“Rusiyalı turistlərin Azərbaycanı seçməsi inandırıcı deyil” - İQTİSADÇI

  • 2019-07-11 12:29:28
  • |
  • Aktual /

“Rusiyalı turistlərin Azərbaycanı seçməsi inandırıcı deyil” - İQTİSADÇI

Nemət Əliyev: “Onlar alternativ yolla Gürcüstana səfərlərini davam etdirəcəklər”

“İnsan hüquq və azadlıqları məsələsi turist səfəri etmək istəyənlərin seçiminə təsir göstərir”

Bildiyimiz kimi, hazırda Gürcüstanla Rusiyanın münasibətləri gərgindir. Rusiyanın tətbiq etdiyi qadağa nəticəsində 2019-cu ilin sonuna qədər Gürcüstanın 1 milyon rusiyalı turist itirəcəyi bildirilir. Bu da ümumilikdə turizm gəlirinin təqribən 2 milyard lari (700 milyon dollar) azalması deməkdir. Maraqlıdr ki, Gürcüstanın 2 milyon lari itirməsi Azərbaycan turiziminə nə kimi təsir edə bilər? Yəni rusiyalı turistlərin istiqaməti Azərbaycana tərəf dəyişə bilərmi?

Qeyd edək ki, ötən ilin 11 ayının göstəricisinə əsasən, Gürcüstan turizmdən 3,2 milyard dollar, Azərbaycan isə turizmdən 2 milyard 630 milyon dollar qazanıb. Rəqəmlərdən də aydın görünür ki, Gürcüstanda turizm daha yaxşı inkişaf edir. Görəsən, niyə Gürcüstanda turizm daha yaxşı inkişaf edir? Halbuki, 2017-ci ildə Azərbaycan 3 milyard 80 milyon qazanıb, yəni 2018-ci ildə turizm sektoru 350 milyon itirib.

“Azərbaycana il ərzində 2 milyon turist gəlirsə, 4 milyonu da ölkəni tərk edib gedir”

Картинки по запросу Nemət Əliyev

Rusiyalı turistlərin istiqamətini Azərbaycana tərəf dəyişə bilməyəcəyini düşünən iqtisadçı Nemət Əliyev “Hürriyyət”ə dedi ki, insanlar yay aylarını gözəl, səfalı və özlərini rahat hiss etdikləri yerlərdə keçirməyə meylli olurlar: “Açığı, Azərbaycanda o dərəcədə əlverişli şərait yoxdur. Əgər azərbaycanlıların özünün statistikasına nəzər yertirsək, o zaman məlum olacaq ki, Azərbaycana il ərzində 2 milyon turist gəlirsə, 4 milyonu da ölkəni tərk edib gedir. Əgər Azərbaycanda turizm üçün əlverişli şərait olsaydı, yaradılsaydı, gedib-gələnlərin arasında 2 dəfə böyük fərq yarana bilərdimi? Açığı, indiki zamanda turizm nöqteyi-nəzərindən Gürcüstanı Azərbaycanla müqayisə etmək qüsurludur. Əgər biz qiymətlərə insanın şəxsiyyətinə, ləyaqətinə olan münasibəti də əlavə etsək, o zaman məsələ bir az da aydınlaşır və belə bir şəraitdə Rusiyada yaşayan azərbaycanlıların, yaxud da gürcülərin Gürcüstanı, o gözəl, səfalı yerləri Azərbaycana, hansı ki, addımbaşı insan hüquq və azadlıqlarının tapdandığı bir ölkəyə, polis zorakılığının qabarıq şəkildə özünü göstərdiyi bir məkana dəyişərmi, gələrmi? Cavab birmənalıdır, bu adamların Azərbaycanı seçməsi heç inandırıcı deyil”.

“Gürcüstana getmək istəyən Rusiya vətəndaşları Azərbaycan vasitəsilə gedə bilərlər”

N.Əliyev nəzərə çatdırdı ki, Rusiyada yaşayan gürcülər, ermənilər bir qayda olaraq Gürcüstanı seçirlər: “Yəni orada yaşayan həm gürcülər, həm ermənilər Gürcüstana xərclədikləri pulların başqa ölkənin büdcəsinə deyil, Gürcüstana getməsində daha çox maraqlıdırlar. Eyni zamanda orada yaşayan azərbaycanlıların çoxu da Gürcüstanı seçirlər. Özüm bunun canlı şahidi olmuşam. İndi Rusiya tərəfindən xüsusi qadağanın tətbiq olunmasına baxmayaraq, onlar yəqin ki, alternativ yollar axtaracaqlar. Məsələn, Gürcüstana getmək istəyən Rusiya vətəndaşları Azərbaycan vasitəsilə gedə bilərlər. Onlar Azərbaycanı bir plasdarm kimi istifadə edə bilərlər. Yəqin ki, bunu edəcəklər. Çünki Gürcüstana Rusiyadan turizim səfər edən insanların çoxunun, xüsüsən də gürcülərin əksəriyyətinin ailəsi Gürcüstanda yaşayırlar. Demək onlar həm ziyarət, həm də ticarət edirlər. Yəni həm ora gedib doğmalarını görürlər, həm də istirahət edirlər. Ona görə, onlar çox böyük ehtimalla alternativ yolla gedəcəklər və Gürcüstana səfərini davam etdirəcəklər. Çox güman ki, deyildiyi kimi Gürcüstan üçün 2 milyard lari itki də olmayacaq, onun məbləği azalacaq. Çünki gürcülər Gürcüstanı sevirlər. Əgər onlar qarşılarına məqsəd qoysalar ki, Gürcüstana getməlidirlər, alternativ yollardan istifadə etməklə gedəcəklər. Bu deyilən itki ilkin hesablamadır, yəqin ki, o qədər olmayacaq. Onlar alternativ yollardan istifadə etməklə o itkilərin məbləğini azaltmağa çalışacaqlar”.

“Qiymətlər çox bahadır”

N.Əliyev vurğuladı ki, Azərbaycanda turizm üçün əlverişli şərait yaradılmayıb: “Mövsümi qiymətləri nəzərə alsaq, kənd təsərrüfatı məhsularının, o cümlədən xiyarın, pomidorun, kartofun, kələmin, soğanın qiyməti kəskin artıb. Azərbaycanlıların özləri indiki qiymətlərdən dad edirlər. İndiki qiymtlərin səviyyəsi ölkə əhalisinn özünün həyat səviyyəsinə çox mənfi təsir göstərir. Əgər kənd təsərrüfatı, eləcə də digər ərzaq məhsulları bu qədər bahalaşıbsa, indi turizm xidməti göstərən şirkətlərin, mehmanxanaların xidmətləri daha böyük sürətlə artıb.

Yeri gəlmişkən, bir dost var, danışırdı ki, bu yaxınlarda Paksitandan gəlmiş bir turist zoopark ətrafında olub, valideynlərin başı qarışıb, uşaq bir az ayrı düşüb. Orada ata mindirmək üçün xidmət olub, zorla uşağı tutub, ata mindiriblər, balaca bir meydançanı iki dəfə fırlayıblar, valideynin də bundan xəbəri olmayıb. Valideynlər durub getmək istəyəndə gəlib pakistanlıya dirəniblər ki, sən 50 manat pul verməlisən. “Ona görə ki, sənin balaca uşağını ata mindirib, iki kruq gəzdirmişəm”.

Görün, Azərbaycanda nə qədər rüsvayçı bir vəziyyət yaranıb. Şübhəsiz ki, bu, bir sui-istifadə halıdır. Amma həm də qiymətlərin üzərinə bir aydınlıq gətirən faktdır. Doğurdan da qiymətlər çox bahadır. Təsəvvür edin, Azərbaycanda yaşayan, işləyən adam ailəsi ilə birgə istirahət etmək istəyir. O eşidəndə ki, Gürcüstanda qiymətlər çox aşağıdır, sizi əmin edirəm, o adamı, ailəsini indki qiymətlərin səviyyəsində tutub burada saxlaya bilməzsən. Adam görür ki, qiymətlər hansı səviyyədədir. 10 manata ət olar? Təbii ki, mən Azərbaycan xalqının həyat səviyyəsi nöqteyi-nəzərindən bunu deyirəm. Adamlar mal, qoyun əti almağa həsrət qalıblar. Təbii ki, xidmət göstərən sahələr bahalı ətdən kababları da, yeməkləri də daha yüksək qiymətə təklif edəcək.

Açığı, Azərbaycana turistlərin gəlməsinə qiymət çox pis təsir göstərir. Turizimdən əldə olunan gəlirlərin aşağı düşməsinə əsas səbəblərdən biri Azərbaycandakı qeyri-münasib qiymətlərdir. Qiymətlər çox bahadır, həm azərbaycanlıları buradan başqa ölkələrə getməyə vadar edir, həm də başqa ölkələrin turistləri Azərbaycandakı qiymətlərdən xəbər tutanda Azərbaycana gəlməkdən imtina edirlər”.

“Xidmətin səviyyəsi də Gürcüstanla müqayisədə aşağı həddədir”

N.Əliyev onu da qeyd etdi ki, turizm gəlirlərinin aşağı düşməsinin ikinci səbəbi xidmətin səviyyəsi ilə bağlıdır: “Bu, rəqabət yaradan bir haldır. İnsanlar daha yaxşı xidmət görmək istəyirlər. Yəni həm münasib qiymət, həm də yaxşı xidmət olsun. Mənə elə gəlir ki, xidmətin səviyyəsi də Gürcüstanla müqayisədə aşağı həddədir. Bu da turistləri Azərbaycandan qaçaq salan xüsusi haldır. Biz iqtisadiyyatdan danışırıq.

Üçüncü isə insan hüquq və azadlıqlardır. Çoxları elə başa düşür ki, insan hüquq və azadlıqlarının turizmə nə aidiyyatı var, amma çox aidiyyatı var. Məsələn, hansısa bir ölkəyə səfər etmək istəyən adam dərhal interneti qarşısına qoyur, yalnız həmin ölkənin səfalı, görməli yerləri haqqında yox, bütövlükdə həmin ölkə haqqında məlumat toplayır. Azərbaycanın adını yazanda baxırlar ki, burada mitinq keçirmək, Kontitusion hüquqlarından istifadə etmək istəyənləri zopanın qabağına verirlər, adamları şərləyib, içəri basırlar. Xatırlayırsınızsa, bir az əvvəl Bakıda Avropa Liqasının final oyunu keçirildi. Həmin vaxt İngiltərənin Xarici İşlər Nazirliyi oyunu izləməyə gələnlərə görə belə bir məlumat yaymışdı ki, “birdən yolunuz polis şöbələrinə düşər, heç zaman tək getməyin. Çünki sizi istənilən vaxt şərləyə bilərlər. Polis şöbələrində sizə sənəd imzalatdırarlar, vəkil xidmətindən istifadə etmədən hər hansı bir sənədi imzalamayın”. Bu, o deməkdir ki, Azərbaycan rəsmi hakimiyyət orqanları burada törətdikləri əməlləri nə qədər gizlətməyə çalışsalar da, burada baş verənlər haqqında bütün dünya məlumatlıdır. İndi xüsusi axtarış verib Azərbaycan haqqında məlumat almaq istəyən adam dərhal o məlumatlardan biri ilə rastlaşacaq. Mütləq insan hüquq və azadlıqları məsələsi turist səfəri etmək istəyənlərin seçiminə təsir göstərir. Bu, çox ciddi faktordur. Mən düşünürəm, təsirsiz ötüşmür.

Ondan başqa, məhkəmələrin başıpozuq fəaliyyətidir. Azərbaycan məhkəmələrini bunlar bazara döndəriblər. Turist də insandır, birdən yolu məhkəməyə düşə bilər. Bunlar bilirlər ki, burada rüşvətsiz keçinmək mümkün deyil. Bu da təsir göstərən amildir. Heç şübhəsiz ki, Azərbaycan ətrafında korrupsiya, rüşvət ittihamları ilə bağlı beynəlxalq məhkəmə orqanlarında, yaxud da ayrı-ayrı dövlətlərdə açılan cinayət işləridir. Bunlar da bu və ya digər dərəcədə təsir göstərir. Təbii ki, bunlar hamısı əlavə təsirlərdir. Bütün sadaladıqlarımı ümumiləşdirsək, bu nəticəyə gəlirik ki, Azərbaycanda turizmdən yaxşı gəlir əldə etməkdən ötrü əlverişli şərait yoxdur. Elə turizm xidməti göstərən şirkətlərin də vergi orqanları, məmurlar başlarına oyun açırlar. İmkan vermirlər ki, onlar normal şəkildə işləsin. Siz elə bilirsiniz ki, yalnız istehsal sahəsində çalışanları incidirlər? Ümumiyyətlə, iqtisadi fəaliyyət adına harada gözən dəyən nəsə varsa, o dəqiqə ora məmur barmağı uzanır. Onlara deyəndə ki, bu, ölkə iqtisadiyyatına ziyandır, mən obekti bağlaya bilərəm, bu qədər insan işləyir, deyir, “məni maraqlandırmır, istəyirsən bağlansın, istəyirsən də bağlanmasın”. Vergi orqanlarının əməkdaşlarının verdiyi standart cavab budur. Azərbaycanda turizm gəlirlərinin aşağı düşməsinin əsas səbəbləri bunlarla bağlıdır”.

“Xeyir ola Gürcüstan Azərbaycandan çox gəlir əldə edir?”

“Bayaq Gürcüstanın və Azərbaycanın ötən il turizmdən nə qədər qazanc əldə etdiyini qeyd etdiniz. Baxın, Azərbaycanın ərazisi, əhalisi Gürcüstanın ərazisindən, əhalisindən çox böyükdür. O zaman xeyir ola Gürcüstan Azərbaycandan çox gəlir əldə edir? Amma faktiki Gürcüstan Azərbaycandan turizim sahəsində çox gəlir edə edib. Bu, rüsvayçılıqdır. Görün, nə vəziyyət yaranıb, Gürcüstan kimi kiçik bir ölkə Azərbaycandan çox turizim sahəsində gəlir əldə edir. Tək bu rəqəmin özü qiymət vermək üçün yetərlidir. Mən bir il öncə Gürcüstana getmişdim. Gürcüstana gedənlərə hər mənada can rahatlığı var, ora səfər edən adam oradan məmnuniyyət hissi ilə qayıdır. Turist səfərinə çıxan adamın isə əldə etmək istdiyi nəticə budur. Orada bu nəticəni alır, burada ala bilmir. Ona görə də Gürcüstana üz tuturlar” - deyə iqtisadçı əlavə etdi.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA