SABAH İSTANBULU KİM QAZANACAQ?

SABAH İSTANBULU KİM QAZANACAQ?

Kənan Paşayev: "Seçkilər Binəli Yıldırımın qələbəsi ilə başa çatacaq"

"Öcalan Ərdoğanın İstanbulla bağlı böyük planlarının reallaşmasını istəmir"

"Güclü arqumentləri və seçkinin nəticəsinə birbaşa təsir edə biləcək planları olmasaydı, Ərdoğan işini şansa buraxıb, seçkinin nəticəsinin ləğv etdirməzdi"

Bildiyiniz kimi, Türkiyə Ali Seçki Komissiyasının (YSK) mayın 6-da baş tutan fövqəladə toplantısı zamanı martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi və yenilənməsi barədə qərar qəbul edilib. Məhz həmin qərara əsasən İstanbul seçiciləri iyunun 23-də yenidən öz bələdiyyə sədrini seçəcək. Bugünlərdə isə İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədlər - hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təmsilçisi Binəli Yıldırım ilə Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsilçisi Əkrəm İmamoğlu canlı yayımda debata çıxıblar. Qeyd edək ki, təxminən iki saat davam edən debatda tərəflər mart 31-də keçirilmiş seçkilərdə İstanbulda səsverməsinin ləğv edilməsinin səbəbləri, seçki vədləri, ictimaiyyəti düşündürən problemlər, iqtisadi layihələr, işsizliyin aradan qaldırılması və digər məsələlərlə bağlı aparıcının suallarını cavablandırıblar.

Yeri gəlmişkən, onu da bildirək ki, sözügedən debata moderatorluq edən İsmayıl Küçükkayanın debatdan iki gün öncə Əkrəm İmamoğlu ilə "Mərmərə oteli"ndə 46 dəqiqəlik gizli görüşü olub. Təbii ki, bu, Türkiyə ictimaiyyətində geniş rezonans yaradıb. Məsələnin maraqlı tərəfi ondadır ki, AKP tərəfindən Yıldırımın köməkçisi Ömər Sərtbaş İsmayıl Küçükkaya ilə görüşüb və danışıqlar cəmi 30 dəqiqə davam edib. Bu barədə açıqlama verən Binəli Yıldırım İsmayıl Küçükkayanın debata kölgə saldığını bəyan edib. Belə ki, o, Küçükkayanın hər iki namizədə eyni dərəcədə həssaslıq göstərmədiyini vurğulayıb: "Burada məsələ odur ki, hər iki namizədə bərabər səviyyədə münasibət göstərilməyib. Mən telefonun digər tərəfindəyəm. Uzaqda deyiləm. Mənimlə telefon əlaqəsi saxlayır, amma digər namizədlə üzbəüz görüşür. Bunu cəmiyyətin öhdəsinə buraxıram".

İstanbul Böyükşəhər Bələdiyyəsinə keçiriləcək seçkinin ləğvinə səbəb ola biləcək səbəblər...

Bu arada, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Əkrəm İmamoğlu və Binəli Yıldırımın ortaq canlı yayımını bəyənmədiyini bildirib. O da bu qənaətdədir ki, İsmayıl Küçükkaya sualları obyektiv şəkildə yönləndirməyib: "CHP-nin namizədinə "başqan", Yıldırıma "başqanlığa namizəd" deməsi diqqətdən yayınmadı. Namizədlərin çıxış vaxtında qeyri-bərabərlik hökm sürürdü. Moderatorun Binəli bəyin çıxışını tez-tez kəsməsi halları oldu. Binəli bəyə verdiyi zamanla rəqibə verilən zaman arasında fərq oldu. İndi kimsə bunu hiss etməyə bilər, amma biz qeydə almışıq. 26 dəfə Binəli bəyin çıxışını kəsdi, CHP-nin namizədinin çıxışını isə 10 dəfə. Belə ədalətsizlik olurmu? Çıxışı 26 dəfə kəsmək nə deməkdir. CHP-nin namizədinə 63 dəqiqə söz verirsən, AKP-nin namizədinə 59 dəqiqə. Ədalət harada qaldı?" Ərdoğan onu da qeyd edib ki, Küçükkaya və Əkrəm İmamoğlu canlı yayımdan 3 gün öncə görüşərək sualları müzakirə ediblər: "Bir moderator olaraq özünü bitirdi. Mən moderatorluq üçün fərqli adlar vermişdim, amma bu adlar namizədlər tərəfindən məqbul sayılmadı". Türkiyə prezidenti həmçinin, Əkrəm İmamoğluya qarşı Ordu valisinin qaldırdığı iddia haqqında danışarkən bildirib ki, prokurorluğun verəcəyi qərar CHP namizədinin önünü kəsə bilər.

Məlumat üçün nəzərinizə çatdıraq ki, İmamoğluna qarşı Ordu valisi Səddar Yavuza "it" deməsinə görə məhkəmə iddiası qaldırılıb. CHP namizədi isə israrla "Mən "vali itlik edib" yox, "bəsitlik edib" fikrini səsləndirdim" deyərək, iddiaları rədd edib. Sözsüz ki, tərəflərin iddialarına baxmayaraq, yekun qərarı Ordu Prokurorluğu verəcək. Lakin hazırda belə bir informasiya dolaşır ki, bütün bunlar İstanbul Böyükşəhər Bələdiyyəsinə keçiriləcək seçkinin ləğv edilməsi ilə nəticələnə bilər. CHP sədri Kamal Kılıçdaroğlu isə bunun baş verməyəcəyini bəyan etməklə yanaşı, HDP-yə səs verənlərin böyük qisminin Əkrəm İmamoğluna səs verəcəklərini bəyan edib: "AKP elektoratından da ciddi səs gələcək, biz bunu görürük. Özəlliklə mühafizəkar kəsim Əkrəm İmamoğluna səs verəcək". Kılıçdaroğlunun sözlərinə görə, Türkiyə Ali Seçki Komissiyasının 7 üzvü siyasi müqavimət göstərə bilməyib İstanbul seçkilərinin nəticələrini ləğv etdi: "Kimin səsi ləğv edildi? Vətəndaşın. Ali Seçki Qurumu İstanbul seçkilərinin nəticəsini ləğv edəndə bunu gözləyirdi: CHP üzvləri və tərəfdarları küçələrə axışacaq, polis bibər qazından istifadə edəcək, insanlar öləcək. Sonra da Ərdoğan ortaya çıxıb deyəcək ki, baxın, CHP budur". O hesab edir ki, 23 iyun seçkiləri artıq bələdiyyə sədri seçkiləri çərçivəsindən çıxıb. CHP sədri hesab edir ki, bu, haqsızlığa məruz qalan vətəndaşın haqqını geri alan seçkidir: "Mən milli iradəyə güvənirəm. Demokratiyada son sözü deyən iradədir. Seçkidə böyük fərq gözləyirik". Məsələnin maraqlı tərəfi ondadır ki, PKK terror təşkilatının keçmiş lideri, hazırda İmralı həbsxanasında cəza çəkən Abdulla Öcalan İstanbul bələdiyyə sədrliyinə keçirilən seçkilərlə bağlı HDP-yə bitərəf qalması yönündə çağırış edib.

"Seçkilərin nəticəsinin ləğvini AKP-nin nüfuzu üçün mənfi qiymətləndirirəm"

Картинки по запросу Kənan Paşayev

Beləliklə, mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev bu qənaətdədir ki, İstanbul bələdiyyə seçkiləri cüzi fəqlə Binəli Yıldırımın qələbəsi ilə başa çatacaq: "Seçkilərin nəticəsinin ləğvini əslində AKP-nin nüfuzu üçün mənfi qiymətləndirirəm. Lakin AK parti rəhbərliyinin qalibiyyətə inamı çox güclüdür. Güclü arqumentləri və seçkinin nəticəsinə birbaşa təsir edə biləcək planları olmasaydı, Ərdoğan işini şansa buraxıb, seçkinin nəticəsinin ləğv etdirməzdi".

Onun fikrincə, terrorçubaşı Abdullah Öcalanın HDP-yə seçkidə bitərəf qalmaları üçün çağırışı stratejik olaraq düşünülmüş addım idi: "Öcalan kürdlərin AK partiyə dəstək verməyəcəyini, İmamoğlunu dəstəkləyəcəyini və belə olduğu halda Binəli Yıldırıma türklərin güclü dəstək verəcəyini başa düşürdü. Abdullah Öcalan Rəcəb Tayyib Ərdoğanın İstanbulla bağlı böyük planlarının reallaşmasını istəmir. Səlahəddin Dəmirtaşın Öcalanın çağırışını dinləməyərək ölkənin kürd xalqına İmamoğlunu dəstəkləmələri üçün çağırış etməsi onlar üçün yanlış addım olmaqla yanaşı, Öcalanın planlarını da alt-üst etdi. Odur ki, Binəli Yıldırım 23 iyundan sonra İstanbulun yeni bələdiyyə başqanı olacaq".

Valeh TÜRKSOY, Hurriyyet.org