SAZIN YARANMA TARİXİ

SAZIN YARANMA TARİXİ

Saz aşıq yaradıcılığını yaradan və formalaşdıran milli çalğı alətlərimizdən biridir. Aşıq yaradıcılığında geniş istifadə olunan saz ayrı-ayrı tədqiqatçılar tərəfindən müxtəlif rakuslarda araşdırılmışdır. Bir qism alimlər saz alətinin ancaq indiki aşıq yaradıcılığında mövqeyini açıqlamış, digər alimlər aşıq havalarının sazın qolunda əhatə etdiyi pərdələri və onların mövqeləri haqqında fərqli qeyidlər aparmış, başqa qrup alimlər isə yalnız saz alətinin qısa tarixi haqqında məlumatlar vermişlər. Qısası Şərq xalqlarının istifadə etdiyi indiki saz alətinin yaranması və inkişafı haqqında haqqında elmi mənbələrdə konkret məlumat yoxdur.

Müxtəlif mənbələrə istinad edərək, saz alətinin meydanan gəlməsi və geniş vüsət tapması, digər millətlərin musiqisinə daxil olmasını araşdırmaq gələcək tədqiqatçıların qarşısında duran vəzifədir.

Aşıq yaradıcılığı haqqında tədqiqat aparan alimlərin nəşr etdirdikləri məqalə və monoqrafiyalarında indiki aşıqları keçmişdə sinonim adlarla-“varsaq”, “ozan”, “dədə” adlandırmışdılar. Azərbaycanda aşıq sənətinin ilk tədqiqatçılarından biri olan Əminə Eldarova “Azərbaycanda aşıq sənəti” adlı kitabında yazır ki, ərəblər Azərbaycana yürüş etməzdən qabaq bu əraəzilərdəki aşıqların əcdadını “varsaq” adlandırmışdılar. Ərəblərin silah gücü ilə ölkəni ələ aldıqdan sonra “varsaq” sözü, “aşıq” və “ozan” ilə əvəz olunmuşdur.

El sənətçilərinə verilmiş “varsaq”, “ozan”, “aşıq” adları onların sənətlərinin yalız tarixi dövrləri lə əvəz olunmur, həmçinin bədii ideyasına, ifaçılıq üclubuna geniş anlamda təsir göstərmişdir.

Ərəblərin işğalından əvvəl ki, Azərbaycan ərazisində “varsaq” işğaldan sonra ki, “ozan” sənəti arasında fərqlər vardır. Bu fərq özünü yalnız sənətin bədii formasında yox, eyni zamanda müsiqi alətində də göstərmişdir.

Bizim dövrün aşıqları ancaq sazla ifa etməklə aşıq sayılırlarsa, onların əcdadları olan ozanlar qopuzla ozan olmuşlar. Buradan belə bir qənaətə gəlmək olur ki, varsaqların və ozanların istifadə etdikləri musiqi alətləri əsrlər boyu formalaşmışdır. Elə buna görədə el sənətkarlarının yüz illər boyu bir-birlərini əvəz etmişdir.

Belə nəticəyə gəlmək olar ki, aşığın sazı ilə, ozanın qopuzu eyni mənbədən formalaşan, ayrı-ayrı tarixi dövrlərin musiqi alətləridir.

““Kitabi-Dədə Qorqud” boylarında qopuz müqəddəs bir çalğı aləti kimi göstərilir. Əlində qopuz olan düşmən olsa belə ona toxunmazdılır… Əgər “Dədə Qorqud” dastanında qopuz müqəddəs bir çalğı alətidirsə, deməli, qopuzuzn tarixi eramızın ilkin yüzilliklərinə gedib çıxır. Xüsusilə, eramızın I minilliyindən başlayan qədim türk epic ənənəsi, eposçuluq təfəkkürü və Çin, uyğur mənbələrində rast gəlinən qopuz sözü bu mülahizələri söyləməyə imkan verir” (N. Xəlilov “Aşıq sənətinin təşəkkülü, Bakı, 2003, s. 9-11).

Mənbələrdə qeyd olunur ki, qopuz kiçik armudabənzər çanağa və uzun qola malik olub, üç simlə, mizrab vasitəsilə çalınarmış. Qopuzun təsnifatı ilə o dövrdə daha geniş istifadə olunan tənbur ailəsinin təsnifatı arasında fərq çox cüzidir.

Tənbur çox böyük olmayan çanağa, uzun qola malik olan bir alət olub, bütöv bir ağacdan hazırlanardı. Orta əsrlərin yazılı mənbələrdə tənbur aləti belə təsvir olunur:

Çanaq xüsusi hazırlanmış nazik hamar örtüklə (əsasən bərk ağac olmalıdır ki, təbii şəraitdən asılı olaraq səsi ötürə bilsin) örtülür. Çanağın üzərinə və kəllə ilə qolun birləşdiyi yerə ağacdan düzəldilmiş xərək qoyulur. İki xərək üzərindən keçən simlər, aşağıda xüsusi düyməciyə və kəllədə yerləşən aşıqlara bərkidilir. Səslərin yüksəkliyi kəllədə yerləşən aşıqlar tənzimlənir. Tənburun ümumi uzunluğu təxminən 1100 mm olub, əsasən tut ağacından bütöv şəkildə (çanaq, qol, kəllə) yonulur. Tənburub qoluna 16-19 sayda pərdə bağlanılır və əsasən 3 simli olur. I-III simlər unison, II sim isə xalis kvarta və xalis kvinta münasibətində köklənilir. I simdə melodiya ifa olunur, II-III simlər isə köməkçi-burdon (dəm) xarakteri daşıyır.

Yalnız təbdurun köklənməsinə fikir verdikdə məlum olur ki, bu alət ikisimli olub-kvarta və kvinta. İki kökündə olan tənbura III simin sonradan əlavə olunması aydın görünür. Bu alətə əlavə olunan III sim I simin burdon (dəm) vəzifəsini deyil, melodik simin funksiyasını daşımalıydı.

Tənbura bənzər alətlər o dövrdən çox-çox əvvəl istifadə olunmasına baxmayaraq tənbur yox, ümumi tar adı altında təqdim olunurdu. Bu da onunla əlaqəlidır ki, ilkin orta əsrlərdən başlayaraq ədəbi mənbələr də artıq fars dilinin əsarəti altında idi. Bəzi mənbələrdə göstərilir ki, dütar (I sim tək, II sim tək), setar (I sim tək, II sim tək, III sim tək), çahartar (I sim qoşa, II sim tək, III sim tək), pənctar (I sim qoşa, II sim tək, III sim qoşa), şeştar (I sim 3 ədəd, II sim tək, III sim qoşa) tənburun çeşidləri olmuşlar.

Simlərin bu cür artması onu göstərir ki, tənbur əvvəl iki simli olmuşdur. Altı simli olduqda da belə I və II simləri sərbəst saxlamışlar. Çünki, tənburda melodiya ən çox I və II simlərdə ifa olunur. Digər simlər isə melodiyanı müşayət edir.

“Qopuz” köçəri türklərə, daha dəqiq desək oğuzlara aid olan alətdir. Mənbələrdə qopuz adının Azərbaycanda olma tarixi təxminən VII-IX əsrlərə aid edilir. Onda belə bir fakt meydana çıxır ki, VII-IX əsrlərdə oturaq türklərin (“varsaq”) yaradıcılıqlarında istifadə etdikləri alətin adı nə olmuşdur?

Orta əsrlərdə olduğu kimi, yaşadığımız dövrdə də öz ənənəvi formasını saxlayan saz, xarici görünüşünə görə tənbur formasındadır. XIV- XV əsrlərdə tənbur 3 simli olmaqla yanaşı, uzun qola və müxtəlif ölçülü çanağa malik olmuşdur. Keçmiş miniatürlərdə isə (XIV əsrdən əvvəlki) miniatürlərdə isə tənbur əsasən 2 simli kimi göstərilmişdir.

Bütün çalğı alətləri kimi qopuzda təkmilləşmə prosesi keçmiş, ona pərdələr və simlər əlavə olunmuşdur.

Türk xalqlarının qədim çalğı aləti olan qopuzla indiki dövrün sazı arasında müəyyən fərqlərin olmasına baxmayaraq, qopuz sazın ilkin yaranmış formasıdır. F. Körpülünün əsərlərində qeyd olunur ki, qopuz saza XVI əsrdən sonra çevrilib.

Qopuzun öz yerini saza hansı yüzillikdə verməsi və sazın bir çalğı aləti kimi neçənci yüz illikdə formalaşması və istifadəsi ilə bağlı bir-birinin inkar edən mənbələr vardır. Bəzi tədqiqatlarda sazı qopuzun varisi hesab etmir. Onları müxtəlif çalğı alətləri kimi qeyd edirlər. Bəzi mənbələrdə sazı bir çalğı aləti kimi Azərbaycan ərazisində istifadə tarixini XVI yüzillikdən sonraya şamil edirlər. Hətta sazı Şah İsmayıl Xətainin adı ilə əlaqələndirirlər.

Xətaidən neçə yüz il əvvəl “Kitabi-Dədə Qurqud” dastanında qopuz öz funksiyasını lazımınca yerinə yetirmiş, və sonrakı dövrdə Azərbaycan ərazisində saz qopuzdan irəli keçmişdir. Bu da əsasən sazın simlərinin sayının və pərdələrinin çoxluğu ilə əlaqədar olmuşdur. Nəticədə sazın musiqi aləti kimi imkanları genişlənmişdir. Simləri, pərdələri və səsi az olan qopuz, simləri və pərdələri çox olan gur səsli sazın yaranmasına səbəb olmuşdur.

Bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, qopuz və saz öz ulu başlanğıcını tənburdan götürmüşlər. “Tarixin müəyyən dövrlərində müxtəlif xalqlar tərəfindən transformasiyaya uğradılan tənbur aləti (qolunun qısa olması, uzunluğu, çanağın iriləşdirilməsi, simlərin və bunun müqabilində aşıqların sayının artması, akustik təkmilləşmə nəticəsində çanağın xüsusi üsulla-nazik ağac lövhələrin bir-birinə yapışdırılması nəzərdə tutulur) müxtəlif xalqların hegemonluğu dövründə, məsələn, türk xalqlarının yürüşləri zamanı “qopuz”la, farsların hakimiyyəti dövründə simlərinin sayından asılı olmaqla “tar” kimi adlandırılır. Əslində isə bu alətlər tənburun müasir və mükəmməl saz aləti formasına qədər ki inkişaf prosesində transformasiya nəticəsində yaranan musiqi alətləri idilər” (A. K. Məmmədov “XIX-XXI-ci əsrlərdə Azərbaycanın simli musiqi alətləri” Bakı, 2011, s. 81).

Tarixə nəzər saldıqda görərik ki, bizim müasir aşıqların sələflərini zamana görə şaman, qam, varsaq, baxşı, yanşaq, ozan və aşıq kimi çağırıblar. Və eyni zamanda bunların musiqi alətləri də dövrlərinə görə tənbur, dütar, qopuz və saz adlanıb.

Tənburdan yarandığına görə bu gün bizim musiqi mədəniyyətimizdə istifadə olunan qoltuq (kiçik ölçülü cürə sazı), orta və böyük saz alətləri digər türk xalqlarında istifadə olunan tənbur, dütar alətləri arasında böyük oxşarlıq vardır. Azərbaycanda istifadə edilən müxtəlif ölçülü sazlar Orta Asiya və digər xalqlarda istifadə edilən saz alətindən fərqlidir. Bunlarda xarici görünüş, ümumi ölçü, düzəldilmə texnologiyasının eyniliyi, ifa olunduğu mərasim, ifa üslubları aydın şəkildə göstərir.

"Bu fakt özlüyündə belə bir məntiqi təsdiqləyir ki, şifahi ənənəyə əsaslanan aşıq yaradıcılığının inkişaf tarixi ilə onda istifadə olunan musiqi alətlətlərinin inkişafları arasında həmişə qanunauyğun əlaqə olmuş və bunlar bir-biri ilə üzvü surətdə bağlıdırlar. Yəni ilkin orta əsrlərdə Azərbaycanda ozan yalnız qopuz alətində çalmaqla ozan idilər, özbəklərdə baxşı yalnız dütarda çalmaqla baxşı ola bilər, müasir dövrümüzdə isə aşıqlar yalnız saz alətində çalmaqla aşıq adlanırlar” (A. K. Məmmədov, 2011).

Orta əsrlərdə ozan və aşığın müəyyən müddət birlikdə yaşaması müşahidə edilərsə də, sonralar tədricən bu tarixi mənzərə yerini dəyişir və rəqabətli qarşıdurmaya çevrilir. Sonda ozanların bir qismi aşıq, digərləri isə sənət meydanını tərk edirlər.

“Nəzərə alsaq ki, “varsaq” və “yanşaq” sənətkar titulu olmaqla yanaşı, həm də həmin addakı türk tayfalarının (yəni “Varsaq” və “Yanşaq” tayfalarının) yaşadıqları bölgələrin-ərazilərinin adıdır, onda belə bir mülahizə yürütmək olar ki, “Yanşaq” ərazisinin (və tayfasının) ozanına yanşaq, “Varsaq” ərazisinin (və tayfasının) ozanına isə varsaq deyilmişdir” (M. Qasımlı “Aşıq sənəti”, Bakı, 1996, s. 93).

Azərbaycan ərazisində tənburun aşkar edilməsi bizim istifadə etdiyimiz sazın əcdadının bu torpaqda yaşayan xalqlar tərəfindən istifadə olunmasını sübut edir. Ona görə də türklər hər zaman ozanın qopuzuna və aşığın sazına ehtiram göztərmişlər. “Kitabi-Dədə Qorqud”da da qopuza müqəddəs bir alət kimi baxmışlar. Həm də ona görə saz aləti Azərbaycanın milli aləti sayılır ki, öz dünyəvi miqyasının mayasını-tənburdan saza qədər ki, inkişafını Kür-Araz mədəniyyətində əxs etmişdir.

Saz aləti ayrı-ayrı adlar altında dünyanın əksər ölkələrində əsasən də Şərq xalqlarında geniş miqyasda istifadə olunmaqdadır.

Bu alət tənbur adı ilə türkmən, uyğur, özbək, qara-qalpak və başqa türkdilli xalqlarla yanaşı, fars, kürd, tacik və başqa qeyri-türkdilli xalqlarda da istifadə edilir.

Tamur aləti ön Asiyaya Kür-Araz mədəniyyətindən köçüb, müxtəlif xalqlar tərəfindən istifadə olunaraq, bu xalqarın dilindəki leksikaya uyğunlaşıb, tambur, tənbur, patur, pandur, pandura kimi adlandırılmışdır.

Saz aləti də yaxın qonşuluq və tarixi-mədəni əlaqələr nəticəsində Azərbyacanla həmsərhəd ölkələrin xalqların dilinə uyğunlaşdırımışdır. Beləki, saz alətini darginlər pantur, laklar çuqur, ləzgilər və tabasaranlar isə saaz adlandırmışdılar.

Ermənilər isə sazın bütün növlərini (cürə, orta və böyük) saz adlandırmışdılar. Onların bu aləti Azəri türkləri kimi istifadə etməsi göstərir ki, onlar sazı Azəri türklərində götürmüşdülər.

Vaxtı ilə erməni xalqının Azəri türkləri ilə qaynayıb qarışması nəticəsində onlarda aşığa “aşuq” demişlər. Bildiyimiz kimi aşıq türk sözü olub “aşq” yəni sevgi, sevmək və aşiq olmaq deməkdir.

İmran AXUNDOV,

Fəlsəfə doktoru

Loading...

QALEREYA