Rusiya etnik münaqişələr səbəbindən PARÇALANA BİLƏR

Rusiya etnik münaqişələr səbəbindən PARÇALANA BİLƏR

Nəzakət Məmmədova: "Rusiyanın zəiflədilməsi davam etdirilərsə, o zaman Şimali Qafqaz və başqa bölgələrdə mərkəzdənqaçma halları baş verə bilər"

Ramil Məmmədli: "Tarixi sərhədlərin bərpası məsələsi, yəni digər respublikaların ərazi iddiası yeni gərginliklərin başlanğıcı ola bilər"

"Rusiya Krımı ilhaq etməklə beynəlxalq hüququn qaydalarını pozub və beynəlxalq münasibətlərdə yeni bir presedent yaratdı"

Krımın anneksiyasından sonra SSRİ və ya Rusiyanın ərazisini işğal etdiyi istənilən dövlət ona qarşı ərazi iddiaları irəli sürə bilər. Qeyd edək ki, axar.az-ın məlumatına görə, bunu rusiyalı politoloq Konstantin Borovoy deyib. Onun sözlərinə görə, Rusiya faktiki olaraq Avropada sərhədlərin toxunulmazlığı barədə razılaşmanı - Helsinki aktını qanunsuz saymağı təklif etmiş oldu: "Bu, prosesin başlanmasıdır və Rusiya öz sərhədlərinə yenidən baxılmasına şərait yaratdı". Politoloq bildirib ki, bəzi ölkələrin SSRİ və daha sonra Rusiya tərəfindən dəyişdirilən sərhədlərini bərpa etmək istəkləri təəccüblü deyil. Borovoy həmçinin, Ukraynanın da SSRİ tərəfindən işğal edilən bəzi ərazilərlə bağlı öz iddialarını irəli sürmə haqqı olduğunu bildirib.

Məlumat üçün bildirək ki, 1975-ci il avqustun 1-də Finlandiyanın paytaxtı Helsinki şəhərində Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət başçılarının müşavirəsi keçirilib. Müşavirəyə toplaşan dövlət və hökumət başçıları Avropada təhlükəsizlik və əməkdaşlıq haqqında Zirvə aktını imzalayıblar. Helsinki aktına görə müşavirə iştirakçıları 10 əsas prinsipi rəhbər tutmalı idilər: Suveren bərabərlik prinsipi; Zor işlətməmək prinsipi; Sərhədlərin toxunulmazlığı prinipi; Dövlətlərin ərazi bütövlüyü prinsipi; Mübahisənin dinc yolla həll olunması prinsipi; Bir-birinin daxili işlərinə qarışmamaq prinsipi; İnsan hüquqlarına və əsas azadlıqlara hörmət prinsipi; Bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipi; Dövlətlər arasında əməkdaşlıq prinsipi; Beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi prinsipi.

Konstantin Borovoyun fikirlərinə gəlincə, qeyd etmək lazımdır ki, artıq Rusiyaya qarşı ərazi iddiası ilə çıxış edən ölkələrin sayı artmaqdadır. Belə ki, Estoniyanın Mühafizəkarlar partiyasının nümayəndələri hazırda Rusiyanın Leninqrad əyalətinin tərkibinə daxil olan, 1919-1940-cı illərdə isə Estoniyanın tərkibində olan İvanqorodla bağlı ərazi iddiası irəli sürüblər. Bu barədə açıqlama verən adıçəkilən partiyanın parlament fraksiyasının sədr müavini Henn Pılluaas İvanqorodda referendum keçirilməsinin mümkünlüyünü istisna etməyib: "Biz 50 il müstəqilliyimizin bərpa olunmasını gözlədik və yenə gözləyə bilərik. Biz nə vaxtsa bu ərazini geri alacağıq". Bir neçə ay öncə isə Finlandiyanın "Həqiqi finlər" partiyasının üzvü Henri Hautamyaki bəyan edib ki, ölkəsi 1939-cu ilin sərhədlərinə qayıtmaq üçün İkinci Dünya müharibəsinin sonunda Kareliya daxil olmaqla, Rusiyaya verilən ərazilərin geri qaytarılmasını rəsmi şəkildə tələb etməlidir. Hautamyakinin nümayiş etdirdiyi xəritəyə əsasən, fin millətçiləri Kareliyanın Ladoqa gölü yaxınlığındakı bir neçə rayonunu və Murmansk vilayətinin bir hissəsini geri qaytarmaq istəyirlər. Bu ərazilər 1941-1944-cü illərdə sovet-fin müharibəsinin və II Dünya müharibəsiin yekunları üzrə Rusiyanın tərkibinə daxil edilib. Kareliyanın bir hissəsi, Salla və Petsamo bölgələri (indiki Peçenqa), eləcə də Fin körfəzindəki bir neçə ada SSRİ-yə keçib.

Bu arada, nəzərinizə çatdıraq ki, 2015-2018-ci illərdə Donetsk vilayəti hərbi-vətəndaş administrasiyasının başçısı olmuş Pavel Jebrivskiy bir neçə dəfə Rusiyaya qarşı ərazi iddiası ilə çıxış edib. Belə ki, o, Kremli "qədim Ukrayna" torpaqları adlandırdığı Kursk, Bryansk, Voronej, Rostov və Krasnodarı Ukraynaya qaytarmağa çağırıb. Rusiya prezidentinin keçmiş məsləhətçisi, ABŞ-ın Katona İnstitutunun elmi işçisi Andrey İllarionov isə bu qənaətdədir ki, Rusiyanın parçalanacağı halda Pskov vilayətinin Ptalovski rayonu Latviyaya, Leninqrad vilayətinin Kinqisepski rayonu Estoniyaya, Karel bərzəxinin şimalı və Peçenqa Finlandiyaya, Smolensk və Bryansk vilayətləri Belarusa, Voronej və Rostov vilayətləri, həmçinin Krasnodar vilayəti Ukraynaya, Qərbi Sibirin əhəmiyyətli əraziləri Qazaxıstana, ən azı 1,5 milyon kvadrat kilometrlik Sibir və Uzaq Şərq ərazisi Çinə, Kuril adaları və Saxalin isə Yaponiyaya keçə bilər.

"Separatizm adətən bir dövlət zəifləyən zaman daha çox özünü büruzə verir"

"Putin Paşinyana öz şərtlərini diqtə edəcək" - NƏZAKƏT MƏMMƏDOVA

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən politoloq Nəzakət Məmmədovanın sözlərinə görə, dünya tarixi, xüsusən də son illərdə ayrı-ayrı bölgələrdə intensivləşən separatizm halları onu göstərir ki, ərazisində başqa xalqların yaşadığı multietnik dövlətlərin heç biri separatizm təhlükəsindən sığortalanmayıb: "Müəyyən səbəblərdən etnik, dini qruplar tərkibində olduqları dövlətdən ayrılaraq ya müstəqil olmaq, ya da başqa dövlətə birləşmək istəyirlər. Bu proses isə bir qayda olaraq qarşıdurma, hətta vətəndaş müharibəsi ilə nəticələnir. Konkret olaraq, Rusiya özü ötən onilliklərdə Çeçen müharibələrinin timsalında bu halla üzləşib. Şimali Qafqaz isə Rusiyanın həssas, separatizm ocaqlarından biri kimi qalır. Hətta Rusiya paytaxtında və digər böyük şəhərlərində törədilən terror aktlarının burada hazırlandığı qeyd olunub. Şimali Qafqaz Rusiyaya könüllü birləşməyib, dağlılarla çar ordusu arasında uzun illər müharibədən sonra ərazilər zorla Rusiyaya tabe etdirilib, din, dil, mədəniyyət baxımından tamamilə fərqli xalqlardır. Regiona müəyyən xarici təsirlərin olması istisna edilmir. Gələcəkdə regionda separatizm meyillərinin daha da güclənməsi ehtimalı isə bir neçə səbəbdən həm güclənə, həm də əksinə, getdikcə zəifləyə bilər. Yəni bu, separatizmi alovlandıran bir çox amillərin olmasından asılıdır. Həmin dövrdə Rusiyanın nə qədər güclü, beynəlxalq siyasətdə və daxildə nüfuzunun hansı dərəcədə olması buna birbaşa təsir edəcəkdir. Çünki separatizm adətən bir dövlət zəifləyən zaman daha çox özünü büruzə verir, daxili və xarici qüvvələr ölkənin zəifləməsindən istifadə edərək onu parçalamağa, separatçı qüvvələr ondan ayrılmağa çalışır. Rusiya öz qüdrətini artırarsa - Putin indi buna çalışır - o zaman Şimali Qafqazda separatizm olsa belə, yerindəcə boğulacaqdır. Yox, sanksiyalar və başqa vasitələrlə Rusiyanın zəiflədilməsi davam etdirilərsə, o zaman nəinki Şimali Qafqaz, hətta başqa bölgələrdə də mərkəzdənqaçma halları baş verə bilər".

Separatizmin hər bir çoxetnoslu ölkə kimi, Rusiyanın da başının üstündə "Domokl qılıncı" kimi qaldığını vurğulayan politoloqun fikrincə, SSRİ-nin parçalanması necə etnik münaqişələrdən başladısa, Rusiyanın da eyni yollarla parçalanması baş verə bilər: "Şübhəsiz ki, Rusiya Krımı ilhaq etməklə beynəlxalq hüququn qaydalarını pozub. Bu hal həm də beynəlxalq münasibətlərdə yeni bir presedent yaratdı. Beləliklə, suveren dövlətin hamılıqla qəbul olunmuş sərhədləri başqa bir dövlət tərəfindən güc yolu ilə dəyişdirilə bilər. Lakin bu hal həmin dövlətlərin özünə qarşı da yönələ bilər. Çünki hüquqsuzluq mühiti yarananda heç kəsin bundan zərər çəkməyəcəyi istisna edilmir".

"İndiki halda Rusiya ilə açıq müharibə heç bir ölkəyə sərf edə bilməz"

Похожее изображение

Hərbi-siyasi icmalçı Ramil Məmmədli isə "Hürriyyət"ə açıqlamasında bildirdi ki, hazırkı vəziyyətdə hər hansı bir dövlətin rəsmi şəkildə Rusiyaya qarşı ərazi iddiasında bulunması mümkün görünən məsələ deyil: "Bu, tarixi sərhədlərə yenidən baxılması deməkdir. Belə olan halda postsovet regionunda növbəti münaqişə dalğasının şahidi ola bilərik. Amma Krım məsələsi ayrı prosesdir və burada beynəlxalq hüququn yanaşması fərqlidir. Əlbəttə, faktiki olaraq Rusiya Gürcüstan və Ukrayna ərazilərini ilhaq etmişdir. Bu ölkələr belə bir iddia ilə çıxış edə bilərlər. Lakin tarixi sərhədlərin bərpası məsələsi, yəni digər respublikaların ərazi iddiası yeni gərginliklərin başlanğıcı ola bilər. Bu o deməkdir ki, rusiyalı politoloqun fikirləri yanlışdır. Bu daha çox populist fikirdir və məqsəd region ölkələrində cəmiyyətin mövqeyini öyrənməkdir. İndiki halda Rusiya ilə açıq müharibə heç bir ölkəyə sərf edə bilməz".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA