Rza Zərrab işinin uzanmasının yeni PƏRDƏARXASI

  • 2018-02-12 12:38:22
  • |
  • Dünya /

Rza Zərrab işinin uzanmasının yeni PƏRDƏARXASI

Politoloq: “Türkiyənin NATO-dan çıxarılması planı gündəmə gəldikdə, eləcə də Avropa ilə bağlı məsələlərdə bu kompromatlardan istifadə etmək niyyətindədirlər...”
Bir zamanlar Türkiyənin gündəmini zəbt edən Rza Zərrab işi ilə bağlı artıq xarici ölkə mətbuatlarında, ictimaiyyətlərində müzakirələr, informasiyalar səngiyib. Bəzi ekspertlər hesab edirlər ki, Zərrab işi ilə bağlı Türkiyənin ictimai rəyinə hesablanmış kampaniya effekt vermədi. Bu fikirlə razı olmayanlar isə düşünürlər ki, hadisələr Zərraba hökm oxunduqdan sonra yeni fazaya keçəcək.
Ötən günlərdə Zərrabın ABŞ-da gizli saxlanıldığı yerin aşkara çıxması ilə bağlı məlumat yayıldı. Məlumatda bildirilirdi ki, ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilən Azərbaycan əsilli iş adamı Rza Zərrab Nyu-York şəhəri yaxınlığında yerləşən “Vestçester” həbsxanasında saxlanılır. Lakin bu informasiya rəsmi şəkildə təsdiqlənmədi. Hələ ki, Zərraba məhkəmə tərəfindən hökm oxunmayıb. Rza Zərrabın növbəti məhkəməsinin aprel ayında olacağı gözlənilir.
Politoloq Qabil Hüseynli məsələ ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, Zərrab işini unudulmuş saymaq olmaz: “Məhkəmə Rza Zərrab haqqında hökm qərarını çıxarmayıb. Sadəcə olaraq məhkəmə prosesinə fasilə verilib. Rza Zərrab da deyilənlərə görə gizlin saxlanılır. Çünki Zərrab bir sıra məqamlara toxunub ki, bu, onun həyatı üçün təhlükə yarada bilər. İran və eyni zamanda Türkiyə tərəfindən də Zərrab üçün o qədər də xoş olmayan perspektivlər gözlənilir. Məsələdə ikinci tərəf ondan ibarətdir ki, ABŞ Rza Zərrab olayından Türkiyəyə qarşı istifadə etmək istəyir. Özü də hələ digər məsələlər də toplandıqdan sonra, Türkiyənin NATO-dan çıxarılması planı gündəmə gəldikdə, eləcə də Avropa ilə bağlı məsələlərdə bu kompromat materiallardan istifadə etmək niyyətindədirlər. Məhkəmə bitməyib və belə görünür ki, olayları daha da dərinləşdirmək istəyirlər. Məqsəd hadisələri hakimiyyətin daha yuxarı zirvəsində olan adamlara yönləndirməkdir. Hazırda görünür ki, yeni ssenarilər hazırlanıb, dəlillər toplanır. Çox uzaq olmayan zamanda məhkəmə prosesi yenidən başlaya bilər. Amerika-Türkiyə münasibətlərinə gəlincə isə hazırda demək olar ki, bu məsələlərdə də gərginlik yüksəkdir. ABŞ-Türkiyə münasibətləri özünün çox çətin dövrünü yaşayır. Çünki Suriya əməliyyatları, GUAM məsələsində Türkiyə ilə Amerika arasında yaranan gərginlik, son telefon danışıqları ilə bağlı ABŞ rəsmilərinin yaydığı bəyanatı Türkiyənin təkzib edərək danışığın əsl məzmununu yayması kimi faktlar, əlbəttə ki, yeni bir gərginlik mənbəyinin yaranmasına səbəb oldu. Son dövrlərdə ABŞ-Türkiyə münasibətləri təkcə Gülən əhvalatına, FETO məsələsinə görə gərgin deyil və başqa səbəblərə də var. Əsas da Türkiyənin Rusiyaya yaxınlaşması, buna sonradan İranın da əlavə edilərək ”Üçlər ittifaqı"nın qurulması sözün həqiqi mənasında Vaşinqtonun kefinə soğan doğrayır. Kimsəyə sirr deyil ki, ABŞ-ın İranla bağlı çox ciddi planları var. Bu planlar həm də İsraillə bağlıdır. Xüsusilə də Amerika İranın nüvə tədqiqatları ilə bağlı çox narahatdır".
Hüseynli qeyd elədi ki, Zərrab işi bitmədiyi üçün Türkiyənin ictimai rəyinə hesablanmış kampaniyanın da başa çatdığını söyləmək olmaz: “Hələ ki, kampaniyanın bir hissəsi aparılıb. Məhkəmə proseslərində bir neçə nazirin adı hallandırılıb. Ancaq tutalım ki, Rza Zərrabın Ərdoğan haqqında da fikirlərinin olduğu deyilir və bu, hələ ki, ictimailəşdirilməyib. O baxımdan ABŞ bu məlumatları ən son məqamda ictimailəşdirə bilər. Məhkəmə davam etdirildiyi ərəfədə və ya proses bitdikdən sonra ABŞ-ın bütün bu informasiyalardan silah kimi Türkiyəyə qarşı istifadə etməsi mümkündür. Rza Zərrab olayları hesab edirəm ki, Türkiyədə xeyli əks-səda doğurdu. Sonradan isə Türkiyə tərəfi tənbeh etdi və bunu FETO-çuların qurduğu oyun adlandırdı. Beləliklə də bunun Türkiyə ictimai rəyinə təsirini azaltdı. Ümumiyyətlə, Türkiyədə anti-amerikanizm əhval-ruhiyyəsi o qədər güclü deyil. Bu da tez-tez körükləndiyi üçün Qərb tərəfindən Türkiyə əleyhinə olan hərəkətlər real faktlara söykənsə də, daxili ictimai rəydə uğur qazana bilmir. Bunun səbəbi sadəcə olaraq ”AK parti"nin, eləcə də iqtidarın anti-Qərb, anti-Amerika əhval ruhiyyələrini körükləməsidir. Zərrabın gizlədildiyi yerlə bağlı ötən günlərdə məlumat yayılsa da bu, təsdiq olunmadı. Bilinmədi ki, Zərrab hansı şəraitdə saxlanılır. Bir məqamı da qeyd edim ki, Rza Zərrab olaylarının təbliğat baxımından Türkiyədə uğur qazanmamasının səbəbi Amerikanın bundan həm də anti-İran kampaniyasında istifadə etmək niyyətləri ilə bağlıdır. Zərrabın yaxın dostu və onunla birlikdə bu proseslərdə iştirak edən digər azərbaycanlı şəxs Babək Zəncani da hazırda İranda ölüm hökmü iddiası ilə məhkəməyə cəlb olunub. Ona qarşı 1.5 milyard dollarlıq İran dövlət malının mənimsənilməsi iddiası ilə məhkəmə hökm çıxarıb. Onunla bağlı da ölüm hökmünün icrası hələ ki, dayandırılıb. Görünür ki, Zəncani ilə bağlı qərar da Zərrabın məhkəməsindən sonra veriləcək".

Loading...

QALEREYA