“Rusiya Ermənistana qaz satışında güzəştə gedib” - KARASİN

“Rusiya Ermənistana qaz satışında güzəştə gedib” - KARASİN

Rusiya faktiki olaraq Ermənistana satdığı qazın qiymətində İrəvana güzəştə gedərək endirim edib.

Hurriyyet.org xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin “RİA Novosti”yə açıqlamasında deyib.

Bildirib ki, dünya bazarı ilə müqayisədə İrəvanla imzalanan ikitərəfli saziş əsasında Rusiya Ermənistana qaz tədarükünü güzəştli qiymətlərlə həyata keçirir.

Karasinin sözlərinə görə, Rusiyanın “Qazprom eksport” şirkətilə “Qazprom Ermənistan” arasındakı qaz alqı-satqısına dair müqavilənin müddətinin 2018-ci ilin 31 dekabrında bitməsindən sonra sənədə əlavə olaraq müvəqqəti saziş imzalanıb və həmin sazişdə 2019-cu ildə Ermənistana satılacaq qazın min kubmetri üçün İrəvanın ödəyəcəyi məbləğ 165 dollar səviyyəsində müəyyənləşdirilib.

“Onu da nəzərə alaq ki, Rusiyanın ixracat şirkəti (“Qazprom eksport”) təbii qazın istilik tutumu keyfiyyətindən asılı olaraq Ermənistana satılan qazın qiymətini yenidən hesablamayıb. Bunun özü faktiki olaraq Ermənistan üçün əlavə kommersiya endirimi deməkdir və ölkələrimiz arasındakı münasibətlərin müttəfiq xarakterini əks etdirir. Rusiyadan qaz tədarükü (illik 2 milyard kubmetr) respublikanın (Ermənistanın) tələbatını tamamilə ödəyir”, – deyə Karasin vurğulayıb.

Qeyd edək ki, əvvəlki müqavilə ilə Ermənistan Rusiya qazının min kubmetrini 150 dollara alırdı. İrəvan bu qiymətin nəinki artırılmaması, hətta daha da azaldılmasını istəyir və bunun üçün Moskva ilə danışıqlar aparır. Lakin ekspertlərə görə, Nikol Paşinyan hökumətinə hələ də etibar etməyən Kreml bu məsələdə güzəşt etmək fikrində deyil və enerji məsələsinə İrəvana potensial təzyiq aləti kimi baxır. Əgər hansısa ümumi razılıq əldə olunmazsa Rusiya qazın qiymətini 165 dollardan da yuxarı qaldıra bilər ki, bu da erməni istehlakçıların daha çox vergi verməsi və sosial partlayışla nəticələnə bilər.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA