. Lakin indiki halda, İranın müqavimətini sındıran bir neçə amil var:

Birincisi, elitalar arasında kəskinləşən qarşıdurma. Məsələn, İranın ən yeni tarixinə “Ayətullahların savaşı” kimi daxil olmuş Məhəmməd Yəzdi-Sadiq Laricani dueli. Ali Məhkəmənin sabiq rəhbəri xələfini korrupsiya hallarını gizlətməkdə suçlayıb. Laricaninin buna cavabı təhdidedicidi olub: “Danışsam, rəhbərlikdəki bir çox şəxslərin paxırı açılacaq”…

İkincisi, Rusiyadan siyasi-hərbi asılığın artması fonunda Moskvaya etimadsızlığın güclənməsi. Baş nazir Netanyahu prezident Putinlə ən çox görüşmüş hökumət başçısıdır və Kremlin İsrailə jestləri tükənmək bilmir. Qüdsdə üçtərəfli ABŞ-Rusiya-İsrail təhlükəsizlik zirvəsi Tehranın şübhələrini daha da artır.

Nəhayət, üçüncü, İran vəkilləri vasitəsilə ABŞ-la qarşıdurmanın ağırlıq mərkəzini Yaxın Şərqin digər hissəsinə köçürə bilməyib. İran XİN-in “narahatedici” kimi qiymətləndirdiyi, Türkiyənin ABŞ-la birlikdə Suriyanın şimalında hərbisizləşdirilən zona qurma hazırlığı da “Astana İttifaqı”nın dərin çatlarını göstərir. Bununla bərabər, Ağ Ev və Kremlin razılığı və kəşfiyyat məlumatı mübadiləsi sayəsində İsrail bu planın üzərindən xətt çəkib. Suriya və İraqda şiə milislərin anbaraları, habelə Livanda “Hizbullah”ın media mərkəzinə son həmlələr bunu deməyə əsas verir.

Doğrudur, “Qüds” Qüvvələrinin komandanı Qasim Süleymani “Tvitter” hesabından xəbərdarlıq edib: “Bu sərsəm hücum İsrailin son əməliyyatıdır”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA