SABİQ MÜSTƏNTİQİN VALİDEYNLƏRİNİN BƏYANATI

SABİQ  MÜSTƏNTİQİN  VALİDEYNLƏRİNİN  BƏYANATI

Rüfət haqq etdiyi azadlığına qovuşdu. Tam əmin deyildik. Amma baş verdi. Qanunsuz həbs edilən sabiq müstəntiq heç bir günahın sahibi olmaya-olmaya uzunmüddətli həbslə cəzalandırılmışdı. O, sifarişin qurbanı idi. Saxta istintaqın, ədalətsiz məhkəmənin hökmü ilə heç bir sübut-dəlil olmadan, öyrədilmiş şahidləri üzünə qoymaqla 9 il azadlıqdan məhrum edilmişdi.
Dövlət başçısı günahsız müstəntiqin azadlığa buraxılması barədə nəhayət, xeyirxah qərar qəbul etdi və buna görə təşəkkürümüzü ifadə edirik. Çətin günlərimizdə ailəmizə mənəvi dəstək verən çoxsaylı insanlara, Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsinin bütün üzvlərinə və səsimizi cəmiyyətə catdırmaqda əməyini əsirgəməyən jurnalist dostlarımıza da öz minnətdarlığımızı bildiririk.

Bu gün günahsız məhbus problemi ölkə daxilindən kənara çıxaraq, beynəlxalq təşkilatlar səviyyəsində müzakirə predmetinə çevrilib. Bunun qarşısını almaq üçün əməli tədbirlər görülməlidir. Fikrimizcə, böyük amnistiya aktı ilə problemi birdəfəlik aradan qaldırmaq mümkündür. Bir dəfə bu təcrübədən istifadə olunub və cəmiyyət tərəfindən müsbət hadisə kimi qarşılanıb. Bu həm də dövlət-cəmiyyət münasbətlərində irəliyə doğru böyük sıçrayış olmaqla prezidentin reytinqinin yüksəlməsi üçün əsaslı zəmin yaradar. Xeyirxah addımın davamını sosial barış üçün ən etibarlı vasitə kimi görürük. Ümumiyyətlə, dövlət özü münasib bir yol tapmalıdır. Məhbus ailəsinin nələr çəkdiyini öz həyatımızda yaşadıq. Çox ağır və dözülməz bir həyatdır. Gözü yollarda qalan bir körpəni, kədər içərisində qovrulan bir ananı sevindirmək Allaha da xoş gedər. Dövlət rəhbərinin başladığı bu xeyirxah işi tezliklə son çatdıracağını xahiş edirik.
Sonda bir məsələyə qısa münasibət bildirməyi vacib sayırıq. Bəzi yanaşmalara baxdıqda təəssüfləndik. Onlara görə çomağı əlimizə alıb dərhal hakimiyyətin üzərinə hücuma keçməliyik. Bu cür düşüncə ilə öz xislətlərini ortaya qoyanları anlamaq çətin deyil...

ELDAR SABİROĞLU,
TAHİRƏ TAHİR QIZI

HURRİYYET.ORG