“Rusdilli” generalın “qaranlıq keçmişi”ndən MÜDHİŞ FAKTLAR - “Nəcməddin Sadıqov əmr etdi ki, maşındakı meyitləri dərəyə at”

“Rusdilli” generalın “qaranlıq  keçmişi”ndən MÜDHİŞ FAKTLAR -  “Nəcməddin Sadıqov əmr etdi ki, maşındakı meyitləri dərəyə at”

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/necmeddin_sadiqov_haqqinda_ok_faktlar_-_o_ne_ucun_azerbaycanin_milli_menafeyini_mudafie_ede_bilmez)

Ötən sayımızda dərc olunan məlumat xarakterli “Nəcməddin Sadıqov haqqında şok faktlar” başlıqlı yazı ictimaiyyətdə dərin rezonans yaratmışdır. Belə ki, general Nəcməddin Sadıqov haqqında bilgili şəxslər məlumatları redaksiyamıza göndərirlər.

Şəmkir rayon sakini, 1938-ci il təvəllüdlü Məmmədov Müzəffər Daşdəmir oğlu aşağıdakıları bildirir: “Oğlum Elçin 1992-ci ildə Qarabağ müharibəsində yaralanmışdı və o, Füzuli rayonundakı hospitalda müalicə olurdu. Mən onu ziyarətə getmişdim. Həmin hospitalda müalicə olunan yaralı bir əfqan zabiti mənə dedi: “Biz 10 (on) il (1979-1989) ruslarla döyüşdük. Onlar qələbə çala bilməyib vətənimizdən çıxıb getdilər. Bu Qarabağ müharibəsi isə bir oyundur sizə qurublar. Nə qədər ki, sizin milli orduda Rusiyaya meylli Nəcməddin Sadıqov kimi komandirlər var, itkiləriniz çox olacaq. Orduda təxribatlar və digər xoşa gəlməyən hadisələr baş verəcək (Yeri gəlmişkən, Tərtər rayonunda baş vermiş olaylar ölkəmizi rüsvay edən, xalqımıza utanc gətirən hadisələrdən biridir)”.

Digər Şəmkir sakini, rayonun Dəllər qəsəbəsində yaşayan Tağıyev Vaqif Əşrəf oğlu N.Sadıqov haqqında çox ilginc və nifrət yaradan bir məlumatı (faktı) bizə (redaksiyamıza) bildirdi: “Mən 1993-cü ildə (onda mənim 54 yaşım var idi) könüllü olaraq hərbi xidmətə getdim. Xidmətimi Gədəbəy rayonundakı briqadada başladım. Hərbi xidmətə Dəllər qəsəbə sakinlərinin mənə hədiyyə verdikləri QAZ-66 markalı maşınla getmişdim. 1994-cü il fevral ayının 10-da briqada komandiri polkovnik Cahangir Rüstəmovun əmri ilə 20 nəfər əsgər ərzaq və hərbi sursatı maşına yükləyib Murovdağa getdim. Murovdağa gecə saat 3-də çatdıq. Güzgü adlanan ərazidə bizim post var idi. Keşikçilər maşını saxladılar və mənə dedilər ki, “Nəcməddin Sadıqov palatkadadır. Get ondan icazə al, səni buraxaq mövqelərə getməyə”. Mən çadıra girib ondan icazə istədim. O isə rus dilində mənə “net” (olmaz) dedi. Mən ona izah etdim ki, bizim briqadadan burada döyüşən bir batalyon şəxsi heyətə əlavə qüvvə, ərzaq və hərbi sursat gətirmişəm, icazə versin aparım. Bir də ondan xahiş etdim ki, ermənilər mənim maşınıma atəş açsalar, tabeliyində olan şəxsi heyətə bizi qorumaq üçün düşmənə cavab atəşi açmağı əmr etsin. N.Sadıqov mənim nə izahatımı eşitmək, nə də xahişimə əməl etmək istəmədi və elə “net” (olmaz), “net” (olmaz) deyib durdu. Mən çadırdan çıxıb maşının arxa fanarlarının naqillərini kəsib yola düşdüm və bir kilometr getmişdim ki, ermənilər maşına atəş açmağa başladılar. Ancaq N.Sadıqovun durduğu istiqamətdən bizi qorumaq üçün ermənilərə cavab atəşi açılmadı. Düşmənlərin atdığı mərminin qəlpələri maşının “podpres”ini sındırdı və başqa yerlərini zədələdi. Səhəri günü, yəni 1994-cü il fevralın 11-də geri qayıdanda maşında döyüşdə həlak olmuş 6 nəfər əsgərin meyidi var idi. Maşınımı yenə də general Nəcməddin Sadıqovun əmri ilə Güzgü postunda saxladılar. N.Sadıqov əli ilə yaxınlıqdakı dərəni mənə göstərib dedi: “Meyitləri o dərəyə tök”. Mən bizim millətə qarşı belə qeyri-insani ögey münasibət nümayiş etdirən bu generalın əmrini yerinə yetirmədən maşına oturub yüksək sürətlə Gəncə şəhərinə gəlib meyitləri hərbi hospitala təhvil verdim. Mən 1994-cü il 10-11 fevralda iki dəfə Güzgü postunda olduğum zaman Nəcməddin Sadıqovun postda duran əsgərləri rus dilində söydüyünün və əsgərləri qəddarcasına döydüyünün şahidi olmuşam. N.Sadıqovun əsgərlərlə belə davranışını polkovnik Cahangir Rüstəmova məruzə etdim və bir daha Murovdağa getmədim”.

Dəyərli oxucular, Tağıyev Vaqif Əşrəf oğlunun xatırladığı bu tükürpədici olaydan sonra Qarabağ müharibəsindən geri qayıtmayıb, itkin düşmüş hesab olunan vətən oğullarının cəsədlərini N.Sadıqov kimi generallar və komandirlərin dərələrə atdırmağı normal insanı dəhşətə gətirir. Bu məqamda bir atalar misalını nəzərinizə çatdırmaq yerinə düşər. Atalar deyib: “Xain xoflu, qəddar, zalım və qorxaq olur”. Allah sizi belələrindən qorusun.

Bakı şəhəri, Pirallahı rayon sakini, II qrup əlil, Qarabağ Müharibəsi veteranı, 1956-cı il təvəllüdlü Nəcəfov Rafiq Əsgər oğlu müharibə xatirələrində Nəcməddin Sadıqovla əlaqəli bir neçə epizodu xatırladır: “1992-ci ilin avqust ayında bir batalyon (tabor) komandiri kimi N.Sadıqovun briqadasına göndərildiyimizi məruzə etdim. O, göstəriş verdi ki, sizin şəxsi heyət Ağdərənin Mehmanə kəndini düşməndən azad etməlidir. 1992-ci il avqust ayının 31-də Mehmanə kəndinin 1462-ci yüksəkliyi uğrunda gedən döyüşdə bölük komandiri, baş leytenant Quliyev Mətləb Kamran oğlu həlak oldu (Ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib). Şəxsi heyətdən bir neçə nəfər də yaralanmışdı. Ancaq Nəcməddin Sadıqov əmr etdi ki, “Çıldıran kəndini də azad etmək lazımdır. Siz hücuma (döyüşə) başlayın, vəziyyət gərginləşsə əlavə qüvvə göndərəcəm”. Sentyabr ayının əvvəli idi (3 və ya 4-ü). Çıldıran kəndi uğrunda döyüş şiddətlənmişdi. Vəziyyətimiz gərginləşirdi. Mən N.Sadıqovdan bizə kömək gəndərməsini xahiş etdim. O isə rus dilində “eşyo ne vzdoxnuli, blədi” (siz hələ qırılmamısınız, fahişələr) deyib əlaqəni kəsdi (ratsiyanı söndürdü). Düşmən bizi mühasirəyə salmaq istəyirdi. Mən özüm də yaralanmışdım. Şəxsi heyətə mühasirəyə düşməmək üçün döyüşə-döyüşə geri çəkilmək əmri verdim. Çıldıran kəndi uğrunda döyüşdə bölük komandiri, baş leytenant Nəcəfov Fəxrəddin Vəliyəddin oğlu şəhid oldu və ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Canyataq–Gülyataq kəndi uğrunda gedən döyüşlərdə də kömək gəlmədiyi üçün itkilərimiz ölmuşdu. Həmin döyüşdə Mingəçevir şəhərindən hərbi xidmətə çağırılmış baş çavuş da göstərdiyi igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Mən DİN (Daxili İşlər Nazirliyinin) hospitalında müalicə olunanda DQ (Daxili Qoşunların) baş idarəsindən baş leytenant Bayramov A. məndən izahat aldı. N.Sadıqov haqqında baş leytenant Bayramova məlumatımı yazılı olaraq bildirdim. Ancaq nə faydası, vətən uğrunda canını qoyan, qanını tökən oğullarını “bləd” adlandıran rusbaşlı bu sabiq briqada komandirinə imtiyazlar verildi, vəzifəsi böyüdü”.

N.Sadıqov kimi rusbaşlı generallar və komandirlər tərəfindən Qarabağ müharibəsi iştirakçılarının (döyüşçülərinin) çoxlarının başına belə oyunlar gətirilmişdir. Bu ruspərəst general Azərbaycan xalqına yuxarından aşağı baxır, Azərbaycan dilində yazıb-oxumaması bir yana, bu dildə danışmağı öyrənməyi də özünə rəva bilmir. Ancaq mənə elə gəlir ki, Heydər Əliyev sağ olsaydı, bu özündənrazı və müstəbeh generalın yaxasından tutub deyərdi: “Ay oğul, 27 ildir Azərbaycan ordusunda xidmət edirsən, qısa müddətdə səni Müdafiə Nazirinin 1-ci müavini təyin etdik. (2 noyabr 1993-cü ildə) səni general-polkovnik etdik və sənə hər bir şərait yaratdıq. Bəs Azərbaycan dilində niyə danışmaq istəmirsən? Sənin qarnının ağrısı nədir? Sənə filan qədər (qısa müddət) vaxt verirəm, get bu dili öyrən və mənə bu dildə məruzə et, başa düşdün!?”

Dəyərli oxucular, bu 27 ildə 4 dəfə Müdafiə Naziri dəyişib. Ancaq N.Sadıqov yerində qalıb. Onu hansısa gözəgörünməz bir qüvvə, hansısa sehrli əl müdafiə edir. Keçirdiyi yarıtmaz hərbi əməliyyatlar zamanı qanı tökülmüş, şəhid olmuş vətən oğullarını aşağılayan, rus dilində təhqir edən general N.Sadıqov imkanlarından yararlanaraq özünə çox güvənir, hətta özünü çox ədalı aparır. Mənə elə gəlir ki, 2-ci Qarabağ müharibəsi başlasa, o, daha ambisiyalı, daha da aqressiv olacaq. Düşmənə qarşı yox, yenə də torpaq üçün vuruşan vətən oğullarına qarşı. Onlarla sərt və kobud davranacaq. Yenə də şəhid olmuş nə qədər insanlarımızın meyitlərini (cəsədlərini) dərələrə atmaq əmrini verib əsl həqiqəti, real vəziyyəti gizlətməyə çalışacaq. Nəcməddin Sadıqov tək deyil. Onun öz ətrafı var. Onlar xalqa xidmət etmir, öz sahiblərinə xidmət edirlər. Onlar dövlətçiliyi deyil, öz maraqlarını qoruyurlar. Onlar bizim milli mənafeyimizi müdafiə etməzlər. Ancaq öz sahiblərinin mənafeyi və maraqları üçün ən ağır cinayət törətməyə hər an hazır olarlar.

Bəhlul Orucoğlu,

Qarabağ müharibəsi veteranı, ehtiyatda olan ədliyyə mayoru