SARIŞAN QORXULAR NƏDƏN YARANIR?

SARIŞAN QORXULAR NƏDƏN YARANIR?

Psixoloq Leyli Muradlı: “Sarışan hallar nevrozuna səbəb bioloji və psixoloji amillərdir”

Dünyanı çalxalayan təbii və siyasi kataklizmlər-təbii fəakətlər, müxtəlif xəstəlik epidemiyaları, atmosferin çirklənməsi, müharibələr, inqilablar, eləcə də sonu görünməyən iqtisadi böhranlar insan cəmiyyətini psixoz vəziyyətinə salıb və günbəgün bu durum daha da dərinləşib ağırlaşır. Statistika hər yeni gün dünyada intihar hadisələrinin çoxaldığını, müxtəlif psixi pozuntulardan əziyyət çəkən insanların sayının durmadan artdığını göstərir.

Cəmiyyətdə daha çox rast gəlinən belə psixi pozuntulardan biri də sarışan hallar nevrozu (obsessiv-kompulsiv pozuntu, OKP), başqa sözlə desək, sarışan qorxular(fobiyalar)dır.

Mövzunu psixoloq Leyli Muradlı davam etdirir: “Obsessiv-kompulsiv pozuntu (OKP) sarışan fikirlərin (obsessiya) və ya sarışan hərəkətlərin (kompulsiya), daha çox isə onların hər ikisinin mövcudluğu ilə xarakterizə olunan, kəskin stress pozuntusuna və dezadaptasiyaya gətirib çıxaran psixi pozuntudur.

Sarışan hallar nevrozuna səbəb bioloji və psixoloji amillərdir. Aşağı intellekt və xarici defektlər sayəsində kollektivdə adaptasiyanın pozulması, ailədə xoşagəlməz atmosferin olması, valideynlərin soyuq münasibəti, anadan erkən ayrılma, psixoemosional travma-stress yaradan istənilən hadisə, bütün sahələrdə ciddi həyati problemlər sarışan hallar nevrozuna səbəb ola bilər. Bu nevrozlara həm uşaqlarda, həm də böyüklərdə rast gəlinir.

Sarışan hallar nevrozu əksər insanlarda təmizlik takıntısı yaradır. El arasında bu psixoloji problemdən əziyyət çəkən insanlar vasvası, özündən xoflu kimi tanınır. Bəzən də heç problem kimi baxmırlar buna, hətta: “necə təmizkar, titiz, səliqəli, ehtiyatlı adamdır”, - deyə təriflər yağdıranlar da tapılır bu cür insanlara.

Normalda hamımız evdən çıxanda qapı-pəncərəni, qazı bağlayıb bağlamadığımızı yoxlayırıq, əlimiz çirklidirsə, yuyuruq, amma takıntılı biri bunu 3-4 dəfə edir, bəzən hətta tamamilə təmiz əllərini də təkrar-təkrar yuyur. Yarı yoldan qayıdıb qapını yoxlayanlar, yol gedərkən qəzaya düşəcəklərini, yemək bişirərkən əllərindəki bıçaqla kiməsə zərər vuracaqlarını düşünənlər də olur. Belə fikirlər hər insanın ağlına gələ bilər. Normal halda biz bu düşüncələri özümüzdən uzaqlaşdırırıq və ya heç fikir vermirik və həyatımıza davam edirik, amma takıntılı biri bunu bacarmır. Məntiqsiz olduğunu bilsə də, istəməsə də, bu fikirlərin əsirinə çevrilir, ona elə gəlir ki, bu qorxuları gerçəkləşəcək, nəticədə həyəcanlanır , təşvişə düşür, narahat olur və qorxularının gerçəkləşməsinin qarşısını almaq, həyəcanını yatırtmaq üçün beynində uydurduğu müəyyən hərəkətləri etməyə başlayır, məsələn, saatlarla əllərini yuyur, qapını 3-4 dəfə açıb bağlayır, durmadan dua oxuyur, sayır, hər yeri salfetlərlə örtür və s.

Bu psixoloji rahatsızlığın elmi adı obsessiv-kompulsiv pozuntu və ya sarışan hallar nevrozudur. Bəs obsessiyalar və kompulsiyalar nədir?

Obsessiv kompulsiv pozuntu həyəcan, təşviş pozuntusudur. İnsanları təkrarlanan düşüncə və davranışlar qəfəsinə salır. Obsessiyalar və kompulsiyalar 2 hissəli olur.

Obsessiyalar – istəməsək də, məntiqsiz olduğunu bilsək də, iradəmiz xaricində ağlımıza gələn və beynimizdən çıxara bilmədiyimiz təkrarlanan fikirlər, düşüncələr və təsəvvürlərdir. Bu düşüncələr bizdə gərginlik, həyəcan, təşviş, sıxıntı narahatlıq yaradır.

Ən geniş yayılmış obsessiya təmizlik obsessiyası və xəstəliyə yoluxma obsessiyasıdır. Bu cür problemləri olan insanlar çirkdən və mikroblardan qorxurlar. Avtobusda, metroda və ya küçədə nəyəsə toxunanda, pula əl vuranda, yoluxucu xəstəliklərə tutulacaqlarından qorxduqları üçün hər yerə salfetlə toxunur, insanlarla görüşməkdən imtina edir, evə çatan kimi əllərini, paltarlarını dəfələrlə yuyurlar.

Evi təmizləyib bitirdikdən sonra təmizləndiyindən əmin olmayıb dəfələrlə evi təmizləmək, evə qonaq gəldikdən sonra saatlarla evi başdan aşağı təmizləmək. Hər şeyləri dezinfeksiya edirlər.

İkinci ən geniş yayılan obsessiya şübhə obsessiyalarıdır. Evdən çıxarkən qapını, pəncərəni, qazı bağlayıb bağlamadığından əmin olmadığı üçün dəfələrlə geri qayıdıb yoxlamaq, sevdiyi şəxslərə zərər verəcəyini düşüncəsiylə özünü günahkar hiss etmək, əlindəki bıçaqla uşağına xəsarət yetirəcəyini düşünüb narahat olmaq, maşınla gedərkən qəza keçirəcəyini düşünmək, birdən sevdiklərimə nəsə olar kimi düşüncələrdə boğulurlar. Və rahatlamaq üçün hər şeyi nəzarətdə saxlamağa çalışırlar.

Simmetriya obsessiyaları - şəxs hər şeyi düzgün və simmetrik etməyə çalişır, ən sadə işə belə saatlarla vaxt sərf edir. Dini obsessiyalardan əziyyət çəkən insan namaz qılarkən Allaha, peyğəmbərə küfr etdiyini düşünür. Belə düşüncələrə görə özünü günahkar hesab edir. Sayma obsessiyalarına mübtəla olan şəxs ağlından pis bir fikir keçən kimi saymağa başlayır.

Kompulsiyalar isə obsessiyayalara cavabdır, pasiyentin “qeyri-adi, fövqəltəbii” şəkildə onu qorxudan hadisənin, sarışan fikirlərlərin qarşısını almaq və ya həyəcanı, gərginliyi azaltmaq üçün etməyə ehtiyac hiss etdiyi fiziki və ya psixi hərəkətlərdir (rituallar). Həmin hərəkətlər daxili gərginliyin müvvəqəti azalmasına səbəb olur. Amma vəziyyətin bu cür yüngülləşməsi çox davam etmir və sarışan fikirlər yenidən qayıdır. Beləliklə, hisslərin və hərəkətlərin "qüsurlu dövranı" yenidən işə düşür.

Fiziki kompulsiyalar – tez-tez əl yuma, qapıları bağlama və s. kimi kənardan hiss olunan təkrarlanan hərəkətlərdir.

Psixi kompulsiyalar – kənardan hiss olunmayan, xəstənin iradəsinə tabe olmayan və onu narahat edən fikrində təkrarlanan hesablama, dualar və qarğışlar kimi sarışan pozuntulardır.

OKP-nin başlanmasına xas olan orta yaş dövrü 19-30 yaşdır. Təxminən 25% pasiyentlərdə xəstəlik 14 yaşından sonra başlayır. Xəstəliyin 35 yaşdan sonra başlanması isə nadir hallarda olur. Kişilərdə bu əsəb pozuntusu, bir qayda olaraq, yeniyetmə dövründə başlayır. Qadınlarda isə xəstələnmə halları daha çox 20-30 yaşlarına təsadüf edir.

Belə adamlarla sakit və səbirlə davranmaq, onlara qayğı göstərmək, vaxtında müayinə və müalicə olunmalarını təmin etmək lazımdır.

Bu nevrozun müalicəsində iki əsas üsuldan istifadə edilir: dərman müalicəsi və psixoterapiya. Həkim sakitləşdirici, psixotrop, antidepressant preparatlar təyin edir”.

Hazırladı: Banu Oğuz

Loading...

QALEREYA