“Samsung” Çində telefon istehsalını dayandırdı - 6 min insan işsiz qaldı

“Samsung” Çində telefon istehsalını dayandırdı - 6 min insan işsiz qaldı

Cənubi Koreyanın "Samsung Electronics" şirkəti yerli istehsalçıların rəqabətindən yaranan zərər səbəbi ilə dünyanın ikinci ən böyük mobil smartfon bazarı olan Çində mobil telefon istehsalına son verib.

Huycou şəhərindəki "Samsung"un Çindəki sonuncu mobil telefon zavodu fəaliyyətini tam dayandırıb. Ötən ilin sonunda isə şirkətin Çindəki daha bir zavodu bağlanmışdı. Cənubi Koreyanın texnologiya nəhənginin bu addımı digər şirkətlərin Çində işçi qüvvəsinin bahalanması və ölkənin iqtisadi inkişafının zəifləməsi səbəbindən istehsalı başqa ölkələr köçürmələri ilə paralel baş verir. Xatırladaq ki, Yaponiyanın "Sony" şirkəti də bir müddət əvvəl Çindəki zavodunu bağlayaraq istehsalı Tailanda köçürmək barədə düşündüyünü bildirmişdi.

"Samsung" şirkətinin Çinin mobil telefon bazarındakı payı 2013-cü ildəki 15 faizdən hazırda təxminən 1 faizə düşüb. "Counterpoint" bazar araşdırmaları təşkilatının rəyinə əsasən, buna səbəb Çinin "Huawei" və "Xiaomi" kimi şirkətlərinin bazarda "Samsung"u sıxışdırmasıdır.

Cənubi Koreya şirkəti 1992-ci ildən Huycouda fəaliyyət göstərən zavodunun istehsal gücü barədə məlumat verməyib. Amma Cənubi Koreya mətbuatı 6 min nəfərin çalışdığı zavodda 2017-ci ildə 63 milyon mobil telefon istehsal olunduğunu yazıb. Həmin il "Samsung"un dünya üzrə mobil telefon istehsalı 394 milyon ədəd olmuşdu. Şirkət son illər işçi qüvvəsinin daha ucuz olduğu ölkələrdə, məsələn Hindistan və Vyetnamda istehsalı genişləndirir. \\AZƏRTAC