Sabiq icra başçısı Habil Vəliyevin məhkəməsində: "Onu bu işə salanlar indi öz yerlərindədir"

Sabiq icra başçısı Habil Vəliyevin məhkəməsində: "Onu bu işə salanlar indi öz yerlərindədir"

"Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hurriyyet.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Rafiq Rəsulov ifadə verib. O, Habil Vəliyevi bir dəfə gördüyünü deyib:

"Hacıqabulda obyekt üstündə əmim oğlu ilə aramızda davamız düşdü. Əmim oğlu "Gündəlik Bakı" qəzetində məni biabır edəcəyini dedi. Mən də maraqlandım ki, bu qəzet kimindir. Məlum oldu ki, Habil Vəliyevindir. Sənədlərim qaydasında idi. Heç bir problemim olmayıb. Habil Vəliyevin otağına daxil olanda masasının üstündə sənədlər var idi. Habil dedi ki, sizin işlər, alqı-satqı saxtadır. Sənədi aidiyyatı qurumlara göndərəcəyini bildirdi. 10 min dollar istədi. Biz razılaşmayıb çıxdıq. Tanışım Rabillə getmişdik. Rabilə dedim ki, min dollar verə bilərəm. Rabilə 678 manata yaxın pul verdim ki, Habil Vəliyevə versin".

Zərərçəkmiş suallara cavabında əmisi oğlu ilə razılığa gəldiklərini, işin həll olunduğunu söyləyib. O, tanışı Rabilin sözü gedən pulu Habil Vəliyevə verdiyini söyləyib.

H.Vəliyev isə zərərçəkmişi tanımadığını, onu görmədiyini deyib.

Digər zərərçəkmiş isə Laçının sabiq icra başçısı Ramiz Cəbrayılov ifadəsində qeyd edib ki, Habil Vəliyevlə heç bir tanışlığı, əlaqəsi yoxdur.

"Mənə 15 min manat mənəvi zərər dəyib. Qəpiyinə qədər ödənilib. Heç bir şikayətim yoxdur. Onu bu işə salanlar var. Onlar indi də öz yerlərindədirlər".

Məhkəmədə zərərçəkmiş qismində Beyləqan rayon Təhsil şöbəsinin müdiri Tofiq Abbasov da ifadə verib. O, qeyd edib ki, Habil Vəliyev onunla bağlı şantaj xarakterli yazılar yazacağını deyib və ondan pul tələb edib. T.Abbasov Habil Vəliyevə 500 manat verdiyini söyləyib.

Zərərçəkmiş 500 manatının ödənildiyini və şikayətinin olmadığını deyib.

Proses yanvarın 18-ə davam edəcək.

Qeyd edək ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub. DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb./lent.az/

Loading...

QALEREYA