SAĞLAMLIĞIMIZ TƏHLÜKƏDƏDİRMİ? - Və yaxud Qida Təhlükəsizliyi Agentliyinə güvənmək olarmı?

  • 2019-03-14 12:06:50
  • |
  • Sosial /

SAĞLAMLIĞIMIZ TƏHLÜKƏDƏDİRMİ? - Və yaxud Qida Təhlükəsizliyi Agentliyinə güvənmək olarmı?

Cəmi iki ay əvvəl bir yaşını qeyd edən Qida Təhlükəsizliyi Agentliyinin (QTA) mütəmadi olaraq mətbuatın gündəmində yer alması, əslində, normal haldır. Çünki fəaliyyəti bütövlükdə cəmiyyətin diqqət mərkəzində olan sözügedən qurum yetərincə ciddi bir missiyadan - əhalinin sağlam qida ilə təminatından məsuldur.

“Tarladan süfrəyədək” prinsipini rəhbər tutan agentliyin qida məhsulları istehsalının bütün mərhələlərinə, eləcə də idxalına dövlət nəzarətini gücləndirməsi isə birmənalı qarşılanmayıb. Bir tərəfdə vətəndaş “artıq nə özümüz, nə də balalarımız qidadan zəhərlənib, xəstələnməyəcək” deyə sevinirkən, digət tərəfdə illərdir vətəndaşın, körpələrin həyatına təhlükə yaradan qida məhsullarının istehsalından və ya idxalından milyonlar qazanıb sərvət sahibi olan bir çox “işbaz” artıq bu fürsətdən məhrum olduğuna görə məyus durumdadır. Lakin bu qurumun yaranmasından məmnun şirkətlər və iş adamları da az deyil. Sağlam rəqabət tərəfdarı olan, rəqabətdə sağlam və keyfiyyətli məhsul faktorunu əsas prinsipi olaraq qarşıya qoyan müəssisələr Agentliyin fəaliyyətini axır ki, haqqın öz yerini tapması kimi dəyərləndirirlər.

Lakin son günlər mətbuatda Qida Təhlükəsizliyi Agentliyi və qurumun rəhbəri Qoşqar Təhməzlinin barəsində olduqca ağır ittihamların yer alması növbəti dəfə sözügedən təşkilatı ölkə gündəminə daşıdı. Maraqlı burasındadır ki, insanlar baş verənlərin mahiyyətində ittihamda yer alan “rüşvət” iddiasından daha çox siyasi çalar axtarmağa başladılar. Hansı ki, müşahidəçilərin olaylara məhz bu prizmadan baxmaq üçün yetərincə səbəbləri var.

Əslində, mən də Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti haqda xeyli müddətdir ki, yazmaq istəyirdim. Lakin vaxt qıtlığı səbəbindən təxirə salırdım. Lakin son günlər məlum qurum haqda səslənən fikirlər və ittihamlardan sonra QTA haqda müşahidələrimi və nəticədə gəldiyim qənaəti oxucularla paylaşmağa qərar verdim. Ancaq agentlik mövzusuna keçmədən, fürsətdən istifadə edərək, dəyərli oxucuların diqqətinə bəzi məlumatları çatdırmaq istərdim.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 2 milyon insan qida məhsulları və su vasitəsilə keçən diareya xəstəlikləri nəticəsində dünyasını dəyişir. Qida məhsullarının tərkibində olan kontaminantlar (çirkləndirici aşqarlar), o cümlədən zərərli parazitlər, bakteriyalar, viruslar, prionlar, kimyəvi və radioaktiv maddələr 200-dən çox müxtəlif infeksion və onkoloji xəstəliklərə yol açır. Sözügedən qurumun ekspertləri vurğulayırlar ki, keyfiyyətsiz qida yüzlərlə infeksion və qeyri-infeksion xəstəliklərə, o cümlədən xərçəngə səbəb ola bilər.

Bu bir neçə cümləlik məlumatları oxumaq yetərlidir ki, qida təhlükəsizliyinin necə qlobal və aktual mövzu olduğunu anlayasan. Azərbaycan dövlətinin də əhalinin ərzaq məhsulları ilə təminatı strategiyasında qida təhlükəsizliyi olduqca mühüm əhəmiyyət kəsb edir. Hansı ki, qida təhlükəsizliyi insan sağlamlığı, ətraf mühitin mühafizəsi sahəsində ciddi rol oynayır və milli genefondun qorunmasında, sağlam nəslin yetişdirilməsində əsas amillərdəndir.

Lakin çox təəssüflə qeyd etməliyik ki, ölkəmiz qida təhlükəsizliyi mövzusunda heç də ürəkaçan göstəricilərə malik deyil. Hələ 2015-ci ildə “Lancet” jurnalında dərc olunmuş bir araşdırmanın nəticələrinə əsasən, Azərbaycan qeyri-sağlam qida məhsullarının istifadəsi üzrə lider olmuşdu. Bu ilin yanvar ayında Almaniyanın Fridrix Şiller adına Universitetinin alimlərinin araşdırması isə daha bir acı gerçəyi ortaya qoydu. Avropa ölkələrində qeyri-sağlam qidalanma ilə bağlı xəstəliklərdən ölüm hallarının “Daily Mail” nəşrində dərc olunmuş reytinqində ölkəmiz 6-cı yeri tutub. Reytinq cədvəlinə görə, Azərbaycanda hər 100 min nəfərə qidalanma ilə əlaqəli 319 ölüm halı düşür ki, bu da əhalimizin sayı ilə nisbətdə illik 39 000 ölüm faktı deməkdir. Məhz bu səbəbdən Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən institusional islahatların tərkib hissəsi kimi olduqca mühüm addım olaraq dəyərləndirmək lazımdır.

İndi isə keçək Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinə. Müşahidələrə əsasən qətiyyətlə demək mümkündür ki, Qida Təhlükəsizliyi Agentliyinin (QTA) yaradılması prosesində müasir standartlar, kreativ təşəbbüslər birmənalı olaraq prioritet olaraq qəbul edilib. Ekspertlərin təbirincə desək, həmçinin dəyər zəncirinin bütün mərhələlərini əhatə edən və risklərin təhlili yanaşmasına əsaslanan qida təhlükəsizliyi sisteminin formalaşdırılması hədəflənir. Təhlilçilər hesab edirdilər ki, agentliyin fəaliyyətə başlaması bu sahədə idarəetmənin səmərəliliyini və optimallığını təmin edəcək, pərakəndəliyi və təkrarlanmaları aradan qaldıracaq. Agentliyin fəaliyyətə başlamasından təxminən bir ilə yaxın müddət keçir. Lakin bu qısa müddətli perioda nəzər yetirdikdə rahat bir şəkildə şahidi olmaq mümkündür ki, qida təhlükəsizliyi ilə bağlı vahid idarəetmənin resurslara qənaət edilməsi, istehlakçı maraqlarının qorunması, ixrac və idxal proseslərində sənədləşmənin asanlaşması, xarici ölkələrə ixrac edilən qida məhsullarının qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsi, idxal olunan qida məhsullarının təhlükəsizliyinin təmin olunması, sahibkarlıq subyektlərində yoxlamaların azaldılması və şəffaflaşdırılması, genetik modifikasiya olunmuş qida məhsullarının ölkəyə idxalına nəzərətin gücləndirilməsi istiqamətində ciddi irəlilyişlər əldə olunub.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin qida təhlükəsizliyinə nəzarət sahəsində müxtəlif orqanların fəaliyyətindəki paralelliyin aradan qaldırılması və effektiv tənzimləmə sisteminin qurulması ilə bağlı tədbirin icrasının təmin olunacağına nikbin yanaşmaq olar. Nəzərə alsaq ki, yaradılan sistemdə maksimum dərəcədə bütün maraqlı tərəflərin iştirakına və riskəsaslı yanaşmaya önəm verilir, bu baxımdan yaradılan sistemin ilk növbədə Azərbaycan vətəndaşlarının keyfiyyətli qida məhsulları ilə təminatına xidmət edəcəyinə şübhə yoxdur.

Oxucu haqlı olaraq sual edə bilər ki, hansı səbəblərə əsasən QTA-nın fəaliyyəti barədə bu qədər müsbət fikirdəyəm? Elə isə bu düşüncədə olan vətəndaşlarımızı çox da intizada saxlamayım. Bu qurumun rəhbəri Qoşqar Təhməzli ilə hər hansı şəxsi tanışlığım olmamasına rəğmən, dəfələrlə onun komandasında olan müxtəlif ranqlı məmurlarla işgüzar görüşlərim olub. Və gördüyüm odur ki, bu agentliyi şəffaflığın və peşəkarlığın, etik normaların bütün dəyərlərdən üstün tutulduğu bir komanda idarə edir. Məhz burada hansısa məmurla görüşmək və ya qəbuluna düşmək üçün kiçik də olsa bürokratik əngəl, süründürməçilik yoxdur. İş vaxtı bütün məmurlar işinin başındadır və rahat bir şəkildə istədiyin şəxslə görüşüb, dərdini deyə bilirsən. Bir nüansı da qeyd edim ki, bu fikirləri belə əminliklə səsləndirməyimin başlıca səbəbi tək özümün müşahidələrim deyil. Agentlikdə olduğum hər dəfə orada çoxsaylı şirkət və müəssisə nümayəndələri ilə görüşlərimdən və söhbətlərimdən sonra yuxarıdakı rəyə gəlmişəm. Əlbəttə, “meşə çaqqalsız” olmadığı kimi minlərlə insanın çalışdığı qurumda bir az əvvəl qeyd etdiyim dəyərlərdən uzaq, qeyri-peşəkar, maddiyyat naminə hər cür alçaqlığa razı insanlar da ola bilər. Və belə təsadüfi adamların hansısa neqativ əməlinə görə böyük bir kollektiv haqda ağır fikirlər səsləndirmək doğru deyil. Gəlin bəzi məqamları xatırlayaq; indiyə qədər istehlak bazarına daxil olan mal və məhsulların keyfiyyətinə nəzarət bir yox, 6-7 dövlət qurumu tərəfindən həyata keçirilirdi. Ərzaq təhlükəsizliyinə nəzarət mexanizmi yox idi. İndi isə istər bazarlarda, istər marketlərdə, eləcə də ət dükanlarında qidanın keyfiyyətinə nəzarət bu agentlik tərəfindən həyata keçirilir. Yoxlamaların dayandırıldığı müddətdə ərzaq məhsullarının keyfiyyəti ilə bağlı şikayətlər həddindən artıq çoxalmışdı. Məhz həmin ərəfədə prezident İlham Əliyev yoxlamaların müddətini artıran qanuna dərman preparatları və ərzaq məhsullarının keyfiyyətinə görə yoxlamalar aparılacağı barədə dəyişiklik etdi. Artıq qida təhlükəsizliyi ilə bağlı bütün mərhələlər üzrə fəaliyyətlər bir mərkəzdə cəmləşib.

Bu qədər əhəmiyyətli tədbirlərin görüldüyü bir vaxtda agentliyin adının rüşvət və korrupsiyada hallanması gerçəkdən təccüblüdür və özlüyündə xeyli sualların yaranmasına rəvac verir. Axı indiyədək hər hansı iş adamının, müəssisə, kafe və ya restoran sahibinin mətbuata çıxıb hansısa QTA müfəttişinə, məmuruna rüşvət verdiyi barədə şikayətinə, müraciətinə rast gəlinməyib. Məsələn, “Səhliyalı” firması ilə bağlı mətbuat orqanlarının birində dərc olunmuş yazıda QTA həkimlərinin fəaliyyəti olduqca təqdiredilən şəkildə təqdim olunmuşdu. Dəfələrlə rast gəlmişik ki, işinin öhdəsindən gələ bilməyən, yarıtmaz və neqativ işlərlə məşğul olan QTA əməkdaşı dərhal işdən qovulub. Keyfiyyətsiz məhsul istehsal və ya idxal edən nə qədər müəssisə haqqında tədbirlər göürülüb, antisanitar şəraitdə ət kəsənlərə qarşı dəfələrlə reydlər keçirilib, bu istiqamətdə fəaliyyətlər davam etməkdə və daha kəskin xarakter almaqdadır.

Odur ki, mən bir vətəndaş və bu qurumun fəaliyyəti ilə yaxından tanış olan bir insan kimi deyə bilərəm ki, hansısa bir məmur nəfsinə yenik düşüb qeyri-qanuni fəaliyyətə yol veribsə, bunu agentliyin və ya onun rəhbərinin adına bağlamaq doğru yanaşma deyil. İlk addım olaraq həmin qurumu bilgiləndirmək, hər hansı tədbir görülmədiyi zaman ittiham etmək daha məntiqlidir. Mənim fikrim, birmənalı olaraq Qida Təhlükəsizliyi Agentliyinin müdafiəçisi rolunda çıxış etmək deyil. Hər halda QTA-nın mənim dəstəyimə ehtiyacı da yoxdur və ittihamlarla bağlı da çox güman ki, lazımi açıqlamalar veriləcək. Sadəcə olaraq, yuxarıda da qeyd etdiyim kimi, bu qurumda görüşüb-tanıdığım insanların işə yanaşmasını, davranışını gördükdən sonra bunları paylaşmağı özümə mənəvi borc hesab edirəm. Tam əminliklə deyə bilərəm ki, məhz o insanları tanıdıqdan sonra qida baxımından vətəndaşlarımızın, balalarımızın sağlamlığına yönəlik təhlükələrin tezliklə minimuma düşəcəyinə inamım kifayət qədər artıb.

Sərkərdə Sərxanoğlu

P.S. Təbii ki, Qida Təhlükəsizliyi və Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti ilə bağlı yenə yazılarım olacaq. Əyrini-əyri, düzü isə düz olaraq sizlərə çatdıracağımdan şübhəniz olmasın.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA