“Ürəyində arzu tut” Gəncədə

“Ürəyində arzu tut” Gəncədə

Hər bir teatrın tarixi onun yaradıcı kollektivinin uğurları ilə üzvü şəkildə bağlıdır. Bir teatrın tarixini məhz onun repertuar siyasəti və eləcə də uğurlu səhnə traktofkası müəyyən edir. Belə olmasaydı yəqin ki, 145 illik Azərbaycan teatrı da keşməkeşli bir yolu qət edə bilməzdi.

Bu günlərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı kollektivi Sevinc Elsevərin “Ürəyində arzu tut” bir pərdəli faciəsi ilə Gəncədə teatrsevərlərin qarşısında qastrol səfərində oldu. İlk öncə deyim ki, tamaşaya maraqla baxmağa getdim. Pyes Azərbaycan xalqının tarixi qan yaddaşı olan 1992-ci ilin fevral ayının 26-da baş verən Xocalı faciəsinin xronoloji təqdimatından ibarətdir. Qeyd etməliyəm ki, bu kimi pyeslərin səhnə təqdimatı günün aktual mövzularından biri hesab edilməlidir. 1988-ci ildən üzübəri bədnam erməni şovinistlərinin qanlı-qadalı başımıza gətirdikləri müsibətlərin unudulmaması və gənc nəsillərə çatdırılması, təbliği eləcə də yaddaşlara əbədi olaraq köçürülməsi baxımından təqdirəlayiqdir.

Tamaşa haqqında danışmazdan əvvəl İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixinə qısa da olsa nəzər salarkən məlum olur ki, bu sənət ocağı 1882-ci ildə fəaliyyətə başlayıb. Belə ki, 1881-ci ilin ikinci yarısında ilk dəfə olaraq İrəvan türklərindən ibarət teatr həvəskarları Vasaq Mədətov Nəzminin “Tamahkarlıq düşmən qazanır” pyesinə müraciət edilib. Yenidən ikinci dəfə 1882-ci il aprel ayının 2-də bir daha bu pyesə müraciət olunması barədə tarixi faktlarda rast gəlirik. Daha sonra 1885-ci ildə İrəvana gələn Qori seminariyasının məzunu olan Firudin bəy Köçərli 1886-cı ildə Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli Şah” komediyasının tamaşasını təşkil etməklə İrəvan əhalisinin həyatında böyük bir mədəni hadisənin canlanmasını təmin edib. Qeyd etmək lazımdır ki, 1895-ci ildə Firudin bəy Köçərli İrəvanı tərk etdiyindən teatra 18 yaşlı Yunis Nuri rəhbərlik edib və o, 1945-ci ilə kimi İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixində unudulmaz izlər qoyub.

1909-1916-ci illər ərzində teatrın repertuarında bir-birindən maraqlı pyeslər təqdim olunmaqla “Bəxtsiz cavan”, “Nadir şah” daha sonra “Evli ikən subay”, “Xor-xor”, “O olmasın, bu olsun”, “Əlli yaşında cavan”, “Kərbəlayi Şükür xalça satan” eləcə də “Hacı Qara”, “Arşın mal alan”, “Məşədi İbad” kimi məşhur pyeslərin tamaşaları teatrın repertuarında maraqla baxılan səhnə əsərlərindən hesab edilib.

Hər zaman olduğu kimi erməni şovinizminin törətdiyi qanlı-qadalı hadisələr bu teatrın da taleyindən yan keçməyib. Belə ki, 1918-ci ildə daşnakların növbəti qətliamları, hücumları nəticəsində teatrın yaradıcı kollektivi yerindən-yurdundan didərgin düşərək İranın Xoy şəhərində məskunlaşıblar. 1922-ci ildə isə didərgin düşən teatr kollektivi geriyə dönüb. Bu illər ərzində Bala Əfəndiyev, Əkbər Rzayev, Rza Şeyxzadə, Abbasəli Axundov, Əşrəf Yusifzadə, Yusif Ziya, Nəsib Əfəndiyev kimi milli mədəniyyət təəssübkeşləri İrəvan Dövlət Azərbaycan Dram Teatrının inkişafı naminə əvəzsiz xidmətlər göstəriblər.

1928-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrına dövlət statusu verilib və 1935-ci ildən isə bu sənət məbədi görkəmli dramaturq Cəfər Cabbarlının adını daşıyıb. 1948-ci ildə İrəvan və onun ətraf rayonlarında yaşayan türk əhalisinin məcburi olaraq Azərbaycana köçürülmə prosesi nəticəsində 1949-cu ildə yaradıcı kollektiv Göyçə mahalının Basarkeçər rayonuna köçürülüb. Bir ildən sonra isə teatrın fəaliyyəti tamamilə dayandırılaraq əvəzində həmin bazanın əsasında xalq teatrı təşkil olunub. Nəhayət, 1967-ci ildə Yunis Rzayev və Şıxəli Qurbanovun ciddi səyləri nəticəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı yenidən yaradılaraq paytaxt İrəvan şəhərinə köçürülüb. Bundan sonra 1978-ci ildə teatr 50 illik yubileyi ərəfəsində Bakıya qastrol səfərinə gəlib. Səfər zamanı yaradıcı kollektiv “Sən nə üçün yaşayırsan”, “Qızıl zəncir”, “Hər evdə sevinc olsun”, “Əkizlər”, “Daha bir qurban”, “Nəsrəddin”, “Məhəbbət yaşayır hələ” pyeslərinin tamaşaları ilə çıxışlar ediblər.

1988-ci ilin payızında isə növbəti dəfə İrəvan ərazisindəki bütün azərbaycanlılar öz yurd-yuvalarından qovulduqları üçün deportasiya olunan yaradıcı kollektiv Akademik Milli Dram Teatrının nəzdində teatr–studiyası kimi fəaliyyətini davam etdirməklə Abşeron mədəniyyət sarayında yerləşdiriliblər.

İrəvan Dövlət Azərbaycan Dram Teatrı bu illər ərzində hər zaman dramatik, musiqili komediya və komik janrlı əsərlərə həmçinin milli dramaturgiyamıza, Qərb ədəbiyyatı klassiklərinə müraciət etməklə repertuar zənginliyini qoruyub saxlayır və tamaşaçı duyumunu əsas şərt olaraq səciyyəvi xüsusiyyətləri ilə cilalamağa müvəffəq olurlar. Məhz Gəncə teatrsevərləri qarşısında teatrın baş rejissoru, respublikanın əməkdar artisti Sərvər Əliyevin quruluşunda Sevinc Elsevərin “Ürəyində arzu tut” bir pərdəli faciəsi də bu zənginliyin əyani təzahürüdür.

Pərdə acılarkən sadə görünüşlü, yataxana təsüratı yaradan bir otaqda iki qadın baş verənləri danışmaqla hadisələrin necə cəryan etməsindən söhbət açır. Xocalıda baş verənlər, insan təlafatı və erməni daşnaqlarının etdikləri olmazın zülmü dilə gətirilir. Xatirə obrazında respublikanın əməkdar artisti Xatirə Süleymanova və Şirin obrazında aktrisa Ruhiyyə Eyvazovanın yaratdıqları surətlər bir-birindən fərqli, ancaq baş verən hadisələrə biganə qalmayan azərbaycanlı qadını kimi vəziyyətlər halına uyğun olaraq təqdim olunur. Xatirə aktrisa Xatirə Süleymanova Arzunun Xocalıda itgin düşməsindən bununla da əsirlikdə olma xəbərindən sarsılsa da onu daha bu evin gəlini kimi görmür. Erməni vəhşiləri tərəfindən əsirlik vaxtı çox işgəncələr görməsini əsas götürərək oğlu Murada da onu unutmağı aşılayır. Aktrisa obrazın mahiyyət etibarı ilə tamaşaçıya çatdırılması üçün səhnədə var qüvvəsindən istifadə edir. Onun səhnədə olan mimika və jestləri dolğun, vəziyyətlər halına uyğun və dəqiq ştrixlərlə göstərilir. Qırmızı Xac Cəmiyyəti vasitəsilə Arzu tərəfindən yazılan məktubun oxunuşu ilə başlanan hadisələr sonradan rejissor traktofkasında daha dolğun bir formada aktyor ifasında tamaşa boyu təqdim olunur.

Şirin obrazında aktrisa Ruhiyyə Eyvazovanın ifası isə bu hadisələri kənardan seyr edən hətta ara-sıra dili dinc dayanmayan atmacalı sözləri ilə aranı sakitləşdirmək əvəzinə daha da yanan odun üstünü alışdırmaq bacarığının nümayiş olunması belə maraqla izlənilir. Aktrisa Ruhiyyə Eyvazova təqdim olunan rejissor traktofkasına uyğun olaraq vəziyyətlər halından çıxış etməklə dolğun və maraqlı obrazın təqdim olunmasına çalışır.

Murad, gənc aktyor Bəhruz Hikmətoğlunun təqdim etdiyi bu obraz bir qədər sakit təbiyyətli, baş verən hadisələri soyuqqanlılıqla qarşılamaqla ailə üzvlərini də vəziyyətdən çıxış yolunun heç də qınaq obyekti olmadığını bildirməsi ilə diqqəti cəlb edir. O, Xocalıda baş verənlərə görə heç də Arzunun günahkar olmadığını anlatmağa çalışsa da anası Xatirənin fikirlərindən daşınmaması isə vəziyyətlər halına görə tərs mütənasib olması ilə nəticələnir. O, məcburən öz sevgisindən əl çəkməklə yeni bir ailə həyatı qurmaq məcburiyyətində qalır. Hadisələrin müəllif ideyasına uyğun olaraq təqdim olunması aktyor Bəhruz Hikmətoğlunun ifasında daha dolğun bir formada təqdim olunur.

Arzu. Xocalı faciəsinin və dəhşətlərinin canlı şahidi. O, əsirlikdən gəlib. Erməni şovinizmi onun gəncliyini məhv edib. Hətta bakirəliyi belə əlindən alınıb. Aktrisa Şəbnəm Cəbrayılovanın ifasında olan bu obraz ilk gəlişindən dəhşət saçan Xocalı harayını özüylə səhnəyə gətirmiş olur. Onun görünüşü və hərəkətləri məhz hadisələrin burulğanında məhv olan bir azərbaycanlı qızının və azərbaycanlı ailəsinin harayı, haykırtısı kimi təqdim olunur. Başına gətirilən olmazın müsibətlərini söylədikcə aktrisa vəziyyətləri düzgün ifadə etməklə tamaşaçını inandıra bilir. Onun səhnədə halsız və əzablı günlərinin şahidi olur və bir an belə halına acımamaq mümkünsüzdür. Gənc aktrisanın ifası maraqla qarşılanır.

Pyes boyu Xocalı boyda bir ağrını daxilində yaşayan Həsrət kişi obrazını aktyor Məhərrəm Musayev ifa edir. O, hadisələri ağsaqqal müdrikliyi və dözümü ilə qarşılasa da sonda Arzunun əsirlikdən azad edilərək gətirilməsinə və onun halına biganə qala bilmir. Həsrət kişi – aktyor Məhərrəm Musayev səhnədə diz çökməklə sanki zamanın gərdişinin qarşısında insan zülmünün, əzablarının məhvinə hayqırır. Bacısı qızı Arzunun və doğma övladı olan Muradın qarşısında bir valideyin olaraq məsuliyyətinin ağırlığını göstərməklə baş verənlərə qarşı isə aciz, əlacsız və misgin görünür. Aktyor öz ifası ilə obrazın daxili aləminin təqdimində erməni vəhşilklərinin unudulmayacağını göstərə bilir.

Aktrisa Sevinc Hüseynovanın ifasında həkim Şəfayət xanım obrazı Arzunun yenidən həyata qovuşması, fikir və arzularının reallaşması və müalicəsi üçün var qüvvəsi ilə çalışan, xeyirxah və alicənab bir qadın surəti olaraq diqqəti cəlb edir. O, öz məsləhətləri ilə Arzunu yenidən həyatda qüvvətli və qürurlu bir qadın olmağa səsləyir, müəyyən anlarda ona yardım edir. Bütün bu sadalananlar aktrisa Sevinc Hüseynovanın ifasında maraqla baxılır.

Aktyor Niyaməddin Səfərəliyevin ifa etdiyi Yusif obrazı isə hər zaman səhnədə hadisələrə soyuq baxışlarla baxan, söz danışmaqdan qorxan və cəkinən bir surət olaraq təqdim olunur. O, hətta həyat yoldaşı olan Şirinin hərəkətlərinə nəzarət etmək istəsə də əslində bunu bacarmayan və onun bir baxışından belə sözünün kəsərinin olmadığını göstərir.

Maraqla izlənilən surətlərdən biri də Azaddır. Bu obrazı aktyor Arzuman Tanrıverdili ifa edir. Azad əsirlikdən qayıdan Arzunu sevir. Ancaq onun Xocalı faciəsində əsir düşən və bu əsirlikdə olmazın zülmünü görən bir qadın olmasından xəbərsizdir. O, öz sevgisini bildirmək üçün Arzunun evinə gəlir. Hadisələr bu zaman daha da şiddətlənir. O, baş verənlərdən xəbər tutan zaman aldandığını söyləyir. Arzunu qınamaqla sanki bütün həyatını və varlığını qınayır. Azadın bu hərəkəti sonda Arzunun intiharı ilə nəticələnir.

Aktrisanın səhnədə intihar səhnəsi maraqlı bir detalla tamaşaçıya təqdim olunur. Onun əlində olan ağ rəngli kəlağayı paklıq rəmzi olaraq göstərilməklə boynunun ölçüsünə gətirilir və aktrisa Şəbnəm Cəbrayılova bu ölçüdən qarşı tərəfə boylanmaqla sanki gələcək arzularına baxır. Bu arzuların isə heç də uğurlu bir tale qisməti olaraq yaşanmadığı tamaşaçıya təqdim edilir.

Pyesin quruluşçu rejissoru, İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, respublikanın əməkdar artisti Sərvər Əliyevdir. Rejissor səhnə traktofkasında cəryan edən hadisələri bir məkan çərçivəsində sadə bir formada təqdim edir. O, həm də bununla aktyor ifasına geniş meydan verməklə hadisələrin vəziyyətlər halında təqdiminə çalışır. Sadə bir mizanla dolğun fikirlərin formalaşmasının nə qədər çətin olduğunu anlayan rejissor bununla da səhnədə aktyorla tamaşaçı arasında olan səddi aradan götürməyə müəffəq olur.

Ümumiyyətlə, Sevinc Elsevərin “Ürəyində arzu tut” bir pərdəli faciəsi Azərbaycan xalqının qan yaddaşının formalaşması və gənc nəsillərə təbliğ olunması baxımından ən uğurlu addımı kimi qiymətləndirilməlidir.

Anar Burcəliyev, teatrşünas

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz