"KONSERTİMDƏ ÖZƏL QONAĞIM OLACAQ"

"KONSERTİMDƏ ÖZƏL QONAĞIM OLACAQ"

Türkiyəli musiqiçi Oya Ergün: “Musiqiçi olmağın çətin tərəfləri var”

Üzünün cizgilərı, əzaları, əllərinin hərəkəti, danışığı da musiqiyə köklənib. Çöhrəsi emosiyalarının harmoniyasıyla dəyişir. Adama elə gəlir ki, bu xanım musiqidən özünə bir oda yaradıb. Elə bil ətrafda baş verən heç nə onu öz musiqili köşəsindən ayıra bilmir.

Oya Ergün. Bir neçə ildir Azərbaycandadır. Musiqini Azərbaycana xas olmayan tərzdə çatdırır, ev konsertləri verir. Onu tanıtdıran səbəblərdən biri də budur...

...Balaca Alp anasının sənət adamı olmasını anlasa da, söhbətə qarışıb onu paylaşmaq istəmir. Müsahibə boyu verdiyi sualları, jestlərii ilə diqqəti özünə yönəltmək istəyir. Bunu bacarır da… Oya xanım müsahibə boyu həm onun nazını çəkir, həm də suallarımızı cavablayır. Həm oğluna, həm də musiqiyə sevgisi görünür… Alpın saçlarını qarışdırır:

“Oğlumla musiqim iç-içədir”

- Alp konsertlərimə, məşqlərimə gəlir, musiqi dərsi alır. Bir sözlə, musiqimlə oğlum iç-içədir. Onu da qeyd edim ki, həyat yoldaşım da musiqini çox sevir.

- Elə bil hər kəsdən təcrid olunub özünüzçün musiqi guşəsi yaratmısız...

- Hər kəsdən təcrid olmaq mümkün deyil. Bəzən insan bunu arzulayır, bəzən də tam əksini... Amma xoşbəxtəm ki, məni dinləyirlər, bu muhit zamanla oluşub.

Çox özəl qonağım olacaq

- Bildiyimizə görə, Rəşid Behbudov adına Mahnı Teatrında bir neçə dəfə konsertiniz olub. Bu dəfəki konsertinizdə yeni nə olacaq?

- Təbii ki, bu dəfə də repertuarım fərqlidır. İndiyədək verdiyim konsertlərdəki mahnılardan heç biri bu dəfə oxunmayacaq. Bu konsertin ən başlıca fərqi isə onun uşaqlara həsr olunmasıdı. Konsertdə özəl qonağım da olacaq. Onunla səhnəni paylaşacağıq. Amma lütfən, kim olduğunu soruşmayın. Çünki sürpriz etmək istəyirəm...

...Mən tez-tez uşaq evlərini ziyarət edirəm. Onlarla ünsiyyət qurmaq, arzularını bilmək mənimçün çox maraqlıdır. Bu dəfə onlar üçün özəl bir şey eləmək istəyirəm. Konsertdən gələn gəliri onlara bağışlayacam.

“Mənim tanınmaq problemim yoxdur”

- Əksər sənət adamlarımız Türkiyə musiqi məkanına çıxmağa maraqlıdır. Amma siz Avropanı, Türkiyəni dolaşıb burda qərar tutmusuz... Nədən Azərbaycanda tanınmaq sizə bu qədər çəkicidir?

- Mənim tanınmaq kimi dərdim yoxdur. Uzun illər Hollandiyada yaşamışam. Oradakı işim bitəndən sonra Türkiyəyə gəlməli oldum. Amma ordakı işim bitəndən sonra həyat yoldaşımın işi ilə bağlı Bakıya köçdük. Təbii ki, burda yaşamalı olduğum üçün buranın musiqi məkanına önəm verməli oldum və bundan da çox məmnunam. Amma Avropada, Hollandiyada, Türkiyədə də konsertlərim olur. İmkan düşdükcə orada da çıxışlar edirəm.

Hər xalq öz musiqisi ilə bəslənməlidir

- Azərbaycan və Avropa dinləyicisi. Sizə görə hansı daha maraqlıdır?

- Avropa dinləyicisi klassik musiqi oxunanda elə diqqətlə qulaq asır ki, elə bil onu əzbər bilir. O elə bir enerjidir ki, seyrçi onu sənə hiss etdirir. Oxuduğun hər əsərə, hər məqama anında reaksiya verir. Onların bu ovqatı sənə özünü göstərir. Sözsüz ki, bu, Avropadakı klassik Qərb musiqisi gələnəyi ilə bağlıdır. Siz də bilirsiz ki, mən opera sənətçisi olduğum üçün daha çox Avropa musiqilərini ifa edirəm. Yəni bu prizmadan baxsaq, o seyrçini buradakı ilə müqayisə etmək mümkün deyil. Amma əlbəttə ki, muğam oxunarsa, Azərbaycan seyrçisindən daha diqqətlisini tapa bilməzsən. Eləcə də bir türkü oxunarsa, türk dinləyicisi daha həssasdır. Amma musiqi sərhədsiz sənətdir. Əlbəttə hər xalq öz musiqisiylə bəslənməlidir.

Müstəqil musiqiçilərin qazanması müşküldür

- Bizim musiqiçilər qazanc üçün toylara getməyə məcburdur. Müsahibələrinizdə deyirsiz ki, təmənnasız konsertlər verirsiz. Eləysə, qazancınız nədən çıxır?

- Mən ilk dəfədir ki, bu konsertimə sponsor tapmışam.O da yalnız səhnə ilə bağlı problemləri həll edəcək. Buradakı həmkarlarımın toya, məclisə getməsini normal hesab edirəm. Onların başqa gəlir yeri yoxdur. Çünki “bunu edin, sizə bu qədər maddi vəsait verəcəyik” deyən yoxdur. Bunun üçün onlar mütləq hansısa bir qurumda, məsələn, filarmoniya, Kamera Teatrı, yaxud başqa bu cür yaradıcı bir yerdə çalışmalıdırlar. Əgər belə bir yerin üzvü deyilsən, bağımsız sənətçisənsə, bu, daha çətindir. Mənim Avropadakı yaxın dostlarımın çoxu yaxşı musiqiçilərdir, amma öz peşələrindən uzaq başqa işlərlə məşğul olurlar. Bilet satanlar, sığortaçılıq edənlər var. Onlar həm də ailə keçindirirlər. Musiqiçi olmağın belə çətin tərəfləri də var. Yəni sənətlə pul qazanmaq çətindir.

- Deyəsən, Oya xanımın ailə keçindirmək, sənətindən pul qazanmaq kimi bir yükü yoxdur...

- Yox Allaha şükür. (gülür..) Mən universitetdə müəllimlik elədim, elə indi də özəl dərslər verirəm.Təbii ki, qazancım olur. Amma mənim qazancımla yoldaşımın qazancı qarşılaşdırıla bilinən bir şey deyil. Yəqin ki, mən ailəli olmasaydım, pul qazanmağın daha fərqli yollarını tapardım. Necə ki, uzun illər tək yaşamışam və öz paramı qazanmışam.

“Çoxları “bunu edək” dedi, amma yardım etmədi”

- Avropada qadın hüquqları ilə məşğul olduğunuz haqda da duyduq. Sizcə Azərbaycanda qadın problemləri yoxdur?

- Mən Azərbaycanda qadınlar üçün konsertlər təşkil etməklə cəmiyyətin diqqətini onlara yönəltmək istəyirəm. Onlarla bağlı başqa layihələrim də var. Çoxları “bunu edək”, “onu edək” dedi, amma reallaşdırmağa yardım etmədi. Ona görə də həmin istəklərimi gerçəkləşdirə bilməmişəm.

Son zamanlar başım konsertlərə qarışdığından nəzərimdə olan bəzi məsələləri ertələmişəm. Axır vaxtlar daha çox Hollandiyada konsertlərim olur. Yaxın vaxtlarda orda daha bir çaxışım nəzərdə tutulub. Azərbaycandakı ansambla birgə də konsert planlaşdırıram. Bir neçə dəfə də Rəşid Behbudov üçün Avropada konsert təşkil eləmişəm. Orda azərbaycanlı musiqiçilər də vardı.

“Pavarotti qədər tanıtmaq məqsədilə Rəşid Behbudov üçün də əmək sərf edilməlidir”

- Yeri gəlmişkən, müsahibələrinizin birində demisiz ki, Avropada Rəşid Behbudovu gözlədiyiniz səviyyədə tanımırlar... Bəziləri bu qənaətinizlə razılaşmır...

- Mən hesab edirəm ki, Rəşid Behbudovun tanınması üçün yetərincə konsert verilməyib, mahnıları təbliğ olunmayıb. Mənim konsertlərim də onu lazımi qədər tanıtdıra bilməz. Çünki sonucda mən də adi sənətçiyəm, Maykl Cekson deyiləm. Bizim musiqi - yəni klassik Qərb musiqisi ilə məşhur olmaq mümkün deyil. Ayrıca, mənim elə bir istəyimiz də yoxdur. Klassik musiqi daha çox konservativ musqidir. Avropadakı 4 nəfər məşhur soprano, tenor, yaxud baritonu sayın desəm, kimsə saya bilməz. Amma 4 pop ifaçısının adını soruşsam hər kəs asanlıqla deyəcək. Çünki bu populyarlıq yox, gerçək sənət sahəsidir. Klassik ifaçının dünya səviyyəsində tanınması, insanlara ulaşması üçün böyük qurumların dəstək verməsi lazımdır. Yalnız o halda Pavarotti kimi birinə sahib ola bilərsən. Necə Pavarotti üçün dünyanın hər yerində konsertlər düzənlənibsə, Rəşid Behbudovun adı, xatirəsi üçün də belə konsertlər təşkil olunmalıdır. O neynədi, nə iş gördü ki, ki, bu qədər dəyərli oldu, bax, həmin konsertlərlə insanlara bunu anlatmaq lazımdır.

“Bəli, bu, mesajdır...”

- Dedikləriniz həm də bir mesaja bənzəyir...

- Bəli. Haqlısız...

- Rəşid Behbudovun ailəsi ilə münasibətləriniz varmı? Məsələn, Rəşidə xanımla hansısa ortaq layihə hazırlamaq heç ürəyinizdən keçməyib?

- Açığı belə istəyim olmayıb. Amma maraqlı fikirdir. Niyə də olmasın...

“Ev konsertləri gələnəkdir”

- “Ev konsertləri” təşəbbüsünü Azərbaycanda ilk sizdən duyduq və gördük. Evinizdə çıxış etmək istəyiniz hansı zərurətdən yaranıb? İstədiyiniz məkanı əldə edə bilmirsiz, yoxsa böyük zalları doldurmaq çətinliyik yaradır?

- Yox. Allaha şükür, elə problemlərimimiz yoxdur. Mən Azərbaycandakı bir çox konsert məkanlarında çıxışlar etmişəm. Ev konsertləri isə, bir ənənədir. Avropanın hansı məşhur şəhərinə getsəniz, orada sənətçilər düzənli olaraq ev konsertləri verirlər. Bir çox musiqiçi, konservatoriya tələbələri hər həftə evdə belə konsertlər təşkil edirlər. Bunun üçün xüsusi evlər də var. İstənilən ifaçı ora gedib SD-ni verib özünü dinlədə bilir.“Biz evdə musiqi ifa edəcəyik, haydı, dostlar gəlin” demək çox təbii bir şeydir. Sadəcə, çox yayılmış bir şey deyil. Mən barok musiqisi oxuyuram. Bu da yalnız yığcam ortamlarda səslənən oda musiqisidir. Bu üzdən də evimin bəlli tutumu qədər müsafir dəvət edirəm.

- Qonşularınız da konsertlərinizdən məmnundurlarmı?

- (Gülür)... Nə demək istədiyinizi anladım. Təbii ki, konsertlərimə onları da dəvət edirəm. Musiqilərdən birgə zövq alırıq.

“Muğam mənimçün fantaziyadır”

- Eşitmişik muğama da həvəs salmısız..

- Düzdür, muğam oxudum. Amma mən muğam ifaçısı deyiləm. Bu, sadəcə bir fantaziyadır. Bu sahədə də özümü sınamaq istədim.

“Özünü də, qızını da çox sevirəm”

- Muğam ustası Alim Qasımovla müştərək layihənizi də bu fantaziyanız tətikləyib, deyəsən?

- Bəli, muğam ustadlarımızın biri ilə layihə gerçəkləşdirməyi çox istəyirəm. Belə bir niyyətim var. İndiyədək yaşayan əfsanə olaraq Alim Qasımovun səsindən zövq almışam. Bu musiqinin əfsanəsi, məncə odur. Özünü də, qızını da çox sevirəm....

“Nə o qısqancdır, nə mən...”

- Deyirlər həyat yoldaşınız ginekoloqdur. Pasiyentlərinin qadınlar olması sizdə narahatlıq, qısqanclıq yaratmır ki?

- Yox. Heç qısqanc deyiləm. Elə o da qısqanc deyil. Biz biri-birimizə qəlbən bağlı insanlarıq. O üzdən də aramızda güvənsizlik yoxdur. Yoldaşım işini çox sevən, həkimliyi gözəl bilən, xeyirxah və yaxşı insandır.

Rəna, Hurriyyet.org

Loading...

QALEREYA