Sabunçunun prokuroru vətəndaşın evini zorla əlindən alıb - PREZİDENTƏ MÜRACİƏT

  • 2019-05-21 20:10:08
  • |
  • Ölkə /

Sabunçunun prokuroru vətəndaşın evini zorla əlindən alıb - PREZİDENTƏ MÜRACİƏT

"Bu ölkənin bir vətəndaşı kimi, sizdən Sabunçu rayon prokuroru Ceyhun Şirinovun mənə məxsus evi boşaltması üçün köməklik etmənizi xahiş edirəm”.

Bu cümlə 6 ildir mənzili əlindən alındığı üçün ailəsilə birlikdə kirayədə yaşamağa məcbur olan İsmayıllı rayon sakini Səfər Soltanovun Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı məktubdan götürülüb. Məktubun surəti Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazir Novruz Məmmədov, Baş prokuror Zakir Qaralov, Bakı şəhər prokuroru İlqar Abbasova da göndərilib.

S.Sultanov Sabunçu rayon prokurorunu onun qanuni mülkünü əlindən almaqda ittiham edir. Onun yazdığına görə, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Yavər Əliyev 24, mənzil 42-də yerləşən bir otaqlı mənzili 2013-cü ildə evin sahibi Lixovsen Roman Oleqoviçdən alqı-satqı müqaviləsi ilə qanuni şəkildə alıb: "Həmin mənzili mən almazdan öncə onun sahibi Oleq Lixovsen bu evdə vəfat edib. Onun oğlu Roman Lixovsen varislik hüququ əsasında öz adına "çıxarış” alaraq, evi mənə satıb. Bunun üçün Rusiyanın Rostov şəhərində yaşayan anası Tatarxanova Marina Zulumovna bu məqsədlə Bakıya gələrək evə aid sənədləri qaydasına salmışdı. "Çıxarış”ı qanuni şəkildə oğlu Romanın adına keçirdi və evi alqı-satqı etdik.

Ancaq mən evi alarkən Oleq Lixovsenin ölümü ilə bağlı mənzildə araşdırma hələ başa çatmamışdı. Evi mənə satan ailə üzvləri isə Rusiyada Rostov şəhərində yaşadıqlarından araşdırmanın qurtarmasını gözləyə bilməyəcəklərini bildirdilər. Ona görə də qanuni şəkildə alqı-satqını edib, pullarını alıb Rusiyaya geri döndülər”.

Şikayətçi daha sonra yazır ki, evlə bağlı problemi alqı-satqıdan sonra başlayıb. Onun sözlərinə görə, Sabunçu rayon prokuroru heç bir qanun və qaydalara hörmət etmədən araşdırma aparmaq adı ilə evi zəbt edib və ora iki qadını yerləşdirib: "Ceyhun Şirinov araşdırma zamanı evə özünə yaxın olan 2 qadını yerləşdirdi. Buna görə də artıq 6-c ildir mən qanuni evimə girib yaşaya bilmirəm, qalmışam kirayələrdə…”

Səfər Soltanov şikayətlərinin də nəticə vermədiyini bildirir: "Cənab Prezident! Mən artıq bütün orqanlara öz şikayətimi çatdırmışam. Baş Prokurorluqda bu işlə bağlı araşdırma aparılır. Mən evi qanuni şəkildə, alqı-satqı müqaviləsi ilə almışam. Bütün sənədləri də Baş Prokurorluğa təqdim etmişəm. Evə məxsus sənədlər tam olaraq qaydasındadır. Nəzərinizə çatdırıram ki, bu məsələləri qabardandan sonra Ceyhun Şirinov şikayət etdiyimi görərək, evə yerləşdirdiyi adamları bir tərəfdə saxlayıb, başladı şəhid ailəsinin adından istifadə etməyə. Baş Prokurorluqda araşdırma başlayarkən, Ceyhun Şirinov o mənzildəki adamlarla heç bir əlaqəsinin olmadığını və onları tanımadığını deyirdi. Lakin mən onunla telefon danışığımı Baş Prokurorluğa təqdim etdikdən sonra o, artıq boyun qaçıra bilmədi. Bu dəfə "mən şəhid ailəsinə kömək etmişəm” deyərək özünü belə bir şəkildə sığortalamağa başladı. Adından istifadə etdiyi ailə isə onun yaxın qohumunun evində qeydiyyatdadır”.

Şikayətçi eyni zamanda yazır ki, Ceyhun Şirinov onun mənzilinə həmin ailəni Sabunçu Rayon İcra Hakimiyyətinin başçısi Adil Vəliyevin tapşırığı ilə yerləşdirdiyini iddia edib. Ancaq başçı qəti şəkildə bunu təkzib edərək, ona əmlakına sahib çıxmağı tövsiyə edib: "Mən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısi cənab Adil Vəliyevə müraciət edərək, Ceyhun Şirinovla telefon danışığımızın səs yazısını ona göndərdim. Adil məllim doğrudan da çox dürüst bir məmurdur. Özü şəxsən mənimlə əlaqə saxlayaraq bildirdi ki, bu ünvanda yaşayan adamlar şəhid ailəsi olaraq Sabunçu Rayon İcra Hakimiyyətinə yerləşmə barədə müraciət etməyiblər. Bildirdi ki, İcra Hakimiyyəti bundan xəbərsizdir və rayon prokurorluğunun da hansısa bir ailəni yerləşdirmə səlahiyyəti yoxdur. Bunun qanun pozuntusu olduğunu da vurğuladı”.

Səfər Soltanovun yazdığına görə, bundan sonra prokuror mənzili təmir etdirdiklərini bildirərək, çıxmaq üçün ondan pul tələb edib: "Hər həftə mənə 147-saylı "JEK” rəisi ilə bir cür yalan vədlər göndərirdi. Şikayət ərizəmdən sonra xəbər göndərdi ki, 10 min manat verim, adamlar evi boşaltsın. Çarəsizlikdən razılaşdım, amma indi yenə işi uzadaraq məni aldatdı. Sonra da tanıdığım adamlardan mənə hədə mesajları göndərməyə başladı. Qeydiyyatda olduğum İsmayıllı rayonunda mən və atam barədə maraqlanır ki, qorxub geri çəkilim”.

Sonda Səfər Soltanov ölkə rəhbərindən qanuni mənzilinin geri qaytarılması üçün kömək istəyir: "Cənab Prezident! Siz gecənizi gündüzə qataraq hər kəsin qanunlara hörmət etdiyi bir dövlət qurursunuz. Ancaq Ceyhun Şirinov kimi vəzifə sahibləri bu cür əməllərilə buna kölgə salırlar. Şəhid ailəsinin adından yararlanaraq, vətəndaşın mülkünü zəbt edirlər.

Cənab Prezident! Prokuror Ceyhun Şirinova bir neçə dəfə əlaqə saxlamışam. Deyir ki, mən rayonun prokuroruyam, nə bacarırsan elə. Ona rəhbərinə şikayət edəcəyilə bağlı xəbərdarlığıma isə "kimə istəyirsən şikayət et” cavabını verdi. Mən artıq neçə ildir kirayə pulu ödəyirəm, buna imkanım da çatmır. Eviminin Ceyhun Şirinovun istilasından azad edilməsini və onun barəsində tədbir görülməsini xahiş edirəm”. \\Azpolitika

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA