Rusiyalı milyarder Monakada həbs edildi - Dmitri Rybolovlev çirkli pulları "yumaqda" ittiham olunur

  • 2018-11-07 10:15:32
  • |
  • Region /

Rusiyalı milyarder Monakada həbs edildi - Dmitri Rybolovlev çirkli pulları "yumaqda" ittiham olunur

Fransanın “Le Monde” qəzeti xəbər verir ki, rusiyalı milyarder və “Monako” futbol klubunun sahibi Dmitri Rybolovlev korrupsiya ilə bağlı işlə əlaqədar dindirilmək üçün Monakoda saxlanıb.

Qəzet mənbələrə istinadən yazır ki, Rybolovlev noyabrın 6-da, səhərin erkən saatlarında saxlanıb və onun evində axtarış aparılıb. Bu işlə bağlı təfərrüatlar barədə hələlik xəbər verilmir.

“Monako” klubu noyabrın 6-da Fransanın Mediapart saytının Rybolovlevin Avropanın “Təmiz Maliyyə Oyunu” qaydalarından yayınmağa görə saxlandığı barədə xəbərləri təkzib etmişdi. Sayt yazırdı ki, milyarder, qaydalardan yan keçərək maliyyə çətinlikləri içində olan kluba vəsait ötürmək üçün saxta marketinq sazişi imzalayıb. Mediapart bunu da iddia edirdi ki, sözü gedən pul əslində Rybolovlevin ofşor şirkətlərindən gəlib.

Rybolovlev 2011-ci ilin dekabrında AS Monaco klubunun səhmlərinin 66 faizini almaqla onu müflislikdən xilas etmiş və maliyyə dəstəyi göstərmişdi.

Bu klub sonradan, 2017-ci ildə Fransa çempionu olmuş və Çempionlar Liqasının dörddə bir finalına çıxmışdı.

Rybolovlev 2017-ci ilin əvvəllərində indiki ABŞ prezidenti Donald Trampın Floridadakı daşınmaz əmlak sövdələşməsinin vergi detalları aşkar olunandan sonra təkrar təhqiqata cəlb olunmuşdu. Vergi sənədləri 2005-ci ilə aid idi.

Bu sənədlərdən görünürdü ki, rusiyalı milyarder sözü gedən malikanəni 2005-ci ildə 41 milyon dollara alıb və 2008-ci ildə 95 milyon dollara satıb. Trampın tənqidçiləri sual edirdilər ki, daşınmaz əmlak qiymətlərinin düşdüyü bir vaxtda malikanənin qiyməti nə səbəblə belə kəskin arta bilərdi.

Rybolovlev “Forbes” jurnalına görə dünyanın 242-ci ən zəngin adamıdır. Onun sərvəti 6, 8 milyard dollar olaraq təxmin edilir./"Azadlıq" radiosu/

Loading...

QALEREYA