Sanballı və dəyərli monoqrafiya

Sanballı və dəyərli monoqrafiya

(İmran Axundovun “Fatma Qədri” kitabı haqqında)

Bu günlərdə görkəmli səhnə ustası, xalq artisti, Azərbaycanda ilk peşəkar ali təhsilli aktrisa kimi tanınan Fatma Qədrinin həyat və yaradıcılığından bəhs edən fəlsəfə doktoru İmran Axundovun qələmə aldığı “Fatma Qədri” adlı elmi monoqrafiyası ilə tanış oldum. İlk andaca deyim ki, səkkiz çap listi həcmində olunan bu monoqrafiya həm yazılış, həm də tərtibat baxımından diqqətimi cəlb etdi.

Monoqrafiyada bu il 111 yaşı tamam olan, teatr sənətimizin inkişafında özünəməxsus xidmətləri ilə tanınan Fatma Qədri kimi görkəmli səhnə xadiminin ömür yolu ilə birgə milli teatrımız adlanan həqiqi reallığın bir səhifəsinə çevrilə bilən sənətkarın həyatı ilə paralel olaraq ifa etdiyi müxtəlif xarakterli obrazlar geniş şəkildə təhlil edilməklə oxucuya təqdim edilir. 61 illik ömrünün 40 ilini teatr sənətinə həsr edən bir xalq artistinin şərəfli ömür yolu monoqrafiyada müəllif tərəfindən dörd fəsildə canlandırılır. Xüsusi olaraq bu gün qeyd etmək lazımdır ki, xalq artisti Fatma Qədri maraqlı səhnə ömrü yaşayan nadir sənətkarlarımızdandır. O, səhnəyə çıxdığı ilk günlərdən sənət müəllimlərinin yaradıcılıq yollarından öyrənməklə yanaşı, onların sənət ənənələrini öz konteksində inkişaf etdirməyə nail olan mahir bir səhnə ustası idi. Onun klassik və müasir əsərlərdə yaradığı xarakterik obrazlar qaleriyası aktrisanın daxili zənginliyinin bariz nümunəsi kimi bu gün də səciyyəvidir. Bildiyimiz kimi Azərbaycan teatrı 145 illik çətin, lakin şərəfli bir yol keçməklə bu gün ki, inkişaf mərhələsinə çata bilib. Onun çağdaş uğurlarında, nailiyyətlərində isə bu görkəmli sənətkarın xidmətləri misilsizdir.

Monoqrafiyanın birinci fəsli aktrisanın həyatı və səhnə fəaliyyətinin başlanğıc dövrünü yəni 1907-1925-ci illəri əhatə edir. Bu illər ərzində Fatma Qədrinin geniş tərcümeyi-halı ilə tanış olmaqla səhnə ustasının sənət incəlikləri ilə yanaşı, sənət müəllimləri olan Moskvadan gəlmiş, Roma Akademiyasının fəxri üzvü, akademik Vyaçeslav İvanov və Aleksandr Aleksandroviç Tuqanov, professor Vladimir Vladimiroviç Sladkopevtsev haqqında olan xatirələri ilə birgə onun sənətə necə gəlməsindən dolayı müfəssəl şəkildə oxucunun məlumat alması mümkündür.

Müəllif İmran Axundov aktrisanın sənət müəllimi Aleksandr Tuqanovun diplom tamaşasında ona Mirzə Fətəli Axundovun “Hacı Qara” komediyayasında Sona obrazının tapşırılması haqqında xatirələrindən oxucuya məlumat verməklə qeydlər edir: “Tuqanov bu pyes üzərində çox həvəslə işlədi. O, bütün işləri bizim öhdəmizə buraxdı. Ancaq hiss olunmadan, məharətlə hər işə özü rəhbərlik edirdi. Kostyumları tikib, rekvizit, tərtibat və bir çox başqa işləri özümüz yerinə yetirirdik. O, həmişə deyirdi ki, aktyor hər işi bacarmalıdır. İlk tamaşa günü yaxınlaşdı. Mən Sona rolunu oynayırdım. Böyük rol deyildi, ancaq həddindən artıq həyacanlanırdım. Nəhayət tamaşa günü gəlib çatdı. Tamaşanın başlanmasına iki saat qaldıqda teatra gəldim və qrimlənməyə başladım. Birinci zəng çalındı... Tuqanov stoldan stola keçib, bizim qrim və kostyumlarımızı yoxladı, bizə ürək-dirək verdi. Ancaq özü də bir az narahat idi. O, bizim Azərbaycan teatrı tarixinə bir sıra qızıl səhifələr yazmışdı... Səhnə arxasında və tamaşa zalında böyük şənlik vardı. Tamaşa qurtarandan sonra çoxlu gül-çiçəklər gətirdilər. Hamı bir-birini təbrik edir, qucaqlayıb öpürdü.”

Müəllif İmran Axundov monoqrafiyada aktrisanın ilk obrazının uğurlu alınmasını qeyd etməklə yanaşı onun ifa etdiyi Sona obrazının görkəmli teatr pedaqoqu və rejissoru olan A. Tuqanovun çox xoşuna gəldiyi deyərək yaratdığı obrazın gözəl təbiəti, sadəliyi, cəsarəti və inandırıcılığı ilə diqqəti cəlb etdiyini də xüsusi olaraq vurğulayır.

Hətta Adilə İsmayılova aktriasnın yaradıcılığının ilk illərinə nəzər salarkən deyirdi: “Fatma Qədrinin yaradıcılığı təbiiliyi, həyatiliyi, emosionallığı və koloritliyi ilə fərqlənirdi. Onu hətta dünya teatrının Adelaida Ristori, Eleonora Duze və Mariya Yermolova kimi sənətkarları ilə müqayisə etmək olar.”

Ömrünün dördə-üç hissəsini səhnəyə həsr edən Fatma Qədri geniş diapazonlu bir aktrisa idi. Onun Azərbaycan, rus və Qərbi Avropa dramaturqlarının, eləcə də müasir müəlliflərin əsərlərində yaratdığı bir çox obrazları sənətsevərlər tərəfindən hər zaman maraqla qarşılanıb.

Monoqrafiyanın ikinci fəsli aktrisanın ömrünün 1926-1933-cü illərini özündə əks etdirir. Belə ki, bu fəsildə aktrisanın Bakı Türk İşçi Teatrına necə gəlməsi və teatrın o zamanlar direktoru olan Məmmədsadıq Əfəndiyevin aktrisanın həyatındakı müstəsna rolundan söhbət açılır.

Müəllif aktrisanın xatirələrindən çıxış edərək yazır: “Əfəndiyev öz teatrına gənc aktyorları çox dəqiq və böyük həvəslə seçirdi. O, bizimlə təklikdə danışdı. Mənimlə daha çox ciddi söhbət etdi. Teatrın perspektiv planlarından danışdı və bildirdi ki, əvvəlcə, bizə çətin olacaq, çünki işlər çoxdur. Biz kütləvi səhnələrdə baş rollarda birgə çıxış etməli idik. O dedi ki, əgər sizi bu çətinliklər qorxutmursa, qalıb bizdə işləyin. Mən sizin kimi gənclərin inkişafı üçün hər cür imkan yaradacağam...”

Qeyd etmək lazımdır ki, xalq artisti Fatma Qədri Bakı Türk İşçi Teatrında təxminən 6-7 il fəaliyyət göstərib. O, burada irili-xırdalı müxtəlif xarakterli rollar ifa edib.

Monoqrafiyada həm də maraqla oxunan xalq artisti Fatma Qədrinin xatirələridir ki, bu da müəllif İmran Axundov tərəfindən oxucuya səhnə ustasının yaradıcılığı haqqında daha müfəssəl məlumatların dəqiqliklə verilməsi baxımından yazılması diqqəti cəlb edir.

1926-cı ildə on dörd dəfə tamaşaçılara göstərilən V. Marqaretin “Fahişə” əsəri hələ inqilabdan əvvəl ayrı-ayrı teatrlarda dəfələrlə tamaşaya qoyularaq, müvəffəqiyyət qazanıb. Müəllif qeyd edir ki, hətta bu tamaşanın məşqlərinə başlanmazdan əvvəl “dəri-zöhrəvi xəstəlikləri” barədə aktyorlara mühazirələr oxunar, sonra tamaşanın məşqlərinə başlanardı. “Fahişə” əsərinin mövzusu müasir idi. Belə ki, tamaşada fransız burjua cəmiyyətində baş verən əxlaqsızlıq, pulun insanın şəxsiyyətinin formalaşmasında əsas rolu kəskin tənqid atəşinə tutulurdu.

Aktrisa bu tamaşa haqqında öz xatirələrində yazır: “Paralel olaraq məni artıq göstərilən tamaşalarda da oyuna daxil etdilər. Məsələn, onda baş rolu Məxfurə xanım oynayan “Fahişə” tamaşası gedirdi. Mən bu əsərdə qulluqçu Roza rolunda çıxış edirdim. Rol kiçik, ancaq dramatik idi.”

Monoqrafiyada həmçinin bu illər ərzində Kazım Ziya, İsmayıl Talıblı, Ağasadıq Gəraybəyli və başqa aktyorlarla maraqlı tərəf müqabili olduğu xüsusi olaraq qeyd edilməklə bu şəxslərin aktrisa Fatma Qədrinin həyatında müstəsna xidmətlərindən söhbət açılır.

Müəllif İmran Axundov aktrisanın yaradıcılığından söhbət açarkən tanışlıq fonunda bu illərin ən yaddaqalan yaradıcılıq aspektlərindən və mövzuya tarixi mərhələlər fonunda yanaşdığından monoqrafiya daha maraqla oxunur. Müəllif illərin ardıcıllıq prizmasından daha dəqiq detalları qabartmaqla bir daha bu illərin sənət yaradıcılığını daha geniş bir formada təhlil edir və qeyd edir ki; “1927-ci ilin ilk premyerası Cəlil Məmmədquluzadənin “Anamın kitabı” komediyası ilə baş tutdu. Əsəri A. İvanov tamaşaya qoyaraq və Gülbahar obrazını Fatma Qədriyə həvalə etdi. Bu Fatma xanımın Bakı Türk İşçi Teatrının səhnəsində, Azərbaycan yazıçılarının əsərlərində ifa etdiyi ilk obrazı idi. Osmanlı ləhcəsinin və rus dilinin Azərbaycan türkcəsini sıxışdırdığı bir dövrdə “Anamın kitabı” kimi kəskin konfliktli dramın realist təfsirdə oyunu ciddi sənət uğuru kimi dəyərləndirildi. Teatr dramaturq Mirzə Cəlilin ruhunu düzgün tutaraq qroteskli tragediya oynamağa çalışırdı. Milli kökə, adət-ənənəyə xor baxmağın tənqidi tamaşanın mərkəzində dururdu.”

Həmçinin monoqrafiyanın bu fəsilində hadisələr Bakı Türk İşçi Teatrının 10 illik yubiley fonunda işıqlandırıldığından daha da güclü təsir gücünə malikdir. Konistantin Sergeyeviç Stanislavskinin, Moskva Dövlət Kamera Teatrının bədii rəhbəri olan Aleksandr Tairovun, Gürcüstan Dövlət Dram Teatrının bədii rəhbəri Marcanaşvilinin və Ufa şəhərinin teatr ictimaiyyətinin təbrik məktubları elmi monoqrafiyada öz əksini tapmaqla maraqla oxunur.

İmran Axundovun “Fatma Qədri” monoqrafiyasının üçüncü fəsli aktrisanın 1933-1934-cü illərdə Azərbaycan Dövlət Rus Dram Teatrındakı fəaliyyətini özündə əks etdirir. Müəllif qeyd edir ki, bu illər xüsusi olaraq aktrisanın həyatında yeni yaradıcılıq dövrü kimi yaddaşlarda yaşayır. Bu teatr onun gələcək fəaliyyətinin düzgün istiqamət alması və formalaşması, realizm üslubunu mənimsəməsi işində həlledici rol oynayır. Burada o, rus səhnəsinin ən yaxşı ustaları ilə birlikdə işləyib, təcrübə mübadiləsi keçirir. Onun aktyorluq fəaliyyətinə klassik rus teatrının gözəl ənənələri və təcrübəli səhnə ustalarının məsləhətləri müsbət təsir göstərir. Bakı İşçi Teatrının direktoru Lukiçevin və bədii rəhbər S. A. Mayorovun aktrisa Fatma Qədrinin bir sənətkar kimi formalaşmasında xüsusi xidmətləri var. Müəllif yazır: “Onu bu teatrda çox mehribanlıqla qarşıladılar və soruşurdular ki, bu teatrda ilk çıxışın üçün hansı obrazı seçirsən? Aktrisa isə repertuarda olan Lev İsayeviç Slavinin “İntervensiya” əsərində Janna Barbeni obrazını ifa etmək istədiyini bildirir. Teatrın direktoru və bədii rəhbərin baxışlarındakı istehza ona bərk toxundu, fikirləşdi ki, bu obraza layiq olduğumu onlara göstərməliyəm. Onların istehzalı baxışları təbii idi. Onlar Fatma xanımı səhnədə görməmişdilər. Çox qısa zaman keçdikdən sonra onu bəzi sınaqlardan keçirirlər. Bundan sonra F. Qədriyə bir aktrisa kimi hörmətlə yanaşdılar. Hətta bir neçə gün keçmişdi ki, zəng vurub, teatra gəlməsini xahiş etdilər. Mayorovun kabinetinə girəndə teatrın direktoru Lukiçevi və rejissor Ridal da orada idi. Bu dəfə onu çox səmimi qarşıladılar. Görünür, Ridal onun barəsində onlara artıq danışmışdı. Axı, Fatma Qədiri onunla işləmişdi. Düzdür, ondan heç vaxt razı qalmamışdır, ancaq sonradan ümumi dil taparaq, nəhayət, onun işindən çox razı qalmışdır. Janna rolunun mətnini təqdim edib, onu Ridala tapşırdılar. Vaxt təyin olunmadı. Teatrın tamaşalarına baxmağı xahiş etdilər.”

Monoqrafiyanın dördüncü fəsli isə 1935-1968-ci illəri əhatə edir. Bu illərdə artıq xalq artisti Fatma Qədri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində fəaliyyət göstərirdi. Bu illərdə aktrisa haqqında professor Əziz Şərif yazırdı: “Səhnəmizin ən görkəmli qadın simalarından biri də Fatma Qədridir. Fatma xanım, yaratdığı surətlərin tipik cəhətlərini tapıb, onların əsasında romantik surətlər yaradır. Bu surətlər dərin və inandırıcı olur, tamaşaçını həyəcanlandırır.” Və ya Xalq artisti Nəsibə Zeynalova aktrisa haqqında deyirdi: “Fatma, sənin ömrün aktrisalıqdan daha çox nağıl qəhrəmanlarının ömrünə bənzəyir. Sənə yaradanımız fitri istedad verib. Sən hər bir tamaşaçını canından artıq sevirdin. Nə qədər xalqımız var, sən unudulmayacaqsan.”

Müəllif İmran Axundov monoqrafiyasında qeyd edir ki, 30-cu illərin ortalarında Azərbaycan səhnəsində qadın aktrisalar çatışmırdı. Ona görə də teatrın peşəkar qadın aktrisalarına böyük ehtiyacı var idi. Düzdür o dövr ki, Azərbaycan Dövlət Dram Teatrının (indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) səhnəsində Mərziyə Davudova, Panfiliya Tanailidi, Əzizə Məmmədova, Yeva Olenskaya, Sona Hacıyeva, Tamara Paşazadə, Qəmər Topuriya, Cəvahir Hüseynova, Nataliya Lizina və b. aktrisaların çalışmasına baxmayaraq, hələdə bu sahədə boşluq mövcud idi.

Qeyd etmək lazımdır ki, xalq artisti Fatma Qədri 1937-1940-çı illərdə Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsində A. Puşkinin “Dubrovski”də Mariya Kirilovna (Maşa), M. İbrahimovun “Həyat”da Atlas, F. Şillerin “Mərk və Məhəbbət”də Luiza, S. Vurğunun “Vaqif”də Xuraman, M. İbrahimovun “Madrid”də Lina, A. Ostrovskinin “Cehzsiz qız”da Larisa, Onore de Balzakın “Ögey ana”da Polina, C. Cabbarlının “Od gəlini”də Solmaz, C. Cabbarlının “Aydın”da Gültəkin, Pyer Bomarşenin “Fiqaronun toyu”da Suzanna və başqa rollarda çıxışlar edib.

Müəllif qeyd edir ki, Fatma Qədri bu dövrdə ona tapşırılan bütün obrazları böyük və ya kiçikliyindən asılı olmayaraq zövqlə ifa edirdi. “Fatma Qədri Azərbaycan Dövlət Akademik Dram Teatrına gəlir və burada kamil bir sənətkar kimi məşhurlaşır. Bu vaxta qədər müəyyən yaradıcılıq təcrübəsi əldə edən aktrisa Azərbaycan səhnəsinin adlı-sanlı ustaları ilə birlikdə işləyərək, bir sıra rəngarəng, bədii cəhətdən dolğun obrazlar yarada bilir.”

Hətta İlyas Əfəndiyev “Səhnəmizin fəxri” adlı məqaləsində Fatma Qədrinin Xuraman rolundakı çıxışını xatırlayaraq yazır: “Mən onu ilk dəfə Xuraman rolunda görmüşəm. Onun müxtəlif psixoloji anlarda, tez-tez baş verən ruhi dönüş məqamlarında göstərdiyi ustalıq, məharət və incəlik mənə o qədər təsir etdi ki, teatrdan çıxandan sonra da uzun müddət Xuraman gözümün qabağından çəkilmirdi. Mənə elə gəlirdi ki, peşimançılıq əzabları içində boğulan Xuramanın hıçqırıqlarını hələ də eşidirəm. Fatma Qədri bütün bunları nə qədər təbii, nə qədər gözəl ifa edir...”

Qeyd etməliyəm ki, Fatma Qədri 1941-1951-ci illərdə səhnədə bir-birinə zidd olan mürəkkəb xarakterli obrazlar yaratmaqla, professional Azərbaycan Teatrında yaddaqalan obrazların mahir ifaçısı kimi hər zaman xatırlanır. İmran Axundovun monoqrafiyasına bir daha nəzər salarkən nəticə etibarı ilə qeyd etmək lazımdır ki, görkəmli səhnə ustası, xalq artisti Fatma Qədri sənətini böyük məhəbbətlə sevən və sevdirməyi bacaran bir aktrisa olaraq yaddaşlarda yaşayır. Onun sənət yolu realizm yolu idi. O, ifa etdiyi hər hansı obrazı yarımçıq yox, bütöv bir şəkildə tamaşaçılara təqdim edirdi. Fatma xanım obrazı canlı göstərməyi bacarırdı. Aktrisanın ifasındakı təbiilik, canlılıq ifa etdiyi obrazı bütün varlığı ilə təcəssüm etdirirdi. Bu baxımdan Fatma Qədrinin böyük istedadla yaratdığı Larisa, Xuraman, Katerina, Raşel, Hafizə, Reqana, Polina, Luiza, Maşa və başqa səhnə qəhrəmanları öz bitkinliyi və kamilliyi ilə tamaşaçıların rəğbətini hər zaman qazanırdı. Aktrisa hər zaman səhnə obrazların ifasında psixoloji rəngarəngliyə, emosional cazibədarlığa can atır, pauzaları məharətlə oynayır, səsinin dramatik ölçülərini həssaslıqla tənzimləyirdi.

Ümumiyyətlə, xalqımızın Fatma Qədri kimi səhnə xadimlərimizə həsr olunan elmi monoqrafiyalarının yazılması və onların işıq üzü görmələri bir tərəfdən 145 illik tarixi bir yol keçən ümumazərbaycan teatr tarixinin tədqiqinə bir mənbə ola biləcəksə, digər tərəfdən də gənc aktyor və rejissorların əsər, obraz üzərində necə işləməyin yollarının öyrənilməsi baxımından daha qiymətlidir.

Anar Bürcəliyev,

Teatrşünas

Loading...

QALEREYA