SAM-ın dövlətə “qaloçka” xidməti: Keçmişində FETÖ izi olan qurum Ankarada kimlərə lazımdır?

SAM-ın dövlətə “qaloçka” xidməti: Keçmişində FETÖ izi olan qurum Ankarada kimlərə lazımdır?

Strateji Araşdırmalar Mərkəzinin (SAM) ötən həftə Ankarada təşkil etdiyi biabırçı konfransın fiaskosu bu qurumun mövcudluq zərurətinin qalmadığını təsdiqləyib.

Əslində, Prezident Administrasiyasının sabiq şöbə müdiri, həm də FETÖ-nun Azərbaycan şəbəkəsinin rəhbəri Elnur Aslanovun 2014-cü ilin martında vəzifəsindən azad olunmasından sonra onun nəzarətində olan SAM-ın da ləğv ediləcəyi və ya ən azı, yenidən formalaşdırılacağı gözlənilirdi.

Lakin bu gözləntilərin əksinə olaraq, SAM nəinki buraxılmadı, heç Mərkəzin rəhbərliyindəki əksər fiqurlara da toxunulmadı. Yalnız SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin müdiri Rövşən İbrahimov buradan uzaqlaşdırıldı. Sanki bu qurumun FETÖ-nun SAM-dakı kadrı yalnız bu müəllim idi.

Bəli, SAM-ın dəyişməz rəhbəri Fərhad Məmmədova dövlətin əsas “beyin mərkəzi” funksiyasını daşıyan qurumun başında fəaliyyətini davam etdirmək imkanı verildi. Bəlkə də gözləmək olardı ki, Məmmədov FETÖ şəbəkəsinin ifşasından sonra nəhayət bütün fəaliyyətini Azərbaycan dövlətinin strateji maraqlarının təmin olunmasına yönəlik tədqiqatlara həsr edəcək…

Ancaq bir neçə gün əvvəl “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun “Facebook” səhifəsində paylaşdığı məlumat nə SAM rəhbərinin, nə də həmin qurumun öz fəaliyyət prinsiplərinin dəyişmədiyini göstərdi.

Rauf bəyin yazdığına görə, noyabrın 28-də Ankarada Türkiyə iqtidarına yaxın olan Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkil etdiyi “Türkiyə – Azərbaycan münasibətlərinin gələcəyi” konfransına Bakıdan da çox sayda yüksək səviyyəli media təmsilçisi qatılıb.

Lakin konfransda təşkilatçılığın bərbad vəziyyətdə olması Arifoğlunu bu barədə tənqidi qeydlərini ictimailəşdirmək məcburiyyətinə gətirib:
“Mövzu və təşkilatçıların adları möhtəşəm, tədbir biabırçı. Zal bomboş, Türkiyə mediası yox!

Bakıdan gedən 15 media rəhbərini bəlkə də zalı bir az da olsun, dolu göstərmək üçün dəvət etmişdilər. Bizdən başqa zalda 10-12 adam olardı…
Təsəvvür edin, Musa Qasımlı danışır, bizsə onu dinləmək zorunda idik… İşgəncə kimi bir şey…

Kimi aldadırıq? Nəyə lazımdır, bu oyuncaq konfranslar? Mən niyə Bakıdan Ankaraya gedib, Musa Qasımlını və SAM-çı Cavid Vəliyevi dinləməliyəm?

O konfransa yəqin ki, müəyyən qədər vəsait sərf olunub. Amma nə üçün? Axı, hamı şahid oldu ki, tam boşuna bir tədbir idi. Nə media vardı, nə də dəvətlilər. Türkiyə Avropa deyil ki, oraya dəvət məsələsində problem ola. Deməli, işləməyiblər, sadəcə, fiksiyadır!

SAM rəhbəri Fərhad Məmmədov və digər məsuliyyətli şəxslər bu biabırçılığa cavab verməlidir. Onlar dövləti və prezidenti aldadırlar.

Bə bizə də bir üzür borcludurlar”.

Rauf bəyin bu qeydlərinin əsas rezümesi SAM-ın Azərbaycan dövlətinə qarşı saxtakarlığı və iri məbləğdə dövlət vəsaitlərinin bir “qaloçka” xatirinə havaya sovrulmasıdır. Əlbəttə ki, o vəsaitlər havaya sovrulmayıb, SAM rəhbərliyinin sayəsində əməlli-başlı “yuyulub”. Bu da sizə SAM-ın timsalında “dövlətə xidmət”…

Türkiyədəki qeyd olunan konfrans rəzaləti SAM-ın Azərbaycan dövlətinin nüfuzuna zərbə vuran “təşkilatçılıq bacarığı”na dair ilk nümunə deyil. Bir neçə il əvvəl Fərhad Məmmədovun yenə də Türkiyədə böyük qardaşlığı Elnur Aslanovun xeyir-duası əsasında Kadir Has Universitetində Soros Fondu ilə birgə təşkil etdiyi konfransda da Azərbaycanı hədəfə alanlara geniş meydan verilmişdi.

O zaman qeyd olunurdu ki, həmin universitetdə keçirilən konfransda Azərbaycan iqtidarı və prezidenti kəskin tənqid olunub, “Ərəb baharı”nın Azərbaycana yönləndirilməsi imkanları müzakirə olunub. Bu istiqamətdə planlaşdırılan fəaliyyətdə Azərbaycan müxalifətinə dəstək məqsədilə Qərb dövlətlərinə çağırışlar edilib.

O konfransda kimlər olub? Tək bir nəfərin adını çəkmək kifayətdir: Azərbaycan əleyhinə çağırışları ilə tanınan və “ermənilərlə qardaşlığı”nı tərənnüm edən, Hrant Dink Vəqfi ilə birgə ermənipərəst layihələr həyata keçirən “Arı” hərəkatının rəhbəri Ural Aküzüm! Onun Azərbaycan dövlətinin maliyyəsi ilə nəşr olunan “Caucasus Internetional” jurnalına məsul katib təyin edilməsi isə Aslanov-Məmmədov tandeminin dövlətə “xidmət”ləri sırasındadır.

Yeri gəlmişkən, FETÖ şəbəkəsinə məxsus “Todays Zaman” qəzetinin redaktoru olan Mahir Zeynalov və Lamiyə Adilqızının pozuculuq fəaliyyətinə görə 2014-cü ildə qardaş ölkədən deportasiyası olunmaları yəqin ki, unudulmayıb. Mahir Zeynalov və Lamiyə Adilqızının SAM-ın əməkdaşları olmaları faktı onların Türkiyədə hansı yollarla yerləşdirilməsi məsələsinə də müəyyənlik gətirir. Qeyd edək ki, Mahir Zeynalov bu gün də FETÖ-nun ABŞ-dakı əsas təbliğatçılarından biridir.

Ankarada keçirilmiş son konfransa gəlincə, dövlətin faydalılıq əmsalı sıfırın altında olan SAM-a ehtiyacının olmadığını bir daha təsdiqlədi. Reputasiyası pozuq qurum kimə lazımdır və onun mövcudluğu daha nə qədər davam edəcək? Ayrıca, SETA-nın Ermənistanla açılım məsələsindəki rolu da unudulmamalıdır. Bu mövzuda Türkiyədə ən canfəşanlıq edən qurumların başında gələn və hökuməti bu istiqamətə yönləndirən SETA Türkiyənin hakim partiyasının FETÖ ilə münasibətlərinin yaxşı olduğu dönəmin məhsuludur və hələ də fəaliyyətini davam etdirir. SAM kimi onun da daxilində bəzi normal analitiklər olsa da, ümumilikdə fəaliyyətinə maraq elə SAM qədərdir. Azərbaycanla bağlı ortaq keçirdikləri tədbirə türk mediasının münasibəti əslində SETA-ya olan baxışı ortaya qoymaqdadır. Bəlkə də bu həm də SETA-nın Azərbaycana baxışını ortaya qoyur. Yəni, Anadolu türkləri demişkən, qazan yuvarlanıb, qapağını tapıb.

Eyni zamanda “Fərhad Məmmədov necə FETÖ ilə bağlıdır ki, Türkiyə Prezidenti yanında bir mərkəzlə tədbir keçirir” sualı da burada aktualdır. Bu sualın cavabını isə Adıyaman Universitetində yaşanan bir hadisəni xatırladaraq, vermək mümkündür:

Adıyaman Universitetində FETÖ Araşdırma Komissiyası başqanı fətullahçılıqda şübhəli bilinən şəxsdən soruşur:

– Camaat toplantılarına getmisən?
– Bəli, getmişəm.
– Necə getdin?
– Arif apardı.
– Arif kimdir?
– Sizin yanınızda oturan şəxs.
Komissiya başqanı üzünü Arifə tutur:
– Arif, bu adamı toplantılara sən aparmısan?
– Başqanım, sizinlə birlikdə getmişik”.

Qısacası, Türkiyədə siyasi qanada toxunulmadıqca, Fərhad Məmmədovun, Elnur Aslanovun və ya Ceyhun Osmanlının qardaş ölkədə hansısa qurum tərəfindən mükafat almasına belə təəccüblə yanaşılmamalıdır./yenicag.az/

Loading...

QALEREYA