Salyanda “köhnə tas” əməliyyatı: İş adamı niyə həbsdədir?

Salyanda “köhnə tas” əməliyyatı: İş adamı niyə həbsdədir?

 

Artıq 5 ildir ki, Azərbaycan yeni iqtisadi mərhələyə qədəm qoyub. 2014-cü ildə dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə ucuzlaşması nəticəsində proqnozlaşdırmadığı risklə qarşı-qarşıya qalan Azərbaycan hakimiyyəti qeyri-neft sektorunun inkişafına start vermiş və bu şəxsən ölkə başçısının dilindən bəyan edilmişdir. Böhranın ən dərin anlarında Azərbaycan üçün neft erasının bitdiyini, bundan sonra qeyri-neft dönəminin başladığını bildirən Prezident İlham Əliyev bu istiqamətdə mühüm addımlar atmışdır. Yeni iqtisadi strategiyanın başlıca istiqamətlərindən biri sahibkarlığın inkişafı və onun qarşısında dayanan əngəllərin aradan qaldırılması olmuşdur. 2015-ci ilin son aylarında Sumqayıtdakı bir zavodun açılışında çıxış edən Prezident məmur özbaşınalığına qarşı amansız mübarizə aparılacağını bu sözlərlə ifadə etmişdir:

“Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın”.

Prezident həmçinin vurğulamışdır ki, bütün xoşagəlməz hallara qarşı daha ciddi mübarizə aparılacaq. Çünki: “Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir”.

Sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün ölkə başçısı həqiqətən də bir sıra Fərmanlar imzalamış, rüşvətxor, korrupsioner məmurlara barmaq silkəlmişdi. Bununla da kifayətlənməyən İlham Əliyev Sumqayıtdakı məzkur çıxışından bir gün sonra bütün müəssisələrdə qanunsuz yoxlamaları 2 illiyinə dayandırmaq barədə Qanun imzalamışdı. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanunu” adlanan həmin sənəddə yalnız vergi, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar və korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar yoxlamalar istisna edilmişdi.

Həmin qanunun rəsmi mətbu orqanlarında dərcindən sonra ictimaiyyətdə sahibkarlığın inkişaf etdiriləcəyinə, nəticədə yeni iş yerlərinin açılacağına və bunun müsbət təsirlərinin vətəndaşların şəxsi həyatına yansıyacağına böyük ümidlər yarandı. Bəs bu ümidlər nə qədər özünü doğrultdu?

Zənnimizcə, sahibkarlığın inkişafı ilə bağlı kompleks tədbirlərin nə qədər ciddi nəticə verib-vermədiyini ən gözəl əks etdirən ayna dövlət büdcəmizin təsnifatıdır: bu tədbirlər uğurlu nəticə versəydi, dövlət büdcəsini formalaşdıran qaynaqlarda özünü göstərməli idi. 2015-ci ildən sonra formalaşdırılan dövlət büdcəsinin göstəricilərinə nəzərə salanda isə qarşımıza heç də ürək açmayan mənzərələr çıxır. İstər 2016, istər 2017, istərsə də 2018 və 2019-cu il büdcələrinə yenə neft gəlirləri dominantlıq edir. Büdcəmizin 50%-nin neft hesabına formalaşması Azərbaycanın hələ də qeyri-neft dönəminə keçdiyini təsdiqləmir.

Sözsüz ki, bu ləngiməmizin obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb qısa zaman ərzində yeni mərhələyə keçməyin qeyri-mümkünlüyü ilə əlaqədardır. İstənilən dövlətdə yeni bir mərhələnin başlanması müəyyən zaman tələb edir.

Bununla belə, iqtisadiyyatımızın forma dəyişikliyinin xeyli ləng getməsində subyektiv səbəblərin də rolu az deyil. Söhbət burada Prezident İlham Əliyev tərəfindən hazırlanan, hətta qanun halına salınan süni əngəllərin məqsədəuyğun şəkildə aradan qaldırılmasından gedir. Xüsusilə rayonlardan gələn şikayətlər bir çox yerlərdə hələ də “köhnə hamam, köhnə tas” qaydalarının keçərli olduğunu göstərir.

“Hürriyyət” qəzetinin redaksiyasına belə şikayətlərdən biri də Salyan rayonundan daxil olub. Rayon sakini, uzun illər Salyanın Ağsaqqallar Şurasının üzvü olmuş Mürsəl Cabbarovun redaksiyamıza ünvanlanan məktubunda iş adamı olan oğlu Elşənin Salyanın yerli məmurları tərəfindən şərlənərək tutulduğundan bəhs edilir. Onun sözlərinə görə, Prezidentin iş adamlarına qayğı göstərəcəyi və korrupsiyaya qarşı mübarizə aparacağı vədindən həvəslənən Elşən Cabbarov rayon məmurlarının qanunsuz tələblərinə qarşı çıxmış, özüylə bərabər digər iş adamlarının da könüllü hüquq müdafiəçisinə çevrilmiş, nəticədə bu təşəbbüskarlığının bədəlini ağır ödəmiş, şərlənərək məhbəsə atılmışdır.

Şikayəti yerində araşdırmaq üçün Salyan rayonuna yollandıq. Şəhərin kənarında Elşən Cabbarovun artıq bir ildir insan hənirtisinə həsrət qalan evində atası Mürsəl kişi və əsgər yoldaşı Salamat Şükürovla görüşdük. Görüşdə Elşən Cabbarovun bəzi yaxınları da iştirak etsələr belə, rayonda baş alıb gedən polis özbaşınalığından çəkindiklərindən yazıda adlarının çəkilməsini istəmədilər. Biz də anonim məlumatalara etibar etmədiyimizdən onların iddialarını qələmə almadıq. Söhbətimizə ağsaqqal Mürsəl kişi və Salamat Şükürovla davam etdik.

Mürsəl Cabbarov bizə yazdığı məktubda səsləndirdiyi fikirləri bir daha təsdiqlədi.

Qeyd edək ki, Elşən Cabbarovun və qeyrilərinin barəsində Cinayət Məcəlləsinin 29, 178.3.2, 182.3.2 və 296.2-ci maddələri ilə ittiham olunurlar.

Mürsəl Cabbarov bildirdiyinə görə, oğlunu faktiki olaraq Bulat Ağabəyov, Azər Hüseynov və Vüqar Gülüşov adlı şəxslərə borc verdiyi üçün həbs ediblər. Elşən Cabbarov notarial qaydada bağlanmış borc müqaviləsi əsasında verdiyi pulları geri tələb və bu barədə idda ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciətlər etdikdən sonra həmin şəxslər aldıqları borc pulu geri qaytarmaq əvəzinə şər və böhtan xarakterli şikayət ərizələri ilə Salyan Rayon Polis İdarəsinə müraciətlər etməyə başlayıblar. Bunu fürsət bilən ya da təşkil edən Salyan Polisinin rəhbərliyi böhtan və yalanlardan ibarət olan şikayətin cinayət işi başlamaq üçün yetərli olmayacağını, bu işi görə bilməyəcəkləri gördükləri üçün belə qurama işlərdə daha "usta" Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində aparılmasına nail olublar. İki aydan artıq istintaq aparıldığı müddətdə Elşənin günahsızlığı öz təsdiqini tapsa da nə faydası, Elşənin tutulmasında, Salyanda fəaliyyət göstərən iş adamlarına, mağaza müdirlərinə göz dağı verməkdə qərarlı olan pərdə arxasında olan qüvvələr bununla razılaşmayıblar. Heç bir sübut və əsas olmadan 11 sentyabr 2018-ci il tarixdə Elşənin tutulmasına və həbs olunmasına nail olublar. İlk əvvəl Elşənin cinayət törətməyə cəhd etməkdə təqsirli bilənlər daha sonra ittihamı daha da ağırlaşdırmaq yolu seciblər.

Elşən Cabbarovun Cinayət Məcəlləsinin 29-cu (Cinayət etməyə cəhd) maddəsilə ittiham edilməsi onun hər hansı cinayət törətmədiyini, sadəcə buna cəhd göstərdiyini təsdiqləyir.

İş adamının idarə müdrindən pul almasına səbəb nə ola bilərdi? Axı Elşən halal yolla pul qazanmağı bilirdi. Salyanda bir neçə marketi fəaliyyət göstərirdi. Onlarla vətəndaşı işə götürüb aylıq əmək haqqı verirdi. Yüzlərlə Salyan və başqa rayonlardan olan imkansız, kimsəsiz, xəstə uşaqlara, şəhid ailələrinə, müharibə veteranlarına təmənasız maddi yardımlar edibdir.

Elşən Cabbarov barəsində irəli sürülən digər maddə (182.3.2) isə hədə-qorxu ilə külli miqdarda əmlak əldə etmək məqsədinə əsaslanır. Cinayət işinin bu epizodunda iş adamının Baş Mil-Muğan Kollektoru İdarəsinin rəisi Bulat Ağabəyovu qeyri-qanuni intim münasibətlər və rəhbərlik etdiyi idarədə baş verən mənimsəmə faktları ilə bağlı şantaj etdiyi iddia olunur. Atasının bildirdiyinə görə isə, Bulat Ağabəyovu şantaj edən Elşən Cabbarov olmayıb. Əksinə, Bulat Ağabəyov bəzi qadınlar tərəfindən şantaj olunduğu üçün Elşəndən kömək istəyib.

Həmsöhbətlərimiz şantaj hadisəsində Elşənin yer almadığını, əksinə, bəzi qadınlar tərəfindən şantaj olunan Bulatın rayonda hər kəsin hörmət göstərdiyi iş adamına müraciət etdiyini bildirirlər. Elşən bu işə müdaxiləsindən qadınlar öz əməllərindən geri çəkilmiş, iş adamı isə onların kimliyini ortaya çıxarmağa çalışmışdır. u işin ucunu buraxmaması Salyan rayonundakı insan alveri ilə məşğul olan qrupların quyruğunu ayaqladığından, Elşən öz düşmənlərini artırmışdır. Elşənin atası Mürsəl Cabbarov da bu iddianı təsdiqlədi.

Onun iddiasına görə, polisin zorla, hədə-qorxu altında Elşənin əleyhinə ifadə ala bilmədiyi şəxslər onun həbsindən sonra yalan ifadə verməyə məcbur ediliblər: “Salyan polisi onsuz da barəsində xeyli ittihamlar irəli sürülən Bulat Ağabəyovu daha rahatlıqla bu işə cəlb edə bilib”.

Sual oluna bilər: Əgər iddialar doğrudursa, Bulat Ağabəyovu Salyanın insan alveri mafiyası və digər maraqlı dairələr qarşısında hansı zəif nöqtələri olub ki, bu cür yalan şahidliyə razılıq verib? Yaxud ittiham aktında da qeyd olunduğu kimi, o, rəhbərlik etdiyi idarədə şantaj edilə biləcək hansı əməllərlə məşğuldur?

Sualımızı cavablandıran Elşən Cabbarovun yaxınları bizə müxtəlif zamanlarda ölkə mətbuatında dərc olunan yazıları göndərdilər. Yazılarda Baş Mil-Muğan Kollektoru İdarəsinin dövlət büdcəsindən ən çox vəsiat ayrılan müəssisələrdən biri olduğu anlaşıldı. Sən demə, Salyan rayonunun ən yağlı tikəsi elə bu idarə imiş. Baş Mil-Muğan Kollektoru İdarəsinə hətta Salyan İcra Hakimiyyətindən daha çox büdcə vəsaiti ayrılırmış. Təbii ki, bu vəsaitlərin hamısının təyinatı üzrə xərclənmədiyini desək, Amerikanı yenidən kəşf etmərik. Mətbu orqanlarda yer alan iddialar da belə düşünməyə əsas verir. “Gündəlik Bakı” qəzetinin 30 Sentyabr 2014-ci il tarixli buraxılışının “Bulat Ağabəyov büdcə vəsaitlərini hara xərcləyir?” sərlövhəli yazısında mənimsənilən həmin vəsaitlərin konkret rəqəmləri də göstərilib:

“Bulat Ağabəyov qanunları bir kənara qoyaraq özünün müəyyənləşdirdiyi üsullarla iş görür. Bir müddət əvvəl Baş Mil-Muğan Kollektoru İdarəsinin istismar yollarının əsaslı təmirinin smeta sənədlərinin hazırlanması məqsədilə “ESR İnşaat” MMC-yə 4400 manat, yolda təmir-bərpa işlərinin aparılması üçün “Forvardo-Co” MMC-yə isə 215600 manat pul ödənilib. İdarə rəhbəri bu şirkətlərlə anlaşma əldə edərək büdcə vəsaitlərinə “əl gəzdirməli” olub. Əslində, adıçəkilən şirkətləri idarə rəisi özü tenderdə qalib elan edib ki, bəzi niyyətlərini rahat şəkildə həyata keçirə bilsin. Bu hələ harasıdır ki. Avtomobillərə ehtiyat hissələri və materiallar almaq üçün “Salyan Servis” MMC-yə 27066,3 manat, tikinti materialları üçün “Su-3″ MMC-yə 129277 manat, beton və beton məmulatlarının alınması üçün “Nur” MMC-yə 112 645,7 manat, dəmir və dəmir məmulatlarının alınması üçün “Azəri TTM” MMC-yə 114 972,3 manat ödənilib. Həmin şirkətlər Bulat müəllimə yaxınlığı ilə seçilir. İdarə rəisi keçirilən tenderlərə bu şirkətləri cəlb etməkdə başqa məqsədlər güdür”. Qaynağımızın iddiasına əsasən, büdcədən ayrılan vəsaitlərlə görülən işlərin arasında təzad var: “Yolların təmiri üçün ayrılan vəsaitlər demək olar ki, göyə sovrulub. Çünki idarənin istismar yolları yenə də bərbad durumdadır. Büdcədən vəsait ayrılıb, amma ortada konkret iş yoxdur. Baş Mil-Muğan Kollektoru İdarəsinin nəzarətində olan rayonlarda drenaj kollektorları qrunt suyu ilə doludur. Bu səbəbdən də əkin sahələri sürətlə şorlaşır. Fermerlər əkin sahələrini vaxtında suvara bilmirlər. Drenaj sularının axırıncı dəfə kollektora nə vaxt vurulmağını xatırlayan yoxdur. Bunun müqabilində isə Bulat Ağabəyov idarənin texnikasını şəxsi adamların işləri üçün ayırır. Mil-Muğan rayonlarında məhsuldarlıq xeyli aşağı düşüb. Bunun səbəbkarı isə məhz Bulat Ağabəyovdur. Uzun müddətdir vəzifədə olan məmurun maliyyə vəziyyəti çox yaxşıdır. Deyilənə görə, onun Bakıda mənzilləri və ticarət obyektləri var”. Onu da vurğulayaq ki, idarə rəisinin adı bir müddət əvvəl 300 min manatlıq qalmaqalda hallanmışdı. Məlumata görə, ASC sədri Əhməd Əhmədzadənin vəzifəyə gətirdiyi kadr dövlət büdcəsindən regionlalarımızın ikişafı üçün ayrılmış vəsaiti istədiyi kimi xərcləyib: “O, əvvələr olduğu kimi yenə də qalmaqallı iş adamı kimi, mətbuatda adı dəfələrlə çəkilən Hacı Qurban Abbasovla sövdələşərək onun şirkətinə “İlkin-N” MMC-yə 300 min manat pul köçürüb. Sövdələşmədə təmir işləri adıyla tikinti materiallarının alınması nəzərdə tutulub. Amma qeyd olunan istifqamətdə heç bir tədbir görülməyib”. Maraqlıdır, ASC sədri Əhməd Əhmədzadə indiyə kimi bir dəfə də olsa Baş Mil-Muğan Kollektoru İdarəsinin rəisi Bulat Ağabəyov haqda səsləndirilən tənqidlərə münasibət bildirməyib”.

Bu iddiaların həqiqəti nə qədər əks etdirib-etdirmədiyini müəyyənləşdirməyi istintaq orqanlarının öhdəsinə buraxırıq. Bizə maraqlı gələn isə barəsində bu qədər ağır ittihamlar irəli sürülən bir məmurun hələ də işdə saxlanılmasıdır. Hüquq mühafizə orqanları onun şantaj edilmə şikayətini araşdırdığı halda, şantaj olunduğu versiyaları üzərində nədənsə dayanmır.

İş adamının istintaqının qərəzli aparıldığını onunla bərabər ittiham olunan şəxslərin ev dustaqlığına buraxıldığı halda, Elşən Cabbarovun gözaltında tutulmasıdır. Bunlardan biri də Salyan rayonunun ən böyük marketlərindən birinin sahibi olan Məmməd Cəfərlidir. Gununsesi.org saytı vasitəsilə şikayətini ictimailəşdirən Məmməd Cəfərli də polis özbaşınalığı ilə üzləşdiyini gizlətməyib:

“Qeyd edim ki, Cabbarov Elşən Mürsəl oğluna DİN-nin İstintaq İdarəsi tərəfindən 28 avqust 2018-ci ildə CM-nin 182.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdı. Bu şəxsə mən borc verdiyim üçün 4 ay sonra məni həbs ediblər. Hadisədən 4 ay sonra heç bir günahım olmadan məni həmin maddə ilə cəlb edib Səbail Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə sifarişlə həbs qətimkan tədbiri seçilmişdi. Həbs edilməyimin sifarişçisi DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaq şöbəsinin rəisi Tofiq Nəbibəyli olmuşdur. Heç bir günahı olmadan Salyanda tanınan sahibkar olaraq bu qanunsuzluqla barışa bilmirdim.Mənə verilən ittihamın əsasını isə baş vermiş hadisən xəbərim olmadan vermiş olduğum borc pul hesab edilirdi.Müxtəlif qurumlara günahsızlığımla bağlı etdiyim çoxsaylı şikayətlərdən sonra məhkəmə mənim növbəti müddəti həbsimin uzadılmasını ev dustaqlığına dəyişərək məni məhkəmə zalından azad etdi və dərhal da Prokrorluq həmin qərardan Apellyasya Protesti versə də, Bakı Apellyasya Məhkəməsi protesti təmin etmədi. Müstəniq isə məni xatırlatdı ki, narahat olma 1-2 həftəyə qətimkan tədbirinin şərtini pozmaq adı ilə yenidən səni Kürdaxanıya yola salacağıq.Bundan sonra İstintaq tərəfindən qara günlərim başladı. Ağır cinayətlərin istintaq şöbəsinin rəisi Tofiq Nəbibəyli bütün vasitələrlə mənə təyziqləri artırıb onun kimliyini tezliklə biləcəyimi söylədi”.

Göründüyü kimi, Məmməd Cəfərlinin də etirafına görə, sadəcə börc verdiyi üçün məsuliyyətə cəlb edilib, daha sonra isə ev dustaqlığınına buraxılıb. Məmməd Cəfərlidən borc alan da eyni qaydada, hətta daha sərt cəzalandırılıb. 8 aydır, Kürdəxanı həbsxanasında azad olunacağını gözləyən Elşənin üzünə isə Femidanın bu mərhəməti gülümsəməyib. İş adamları arasında borc alış-verişinin nə dərəcədə cinayət əməli olduğunu müəyyənləşdirməyi dinləyicilərin öhdəsinə buraxırıq. Həm borc verənin, həm borc alanın eyni anda cəzalandırılması isə lap Stalin represiyaları barədə nəql olunan bir anektodu xatırladır. Deyirlər ki, Sibir həbsxanasına yeni salınan 3 məhbus bir-birilə tanış olurlar. Biri digərindən soruşur:

-Səni niyə tutublar?

-İvanovu söydüyümə görə.

-Maraqlıdır, məni isə İvanovu təriflədiyimə görə tutublar.

Üçüncü məhbus acı-acı gülümsəyir. Ondan gülüşünün səbəbini soruşurlar. Cavab verir:

-Sizin söydüyünüz və öydüyünüz həmin başı bəlalı İvanov mənəm.

Yəni Stalinin represiya aparatı olan 37-ci il məhkəmələri həm İvanovu söyəni, həm İvanovu öyəni, həm də İvanovun özünü cəzalandırırdı. Salyan nümunəsində gördüyümüz kimi, Azərbaycan məhkəmə sistemi də borc alanla yanaşı, borc verəni də həbs edib. Borcun mülkiyyət olduğunu nəzərə alsaq, eynilə Stalin represiyası ilə bağlı anektodda deyildiyi kimi, bu işin də İvanovu da həbsə atılıb. Söhbət Elşən Cabbarovun polis basqını zamanı dağıdılan və sonra üzərinə həbs qoyulan mülkiyyətindən gedir.

Stalin represiyasından fərqli olaraq Salyan nümunəsindəki borc verən Məmməd Cəfərli daha sonra ev dustaqlığına buraxılsa da, borc alan Elşən Cabbarov hələ də təcridxanada saxlanılır. Halbuki, əgər görülən işlər ortaqdırsa, hər iki günahlandırılan şəxs məntiqlə eyni rəftarla qarşılanmalı idi. Üstəlik, söhbət əgər xüsusi halların nəzərə alınmasından gedirsə, yenə də üstünlük Elşən Cabbarova verilməli idi. Ən azı ona görə ki, Elşən Cabbarov II qrup Qarabağ əlilidir və başından aldığı güllə yarası var. Səhətinin qır saqqız kimi uzadılan istintaq prosesinə dayana bilmədiyini nəzərə alsaq, əslində bu rəftarı ona qarşı psixoloji təzyiq kimi də qiymətləndirmək olar.

Biz hələ onu demirik ki, Qarabağ müzakirələrinin dalana dirəndiyi indiki zamanda müharibə əlillərimizə bəslədiyimiz bu ayrıseçkilik Azərbaycan gənclərinin hərbi-vətənpərvərlik hisslərinə də mənfi təsir göstərir.

Elşən Cabbarov həm də böyük külfət sahibidir. Onun 4 uşağından 2-si tələbədir. Elşən həbs olunduqdan sonra ailə Bakıya köçüb və paytaxtda kirayədə yaşayır.

Bir sözlə, Salyanda baş verənləri rahatlıqla “köhnə tas” inqilabı adlandırmaq olar. Təkcə ona görə yox ki, bu rayonun icra məmurları Prezidentin yeni iqtisadi siyasətini “köhnə hamam, köhnə tas” təpkisi ilə qarşılayırlar. Həm də ona görə ki, Elşən Cabbarova qarşı hesablaşmanın arxasında həmin məmurların iş adamlarına qoyduğu “tas”a qarşı üsyanın amansız cəzalandırılması mətləbi dayanır. Məsələyə daha obyektiv və tərəfsiz aydınlıq gətirmək məqsədilə araşdırmamızda adı çəkilən bütün tərəfin fikirlərini işıqlandırmağa hazırıq.

 

 

Heydər Oğuz

“Hürriyyət”