Rəsmi Bakı Artur Vanesyana cavab verdi

Rəsmi Bakı Artur Vanesyana cavab verdi

"Ermənistanın yüksək səviyyəli məmurunun bu kimi fikir söyləməsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəhbərliyi altında aparılan danışıqların mahiyyəti və məntiqi, xüsusilə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçirilmiş sonuncu görüşünün nəticələri ilə ziddiyyət təşkil edir. Həmçinin uzun illərdir ki, aparılan danışıqlar prosesinə qarşı açıq hücum xarakteri daşıyır.

Hurriyyet.org xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyanın söylədikləri mahiyyət etibarilə danışıqlar prosesini məhv etmək və həmsədrlərin fəaliyyətini heçə endirmək cəhdi deməkdir.

"Digər tərəfdən, bu bəyanat Ermənistanın Azərbaycanın torpaqlarının işğalında birbaşa iştirak etdiyinin növbəti aşkar göstəricisidir və Ermənistanın 1949-cu il Cenevrə Konvensiyaları və Əlavə Protokollarına zidd olaraq həyata keçirdiyi qeyri-qanuni köçürmələr siyasəti də daxil olmaqla bu ərazilərin ilhaqı planlarına bəraət qazandırmaq cəhdidir”.

XİN daha sonra bəyan edib:

"Bununla əlaqədar olaraq işğalçı ölkəyə xatırlatmaq istərdik ki, bu kimi təxribat xarakterli çıxışların bütün mümkün mənfi nəticələrinə görə məsuliyyəti, məhz Ermənistan Respublikası daşıyır. Azərbaycan, öz tərəfindən, bu məsələni BMT, ATƏT və digər aparıcı beynəlxalq təşkilatlar çərçivəsində qaldıracaq. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanın yüksək siyasi rəhbərliyinin nümayəndələrinin bu kimi addımlarını qəti şəkildə pisləyən bəyanatla çıxış etməyə çağırırıq”.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanın işğal altındakı Füzuli rayonuna gələn Artur Vanesyan Azərbaycana qarşı hədələyici tonda danışıb.

O bildirib ki, Ermənistan bir qarış da torpaq qaytarmaq fikrində deyil. Söyləyib ki, Qarabağ ətrafı rayonlarda məskunlaşma aparılacaq.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA