Salyan balıqçıları acından ölümə məhkum olunublar: Səbəb - ETSN-nin “çaşmış balıqları tutmaq olmaz” qadağası

  • 2019-03-08 10:13:19
  • |

Salyan balıqçıları acından ölümə məhkum olunublar: Səbəb - ETSN-nin “çaşmış balıqları tutmaq olmaz” qadağası

“Uzun müddətdir qanun çərçivəsində həvəskar balıqçılıqla məşğuluq. Lakin bizə işmizi davam etdirməyə imkan vermir, ciddi maniələr və müdaxilələr edirlər. Nəticədə biz işsiz, balalarımız isə ac qalır”.

Ovqat.com xəbər verir ki, Salyan rayonunun bir qrup sakininin Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə yazdığı məktubda belə deyilir.

Surəti redaksiyamıza göndərilən məktubda bildirildiyinə görə, ailələrini Şirvan kanalından tutduqları balıqla dolandıran Salyan balıqçıları dəfələrlə müxtəlif qurumlara şikayət etsələr də, dərdlərinə çarə tapılmır ki, tapılmır:

“Biz də imkanımız daxlində aidiyyəti üzrə məlumat verib haqqımızı aradıq. İlk dəfə KİV-nə, bu səfərsə həm yazlı, həm də birbaşa nazirliyin qaynar xətti 168-ə bildirdik ki, "Şirvan Milli Parkı"nın əmakdaşı Rüstəmov Elman Əlibaba oğlu qoruq ərazisində Şirvan kanalının Salyan rayon hissəsində quruda və dənizdə özünə sözün əsl mənasında qanunsuz balıq və digər ovlara başçılıq etmək məqsədilə zəruri şəraitlər qurub. O, qanunsuz balıq ovunu davam etdirmək üçün mütəşəkil dəstə yaradıb və öz dəstəsini qadağan olunmuş ərazidə məskunlaşdırmışdır. Qeyd etdiklərimiz video və şəkillərdən də aydın görünür”.

Şikayətçilərin iddiasına görə, Şirvan Milli Parkında ekologiyanı qorumaqla mükəlləf olan Elvin Rüstəmov adlı şəxs öz vəzifəsini nəinki yerinə yetirmir, əksinə ovçuluqla məşğul olur, balıqçıların yolunu kəsir, onlardan haqq tələb edir, dövlət əmlakından şəxsi mülkiyyəti kimi faydalanır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə baş verən bu qanunsuzluqlara göz yummaqla qalmır, müxtəlif bəhanələrlə brakonyerlərə haqq qazandırır:

“Ötən səfər verdiyimiz məlumata əsasən, Elvin Rüstəmovun qanunsuz əmələrindən xəbər tutan hörmətli ETSN rəhbərləri məsələdən ağah olduqdan sonra, təəssüf ki, tədbir görmək əvəzinə, həmin quldurun cəzasız qalmasına göz yumdu. E.Rüstəmov himayədarlarının qayğısı nəticəsində hər kəsin üzünə dirənir ki, mənim əlimdə (saxta da olsa) balıq ovu biletim var.

Məlumat üçün bildiririk ki, Elvin Rüstəmovun qanunsuz əmrlərinə dəstək verən şəxslər var. Biri elə öz rəhbəri (qanunsuz qazancın şəriki) Şirvan Milli Parkının rəisi Arzu Mustafayev, digəri isə kanalın dənizə qovuşmasına mane olan ETSN-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodunun direktoru Şiralı (Familiyasını dəqiqləşdirə bilmədik-red.) müəllimdi.

Ortada absurd bir durum var; Elvin Rüstəmov ekologiyanı, təbii sərvətləri qorumaqda görəvli olduğu halda, özü ov ovlayr, yol kəsir, haqq alır, dəlalıq edir, dövlətin malını şəxsi mülkiyyətinə çevirir. Bir sözlə, görəvindən başqa, hər cür pisliyə bulaşıb. Biz yenə də işin başqa detalllarını açıb ortalığı qarşdırmaq, rəhbər şəxslərin çoxunu narahat etmək istəmirik. Cənab nazirdən yeganə xahişimiz odur ki, həmin şəxsi ordan uzaqlaşdırsın.

Bizim yadmıza gələn 30 ilə yaxındır, sahilətrafı kəndlər ərazidə balıq ovlayıb. İndiyədək kənddən kənara səs çıxmayıb. Bu qarnıtox, gözüac gələndən hər kəsi dilə-dişə salıb. Məgər, bu, kiməsə lazımdır?”

Qeyd edək ki, Salyan balıqçıları ilə Şirvan Milli Parkının rəhbərliyi arasındakı gərginlik yeni başlamayıb. 2015-ci ildən ictimailəşən bu qovğa, balıqçıların dediyinə görə, son bir ildir ki, daha kəskin xarakter alıb. Ötən prezident seçkilərindən sonra yeni təyin olunan Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin təcrübəsizliyindən istifadə edən Şirvan Milli Parkının və Qızıl Balıqartırma Zavodunun rəhbərliyi Şirvan kanalında balıq ovunu tamamilə məhdudlaşdırıblar. Ölkənin indiki ağır iqtisadi böhran keçirdiyi zamanında yeganə ümidlərini kanaldan tutacaqları balığa bağlayan bu insanlar isə çörəklə imtahana çəkilirlər.

Qısa arayış

Şirvan Milli Parkı Cənub-şərqi Şirvan düzündə Salyan və Neftçala rayonları ərazisində yerləşir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyul tarixli 1298 nömrəli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazilərinin 54373,5 hektar hissəsində yaradılıb. Milli Parkın yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan Respublikasının "Qırmızı kitabı"na düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır.

Şirvan və Mil-Muğan kanalları da həmin qoruqda yerləşir. Şikayətçilərin qeyd etdiyi kimi, tarixən bu ərazidə məskunlaşan vətəndaşların çörək ağaçına çevrilən həmin kanal qoruq elan edildikdən sonra Salyan balıqçılarının da qara günləri başlayıb. Hər il onların çörək təknələrinə uzanan əllər daha çox artıb, ötən ildən başlayaraq isə vəziyyət daha mürəkkəbləşib. Yeni təyin olunan Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev vəzifəyə gəldikdən sonra balıqçıların fəaliyyətinə ümumiyyətlə imkan verilmir.

ETSN-nin müxtəlif zamanlarda məsələ ilə bağlı verdiyi rəsmi açıqlamalar da şikayətçilərin fikrini təsdiqləyir. Açıqlamaya görə, nə Şirvan nə də Mil-Muğan kanallarında balıq tutmaq olmaz. Çünki balıqlar o kanala “çaşıb” gəliblər:

“Şirvan və Mil-Muğan kanalları drenaj sularından formalaşmış kollektor olduğundan mənbəyi gedib hansısa fermerin tarlasına çıxır və balıqlar burada tələf olur, onların bu tarlakənarı arxlarda kürü tökməsi mümkün deyil və mənasızdır. Drenaj suların tərkibində bitki üçün təhlükəli dərəcədə duzlar olsa da, dəniz suyundan xeyli az duzlu olduğu üçün balığı çaşdırır. Bunu çay kimi qəbul edən balıq özünü vurur kanala ki, kürü töksün”.

“Asan çörək qazanmaq olmaz” qadağası

Yəni uzun sözün qısası, balıqçılar çaşmış balıqların bu vəziyyətindən istifadə edərək onları ovlayırlar. 30 ildir balıqçılıqla məşğul olan Salyan vətəndaşlarının bir qarın çörəyə möhtac edilməsinin səbəbi də elə budur - asan yolla balıq tutmaq. Axı bu ölkədə hətta balıqçıların belə, çörəyi gərək daşdan çıxa. Hər halda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2015-ci il 9 dekabr tarixində yaydığı rəsmi açıqlamasından belə anlaşılır:

“Həvəskar balıqçılar burada cəmləşən balıqları asanlıqla tuturlar. Elə zənn edirlər ki, bu balıqlar təbii şəraitdə tutulur. Əslində isə belə deyil. Bir tərəfdən belə qurğular kanallara daxil olan balıqların yuxarı keçərək hansısa tarlada məhv olmasının qarşısını alır, digər tərəfdən balıqartırma zavodları üçün kürüləməyə hazır törədici balıqları əldə etmək məqsədi daşıyır. Həmin sahələrdə qadağanedici və maarifləndirici lövhələr də ona görə qoyulub ki, hətta həvəskar balıqçı həmin ərazidə balıq tutmasın və buradan alınan kürülərdən yetişdirilərək dənizə, çaylara buraxılan balıqları gələcəkdə digər ərazilərdə tuta bilsin”. (Qaynaq: https://azertag.az/xeber/Mil_Mugan_ve_Sirvan_kanallarinda_qanunsuz_qurulmus_torlar_zerersizlesdirilib-909565)

Nazirliyin bu açıqlamasından belə anlaşılır ki, duzluluğuna aldanıb kürü tökmək üçün həmin kanallara gələn balıqlar tutulub kürülətdirildikdən sonra dənizə buraxılmalıdır. Bu vəzifəni icra edən isə balıqçıların şikayətçi olduğu Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodudur. Deməli, məniqlə zavodun balıq ovuyla məşğul olması qanunla qadağandır.

Balıqçılar isə zavodun öz təyinatından kənar işlə məşğul olduğuna inanırlar. Onların iddiasına görə, zavod rəhbərliyi öz vəzifəsindən sui-istifadə edir. Missiyaları balıqları dənizə geri qaytarmaq olmasına baxmayaraq, həmin zavodun işçiləri əslində balıq ovlayır, bununla da kifayətlənməyib həmin sahədə, bir növ, inhisarçılıq da yaradırlar. Şikayətçilərin öz fikirlərini təsdiqləmək üçün bizə göndərdikləri video və şəkilləri təqdim edirik.

Heydər Oğuz

Ovqat.com

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA