Ruslarla almanlar arasında nəhəng tank döyüşü yenidən qızışdı, senator jurnalistə qarğış etdi - “SƏNİ CƏHƏNNƏM ODUNDA YANASAN...”

  • 2019-07-12 16:34:19
  • |
  • Dünya /

Ruslarla almanlar arasında nəhəng tank döyüşü yenidən qızışdı, senator jurnalistə qarğış etdi - “SƏNİ CƏHƏNNƏM ODUNDA YANASAN...”

Düz 76 il bundan əvvəl-1943-cü il iyulun 12-də Rusiyanın Belqorod vilayətinin Proxorovka stansiyası ətrafında alman və sovet tank qoşunları arasında baş vermiş şiddətli döyüş sözün az qala əsl mənasında yenidən qızışıb. Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, buna səbəb Almaniyanın “Die Welt” qəzetində həmin döyüşlərin ildönümü ərəfəsində dərc edilmiş məqalədir.

Qəzetin tarix şöbəsinin rəhbəri Sven Felix Kellerhoff yazırdı ki, Proxorovka stansiyası ətrafında baş vermiş tank döyüşünü SSRİ-nin qələbəsi adlandırmaq olmaz. Jurnalist Almaniya və Britaniya kəşfiyyatının havadan çəkdiyi fotolara əsasən yazmışdı ki, əslində bu döyüş Qırmızı ordunun ən rüsvayçı məğlubiyyətlərindən biri olub.

"Son tədqiqatlar göstərir ki, Proxorovka ətrafında nə sovet ordusunun qələbəsi, nə də böyük tank döyüşü olub. Əslində o vaxt Proxorovkadakı 29-cu sovet tank korpusunun 200 tankı kamikadzesayağı mənasız intihar döyüşünə girib. Rəsmi Rusiya-Sovet versiyasına görə bu döyüşdə 850 sovet tankı ilə 800 alman tankı üz-üzə gəlib. Sovet təbliğatına görə bu döyüşdə Vermaxtın 400 tankı məhv edilib. Əslində isə 672 sovet tankına qarşı cəmi 186 alman tankı çıxıb. İyulun 12-də axşamçağı Qırmızı ordu özünün 235 tankını itirib. Hitlerçilərin isə cəmi 5 tankı vurulmuşdu. Bütün bunlar cəmi bir neçə kvadrat kilometr olan sahədə baş verib”,-məqalədə deyilir.

Müəllif bu faktlardan çıxış edərək Prorovkadakı qələbə abidəsinin sökülməsini təklif edir. O deyir ki, bu döyüş sovetlərin zəfəri yox, biabırçı məğlubiyyəti olub.

“Die Welt” qəzetində dərc edilmiş məqalə Rusiya hakimiyyət nümayəndələrinin hiddətinə səbəb olub. Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin üzvü, senator Frants Klintseviç müəllifə “cəhənnəmdə yanmaq” qarğışı edib.

Rusiyanın İctimai Palatası isə Almaniyanın “Die Welt” qəzeti jurnalistinin Proxorovka çölündəki Qələbə abidəsinin sökülməsi təklifinə cavab olaraq BMT-nin Təhlükəsizlik Şurasına müraciət etmək barədə qərar qəbul edib. Palatanın ictimai diplomatiyanın inkişafı, humanitar əməkdaşlıq və ənənəvi dəyərlərin saxlanması komissiyasının sədri Yelena Sutormina izah edib ki, bu müraciət “tarixin saxtalaşdırılmasına” cavab olacaq.

O bildirib ki, BMT 2018-ci ildə “nasizmin tərənnümünə qarşı” qətnamə qəbul edib.

Xanım Sutormina deyib ki, Proxorovka çölü döyüşünün 76-cı ildönümü ərəfəsində belə təkliflər tamamilə yolverilməzdir. Sutormina hesab edir ki, dünya ictimaiyyəti belə təkliflərə “sərt və barışmaz reaksiya verməlidir”.

Bununla əlaqdar iyulun 12-də “Rossiya Seqodnya” xəbər agentliyinin mətbuat mərkəzində “Proxorovka çölündə döyüş. Rusiyaya qarşı yeni informasiya müharibəsi” adlı diskussiya keçiriləcəyi bildirilir. Müzakirəyə elə həmin xanım Sutormina sədrlik edəcək.

Hələlik Rusiya Müdafiə Nazirliyi, Kreml və XİN alman jurnalistin məqaləsinə cavab verməyiblər. Amma sənədlər doğrudan da sübut edir ki, əslində Proxorovka stansiyası ətrafında sovet ordusunun möhtəşəm qələbəsi ilə nəticələnmiş böyük tank döyüşü haqda deyilənlər mifdir, sovet təbliğatıdır.

Belə ki, 2018-ci ilin oktyabrında Rusiya Müdafiə Nazirliyinin saytı Proxorovka ətrafında almanların tank ordusunun “darmadağın edilməsi” barədə deyilənlərin mif olduğunu təsdiqləyən məlumatları dərc edib. Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının Akademiyası tərəfindən təqdim edilən məlumatlara əsasən əslində Qırmızı ordu Proxoroka ətrafında döyüşə çıxardığı tankların 75 faizini, almanlar isə cəmi 20 faizini (tanklar və hücum topları) itirib.

Akademiyanın aparıcı elmi əməkdaşı Valeri Makovski bildirir ki, general (sonradan marşal rütbəsinə yüksəlib) Pavel Rotmistrovun komandanlığı altında olan 5-ci qvardiya tank ordusu 1943-cü il iyulun 12-də, cəmi bir sutka ərzində tanklarının 75 faizini itirib. SS-in tank ordusunun itkiləri isə cəmi 20 faiz olub.

Qırmızı ordu Proxorovka ətrafında almanlara qarşı əks hücuma 670 tank çıxarıb ki, bunlardan 470-i həmin gün vurulub sıradan çıxıb. Almanlar isə 490 tankdan cəmi 50-ni itirib.

Şəxsi heyət arasında itkiyə gəldikdə isə general Rotmistrovun ordusu Proxorovka ətrafında 35 min əsgər itirib, o cümlədən 6.5 min əsgər həlak olub, 9.5 mini itkin düşüb, qalanları yaralanıb. Bu da Voronej cəbhəsindəki itkilərin 24 faizini təşkil edirdi. SS-in ikinci tank korpusunun itkiləri isə həmin döyüşdə cəmi 7.7 min hərbçi təşkil edib.

Rusiya Baş qərargahının Akademiyasında izah ediblər ki, tərəflər arasında itkilərin bu cür qeyri-mütənasibliyi Kursk döyüşünə hazırlıqlar zamanı yol verilmiş bir sıra nöqsanlarla bağlıdır. Hücumun əvvəlində sovet ordusunun cəbhə boyu artilleriya hazırlığı planı vaxtında baş çatmamışdı, habelə sovet kəşfiyyatı alman qoşunlarının cəmləşmə yerlərini dəqiq müəyyən edə bilməmişdi.

Bundan əlavə, artilleriya hazırlığı vaxtından əvvəl, düşmənin hücum üçün istinad mövqelərini tutmasından əvvəl başlayıb, atəş isə boş sahələrə açılıb. Nəticədə almanlar itkilərdən qaça biliblər. Proxorovka ətrafında sovet tanklarının əks-hücumu tələsik hazırlanıb və hücum potensialını tükədən düşmənə qarşı effektli olmayıb. Bundan əlavə Vermaxt ilk dəfə Proxorovka döyüşlərində ağır “Tigr” və “Ferdinand” tanklarını ilk dəfə kütləvi tətbiq edib. Həmin tankların zirehi sovet T-34 tankları üçün əlçatmaz idi.

Hitler ordusunun “Məbəd” (Kurska zərbə endirməyə hesablanmışdı) əməliyyatı 1943-cü il iyulun 5-də başlayıb. Beş sutka davam edən ağır döyüşlərdən sonra Voronej cəbhəsinin qoşunları almanların “Cənub” ordu qruplaşmasının (Kursk qövsünün cənub hissəsində) hücum tempini iki istiqamətdə aşağı sala bilib və ona ağır zərər vurub. Üçüncü-Proxorovka istiqamətində isə almanların elit hərbi birləşməsi olan SS-in 2-ci tank korpusu hücumu davam etdirirdi. Ona görə də sovet komandanlığı iyulun 9-da axşam qərar qəbul edib: iki sutka sonra general Aleksandr Jadovun 5-ci qvardiya ordusu və general Rotmistrovun 5-ci qvardiya tank ordusu almanlara güclü əks-zərbə endirsin.

Məxfiliyi götürülmüş sovet sənədlərinə və qənimət ələ keçirilmiş mənbələrə əsasən iyulun 12-də səhər 5-ci qvardiya tank ordusu bütün tank bölmələrini Proxorovka stansiyası ətrafına çıxarıb. Cəmi 951 tank və 54 özüyeriyən artilleriya qurğuları döyüşə çıxarılsa da onların bir hissəsi yolda xarab olub, təmirə dayanıb. Nəticədə sovet ordusu döyüşə 672 zirehli texnika və özüyeriyən artilleriya qurğusu ilə döyüşə girib. Almanlar isə 329 tank və artilleriya qurğusu çıxarıblar.

İyulun 12-də gedən döyüşlər zamanı Voronej cəbhəsinin qoşunları qarşıya qoyulmuş vəzifəni yerinə yetirə-düşməni darmadağın edə və əks hücuma bilməyiblər. Əvəzində Rotmistrovun ordusu cəmi 10-11 saat ərzində tankların 50 faizdən çoxunu itirib. İyulun 16-da isə 5-ci qvardiya tank ordusu tamamilə əldən düşmüşdü və itkilərin səbəbini araşdırmaq üçün Moskvadan Dövlət Müdafiə Komitəsinin üzvü Georgi Malenkovun sədrliyi ilə xüsusi komissiya göndərilib. Komissiya iki həftə sonra Stalinə araşdırmanın nəticəsini təqdim edib. Həmin hesabat hələ də məxfidir və Rusiya prezidentinin arxivində saxlanılır.

Amma məlumdur ki, general Rotmistrovun vəzifədən azad edilib tribunala verilməsi məsələsi qaldırılmışdı. Lakin Baş qərargahı rəisi, marşal Aleksandr Vasilevskinin sayəsində general xilas ola bilir. Həmin il avqustun sonlarında isə Kursk döyüşlərindəki qələbəyə verdiyi töhfətə görə Kutuzov ordeni ilə təltif olunur. Müharibədən və Stalinin ölümündən sonra isə Rotmistrov Proxorovka döyüşləri, itkilər barədə fərqli rəqəmlər irəli sürür. Beləliklə, Proxorovka döyüşləri barədə rəsmi qaydada dəstəklənən mif yaranır...

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz