Salyanda Regional Qaz Idarəsi vətəndaşları açıq-aşkar aldadır - FOTO

  • 2019-01-11 17:37:58
  • |
  • Sosial /

Salyanda Regional Qaz Idarəsi vətəndaşları açıq-aşkar aldadır - FOTO

Tarif Şurasının 22 dekabr 2016-cı il 19 nömrəli qərarına əsasən, il ərzində istehlakçılara verilən 1700 kubmetr təbii qazın hər kubmetri 10 qəpiklə, 1700 kubmetrdən çox istifadə olunan qazın hər kubmetri 20 qəpiklə hesablanır və beləliklə, 2018-ci ildə limiti aşan abonentlər 2019-cu ilin yanvar ayının 1-dən etibarən istifadə etdikləri hər kubmetr qaza görə 10 qəpik ödəməlidirlər.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, Salyan Regional Qaz İdarəsi Tarif Şurasının qərarına məhəl qoymayaraq, yeni təqvimin başlanmasını yanvarın 10-a keçirib. Belə ki, kütləvi şəkildə qaz istifadəçilərinə paylanan bildirişilərdə qaz sayğaclarının yanvarın 1-i əvəzinə 10-da oxunduğu göstərilərək, istifadə olunmuş hər kubmetr qaza görə 20 qəpik hesablanır.

Vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq, Salyan Regional Qaz İdarəsinin Salyan sahəsinin rəisi Rafiq Məhərrəmovun qəbulunda olduq. Sahə rəisi sualımızı eşidən kimi qanı qaraldı və burada qanunsuz bir iş olmadığını, keçən il də belə etdiklərini dedi. Ötən il qanunsuzluq ediblərsə, bu il də onun davam etdirilməsinin nəyə əsaslandığını soruşduqda isə bizə qapını göstərdi.

Sonradan bizi qəbul edən qurumun baş mühəndisi - Nemət adlı şəxs sahə rəisinin hərəkətlərinə görə üzrxahlıq etsə də, o da sualmıza əsaslı cavab verə bilməyərək bildirdi ki, biz dekabr ayının 31-də işçilərimizi qapı-qapı sala bilmərik, onlar da bayram etməlidirlər. Baş mühəndisə bildirdikdə ki, təqvim ili yanvarın 1-dən başlayır, cavabı bu oldu ki, il 365 gündür.

Problemlə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə də əlaqə saxladıq. İbrahim müəllim Salyan Regional Qaz İdarəsindən fərqli olaraq iradımızla qismən razılaşaraq bildirdi ki, işçilər bayrama görə yanvarın 3-dən işə çıxdıqları üçün sayğac göstəricilərinin yazılması yubanıb.

Öz tərəfimizdən isə bildiririk ki, bu “yubanma” hər abonentə azı 20-30 manata başa gələcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz