Rus dili, yoxsa Rusiya təhlükəsi... - Publisist və ekspertdən SOS siqnalı

  • 2018-10-15 10:19:02
  • |
  • Sosial /

Rus dili, yoxsa Rusiya təhlükəsi... - Publisist və ekspertdən SOS siqnalı

Mehriban Vəzir: “Bu, milli birliyimizə böyük təhlükədir”; Məlahət Mürşüdlü: “İstərdim ki, məmurlar bu suala cavab versin...”

“Bu gün Azərbaycanda rus dilində təhsil alanların sayında artım müşahidə olunur. Nədənsə, ölkəmizdə uşaqların ilkin təhsil olaraq rus bölmələrində təhsil almasına daha çox üstünlük verilir. Bu, yanlış meyildir”. Bu sözləri Milli Məclisin deputatı Gövhər Baxşəliyeva parlamentin ötən həftə keçirilən plenar iclasında deyib.

O bildirib ki, Azərbaycanda uşaqların rus dilində təhsilə meyillənməsinin qarşısı vaxtında alınmalıdır: “Uşaqların birinci sinifdən rus sektoruna meyillənməsi kökündən yanlışdır. Ziyalılar bu istiqamətdə iş aparmalıdır. İlkin təhsil mütləq şəkildə ana dilində olmalıdır. Çünki ilkin təhsil uşaqların şəxsiyyət kimi formalaşması dövrünə təsadüf etdiyindən bu, gələcəyimiz üçün çox vacibdir”.

Deputat bu baxımdan ölkəmizdə rus dilinin xarici dil kimi tədris olunmasını təklif edib.

Əli Hüseynov isə həmkarının çıxışının onun şəxsi mövqeyi olduğunu bildirib və qeyd edib ki, son vaxtlar rus bölməsinə marağın olması Azərbaycan üçün problem ola bilməz: “Biz vətəndaşın seçiminə hörmət etməliyik. Gövhər Baxşəliyevanın səsləndirdiyi fikirlər vətəndaş cəmiyyətinin mövqeyinə qarşı çıxmaqdır”.

Qeyd edək ki, son illərdə ölkəmizdə məktəblərdə rus dilli bölümlərə marağın xeyli artdığı müşahidə olunur. Bu məsələ dəfələrlə müzakirə mövzusu olub. Maraqlıdır, bəs ekspertlər deputatların bu məsələ ilə bağlı son açıqlamalarını necə dəyərləndirir?

Yazıçı, publisist Mehriban Vəzir mövzu ilə bağlı “Yeni Müsavat”a danışaraq bildirib ki, deputat Əli Hüseynovun fikri ilə razılaşmır: “Onun fikri demokratik görünə bilər. Lakin bu, dövlətçilik şüurundan uzaq məsələdir. Azərbaycanda rus dilinə xarici dil statusu verilməli, xarici dil kimi öyrənilməlidir. Məlum olduğu kimi, ölkəmizdə rus dilli məktəbləri, bölmələri dövlət hesabına yaradılır. Əgər kimsə rus dilində məktəb açmaq istəyirsə və yaxud övladının rus dilində təhsil almasını istəyirsə, bunu öz vəsaiti ilə etməlidir. İşin kökündə edilən yanlışlıq bundan ibarətdir. Bunun da səbəbləri var. Bildiyiniz kimi, Rusiya bu məsələyə nəzarət edir, Azərbaycanda öz beyni və ürəkdən ibarət baza yaradır. Bu baza milli düşüncənin yaranmasının düşməni, qənimidir, həmçinin bu milləti iki hissəyə bölmək istəyir. Məsələn, görürük ki, hansısa dostlarımızla fikir birliyimiz olsa da, onlar öz övladlarının rus bölmələrində təhsil almasına çalışır və bu məqamda birliyimiz pozulur, hər kəs öz yolu ilə gedir və artıq arada məsafə yaranır. Yəni bu, Azərbaycana, milli birliyimizə böyük təhlükədir. Biz demirik ki, insanlar xarici dil öyrənməsin.

Yazıçı, publisist Mehriban Vəzir ile ilgili görsel sonucu

Əlbəttə, ingilis, fransız, rus dillərinin öyrənilməsi yaxşı haldır. Dünya böyükdür, insanların dünya ilə sıx əlaqəsi var və onların bir neçə dil bilməsi ancaq fayda verə bilər. Lakin rus dili işğalçı, bölücülük statusunu davam etdirir. Buna görə də dövlət məsuliyyəti daşıyan, dövlətçilik təfəkkürünə malik məmurlar bu məsələni düşünməli, nəzərə almalı, problemi aradan qaldırmalı, addımlar atmalıdırılar. Bu cür addımların artıq təcrübəsi var. Məsələn, Qazaxıstan rus dilli məktəblərə artıq dövlət vəsaiti ödəməkdən imtina edir. Gürcüstanda, Ermənistanda, Ukraynada, Pribaltika ölkələrində bu məsələ artıq öz həllini tapıb. Təkcə Azərbaycan rus dilinin əsarəti altındadır və bu əsarətdən qurtula bilmir. Ona görə də təəssüf doğurur ki, şanlı tarixi, müstəqillik keçmişi olan, Şərqdə ilk demokratik cümhuriyyət quran, sovet dönəmi dağılan kimi ilk olaraq müstəqilliyini elan edən ölkə bu cür əsarət altında qalmaqda davam edir”.

Təhsil eksperti Məlahət Mürşüdlü qeyd edib ki, rus dili bölmələrinə marağın bu qədər artması gələcəkdə Azərbaycan bölümündə təhsil alan şagirdlərin sayının azalmasına gətirib çıxara bilər və bu da həqiqətən, təhlükədir: “20-25 il bundan əvvəl Bakı şəhərində 30 məktəbdən yalınız 3-ü Azərbaycan dilində idi, digərləri isə beynəlmiləl, o cümlədən rus-Azərbaycan bölümlü məktəbləri idi, hansı ki, orada da rus bölümlərinin sayı Azərbaycan dilində olan bölümlərlə nisbətdə 4 dəfə çox idi. Yəni bu baxımdan gələcəkdə də Azərbaycan bölümlərində şagird sayının azalması, bu bölümlərin getdikcə bağlanması və müəllimlərin işsiz qalması təhlükəsi, bununla da dövlət dili olan ana dilimizin məişət səviyyəsində olan dil səviyyəsinə gəlməsinə səbəb ola bilər. Yəni təhlükə var”.

Ekspert valideynlərin son illərdə rus bölümlərinə daha çox meyil göstərməsinə də aydınlıq gətirib: “Bu cür valideynlər arasında ziyalılarımız, sadə vətəndaşlarımız, ümumiyyətlə, rus dilini bilməyən, bu dildə danışmayan valideynlər də var. Əgər rus dilində təhsil alan uşaqların sosial tərkibini araşdırsaq, məlum olacaq ki, onların arasında məmur, yazar, ziyalı övladları çoxluq təşkil edir. Bu, nədən qaynaqlanır? Düşünürəm ki, bunun əsas səbəblərindən biri budur ki, valideynlər istəyir ki, övladları rus dilini bilsin. Digərləri rus bölüməsində təlim-tərbiyənin daha yaxşı, yüksək səviyyədə, daha fərqli, müasir standartlara cavab verən şəkildə qurulduğunu əsas gətirir. Mən bu əsas səbəblə razıyam. Müəllimlərimiz daim öz üzərində çalışmalı, köhnə sovet dövründən qalma düşüncələrdən əl çəkməli, uşaqlara obyekt kimi deyil, bir subyekt kimi yanaşmalı, insan kimi qəbul etməlidirlər. Bu, uşağa yanaşmada humanistlik, təlimin humanitarlaşması deməkdir. Beləliklə, bu baxımdan şəxsən mən rus bölümlərində çalışan müəllimlərin bir addım irəlidə getdiyini müşahidə edirəm. Çox qəribə haldır ki, rus bölümlərində çalışan müəllimlərin 99,9 faizi azərbaycanlılardır. İnsan mat qalır ki, eyni bir millətə, təfəkkürə malik olan müəllimlər necə fərqli çalışır. Deyə bilmərik ki, Azərbaycan bölməsində çalışan müəllimlərimiz arasında müasir standartlara uyğun çalışanı yoxdur. Var, lakin nisbətdə onların sayı çox azdır. İstərdim ki, müəllimlərin kəmiyyəti artdıqca, onların keyfiyyəti də artsın. Digər səbəb valideynlərin məktəblərə dil öyrənmə mərkəzi kimi baxmasıdır. Bu çox yanlış fikirdir. Orta məktəb dil öyrənmə kursu deyil, təlim-tərbiyə müəssisəsidir. Əgər valideyn övladının rus dilini bilməsini istəyirsə, onda onu rus dili kursuna qoysun”.

Məlahət Mürşüdlü ile ilgili görsel sonucu

Məlahət Mürşüdlü rus dilli məktəblərin Azərbaycan dövləti tərəfindən maliyyələşdirilməsini doğru hesab etmədiyini bildirdi: “Rus dili bizim üçün xarici dil hesab olunur. Necə ki, ingilis, fransız dili bizim üçün xarici dildir, eləcə də rus dili belədir. Rusiya xarici ölkə, dövlətdir. Əgər valideyn övladının rus dilində təhsil almasını istəyirsə, Rusiyanın maliyyələşdirdiyi məktəblərə qoysun. Bunu deməklə mən nə Rusiyanın, rus xalqının əleyhinə deyiləm. Lakin necə ki, qardaş Türkiyə Azərbaycanda məktəb açanda onu maliyyələşdirir və kimsə istədikdə pulunu verib övladını həmin məktəbdə təhsil almasına çalışır, eləcə də rus dili məktəblərini bu cür etmək lazımdır. Sual olunur ki, niyə ölkəmizdə rus dili bölümləri Azərbaycan dövlətinin xəzinəsindən maliyyələşdirilməlidir? İstərdim ki, məmurlar bu suala cavab versinlər”.

Loading...

QALEREYA