SAKİNLƏR BAŞ NAZİRİ BİLGƏHDƏN QOVUR... - “Artur Rəsizadə və onun “ətəyində oturan” məmurların çıxmasını istəyirik”

SAKİNLƏR BAŞ NAZİRİ BİLGƏHDƏN QOVUR... - “Artur Rəsizadə və onun “ətəyində oturan” məmurların çıxmasını istəyirik”

Sabunçu rayon Bilgəh qəsəbəsinin bir qrup sakini tərəfindən Hurriyyet.org-a müraciət olunub. Sakinlər bildirir ki, havaların soyuyandan Bilgəh qəsəbəsində təbii qazın verilməsində ciddi problem yaşanır. Onların sözlərinə görə, qaz çox zəif olduğu üçün kombi sistemindən istifadə edib, evlərinin istiliyini təmin edə bimirlər.

Sakinlər evlərində körpə uşaqların, qocaların soyuqdan əziyyət çəkdiyini və bununla bağlı  “Azəriqaz”ın Sabunçu rayon şöbəsinə dəfələrlə müraciət etdiklərini deyirlər. Məlumata görə, Sabunçu rayon Qaz İdarəsi problemi həll edəcəyini bildirsə də, hələ də heç bir tədbir görməyib.

Sakinlər problemin səbəbini onunla izah edib ki, Bilgəh qəsəbəsinin “milyonçular” məhəlləsində yaşayan baş nazir Artur Rəsizadə və onun “ətəyində oturan” məmurların evlərinin daha yaxşı istiliklə təmin edilməsi üçün qaz daha çox o məhəlləyə ötürülür. Onların dediyinə görə, Artur Rəsizdə və digər” məmurların villaları o qədər böyükdür ki, adi kombi sistemi ilə isitmək mümkün deyil. Həmin villaları geniş tutumlu istixanalar ilə isitdikləri üçün Bilgəh camaatının qazını kəsib, həmin villalara verirlər. Qəsəbə sakinləri isə onlara ötürülən qaz çox zəif olduğu üçün kombi istilik sitemindən heç cür istifadə edə bilmir.

““ 

“Biz erməni qədər də yoxuq...”

“Onsuz da bu hökumətin yarıtmaz siyasətinə görə ac-susuz qalmışıq, indi də bizi soyuqla imtahana çəkirlər. Baş nazir Artur Rəsizadə və həmin ərazidə yaşayan digər məmurlardan xahiş edirik ki, Bilgəh camaatının qazdan normal istifadəsinə imkan versin və biz də evlərimizi isidə bilək. Hətta bu problemdən o dərəcədə cana gəlmişik ki, Artur Rəsizdə və onun “ətəyində oturan” məmurların Bilgəhdən çıxmasını istəyirik” – deyə, sakinlər bildirir.

Müraciət müəllifləri daha sonra qeyd edirlər: “Gürcüstanda yüzdən çox erməni kilsəsinə pulsuz qaz verirsiniz. Ancaq biz pulunu ödədiyimiz qazdan normal istifadə edə bilmirik. Biz erməni qədər də yoxuq?”.

Qeyd edək ki, Bilgəh qəsəbəsi sakinlərinin probleminə aydınlıq gətirmək məqsədilə “Azəriqaz” İstehsalat Birliyinin şəhər nömrəsinə dəfələrlə zəng etsək də, cavab verən olmadı. “Azəriqaz” İB-nin 104 “qaynar xətt”inə düşmək üçün isə saatlarla telefonun dəstəyi qulağında dayanmalısan ki, bəlkə, kimsə cavab verdi. Amma təəssüf ki, “qaynar xətt” də “donmuş” vəziyyətdə idi...

Hurriyyet.org

P.S. Mövzunu davam etdirəcəyik.

  • Hamısı
  • Loading...