Saakaşvilini dama çıxaran səbəblər - TƏFƏRRÜAT, ANALİZ

Saakaşvilini dama çıxaran səbəblər - TƏFƏRRÜAT, ANALİZ

Poroşenko ölkəni idarə edə bilmir, Saakaşvili ambisiyasını boğmağı bacarmır, Avakov isə cəzalanacağını bilir

Dekabrın 5-i səhər saatlarında Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin Kiyevdə yaşadığı binanın damına çıxması xəbəri ildırım sürəti ilə yayılmağa başladı. Saakaşvilinin Facebook səhifəsində minlərlə seyrçi prosesi canlı izləyirdi. Eks-qubernator onu həbs etmək üçün gələn xüsusi təyinatlılara tabe olmur, hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirirdi. Dəfələrlə edilən xəbərdarlıqlar sonuc vermir, Saakaşvili özünü damdan ataraq intihar edəcəyini, qanının Poroşenko hakimiyyətinin üzərində qalacağını bildirirdi. Pafos dolu çıxış xüsusi təyinatlıların Saakaşviliyə qəfil hücum edərək onu qandallaması ilə kəsildi. Saakaşvili çoxsaylı hərbçilərin müşayiəti ilə binadan çıxarılaraq avtomobilə mindirilsə də, təxminən 500 nəfərlik tərəfdarlar kütləsi hərəkətə imkan vermədi. Bir neçə saatlıq hərbə-zorbadan sonra Saakaşvilini maşından endirə, xüsusi xidmət orqanlarının əlindən ala bildilər. Daxili qoşun qüvvələrinin vətəndaşlara heç bir zor tətbiq etmədiyi, yalnız 2 xırda epizodda gözyaşardıcı qazdan istifadə etdiyi də nəzərdən qaçmadı... Ardınca Saakaşvili tərəfdarlarını Ali Radanın qarşısına topladı və “korrupsioner Poroşenko iqtidarına qarşı birləşməyə çağırdı”... Film kimi...

Image result for saakaşvili dama

Kurçenkodan alınan 500 milyon hardadır?

Eks-qubernator “xalqı talayan hökumət istefaya getməli, Poroşenkonun impiçmenti məsələsi qaldırılmalıdır” deyəndə içəridə Ali Rada üzvləri Ukraynanın baş prokuroru Yuri Lusenkonun Saakaşvilinun Rusiya ilə ilişkiləri haqqında təqdim etdiyi videofaktı izləyir, “ələkeçməz qəhrəman”ı ram etməyin yollarını arayırdılar. Videomaterial Saakaşvilinin köməkçisi milliyətcə gürcü Ukrayna vətəndaşı David Danqadzenin Yanukoviç iqtidarı devriləndən sonra Rusiyaya sığınan iş adamı Sergey Kurçenkodan hakimiyyət çevrilişi məqsədilə 500 min dollar alması haqqındadır. Videoya Saakaşvilinin Kurçenko ilə telefon danışığı da əlavə edilib. Ukrayna iqtidarının Mixeil Saakaşvilini saxlama, istintaqa cəlb etmə səbəbi də bu videonun araşdırılmasıdır.

Xarkovlu Sergey Kurçenko 30 yaşı olmasına baxmayaraq rəsmi milyarderdir. Keçmiş prezident Viktor Yanukoviçin dönəmində Xarkovda böyük istehsal sahələrinə, eləcə də təbii qaza nəzarət Kurçenkoda olub. Hakimiyyətlə yaxın münasibətlərinə görə geniş biznes imkanları qazanan Kurçenko ikinci Maydan hərəkatından sonra Rusiyaya sığınıb. Ukraynada çoxları iddia edir ki, onun hesabındakı pullar əslində Yanukoviçindir və devrilən eks-prezident həmin vəsaitin bir hissəsini siyasi rəqiblərinə qarşı yönəltmək qərarına gəlib.

Image result for ukrayna saakaşvili

Saakaşvili isə Kurçenkonu tanımadığını, səsləndirilən bütün ittihamların, o sıradan telefon danışığının qurama olduğunu deyir. Əslində Saakaşviliyə bu məsələdə haqq vermək olar. Çünki onun kimi usta siyasətçinin belə kobud səhv edərək həssas məqamda rəqiblərinin əlinə ciddi fakt verməsi inandırıcı deyil. Əlaqəsi olsa belə, eks-qubernator Kiyevin birbaşa nəzarətində olan mobil operatorla belə ciddi məsələni müzakirə etməz. Bu fikir Ali Radadakı bugünkü müzakirələrdə də dəfələrlə səslənib. Hakimiyyət təmsilçiləri baş prokurorluğu “çiy işə” görə ittiham edərək, daha tutarlı faktlar təqdim etməyə çağırıblar. Deputatların bir neçə isə indiyə qədər Poroşenko iqtidarını siyasi rəqiblərinə qarşı “kaset qalmaqalından” uğursuz istifadə etməkdə qınayıb. İddialara cavab verən baş prokuror Lutsenko bildirib ki, heç bir quramadan söhbət gedə bilməz, Saakaşvili Kremlə sığınan şəxslərdən külli miqdarda pul alıb və ölkədə çevriliş hazırlayıb. Lutsenko elan edib ki, Baş Prokurorluq istintaqa gələrək ifadə verməsi üçün Mixeil Saakaşviliyə dekabrın 6-sı səhər 9-a qədər vaxt verir: “Əgər o, istintaqa gəlməsə haqqında həbs tədbiri seçiləcək və buna mane olmaq istəyən şəxslər də məsuliyyətə cəlb olunacaq”.

Böyük oyunun arxasında kim dayanır – Rusiya, yoxsa Qərb?

Hələlik Saakaşvili meydanda təkdir. Üstəlik, çevrəsindəki şəxslərin sayı iqtidara uzunmüddətli dirəniş göstərəcək qədər deyil. Ukrayna parlamentindəki müzakirələr də, ayrı-ayrı siyasilərin, politoloqların çıxışı da göstərir ki, hələ heç kimin bu böyük oyunun haradan idarə olunması haqqında dəqiq versiyası yoxdur, bu səbəbdən sular durulmayana qədər heç kim, hətta hakimiyyətə qatı müxalif qüvvələr belə M.Saakaşvili ilə eyni cərgədə dayanıb özlərini yandırmaq istəmirlər.

Hakimiyyət niyə qətiyyətli deyil?

Mixeil Saakaşvilinin ölkə sərhədini qanunsuz keçməsi, bu gün güc strukturlarına tabe olmayaraq fasiləsiz dirəniş aksiyaları başlaması Petro Poroşenko iqtidarının siyasi rəqibləri ilə mübarizədə bacarıqsızlığını göstərir. Qanuni iqtidarın öz addımlarının arxasında dura bilməməsi demokratiyanın, insan haqlarına sayğının qələbəsindən çox, hakimiyyətin iradəsinin zəifliyi kimi görünür. Bu gün Saakaşvilini dəstəkləməyə ehtiyat edənlərin belə çıxışlarında iqtidara qarşı qınaqlar sezilməkdədir. Heç şübhəsiz, bu, korrupsiyanın çiçəklənməsinə, iqtisadiyyatın geriləməsinə görə reytinqi sürətlə enən Poroşenko iqtidarının nüfuzuna ciddi zərbə olacaq. Yada salaq ki, uzun müddətdir sosioloji soprğularda Poroşenko 20 faizdən çox səs ala bilmir. Bir dönəmlik iqtidar üçün bu, çox ciddi geriləmədir.

Image result for ukrayna saakaşvili həbs

Ukrayna güc strukturlarının bugünkü uğursuz əməliyyatını demokratiya və insan haqlarının təntənəsi kimi təqdim etmək istəyənlər də olacaq, əlbəttə. Xüsusən hakimiyyət komandasının içərisindən. Heç şübhəsiz, güc strukturlarının vətəndaşlara qarşı heç bir zor tətbiq etməməsini (hərçənd bunu qanunla əsalandırmaq da mümkündür) iki cür izah etmək olar. Ya hakimiyyət zor tətbiq edərsə, dirənişin geniş miqyas alacağından ehtiyat edir, ya da hələlik zor tətbiq etməklə bağlı nəzarətində olduğu böyük gücdən razılıq alınmayıb. Yaxın günlərdə, hətta saatlarda baş verəcək olaylar bu versiyaların hansının daha çox yaşamaq haqqı olduğu ortaya çıxaracaq.

Diplomatik korpus niyə susur?

Ukraynadakı inqilabi proseslərin kənardan ciddi dəstək aldığı haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur. Avroatlantika blokunun öz sərhədlərini Ukraynanın əraziləri hesabına şərqə doğru genişləndirməsi göz qabağında baş verir. Mixeil Saakaşvilinin də həm Gürcüstan dövlətinə rəhbərlik etdiyi dönəmlərdə, həm də Ukraynadakı Avromaydan zamanı və sonra ABŞ-dan güclü dəstək aldığı sirr deyil. Ancaq bir müddətdir bu dəstəyin o qədər də aydın görmək mümkün deyil. Vaşinqtona qırılmaz tellərlə bağlı rəsmi Kiyev “ABŞ-ın adamı”na savaş açır – vətəndaşlığını alır, ölkədən çıxarır, həbsinə sərəncam verir. Sanki Ağ Evdə Ukrayna ilə bağlı fikir ayrılığı var – kimi dəstəkləməli?

Saakaşvilinin tərəfdarlarını küçədə saxlayan amil

Ukraynada bu fikir çoxdan formalaşıb – uzunmüddətli aksiya varsa, arxasında güclü pul dayanır. Son 25 ildə bir neçə dəfə inqilab yaşayan topluma əksini heç cür sübut etmək mümkün deyil. Saakaşvilinin ətrafını o qədər də qələbəlik saymaq olmaz. Davamlı olaraq onu aksiyalarda müşayiət edən təxminən 500 nəfər ola-olmaya. Kiyevdə ən iğtişaşlı mitinqə isə eks-qubernator cəmi 5000 nəfər toplaya bilib. Əslində Saakaşvili kimi populizmə meylli siyasətçi üçün 500 nəfərlə belə böyük ajiotaj yaratmaq çətin deyil. Yetər ki, əldə bir qədər vəsait olsun…

Image result for Ukrayna maydan

Kiyevdəki qaynaqlar deyir ki, mitinqçilər quzey şaxtasında meydanlarda II Maydandakı kimi 20 dollara yox, bundan düz 4 dəfə bahaya 80 dollara, Ukrayna milli valyutası ilə desək, 2000 qrivnaya gecələməyə razılaşır. Bundan başqa, onlar yemək və nəqliyyat xərcləri də tələb edir. Saakaşvili 3 ay öncə Ukraynaya dönüşündən sonra bölgələri də gəzib. Mitinqlərdə əsas elektorat dəyişməz qalıb – replikalardakı səslər, videogörüntülərdəki tanış simalar eks-qubernatorun çevrəsində “ştatlı mitinqçilər” olduğundan xəbər verir. Onları şəhərbəşəhər “gəzdirmək” isə xərc tələb edir. Rəsmi Kiyev Saakaşvilinin Rusiya prezidenti Putinin emissarlarından maddi dəstək aldığını iddia eləsə də, hələlik ortada fakt yoxdur. Lutsenkonun təqdim etdiyi video ilə bağlı da fikirlər birmənalı deyil – bu haqda danışmışdıq. Böyük ehtimalla bu, Saakaşvilinin öz vəsaitləridir. Saakaşvili “mənim böyük pullarım olduğunu deyirlər, hanı o pullar” ifadəsini çıxışlarda tez-tez səsləndirməyi sevir. Ancaq iki dönəm prezident olmuş, Odessaya qubernatorluq etmiş, dünyanın supergücünə 20 il xidmət etmiş şəxsin “qəpiyim də yoxdur” iddialarına yalnız supersadəlövhlər inanar...

Saakaşvili bu gün Ukraynanın indiki prezidenti Petro Poroşenkonu korrupsiyada suçlasa da, öz ölkəsində eyni ittihamla iqtidardan salındığını unudur. Xüsusən hakimiyyətinin ikinci dönəmində ona qarşı ən çox səsləndirilən ittiham korrupsiya ilə bağlıdır. Bu, vətəndaşların günlük həyatına təsir edəcək çapda olmasa da yüksək rütbəli dövlət məmurları arasında korrupsiya yayılmağa başlamışdı. Rəsmi Kiyevi monopoliyada suçlayan Saakaşvili özü bu gün də həmin suçlamalarla üz-üzədir. Gürcüstanın sadə vətəndaşlarının Mişaya simpatiyası olsa da, iş dünyası onun dönəmini “getsin, bir də gəlməsin” ovqatında yad edir.

Tiflis uçaqlarının Kiyevə enişini kim əngəlləyir?

Image result for ukrayna təyyarəsi
Son günlər rəsmi Kiyevin Saakaşviliyə qarşı atdığı addımlardan biri də Gürcüstan vətəndaşlarının ölkədən kütləvi deportasiyasıdır. Bundan başqa, son günlər bir neçə dəfə Tiflis-Kiyev uçağı eniş etmədən geri qaytarılıb. Kiyevə enən uçaqlardakı sərnişinlər enişdə Ukraynaya hansı məqsədlə gəldikləri ilə bağlı ciddi sorğu-sual edilir. Ötən gün yalnız bir uçağın 17 sərnişininin ölkəyə girişinə imkan verilmədən geri qaytarıldığı faktdır. Kiyev Saakaşvili tərəfdarlarının Ukraynaya kütləvi axınından gözgərəsi ehtiyatlanır. Prosesə daxili işlər naziri, Saakaşvili ilə münasibətləri şəxsi düşmənçilik səviyyəsinə qalxan daxili işlər naziri Sergey Avakov başçılıq edir. DİN rəhbəri Saakaşviliyə qarşı əməliyyatın baş icraçısıdır. ən azı ona görə ki, Mişa xalqdan (həm də xalqdan) dəstək alaraq iqtidara gəlsə, ilk cəzalandırdığı şəxslərdən biri olacağına əmindir.

Sandra Rulofs Bakıdadır

M.Saakaşvilinin xanımı Sandra Rulofs uzun illərin aktiv siyasətçisidir. Ötən il o, Zuqudididən Gürcüstan parlamentinə üzv seçilsə də sonradan mandatdan imtina edərək Ukraynaya – həyat yoldaşının yanına geri dönmüşdü. Son olaylarda xanım Rulofs gözə dəymir. Kiyevdəki qaynaqlar onun ötən gün Bakıya gəldiyini deyir. SOCO xeyriyyə fonduna rəhbərlik edən xanım Rulofsun Bakıya səfərinin məqsədi haqqında yazılmış “Bir idealistin hekayəti” adlı kitabın Azərbaycandilli versiyasının təqdimatında iştirakdır. Sandra Rulofsun Gürcüstanın birinci xanımı olduğu dönəmdə Azərbaycanın hakim ailəsi ilə isti münasibətlərdə olduğu bəllidir. Maraqlıdır ki, Azərbaycanda Mixeil Saakaşvilinin xanımının ölkədə olması xəbəri tirajlanmır. Bu, Bakı ilə Kiyev arasında rəsmi münasibətlərdə arzuedilməz gərginlik yaratmamaqla da bağlı ola bilər.

Kremlin sevinci uzun çəkəcəkmi?

Heç şübhəsiz, bu gün Krımı işğal və ilhaq edən, Ukraynanın şərq bölgələrində separatizmə dəstək verən Rusiya Kiyevdəki gərginliklərdən məmnundur. Bu gün Rusiya-Ukrayna cəbhəsində hərbi əməliyyatlar intensiv xarakter daşımasa belə, Moskvanın hər fürsətdə Ukraynadan daha geniş ərazilər qoparmaq istəyində olduğu bəllidir. Bunun ən rahat yolu Kiyevdə siyasi boşluq yaratmaqdır. Rusiya təbliğat maşınının gecə-gündüz Ukrayna ilə bağlı saxta informasiyalar yaymasının arxasında da məhz daxili gərginlik yaratmaq cəhdi dayanır.
Saakaşvilinin siyasi incikliyini şəxsi müstəvidən ölkə miqyasına çıxarma yolları simpatiya yaratmasa da, iddialarında gerçəklər çoxdur. Ukrayna vətəndaşının II Maydandan gözləntiləri doğrulmur –iqtisadi çöküşün qarşısını almaq üçün çevik siyasət yürüdülmür, oliqarxiya demokratik islahatların qarşısını əjdaha kimi kəsib... İndi ən önəmli məsələ işğal, hərbi əməliyyatların hər an genişlənməsi ehtimalı fonunda siyasilərin iç çəkişməni ölkənin milli maraqlarına ziyan vermədən, mümkün ən az itki ilə aparmaq qabiliyyətində olub-olmayacaqlarıdır. Siyasi ambisiyalar dövlət çıxarlarından önə keçsə itirən Ukrayna olacaq. /musavat.com/

  • Hamısı
  • Loading...