Rusiya Azərbaycanı "Şimal-Cənub" dəhlizindən kənarda saxlamağa çalışır

Rusiya Azərbaycanı "Şimal-Cənub" dəhlizindən kənarda saxlamağa çalışır

Görünən odur ki, Kreml Cənubi Qafqazdakı nüfuzunu itirməmək üçün tarixi mübarizəsini bir qədər fərqli formada davam etdirir

Elxan Şahinoğlu: "Moskvanın irəli sürdüyü yeni plan Misir və Azərbaycanın maraqlarına toxunur"

Ötən saylarımızın birində xəbər verdiyimiz kimi, Rusiya, Hindistan və İran bugünlərdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin istifadəyə verilməsini müzakirə etmək məqsədiylə bir araya gələcək. Qeyd edək ki, sözügedən nəqliyyat dəhlizinin uzunluğu 7,2 min kilometr təşkil edəcək. Eyni zamanda, onu da bildirək ki, "Şimal-Cənub" dəhlizi Suveyş kanalına daha ucuz və qısa alternativ olacaq. Bu layihəyə həm dəmir yolu, həm də su nəqliyyatı cəlb olunacaq. Mallar Hindistandan İranın Fars körfəzi sahilində yerləşən Bəndər-Abbas şəhərinə, oradan Xəzər sahilindəki Bəndər-Ənzəliyə, oradan dənizlə Həştərxana, daha sonra isə dəmir yolu ilə Avropaya göndəriləcək. İlkin məlumatlara görə, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi yük daşınmalarını 30-40 faiz azaldacaq.

Məlumat üçün bildirək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında saziş 2000-ci ilin sentyabr ayının 12-də Sankt-Peterburq şəhərində Rusiya, İran və Hindistan arasında imzalanıb, 2002-ci il mayın 21-də isə qüvvəyə minib. Bir qədər sonra isə Belarus, Bolqarıstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Tacikistan, Suriya, Türkiyə, Ukrayna da sözügedən layihəyə qoşulub. Azərbaycan isə bu sazişə 2005-ci il sentyabrın 20-də qüvvəyə minən 948-IIQ nömrəli qanunla qatılıb. Təxminən bir ay öncə məhz bu məsələ ilə bağlı yayılan informasiyada da deyilirdi ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi İran, Azərbaycan və Rusiya vasitəsilə Hindistan, Fars körfəzi ölkələrindən Qərbi, o cümlədən Şimali Avropa ölkələrinə malların daşınması üçün nəzərdə tutulub. Layihədə, həmçinin İran, Azərbaycan və Rusiyanın dəmir yollarının birləşdirilməsi də öz əksini tapıb. Lakin bu gün Azərbaycanın sözügedən layihədə yer almadığı bildirilir. Belə ki, Rusiyanın Hindistan və İranla yeni, böyük layihəni - uzunluğu təxminən, 7 min kilomet olan "Şimal-Cənub" dəhlizini müzakirə etdiyini vurğulayan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, şimal qonşumuz bu yolla il ərzində 20-30 milyon ton yükün daşınacağına ümid edir: "Bu nəqliyyat yolunda həm dənizdən, həm də quru yoldan istifadə ediləcək. Mallar Hindistandan gəmilərlə İranın Fars körfəzindəki Bəndər-Abbas limanına çatdırılacaq. Mallar buradan dəmir yolu ilə İranın Xəzər dənizindəki Ənzəli limanına gətiriləcək. Mallar buradan yenidən gəmilərə yüklənərək Rusiyanın Həştərxan limanına çatdırılacaq, oradan dəmir yolu ilə Avropaya istiqamətlənəcək. Bu yol Süveyş kanalına alternativ kimi düşünülüb. Süveyş kanalı Asiyadan Avropaya ən qısa yol sayılır. Misir bu kanalın istifadəsindən böyük gəlir əldə edir. Müqayisə üçün deyək ki, Misirin Süveyş kanalından əldə etdiyi gəlir turizmdən əldə etdiyi gəlirə bərabərdir. 2015-ci ildə kanalın buraxılıcılıq qabiliyyəti artırılıb, gəmilərin ikitərəfli hərəkəti üçün şərait yaradılıb. 2023-cü ilə qədər kanaldan gündə 97 gəminin keçişi təmin oluna bilər. Bu isə Misirin kalandan əldə etdiyi gəliri 13 milyard dollara qədər artıracaq".

Картинки по запросу elxan şahinoğlu

Politoloq bu qənaətdədir ki, əgər Rusiya planlaşdırdığı "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsini işə salarsa, o zaman Çin və Hindistan Süveyş kanalı əvəzinə yeni nəqliyyat yolundan istifadən edə bilərlər: "Moskva iddia edir ki, yeni nəqliyyat yolu Süveyş kanalının istifadəsindən təxminən, 30-40 faiz faydalıdır, yəni malların daşıma xərcləri azalacaq. Ümumiyyətlə, Rusiya bir çox ölkəyə şimal yolundan – Arktika istiqamətindən istifadə etməyi məsləhət görür. Rusiyalı mütəxəssislər beynəlxalq aləmə bu yolun qısa olduğuna inandırmağa çalışırlar. Məsələn deyirlər ki, Cənubi Koreya Süveyş kanalından istifadə etməklə mallarını Almaniyaya 34 günə çatdırır. Ancaq Cənubi Koreya Arktika dəhlizindən istifadə etsə, guya mallarını 23 günə Almaniyaya çatdıracaq". Rusiyanın inadkarlığına baxmayaraq, şimal yolundan istifadənin aşağı səviyyədə olduğunu qeyd edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, Moskvanın planlarından asılı olmayaraq mal daşıyan dövlətlər Süveyş kanalından istifadə edirlər.

Elxan Şahinoğlunun fikrincə, Moskvanın irəli sürdüyü yeni plan - "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi iki dövlətin, daha dəqiq desək, Misir və Azərbaycanın maraqlarına toxunur: "Misir Süveyş kanalından sabit gəlirlər əldə edir və bu gəlirləri artırmaq haqqında düşünür. Misirin yeni prezidentinin Rusiya prezidenti ilə münasibətləri yaxşıdır. Buna baxmayaraq, Rusiya Misirin gəlirini azalda biləcək layihəni reallaşdırmaq istəyir. Aydındır ki, yeni layihə Misirin xoşuna gəlməyəcək. Rusiya yeni nəqliyyat layihəsində Azərbaycanı da kənarda saxlayır. Belə çıxır ki, "Şimal-Cənub" adında iki layihə var. Birinci layihədə Azərbaycan əsas iştirakçı olmalıdır. Rusiya Azərbaycan üzərindən dəmir yolu ilə İranla birləşir. Üstəgəl, Azərbaycan Rəşt-Astara dəmiryolunun tikintisinə 500 milyon dollar ayırmaq istəyir ki, "Şimal-Cənub" dəhlizi işlək olsun. Rəsmi Bakı ona ümid edirdi ki, İran və digər ölkələrin malların bu dəmir yolu üzərindən Avropaya çatdırsın və əksinə. Ancaq Rusiyanın irəli sürdüyü yeni "Şimal-Cənub" layihəsi isə Azərbaycanı kənarda qoyur".

"Rusiya niyə yeni layihədə Azərbaycandan keçən dəmir yolundan istifadə etmək istəmir" sualını cavablandıran politoloq hesab edir ki, Hindistandan daşınan malların Bəndər-Abbasdan Ənzəliyə və oradan gəmilərlə Həştərxana deyil, birbaşa dəmiryolu ilə Azərbaycan sərhədinə çatdırılması daha faydalı olardı: "Görünür, Rusiya Azərbaycanın yeni layihədə iştirakı ilə bölgədəki rolunun daha da artmasında maraqlı deyil. Rusiyanın irəli sürdüyü yeni layihə hələ ideyadır. Bu layihənin reallaşması problematikdir. Çünki ABŞ İrana qarşı sanskiyalarını sərtləşdirib. Çox az dövlət İran üzərindən mal daşımaq istəyir. Hindistan və Çin ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayıblar. Ancaq bu iki dövlətin ABŞ-la böyük ticarət əlaqələri var və İrana görə Amerika ilə münasibətləri korlamaq istəmirlər. İrandan Avropaya və Avropadan İrana mal daşımaçılığının yaxın illərdə aktuallığı azalıb. Bu mənada Azərbaycanın iştirakçısı olduğu "Şimal-Cənub" dəhlizinin özünün də reallaşmasında maneələr yarana bilər".

Şübhəsiz ki, "Şimal-Cənub" dəhlizində Bakının iştirakı Azərbaycanın tranzit ölkə statusunu daha da möhkəmləndirə bilər. Yəni sözügedən layihə ölkəmiz üçün böyük perespektivlər vəd edir. Dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yük daşıma həcminin birinci mərhələdə 3 milyon ton, ikinci mərhələdə 5-8 milyon ton, üçüncü mərhələdə isə 15 milyon ton olacağını nəzərə alsaq, o zaman ortalama hesablamalara görə, Azərbaycan tranzitdən ildə təxminən, 250-300 milyon dollar gəlir əldə edə bilər. "Şimal-Cənub" nəqliyyat dəhlizinin strateji əhəmiyyətinə gəlincə, qeyd etmək lazmdır ki, bu layihə Azərbaycanın Cənub Qafqaz regionunda, Xəzər bölgəsində mövqelərinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır, o cümlədən düşmən ölkənin - Ermənistanın beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı planlarını alt-üst edir. Görünür, məhz elə bu səbəbdən də Rusiya yeni layihədə Azərbaycandan keçən dəmir yolundan istifadə etməkdə maraqlı deyil. Bu isə onu deməyə əsas verir ki, rəsmi Moskva Cənubi Qafqazdakı nüfuzunu itirməmək, yəni regionda hegemonluğun Qərbin əlinə keçməməsi üçün uzun illərdən bəri göstərdiyi tarixi mübarizəsini son zamanlar bir qədər başqa formada davam etdirməkdədir. Bunun üçün də Azərbaycanı adıçəkilən layihədən kənarda saxlamağa çalışır.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...

QALEREYA