S-400-lər Türkiyənin siyasi həyatında nəyi dəyişəcək?

S-400-lər Türkiyənin siyasi həyatında nəyi dəyişəcək?

Qabil Hüseynli: “NATO dövlətləri ilə bir sərinlik yaranmasını gözləmək olar”

Elxan Şahinoğlu: “Amerika özü bu reallığı qəbul edəcək”

Türkiyəni hava təhdidlərinə qarşı qoruyacaq, dünyanın ən inkişaf etmiş havadan müdafiə sistemi olaraq qəbul edilən Rusiya istehsalı S-400-lərin satın alma müddətində son mərhələ başladı. ABŞ ilə gərginliyə səbəb olan S-400-lərin bu həftə Türkiyəyə daşınma prosesinin başlaması planlaşdırılır. Beləcə, Türkiyə S-400 satın alan ilk NATO ölkəsi olacaq.

Bir müddətdir ABŞ Türkiyənin S-400-ləri aldığı təqdirdə CAATSA sanksiyalarının tətbiq olunacağı və Türkiyənin də ortağı olduğu F-35 proqramından çıxarıla biləcəyini ifadə etsə də, Ankara S-400 razılaşmasından geri çəkilmədi.

S-400 sistemi üçün Türkiyə də hazırlıqlarını tamamladı. 15 iyul FETÖ çevriliş cəhdindən sonra adı “Mürtəd” olaraq dəyişdirilən Akınçı Bazasına Rusiya Dövlət Silah Şirkətinin istəkləri yönündə “xüsusi” anqarlar və batareyaların yerləşdirilə biləcəyi yerlər inşa edildi. S-400-lərin mühafizəsi və texniki baxışlarının ediləcəyi nəhəng anqarlar S-400-lər üçün hazırlandı. Sistem üçün idarəetmə mərkəzi də quruldu.

Qeyd edək ki, ABŞ-ın təzyiqlərinə rəğmən, Türkiyənin S-400 alma prosesi bir neçə mərhələdən keçdi:

Suriyada vətəndaş müharibəsi davam edərkən ABŞ, Almaniya və Hollandiya “Patriot” sistemlərini Türkiyə torpaqlarından çıxardı.

Türkiyə havadan müdafiə ehtiyacını qarşılamaq üçün ABŞ ilə “Patriot” almaq mövzusunda görüşlərə başladı.

Barak Obama Administrasiyası dövründə ABŞ “Patriot” satmaq istəmədi.

ABŞ “Patriot” verməyincə Türkiyə Rusiyaya üz tutdu.Transferi, maliyyə və tədarük məsələsində Rusiya ilə S-400 görüşlərində razılaşma əldə edildi.

ABŞ Türkiyəni vaz keçirmək üçün sanksiya ilə hədələdi. Ancaq Ankara bütün təzyiqlərə rəğmən, S-400 məsələsində qətiyyətini sındırmadı. Artıq ilk S-400 batareyası bu həftə Türkiyəyə gedəcək.

“Türkiyənin taleyində nəyinsə dəyişəcəyini güman etmrəm”

Картинки по запросу Qabil Hüseynli

S-400 zenit raket sistemin Türkiyəyə çatdırılması ilə bağlı fikirlərini bölüşən keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, Türkiyənin taleyi çox oddan-alovdan çıxıb:“Bu mənada Türkiyənin taleyi S-400-lə dəyişəcəksə, regional güc olan bir ölkə aşağılanmış olar. S-400 adi bir silahdır. O silahdan Azərbyacana da veriblər. Bizə bir divizion, onlara 4 divizon veriblər. Pulumuz olsa, biz də daha müasirini ala bilərik. Ona görə də mən Türkiyənin taleyində nəyinsə dəyişəcəyini güman etmrəm. Ancaq siyasi amillərə bu və ya digər formada təsir göstərəcək, o da dərhal yox. Bir də ki, S-400-lə hər şey qurtarmır, axı. S-400-dən sonra Türkiyəyə sanksiyalar, təzyiqlər, buna bənzər digər şeylər baş verəcək, onda əhalinin hamısı da olmasa bir hisssəsi başa düşəcək ki, bu şey gərək olmayaydı”.

“İnanmıram ki, S-400-lər “Patriot”lardan üstün ola”

“Bu, hava hücumundan müdafiə sistemləridir. Haqqında nə qədər tərifli sözlər söyləsələr də, adi bir silah növüdür. Mən o qədər də inanmıram ki, S-400-lər “Patriot”lardan üstün ola. Türkiyənin ərazisinin böyük hissəsi NATO hava hücumundan müdafiə sistemi ilə qorunurdu. İndi əgər Türkiyə belə hesab edirsə ki, “Patriot” onun ərazilərini etibarlı müdafiə etmir, bu silahlara ehtiyac duyur və alır, Allah işini avan eləsin”,-deyə politoloq qeyd etdi.

““Patriot” radar sistemi ilə S-400 radar sistemi bir-birini tanımır”

Q. Hüseynli nəzərə çatdırdı ki, NATO sistemində S-400-lərlə “Patroit”lar arasında bir uyğunsuzluq var:“Bu uyğunsuzluq əsasən həmin sistemlərin oxşar texniki keyiyyətlərə malik olmamasındadır. Məsələn, “Patriot” radar sistemi ilə S-400 radar sistemi bir-birini tanımır. Üstəlik amerikanlar deyirlər ki, s-400 radar sistemi müəyyən məlumatları Rusiyaya ötürə bilər. Bunun nə dərəcədə doğru olub-olmadığını söyləməkdə çətinlik çəkirəm. Amma hər halda S-400 NATO-nun vahid hava hücumundan müdafiə sistemi üçün böyük problemlər yaradacaq”.

“Mən qorxuram ki, arzuedilməz nəticələr ortaya çıxsın”

“Allah eləsin, bundan sonra Amerika ilə Türkiəynin münasibətləri pisləşməyə doğru getməsin. Amma hər halda Amerika bu alqı-satqıdan məmnun deyil. Üstəlik də Türkiyənn Rusiya ilə yaxınlaşmasından heç məmnun deyil. Güman edirəm ki, NATO ölkələrinin bir çoxu, Almaniya, Fransa da belə fikirləşir. Ona görə də S-400-lər Türkiyəyə çatdırıldıqdan sonra bütün NATO dövlətləri ilə bir sərinlik yaranmasını gözləmək olar. Mən qorxuram ki, hadisələr bir az da dərinə işləsin və arzuedilməz nəticələr ortaya çıxsın”,-deyə politoloq vurğuladı.

“Amerika arxadan daş atır”

Картинки по запросу Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə vurğuladı ki, bu Türkiyə üçün taleyüklü qərar oldu: “Əslində, Türkiyə bu tipli raketləri keçmiş illərdə Amerikadan istəyirdi. Xatırlayırsınızsa, bir neçə gün öncə Böyük 20-lərin Yaponiya toplantısında Tramp məsələnin üstünü açdı, dedi böyük səhvi Barak Obama edib. Türkiyə “Patroit” istəyib, vəd verib, amma satmayıb. Belə olubsa, Türkiyə də məcbur qalıb, üzünü Rusiyaya çevirib. İndi artıq Amerika arxadan daş atır. Sizdən istəyib siz satmamısınız. Türkiyə öz ərazisıni qorumalıdır. Ona görə də Rusiaydan S-400 alır”.

“Amerika uzaqbaşı ancaq raketləri satacaqdı...”

“İndi Amerika-Türkiyə münasibətləri onsuz da gərgindir, yəqin bir az da soyuyacaq. Rusiya ilə isə Türkiyənin yaxınlığı artır. Amma yenə təkrar edirəm Türkiyə öz təhlükəsizliyini qorumaq məcburiyyətindədir. Bu raketlər Türkiyə üçün çox vacibdir. Suriyada və Türkyənin ətrafında baş verən hadisələr də bundan xəbər verir. Üstəgəl bu raketlərin alınmasının iki üstünlüyü var. Birinci, üstünlüyü odur ki, həmin raketləri alarkən hətta Türkiyə Rusiyadan kredit götürüb. İkincisi də Rusiya bu raketlərin Türkiyə ilə birgə istehsal fəaliyyətini də nəzərdən keçirir. Halbuki,Amerika uzaqbaşı ancaq raketləri satacaqdı, nə kredit verəcəkdi, nə də birgə istehsaldan danışacaqdı. Amma buna baxmayaraq bu, Türkiyə-Amerika münasibətlərinin soyumasına səbəb olacaq və Amerika təyyarələrinin Türkiyəyə satlışını da çətinləşdirəcək”,-deyə politoloq vurğuladı.

“Türkiyə öz təhlükəsizliyini təmin edəcək”

“Türkiyənin S-400 əldə etməsinin regionin təhlükəsizliyi üçün əhəmiyyəti varmı” sualına E. Şahinoğlu belə cavab verdi:“Birinci növbədə Türkiyə öz təhlükəsizliyini təmin edəcək və bir çox ölkələr biləcək ki, artıq Türkiyəni hədəf götürmək o qədər də asan məsələ deyil. Bu baxımdan, bu, Türkiyə üçün çox vacibdir. Ancaq Türkiyə Azərbaycanın strateji müttəfiqidir və Türkiyə öz ərazisini bu şəkildə qoruyursa, bu Azərbaycanın da maraqlarına cavab verir. Ola bilər gələcəkdə Türkiyə özü Rusiya ilə bu raketləri istehsal etməyə başlayacaq. Niyə də olmasın? Bəlkə gələcəkdə Azərbaycan özü də bu tip raketlərə iddiasını ortaya qoysun”.

“Amerika Türkiyəni nə qədər sıxa bilər ki?!”

Şahinoğlu diqqətə çatdırdı ki, NATO ölkələrindən daha çox Amerika bu sistemə qarşı çıxır: “Digər NATO ölkələri ciddi etirazlarını bildirmirdilər. Çünki Türkiyə haqlı olaraq deyirdi ki, biri digərinə mane olmur. Daha çox Amerika iddia edirdi ki, guya, bu raketlərin alınması NATO müdafiə sisteminə zərər verə bilər, başqa mənfi hallar ola bilər. Amma Türkiyənin özü də bunda maraqlı deyil. Çünki Türkiyə özü də NATO ölkəsidir,istəməz ki, bu şəkildə NATO-nun ümumi təhlükəsizliyinə ziyan dəysin. Mən güman edirəm ki, S-400 raketləri Türkiyədə yerləşdiriləndən bir müddət sonra həm Avropa ölkələri, həm də Amerika özü bu reallığı qəbul edəcək. Mənə elə gəlir ki, bir müddət keçəndən sonra bu mövzu arxa plana keçəcək. Yəni fakt artıq reallaşdı,raketlər yerləşdirilir. Amerika Türkiyəni nə qədər sıxa bilər ki?! Məncə, bundan sonra münasibətlərin gərginlik mərhələsi geridə qalacaq,amma bir az vaxt keçməlidir”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz