Rusiya Ukraynanın sərhəd bölgələrini İŞĞAL EDƏ BİLƏR

Rusiya Ukraynanın sərhəd bölgələrini İŞĞAL EDƏ BİLƏR

Ramil Məmmədli: "Kreml Ukraynanın Rusiya ilə həmsərhəd bölgələrdə hərbi birləşmələrin sayını artırmasını özü üçün təhlükə olduğunu bəyan edəcək"

"Xarkov və digər iri şəhərlər separatçıların nəzarətinə keçə, həmin bölgələrə Rusiya xüsusi təyinatlıları daxil ola bilər"

Kerç körfəzində yaşanan məlum olaydan, yəni Rusiya gəmilərinin Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açmasından, onları girov götürməsindən sonra Kiyevin Moskva ilə münasibətləri xeyli gərginləşir. İş o yerə çatıb ki, artıq hər an tərəflər arasında müharibənin başlaya biləcəyinə dair istər yerli, istərsə də xarici media qurumlarında müxtəlif səpkili informasiyalar dolaşmaqdadır. Ukraynanın Rusiyanın ünvanına səsləndirdiyi ittihamlar, təhdid xarakterli bəyanatlar da məhz belə deməyə əsas verir ki, Petro Poroşenko beynəlxalq ictimaiyyətin dəstəyini qazandıqdan sonra Rusiya ilə açıq müharibəyə başlamağı planlaşdırır. Bugünlərdə Ukrayna Silahlı Qüvvələrinin Rusiya ilə sərhədə hava hücumundan müdafiə qüvvələri, həmçinin digər növ hərbi birlikləri göndərməsi də bunun bariz sübutu kimi dəyərləndirilməlidir. Bu barədə Ukrayna ordu komandanlığından yaydığı məlumatda deyilir ki, Rusiya ilə sərhədin gücləndirilməsi vacibdir, çünki Kreml də sərhəddə hərbi gücünü artırmaqdadır.

Yeri gəlmişkən, onu da qeyd edək ki, siyasi texnoloq Dmitri Raimovun sözlərinə görə, əgər "Şimal axını-2" qaz kəməri çəkilməsə, o zaman Ukrayna ilə Rusiya arasında müharibə başlayacaq. "Əgər kəmər salınmasa, biz müharibə ehtimalını müzakirə edəcəyik. Onlar axmaq deyillər. Əgər özlərinin əsas resurslarını başqa ərazidən keçirmək imkanları varsa, Ukraynanı unudacaqlar. Sadəcə, unuducaqlar. Bizim üçün bu yaxşıdır. İqtisadi baxımdan ruslar üçün maraqlı olmayacağıq" deyən Raimov hesab edir ki, ABŞ Ukraynanın qaz-nəqliyyat sisteminə nəzarəti ələ keçirsə, bu, Rusiya üçün strateji risklər yaradacaq: "ABŞ Ukrayna hökumətinin qaz təchizatına, Avropaya qaz verilməsinə və s. məsələlərə nəzarət edəcəyi halda Rusiya milyardlarla dollardan məhrum olacaq və bu zaman onlar üçün yalnız bir yol qalacaq – müharibə".

"Ukrayna ilə NATO arasında əldə olunmuş razılığa əsasən Kiyev Rusiya ilə həmsərhəd bölgələrdə hərbi qüdrətini gücləndirməlidir"

Картинки по запросу Ramil Məmmədli

Mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən hərbi-siyasi icmalçı Ramil Məmmədli bildirdi ki, Ukraynanın Rusiya ilə sərhəd zolağının hərbi qüvvələrin dəstəyi ilə gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir: "Məlumdur ki, əsas istiqamət Donetsk və Luqansk olmasına baxmayaraq, Rusiyanın Ukrayna ilə həmsərhəd olan digər bölgələrində hərbi kontingentin sayı o qədər də çox deyil. Qeyd edim ki, bu, daha əvvəl də belə olub. Yəni Ukrayna Rusiya ilə hərbi sahədə müttəfiq olduğuna görə, Ukraynanın bütün döyüş qabiliyyətli hərbi birləşmələri Avropa istiqamətində dislokasiya olunmuşdu. Ukraynanın şərq hissəsində isə maddi-texniki təminat və digər qeyri-döyüş hərbi birləşmələri mövcud idi".

Məhz bu səbəbdən də münaqişə başladıqda Ukraynanın qısa müddətdə Donetsk və Luqansk kimi çox əhəmiyyətli bölgələrdə mövqeyinin zəiflədiyini vurğulayan hərbi-siyasi icmalçının fikrincə, buna görə də Kiyev Rusiya ilə həmsərhəd bölgələrdə döyüş qabiliyyəti olan hərbi hissələrin sayının artırılmasını qərara alıb: "Düşünürəm ki, bu proses gündən-günə daha da sürətlənəcək. Bundan başqa, Ukrayna həm də qeyri-rəsmi olaraq NATO ilə razılıq əldə edib. Həmin razılığa əsasən Kiyev Rusiya ilə həmsərhəd bölgələrdə hərbi imkanlarını, hərbi qüdrətini gücləndirməlidir. Çünki təkcə Donetsk və Luqansk təhlükəsi deyil, Ukraynanın Rusiyaya yaxın yerləşən Xarkov və rusların kompakt yaşadığı digər iri şəhərləri də separatçıların nəzarətinə keçə, həmin bölgələrə də "yaşıl adamlar" kimi tanınan Rusiya xüsusi təyinatlıları daxil ola bilər. Odur ki, Ukrayna sözügedən təhlükənin qarşısını almaqdan ötrü bu addımı atmağa, Rusiya ilə sərhəd bölgələrə hərbi birliklər göndərməyə məcburdur".

"Kiyev Rusiya ilə həmsərhəd bölgələrdə yerləşən bütün yaşayış məntəqələrinin Kreml tərəfindən ilhaq edilməsi təhlükəsinin mövcudluğundan xəbərdardır"

Ukrayna ilə Rusiya arasında müharibə təhlükəsindən danışan Ramil Məmmədli bu qənaətdədir ki, rəsmi Kiyev Rusiya ilə həmsərhəd bölgələrdə yerləşən bütün yaşayış məntəqələrinin Kreml tərəfindən ilhaq edilməsi təhlükəsinin mövcudluğundan xəbərdardır: "Elə buna görə də problemin indidən həll olunmasına çalışır. Əslində, bu hərbi birləşmələrin həmin istiqamətdə yerləşdirilməsi dolayısıyla, Donetsk vilayətində separatçı qüvvələrin halqasının daralmasına da səbəb ola bilər. Ümumiyyətlə, 2014-cü ildən etibarən Ukrayna Silahlı Qüvvələri yenidən formalaşdırılmağa başlanıb. Hətta şəxsi heyətin özünü, bəzi hərbçiləri çıxmaq şərtiylə, silahlı qüvvələrin maddi-texniki bazası, döyüş bacarığı və digər mühüm strukturlar yenidən formalaşdırılıb. Bu baxımdan, bu da Rusiya üçün ciddi təhlükədir. Yəni Rusiyanı sevməyən, Kremlin maraqlarına xidmət etməyən, Rusiyanın hərbi məktəblərində təhsil almayan, Moskva tərəfindən ələ alınmayan hərbi qulluqçuların Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifə tutması, döyüş qabiliyyəti olan hərbi birləşmələrdə komandir heyətində xidmət aparması Rusiyanı ciddi şəkildə narahat edir. Bu səbəbdən də hesab edirəm ki, Kreml yaxın günlərdə öz mətbuatında və diplomatik yollarla Ukraynanın Rusiya ilə həmsərhəd bölgələrdə hərbi birləşmələrin sayını artırmasını qlobal, ciddi problem olaraq açıqlayacaq. Eyni zamanda, bunun Rusiya üçün təhlükə olduğunu bəyan edəcək. Beləliklə də Rusiya ictimaiyyətini Ukraynaya, mövcud hakimiyyətə qarşı düşmənçilik mövqeyinə kökləyəcək". Əslində Kremlin bu narahatlığının başadüşülən olduğunu deyən hərbi-siyasi icmalçı qeyd etdi ki, Ukrayna sərhədindən Moskvaya qədər olan məsafə 700 kilometrdən də azdır: "Yəni rəsmi Moskva bu təhlükəni anlayır. Lakin buna rəğmən, hesab edirəm ki, Rusiyanın narahatlığı bir nəticə verməyəcək. Belə ki, NATO-nun və birbaşa ABŞ-ın dəstəyi ilə Ukrayna Rusiya ilə həmsərhəd bölgələrində hərbi birləşmələrinin sayını artıracaq. Bununla da Kiyev ərazisinə Rusiyadan yönələ biləcək təhlükələrin qarşısını qismən alacaq".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA