SEÇKİDƏN SONRAKI ÜÇ YOL - Putin “Böyük Avropanı” yoxsa “kosmetik təmir”i seçəcək? - TƏHLİL

SEÇKİDƏN SONRAKI ÜÇ YOL - Putin “Böyük Avropanı” yoxsa “kosmetik təmir”i seçəcək? - TƏHLİL

Yevgeni Qontmaçer

“Ali İqtisadiyyat Məktəbi” milli araşdırma universitetinin professoru

IPG

Putin indi növbəti altı il üçün siyasətini müəyyənləşdirəcək hansı variantı seçəcək?

Heç kim martın 18-i Vladimir Putinin bütün rəqiblərini böyük fərqlə qabaqlayaraq, növbəti altı il müddətinə prezident seçiləcəyinə şübhə etmir. İlk baxışdan, onun avtoritarizmi sarsılmaz görünür: dəyişməz prezidentin reytinqi artıq 18 ildir 80% təşkil edir. Lakin bu, xülyadır. Əslində Rusiya radikal dəyişikliklərə hamilədir. Ancaq dünyaya nəyin “göz açacağı” hələlik bilinmir. Bu, islahatlar, ölkənin Avropa inkişaf yoluna qayıdışı yoxsa nəinki Rusiyaya, həmçinin beynəxalq ictimaiyyətə təhlükə törədəcək fəlakət olacaq?!

Rusiya cəmiyyəti demokratiya, insan hüquqları və bazar iqtisadiyyatı prinsiplərinin imitasiyası üzərində qurulub. Neft və digər xammalın satışından dövlət büdcəsinə daxil olan yüksək gəlirlərlə möhkəmlənən siyasi sistemin bu cür konstruksiyası həmişə yüksək davamlılıq göstərib. Əslində isə hər şey mövcud bir institutun – dəyişməz hakimiyyət və onun əsas siması Vladimir Putinin ətrafında fəaliyyət göstərir. Bu faktı gizlətmək üçün bütün kütləvi informasiya vasitələrini nəzarətdə saxlayan güclü təbliğat maşını işləyir, istənilən gerçək siyasi müxalifət isə marginal vəziyyətə salınıb.

Bu zaman xammal ixracı üzərində qurulan iqtisadi model kövrək çıxıb. Hələ 2013-cü ildə, neftin qiyməti 110 dollara çatdığı və Rusiya-Ukrayna münaqişəsi açıq şəkil almağa başlamadığı bir vaxtda ÜDM cəmi 1,3% artmışdı. Sonradan neft və qaz qiymətinin kəskin azalması, Ukrayna hadisələrinə müdaxilədən sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalar dərhal iqtisadi artımı dayandırıb və artıq beş ildir əhalinin real gəlirlərini azaltmağa davam edir.Vladimir Putinin hələ də yüksək olan etimad reytinqi indi vətəndaşların sosial gələcəkləri ilə bağlı narahat gözləntiləri və Rusiyada islahatların keçirilməsini vacib hesab edən ekspert konsensusu ilə birləşir.

Bəs yaranmış problemləri necə həll etmək olar? Burada fikirlər ayrılır. Bəzi ekspertlər hesab edirlər ki, siyasi sistemdə heç nəyi dəyişmək lazım deyil, çünki avropasayağı institutların formalaşdırılması çox vaxt aparacaq. Ona görə iqtisadi artımı illik 4%-dən az olmayan səviyyəyə qaldırmaq üçün müəssisələrə ucuz kredit təqdim etmək və vergiləri azaltmaq kifayətdir. Üstəlik, məhkəmə və hüquq mühafizə sistemində kosmetik təmir aparmaq, yeni sosial yardım proqramları tətbiq etmək olar.

Əsasən keçmiş maliyyə naziri Aleksey Kudrinin ətrafında cəmlənən digərləri israr edir ki, iqtisadiyyata “pul vurmaq” iqtisadi artımı təmin etməməklə yanaşı, əksinə, inflayasiyaya gətirib çıxaracaq və investisiya mühitini pisləşdirəcək. Bu qrup ekspert hesab edir ki, yaxın illər ərzində insan kapitalına (təhsil, səhiyyə), infrastruktura (yollar, rabitə) yatırımı artırmaq və yeni texnologiyalar (digitalizasiya, robotlaşdırma və sair) tətbiq etmək lazımdır. Bundan başqa, dövlət idarəçiliyinin effektivliyini radikal şəkildə artırmaq lazımdır. Bu isə Rusiyanın əvvəlki kimi bir hissəsi olduğu Böyük Avropaya qarşı iqtisadiyyatının və cəmiyyətinin açıqlığı olmadan mümkün deyil.

Açıq səslənməsə də, aydındır ki, Rusiyada siyasi rejim dəyişməsə, Aleksey Kudrinin qrupu tərəfindən təklif edilən islahatların heç bir şansı yoxdur. Daimi hakimiyyət və avtoritarizmdən real demokratiyaya, ona xas sərt siyasi rəqabətə, müstəqil məhkəmələrə və yerli idarəetmə oqranlarına keçmək lazımdır. Aydındır ki, belə bir dönüş Rusiyanın xarici siyasətində də dəyişikliklərə səbəb olacaq. Əsaslandırılmamış aqressiv elementlərə malik indi mövcud olan təcriddən ümumi baza dəyərlərə əsaslanan Qərblə tərəfdaşlığa dönüş baş verəcək.

2018-ci ildən sonra Rusiyanın inkişaf yolu ilə bağlı üçüncü mövqe də var. Bu mövqenin ideoloqları hesab edirlər ki, ölkə ənənəvi dəyərlər üzərində qurulmuş sivilizasiyanın qeyri-avropa növüdür. İnsanın ehtiyacları barədə demaqoqluğu bir kənara qoysaq, bu dəyərlər arasında ən əsası dövlət mərkəzləşməsidir. Məhz dövlət ona xidmət etməli olan şəxsiyyətə qarşı müqəddəs mahiyyət kimi çıxış edir. Məsələn, Konstitutsiya məhkəməsinin indiki sədri Valeri Zorkin “Rossiyskaya qazeta” dövlət qəzetində bildirib: “Təhkimçiliyin bütün xərclərinə baxmayaraq, məhz o, millətin daxili birliyini qoruyan əsas bənd olub”. Vladimir Putin isə Rusiyanı “sivilizasiya dövləti” adlandırıb. Bu dünyagörüşünün arxasında həmin praqmatik məna gizlənir: dövləti tənqid edənlərin hamısı Rusiyanın düşmənləridir. Dəyişməyən indiki hakimiyyətin ideoloji əsası belə sadə, ancaq effektiv üsulla təmin olunur.

Yuxarıda təsvir edilən nöqteyi-nəzər indiki avtoritar rejim qurulan zaman Rusiyada müəyyən dərəcədə həyata keçirilib. İqtisadi böhrana, beynəlxalq münasibətlərin kəskin gərginləşməsinə və Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinə səbəb olan xarici siyasətin formalaşmasına gətirib çıxaran da məhz bu olub.

Beləliklə, indi siyasətini növbəti altı il müddətinə müəyyənləşdirən Vladimir Putinin yuxarıda qeyd olunan üç alternativdən ibarət menyusu var: “kosmetik təmir”, “Böyük Avropa” və “xüsusi, qeyri-avropa yolu”.

O, hansı variantı seçəcək?

Martın 1-i Federal Məclisə müraciəti nəzərə alsaq, “sivilizasiya dövləti” elementləri ilə birləşdirilmiş “kosmetik təmir” (lakin iqtisadiyyatı ucuz pullarla doldurmaq olmayacaq) variantı daha çox ehtimal edilir.

 

Görünən odur ki, “Böyük Avropa”dan söhbət belə getmir. Bu variantdan yalnız ritorika götürüləcək. Ritorika həyata keçirilən siyasətin ümumdünya mütərrəqqiliyini nümayiş etdirəcək: “İrəli getmək, dinamik şəkildə inkişaf etmək üçün bütün sahələrdə azad məkanı genişləndirməli, demokratiya institutlarını, yerli özünü idarəetmə orqanlarını, vətəndaş cəmiyyəti strukturlarını, məhkəmələri möhkəmləndirməli, dünyaya, yeni ideyalara və təşəbbüslərə açıq ölkə olmalıyıq”.

Putinin prezidentlik dövrü boyu olduğu kimi, əslində hər şey “Böyük Avropa”ya zidd tendensiyalar üzrə aparılır. Həmin çıxış zamanı Putin təxminən bir saatını yeni silah növlərini təsvir etməyə həsr edib. Həmin silahlar Rusiyanı bu sahədə qeyd-şərtsiz üstünlüklə təmin etməlidir. Bəs bütün bunlar “dünyaya açıq” ölkə statusu, iddialı sosial inkişaf planları və Putinin nitqində toxunduğu infrastruktur inşasına uyğun gəlirmi?

Rusiyanın silah yarışına və sosial proqramlara sadəcə pulu çatmaz. Ölkənin problemi təkcə bunda deyil. XXI əsrdə hərbi sahə də daxil olmaqla, innovativ inkişaf yalnız demokratik cəmiyyətdə yaşayan azad insan ilə təmin olunur. Vladimir Putinin rəğbət bəslədiyi “sivilizasiya dövləti” konsepsiyası isə heç cürə buna uyğun gəlmir.

Ona görə, çox güman, Vladimir Putinin növbəti prezidentlik müddəti Rusiya üçün elə də asan olmayacaq. Onun prinsipcə heç nə dəyişmədən, nəyi isə dəyişmək istəyi ölkəni gec-tez açıq böhran vəziyyətinə gətirib çıxaracaq. Bununla yanaşı, bir fakt danılmaz olaraq qalır: Rusiya Avropa islahatlarından heç yana qaça bilməz. Bütün məsələ isə bundan ibarətdir: həmin islahatların nəhayət başlaması üçün cəmiyyət hansı bədəli ödəməli olacaq?/xpressa.net/

Loading...

QALEREYA