Rusiya Qazaxıstanın daxili siyasətindəki çevrilmələri yaxından izləyir – Nazarbayevdən sonra ölkədə inqilab gözlənilirmi?

  • 2019-03-26 18:04:47
  • |
  • Dünya /

Rusiya Qazaxıstanın daxili siyasətindəki çevrilmələri yaxından izləyir – Nazarbayevdən sonra ölkədə inqilab gözlənilirmi?

Aleksandr Malaşenko

“bneİntellinews”, 26.03.2019

 

“Qazaxıstan keçidi” illərlə gözlənilirdi. Geniş şəkildə proqnozlaşdırıldığı halda, heç kim – nə Qazaxıstanın içində, nə də xaricində – bunun nə vaxt gerçəkləşəcəyini dəqiq bilmirdi.

Bu müddətdə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin istefa etməsi ilə əlaqədar şayiələr dolaşırdı. 2019-cu il martın əvvəllərində Nazarbayev Askar Mamini yeni baş nazir təyin edərkən, şayiələr yenidən baş qaldırdı.

Amma real təkan martın 19-da Nazarbayevin prezidentlikdən imtina etməsi ilə baş verdi. Təxminən 30 il hakimiyyətdə olan postsovet siyasətinin veteranı istefasını açıqlayarkən, dünya rahat nəfəs aldı.

Mütəxəssislər dərhal Nazarbayevin birdən-birə vəzifədən uzaqlaşması üçün səbəbləri ortaya qoymağa başladılar və onların bəlkə də ən əhəmiyyətlisi yorğunluqdur. 30 il ərzində prezident Nazarbayev yaxşı bir irs qoyub: Qazaxıstan Mərkəzi Asiyada ən müvəffəqiyyətli dövlət sayılır, lakin ölkəni idarə etmək böyük problemdir. Buna baxmayaraq, istənilən digər avtoritar lider Nazarbayev qədər iş görməyib.

Lakin prezident kimi istefa verməsinə baxmayaraq, Nazarbayev “Nur Otan”ın rəhbərliyində qalır – ölkənin yeganə fəaliyyət qabiliyyətli partiyasında. O, həmçinin Milli Təhlükəsizlik Şurasının rəhbəridir və ən əsası, 2010-cu ildə ona verilmiş “Elbaşı” fəxri adını həyatının sonuna qədər özündə saxlayacaq.

Bundan əlavə, növbəti prezident seçkiləri 2020-ci ildən əvvəl keçirilməyəcək və Nazarbayevin yenidən seçilmə planı yoxdur. Konstitusiyaya əsasən, müvəqqəti prezidentlik vəzifəsini Senat sədri – hazırda Kasım-Jomart Tokayev – icra etsə də, Nazarbayevin Qazaxıstanın siyasi liderliyində monumental qalib kimi qalacağı aydındır.

Beləliklə, keçid bir gecədə baş verməyəcək.

Bu, bir qədər Əlcəzairdəki vəziyyətə bənzəyir. 2019-cu ilin prezident seçkilərində beşinci dəfə seçilməkdən imtina dən Əbdüləziz Buteflika yeni prezident seçilənədək de-fakto dövlət başçısı olaraq qalır.

Buna baxmayaraq, Qazaxıstan məsələsi Əlcəzairdən tamamilə fərqlidir. Buteflika ictimai təzyiq altında geri çəkildi: kütləvi nümayişlər onun 2019 seçkilərində iştirakına etiraz idi. Buteflika bu “kiçik inqilab” nəticəsində “devrilib”. Qazaxıstanda hər şey azsaylı ictimai iştirakla baş verib. Nazarbayev xarici təzyiq olmadan vəzifədən gedib.

Buna baxmayaraq, “Elbaşı” Qazaxıstan vətəndaşlarının xüsusilə də iqtisadi siyasətindən narazı olduğunu bilirdi. Milli Bankın rəhbəri Daniyar Akişevin sözlərinə görə, tezliklə inflyasiyanın 10-20% səviyyəsində olacağı gözlənilir. Ekspertlər qiymətlərin yüksəlməsi və milli valyutanın məzənnədə ucuzlaşması ilə əlaqədar inflyasiyanın daha yüksək olacağına inanır.

Qazaxıstan 2050-ci ilədək dünyanın qabaqcıl 30 inkişaf etmiş ölkəsi arasında olmalıdır. “2050-ci il Strategiyası”na əsasən, o bu məqsədə yetişəcəkmi və ya yox, – demək çətindir, lakin hər halda Nazarbayev nəticəyə görə məsuliyyət daşımayacaq.

Nazarbayevin varisi ola biləcək iki və ya üç adam var, ancaq Qazaxıstanın növbəti prezidentinin kim olacağını dəqiq söyləmək hələ çox erkəndir. Varis seçərkən, qarşıda duran bir çox amil var: klan əlaqələri, maraq qrupları və ya Qazaxıstanın siyasi mənzərəsində müstəqil və parlaq şəxsiyyətlər.

Şübhəsiz ki, kulis mübarizəsi baş verəcək, ancaq onun böyük ictimai inqilabları ortaya qoyma ehtimalı yoxdur. Heç bir “inqilab” gözlənilmir. Günün sonunda qazaxlar elitanın seçdiyi bir liderə sahib olacaqlar.

Aydındır ki, ölkənin siyasi sistemində bəzi dəyişikliklər olacaq. Konstitusiya yenidən qanunverici hakimiyyətin gücləndirilməsi və prezident hakimiyyətinin (bir qədər) zəiflədilməsi ilə dəyişəcək. Hakim “Nur Otan”dan kənarda siyasi partiyaların canlanması da ola bilər. Ancaq heç bir radikal dəyişiklik gözlənilmir. Qazaxıstan modeli avtoritar olaraq qalacaq, baxmayaraq ki, qonşuları ilə müqayisədə o, az sərtdir.

Hökumətin xarici siyasətində böyük dəyişikliklər gözləmək üçün heç bir səbəb yoxdur, bu, “çox vektorlu yöndür”, Çin-Rusiya-Qərb əlaqələri xüsusi şərtlərlə müəyyən edilən prioritetlərdir.

Qazaxıstanın Rusiya ilə tərəfdaşlığına gəldikdə, Rusiyanın yaratdığı Avrasiya İqtisadi Birliyi (AİB) ilə bağlı biznes və siyasi elitanın müəyyən məyusluğu olduğuna görə bəzi çətinliklər ortaya çıxacaq. AİB-in tənqidçilərinə görə, blok Qazaxıstan iqtisadiyyatına heç bir mənfəət gətirməyib.

Lakin söhbət Rusiyaya qarşı sanksiyalardan getdikdə, Putin, həmçinin Qazaxıstan rəhbərliyindən dəstək gözləyə bilər. Bunu iqtisadiyyat naziri Timur Süleymenov deyib. Xüsusilə ABŞ tərəfindən qoyulan bu cəzalara məruz qalmış Qazaxıstanlı iş adamlarına yardım göstəriləcək.

Bu şərtlər nəzərə alınmaqla, Rusiya Qazaxıstanın daxili siyasətindəki çevrilmələri yaxından izləyir, baxmayaraq ki, Nazarbayevin hər hansı bir varisi üçün lobbiçilik etmir. Əslində, bu, mümkün deyil.

Qazaxıstanın daxili siyasi mühitində bu olduqca əhəmiyyətli dəyişikliklər Mərkəzi Asiyaya və bir sıra beynəlxalq təşəbbüslərə də təsir göstərə bilər. Keçid artıq başlayıb. Əlbəttə, onun davamı və başa çatdırılmasını gözləyirik.

Tərcümə: Strateq.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA