Rusiya Azərbaycandan nə istəyir?

Rusiya Azərbaycandan nə istəyir?

Hikmət Hacızadə: “Rusiya istəyir ki, bizi Ermənistan vəziyyətinə salsın”; Elxan Şahnioğlu: “Moskva münaqişə vasitəsilə həm Ermənistana, həm də Azərbaycana təsir edir və bu “imkanı” əldən vermək istəmir”

Azərbaycan və Rusiya arasında münasibətlər xüsusən də son illərdə sürətlə inkişaf edir. Bakı və Moskva arasında siyasi, iqtisadi, diplomatik, hərbi və digər sahələrdə əməkdaşlıq ildən ilə yüksəlir. Məsələn, rəsmi rəqəmlərə əsasən, təkcə 2018-ci ildə Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20 faiz artaraq 2,5 milyard dollardan çox olub. Artım tendensiyası bu il də davam edib. Rusiyada Azərbaycanın ticarət nümayəndəliyi fəaliyyət göstərir, ticarət evləri mexanizmi tətbiq olunur. Bu ilin martında "Qazprombank"ın Azərbaycana investisiya imkanlarına dair biznes seminar keçirilib.

Rəsmi məlumatlara əsasən, Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, sığorta, İKT, nəqliyyat, kənd təsərrüfatı və sair sahələrdə 700-dək Rusiya kapitalı müəssisəsi fəaliyyət göstərir. O da məlum olub ki, indiyədək Rusiya tərəfi Azərbaycan iqtisadiyyatına 4,4 milyard dollar investisiya qoyub. Azərbaycanın Rusiyaya yatırdığı investisiyaların həcmi 1,2 milyard dollardan çoxdur. “SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə Avtomobil Zavodunun Rusiyanın "KAMaz" və "Ural" zavodları ilə əməkdaşlığı, "Azərmaş" və "QAZ" şirkətləri arasında birgə layihələrin reallaşdırılması qarşılıqlı investisiya qoyuluşu sahəsində önəmli layihələrdən sayılır.

Ancaq bu əməkdaşlıq təkcə iqtisadi və ticarət sahəsində olmayıb. Son illərdə Azərbaycan Rusiya hərbi sənayesi ilə dərindən əməkdaşlıq edib. Ötən ilin sentyabrında ölkə başçısı bildirib ki, Azərbaycan Rusiyadan 5 milyard dollar dəyərində silah və texnika alıb.

Bundan başqa, regional əməkdaşlıq, MDB daxilində, eləcə də siyasi-diplomatik sahədə, demək olar ki, hər platformada Azərbaycan Rusiyanı dəstəkləyir. Azərbaycan İran və Rusiya arasında nəqliyyat dəhlizi layihəsində, eləcə də birgə regional əməkdaşlıq layihələrində yaxından iştirak edir.

Amma nə etsək də, Rusiya Qarabağ məsələsində Azərbaycanın mövqeyini müdafiə edən addım atmır. Baxmayaraq ki, xüsusən də son illərdə həm Rusiyada, həm də Azərbaycanda belə bir fikir vardı ki, Bakı və Moskvanın yaxınlaşması Qarabağ münaqişəsinin həllinə də təsir edəcək. Yəni Rusiya Azərbaycanın haqlı mövqeyini müdafiə edəcək. Ancaq təəssüf ki, bu gözləntilər, proqnozlar özünü doğrultmadı.

Əcəba Rusiyanın Azərbaycandan gözləntisi nədir? Qarabağ münaqişəsinin həllində Moskvanın dəstəyini, yaxud da heç olmasa neytrallığına nail olmaq üçün Rusiya hakimiyyətinin Bakıdan istədiyi nədir? Qeyd edək ki, daha əvvəl Rusiyanın Qarabağ münaqişəsinin həlli qarşılığında yenidən Azərbaycana yerləşmək, hərbi qüvvələrini ölkəmizə gətirmək istədiyi haqda iddialar vardı. Hətta yerli siyasətçilərdən də belə təkliflər olmuşdu.

Politoloq Hikmət Hacızadə ile ilgili görsel sonucu

Politoloq Hikmət Hacızadə deyir ki, əslində Moskva Azərbaycanla əməkdaşlığa etimad etmir. Məsələnin köklündə də bu etimadsızlıq dayanır: “Bizim Rusiyaya rəğbət göstərməyimizlə bağlı söhbətlər nağıldır, ziyafətdə tost deməkdən başqa bir şey deyil. Və Rusiya buna görə bizə inanmır. Rusiya istəyir ki, bizi Ermənistan vəziyyətinə salsın. Konkret olaraq öz ordusunu Azərbaycana qaytarsın! Bunu bizdən tələb edirlər. Məhz buna görə Qarabağ məsələsi də həll olunmur. Erməniləri qızışdırıb tələb edirlər ki, təmas xəttinə rus sülhməramlı qüvvələr yerləşdirilsin. Bizimkilər də buna getmir hələ ki... Ticarət strateji məsələ deyil. Bu gün var, sabah yoxdur. Sabah pomidorumuzu Brüsselə aparacağıq. Rus ordusu məsələsi ortada qalıb, Moskva bunu tələb edir”.

Siyasi şərhçi Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Siyasi şərhçi Elxan Şahinoğlu deyir ki, bir tərəfdən Rusiya-Azərbaycan iqtisadi münasibətlərində inkişaf var, ticarət mübadiləsi artır, ikitərəfli əlaqələr inkişaf edir, amma Rusiya Azərbaycanın güclənməsini istəmir: “Ötən il Rusiyadan Azərbaycana gələn turistlərin sayı rekord həddə 800 min nəfərə çatıb, digər tərəfdən isə Kreml Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə maraq göstərmir. Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun sözlərinə görə, Samur çayı üzərindəki yeni avtomobil körpüsünün tikintisi, təxminən, 50 faizi yekunlaşıb. Bu da iki ölkə arasında həm gediş-gəlişi artıracaq, həm də ticarət mübadiləsində yeni imkanlar açacaq. Buna baxmayaraq, Kreml Qarabağ məsələsində fərqli mövqedən çıxış edir, münaqişənin ədalətli həlli vasitəsilə Azərbaycanın güclənməsini istəmir”.

Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya rəsmiləri açıq bildirməsələr də, Ermənistanın cəzalandırılmasını istəmirlər: “Bunu rusiyalı rəsmilər aydındır ki, açıq dilə gətirmirlər, ancaq bunun həqiqət olduğunu çoxumuz bilirik. Rusiya istəsə təsiri altındakı Ermənistan qısa zamanda Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldar, sadəcə Kreml bunu istəmir. Moskva münaqişə vasitəsilə həm Ermənistana, həm də Azərbaycana təsir edir və bu “imkanı” əldən vermək istəmir. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin bir neçə gün əvvəl mətbuat konfransında belə bir cümlə işlətdi: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rol oynayır, çünki Ermənistan bizim strateji tərəfdaşımız, Azərbaycan isə köhnə tərəfdaşımızdır”. Rusiyalı diplomat demək istəyib ki, strateji tərəfdaş olan Ermənistan Rusiyaya köhnə tərəfdaş olan Azərbaycandan daha yaxındır. Səfir haqlıdır. Əks halda, Rusiya tərəfdaşı olan Azərbaycanın əsas dərdini həll etməyə çalışardı”.\\Musavat.com

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA