Sənət fədailəri... - Və ya unudulmağa məhkum olanlar

Sənət fədailəri... - Və ya unudulmağa məhkum olanlar

(III yazı)

Bu fani dünyada elə insanlar var ki, ta doğuluşundan ömürlərinin son gününə kimi taleyin qisməti ilə barışmağı bacaranlardır. Belə olmasaydı, bəlkə də heç uzun ömürlü və mənalı bir həyat yolu belə keçə bilməzdilər. Hətta zamanın tale yükü belə üzərilərinə böyük bir missiyanı qoymazdı. Özləri ilə bərabər ikinci bir insan taleyini də yaşamaq bəlkə də tanrının bu tip insanlarına bəxş etdiyi bir xoşbəxtliyidir. Bu insanlar sənət yükünü, yaradıcılıq axtarışlarını genişləndirdikcə zamanın və həyatın gərdişində, üzdə taleyin bəxtəvərləri də adlanırlar. Bu bəxtəvərlər illər ötsə də hər zaman yaddaşlarda yaşamağı bacarmaqla yanaşı həm də həyat məktəbinin örnəyidirlər. Vaxt və zaman çox hallarda bu kimi şəxslərin üzünə gülmür, həyatın enişli-yoxuşlu tale yükü onları min bir imtahana cəkir və sınayır. Bu həyat sınaqlarından alnı acıq çıxmağı bacaranlar isə sözün əsl mənasında fədaidirlər. Böyük sənət məktəbi keçən və öz sənət məktəblərini yaradan bu tip insanlar çox zaman isə həyatın gərdişində hər birimizin laqeyidliyindən unudulmağa məhkumdurlar. Kimisi övlad laqeyidliyindən kimisi də ictimai laqeyidlikdən. Bax, bu zaman onların üzərimizdə olan əsl insani haqq və duyğuları qəlbimizə hakim kəsilir. Duyğularımızı oyadır. Ötənləri bir daha təhlil etdikcə,zamanın gərdişində onları belə, asanlıqla unutmağa heç nə ilə haqq qazandırmaq mümkün deyil.

Gəncə Dövlət Dram teatrının şərəfli tarixinə nəzər yetirdikdə qocaman səhnə ustası, respublikanın xalq artisti Zülfüqar Baratzadəni yad etməmək, xatırlamamaq mümkün deyil. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, Zülfüqar Baratzadə də taleyin qismətindənmi ya da ki, bizlərin laqeyidliyindənmi unudulanlar siyahısındadır. Taleyin gərdişi bu böyük sənətkarı da öz axarında unudulmağa məhkum edib.

Zülfüqar Yaqub oğlu Baratzadə 8 iyul 1931-ci ildə Gəncə şəhərində anadan olub. Əvvəllər Gəncə Dövlət Filarmoniyasında rəqqas kimi fəaliyyət göstərib. 1949-cu ildə isə Gəncə Dövlət Dram teatrının truppasına daxil olub. Zülfüqar Baratzadə 27 dekabr 1971-ci ildə Azərbaycan SSR əməkdar artisti, 24 dekabr 1981-ci ildə isə Azərbaycan SSR Xalq artisti fəxri adlarına layiq görülüb.O, teatrın səhnəsində bir-birindən maraqlı, orijinal obrazlar qaleriyası yaradıb. Xarakterlər aktyoru olan Zülfüqar Baratzadə təbii, xalq oyun estetikasına əsaslanan yumoru ilə özünə geniş tamaşaçı rəğbəti qazanan aktyor kimi bu gün də hörmət və ehtiramla xatırlanmalıdır.

Mindilli, Bərbərzadə (Sabit Rəhman “Nişanlı qız” və “Xoşbəxtlər”), Göyüş, Dəli Domrul, Dinar (Altay Məmmədov “Kişilər”, “Dəli Domrul” və “Yadındamı?”), Sərsəri (Nazim Hikmət “Kəllə”), Çoban (Əbdürrəhim bəy Haqverdiyev “Pəri cadu”), Balıqçı (Lütfəli Həsənov “Günəş”), Atobba (Bəxtiyar Vahabzadə “Vicdan”), Kamran (Səttar Axundov “Məhəbbət nişanəsi”), Ernardo (Lope de Veqa “Kələkbaz sevgili”), Müşavir (Hüseyn Cavid “Səyavuş”), Əmirqulu, Salman, Camal (Cəfər Cabbarlı “Yaşar”, “Nəsrəddin şah” və “Almaz”), Mustafa (Ənvər Məmmədxanlı “Şərqin səhəri”), Möhnət (Kəmalə Ağayeva “Məhsəti Gəncəvi”), Həbəş (Gilerma Fiqeyredu “Tü1kü və üzüm”), Ağa Bəşir (Mirzə Fətəli Axundzadə “Lənkəran xanının vəziri”), Nəroğlan (Əfqan Əsgərov “Qız atası”), Vəzir (Qeybulla Rəsulov “Əlvida, Hindistan!”), Nəsrəddin (Yusif Əzimzadə “Nəsrəddin”), Çımqıl (Seyfəddin Dağlı “Adı sənin, dadı mənim”), Effer (Əziz Nesin “Bura gəlin”), Haqverdi (Zeynal Xəlil “Qatır Məmməd”), küçə xanən-dəsi (Bertolt Brext “Üç qəpiklik opera”), İppolit (Edvard Radzinski və Eldar Ryazanov “Həmişə təmizlikdə”), Baş senator, Riçard (Vilyam Şekspir “Otello” və “III Riçard”), kişi (Raymond Kauqver “Qatarlar səhər gedir”), İvan Petroviç (Aleksandr Ostrovski “Quduz pullar”), Knyaz (Mixail Lermontov “İki qardaş”), Qurd Kərim (Süleyman Rüstəm “Qaçaq Nəbi”), Mahmud (Əhməd İsayev “Boş barılar”), Eyvaz (İlyas Əfəndiyev “Üçatılan”), Məmmədşəfi (Əlibala Hacızadə “İtkin gəlin”), Kristinoyu (Aurel Baranqa “İctimai rəy”), Prorab (Rövşən Ağayev “Yeddi oğlan və bir qız”), Frantişek Abel (Osvald Zaqradnik “Zəngli saat”), Qoca (Maksim Qorki “Qoca”)obrazları Zülfüqar Baratzadənin Gəncə Dövlət Dram teatrındakı 42 illik fəaliyyəti müddətində yaratdığı səhnə qəhrəmanlarının bir qismidir.

Altay Məmmədovun “Yadındamı?” pyesində insan və cəmiyyət, mütəxəssisin vətəndaşlıq borcu məsələləri və eləcə də mənəvi ləyaqət hissləri əsas olaraq göstərilir. Psixoloji planda yazılmış bu əsərdə biz müxtəlif xarakterlərə malik, mənəvi ləyaqətin dərki baxımından ayrı-ayrı qütblərdə dayanan insanlarla tanış oluruq. Cərrahların fəaliyyətindən və qarşılıqlı münasibətlərdən bəhs edən “Yadındamı ?” pyesinin səhnə müvəffəqiyyətini təmin edən başlıca cəhət cərəyan edən hadisələrdəki həyat həqiqətidir. Gəncə Dövlət Dram teatrının səhnəsində bu pyesin quruluşçu rejissoru Tofiq Kazımov olub. Rejissor bu səhnə işində Zülfüqar Baratzadəyə Dinar obrazını tapşırıb. Dinar - Zülfüqar Baratzadə obrazın mahiyyət etibarı ilə tam olaraq açılıb göstərilməsində və eləçə də müəllifin ideya bədii təqdimatının düzgün formada təqdim olunmasında öz professional səhnə bacarığını daha dərindən göstərə bilib.Aktyor öz ifası ilə Dinarın mənəvi eybəcərliklərini, daxilən puçluğunu, peşəsinə gəlir mənbəyi kimi baxdığını, öz həyati rahatlığını təmin etmək üçün cilddən-cildə, dondan-dona girmək qabiliyyətini böyük ustalıqla təqdim edə bilib.

Sabit Rəhmanın “Nişanlı qız” komediyasındakı Mindilli obrazı isə aktyora böyük şöhrət gətirib. Zülfüqar Baratzadə Mindillinin bir tip olaraq səciyyəvi xüsusiyyətlərini acıb göstərməklə yanaşı, səhnədə obrazın daxilində olan mənəvi pucluğunu çox təbii və real şəkildə təqdim edə bilirdi. Hər zaman səhnədə Zülfüqar Baratzadənin Mindillisinin qəzəbi eləcə də başqalarına yarınması həmçinin qorxu hissini keçirməsi, danışıq tərzi və səhnə jestləri belə tamaşaçıda gülüş doğururdu. Aktyor səhnədə bir daha göstərməyə çalışırdı ki, o, Mindillinin komediyadakı yerini və mövqeyini yaxşı öyrənə bilib, onun arzu və ideyalarını dərindən dərk edib, duyub, varlığını tanıya bilib. Zülfüqar Baratzadə səhnədə Mindilli obrazını tamaşaçılara bütün bu sadalanan detallarla daha dəqiq bir formada təqdim etməyə müvəffəq olub. Hər obrazını yeni bir baxış prizmasında təqdim edən aktyor Zülfüqar Baratzadə xarakterlər ustası olaraq tanınıb və tamaşaçılar tərəfindən sevilib.

Əfqanın “Qız atası” komediyası Gəncə Dövlət Dram teatrında 35 illik səhnə tarixi ilə hər zaman repertuar zənginliyini qoruyan əsərlərindən biri olub. “Qız atası” komediyasının mövzusu müasir həyat reallıqlarını özündə göstərməklə burada gülüş xatirinə yersiz hərəkətlərə, şarj və ya hay-küyə yol verilmədən cərəyan edən hadisələr bütün imkanlar daxilində daha ciddi planda göstərilirdi. Tamaşanın quruluşçu rejissoru respublikanın əməkdar incəsənət xadimi Həsən Ağayev maraqlı bir rejissor quruluşu ilə obrazların daha dolğun və dəqiq ştrixlərlə işlənməsinə nail olub. Tamaşada Zülfüqar Baratzadənin yaratmış olduğu Nəroğlan obrazı komediya janrında daha geniş ampulalı bir aktyorun ifasından xəbər verirdi. Onun hər dəfə səhnəyə gəlişi hadisələrin mahiyyət etibarı ilə daha dolğun açılaraq göstərilməsinə böyük təkan verməklə yanaşı tamaşaçının komediya janrında düşündürücü gülüşün arxasında böyük bir həyat həqiqətlərinin dayandığının şahidi olurdu. Nəroğlan – Zülfüqar Baratzadə arzu və istəklərinə catmaq üçün dəridən-qabıqdan çıxır. Hətta Cavad kişinin (xalq artisti Məhəmməd Bürcəliyev) qızına elçi düşsə də onun təkidi ilə edilən təklifə rəğmən bu sınaq imtahanını belə keçə bilmir. Əqidəsi, amalı onun düşüncələrinin düşməni olaraq həyat sınağını yarıda qoyur. Aktyor Zülfüqar Baratzadənin yaratmış olduğu Nəroğlan surəti onun daxili aləminin açılması və tam olaraq öz prizmatik baxışları ilə göstərilməsi baxımından maraqla izlənən bir obraz olaraq yadda qalıb.

Gəncə Dövlət Dram teatrının aktyoru, respublikanın əməkdar artisti Salamulla İsmayılov Əfqanın “Qız atası” komediyasından söz düşəndə xalq artisti Zülfüqar Baratzadə haqqında deyir: “Hələ uşaqlıq illərimdə teatra olan marağım məni bu sənət məbədinə gətirirdi. Mən tamaşalara gəlir və aktyorların məharətli oyunlarını seyr edirdim. O illərdə artıq Zülfüqar Baratzadə Gəncə teatrının sayılıb, secilən sənətkarlarından idi. Mən onun tamaşalarına dəfələrlə baxmaqdan doymurdum. Sonradan tale elə gətirdi ki, mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olundum. Universiteti bitirdikdən sonra Gəncə teatrına göndərildim. Artıq bu teatrda böyük sənətkarlar olan Ələddin Abbasov, Məhəmməd Bürcəliyev, Sədayə Mustafayeva, Rəmziyyə Veysəlova və sözsüz ki, Zülfüqar Baratzadə ilə birlikdə çalışmalı idim. Bu sənətkarlarla calışmaq, onların sənət məktəbindən öyrənmək mənim xoşbəxtliyim idi. Mən Zülfüqar Baratzadə ilə ilk dəfə olaraq Əfqanın “Qız atası” komediyasında tərəfmüqabili oldum. O, hər zaman səhnədə gənc aktyorlara qarşı böyük diqqət və qayğısını eləcə də sənət məziyyətlərinin öyrənilməsi baxımından məsləhətlərini əsirgəmirdi. Səhnədə olduğu kimi həyatda da çox baməzə bir insan idi. Hər dəfə səhnəyə cıxanda mənə ürək-dirək verib deyirdi ki, “Bax belə ol həmişə, afərin sənə”. Sözsüz ki, gənc aktyorun ilk dəfə səhnəyə çıxışında Zülfüqar Baratzadə kimi sənətkardan hər hansı bir formada xoş söz eşitməsi böyük zövq verirdi. Deyim ki, həm də çox qayğıkeş bir insan idi. Biz onun bu teatrda hər zaman böyüklüyünü hiss edirdik. Bu kimi sənətkarlarımızın həyatda yoxluğu qayğıkeş bir insan olamaqla yanaşı həm də bir sənətkar kimi daima hiss olunur”.

Aktyorun Gəncə Dövlət Dram teatrının səhnəsində Əlibala Hacızadənin “İtkin gəlin” pyesində yaratmış olduğu Məmmədşəfi obrazı da maraqla qarşılanan surətlərindən biridir. Tamaşanın quruluşçu rejissoru Gəncə Dövlət Dram teatrının baş rejissoru, respublikanın əməkdar incəsənət xadimi, mərhum Yusif Bağırov idi. Aktyor Məmmədşəfinin daxili aləmini onun istirab və acılarını göstərməklə qorxmaz və dəyanətli eləcə də ləyaqətli bir vətəndaş olduğunu israrla öz ifasında təqdim edə bilirdi. Onun Məmmədşəfisi düz sözün kəsərində qorxmazlığı nümayiş etdirirdi. Aktyor səhnədə maraqlı cizgiləri ilə bir daha Məmmədşəfini ləyaqətli bir şəxs olmaqla yanaşı, həqiqət carcısı kimi təqdim etməyə müvəffəq olurdu.

Zülfüqar Baratzadə həmçinin “Azərbaycanfilm”in istehsal etdiyi bir sıra filmlərdə də maraqlı obrazlar yaradıb. Belə ki, onun kinoya ilk gəlişi Qılman İlkinin “Qalada üsyan” romanı əsasında, kinorejissor Hüseyn Seyidzadənin 1965-ci ildə cəkmiş olduğu “Yenilməz batalyon” filminə təsadüf edir. Çar hökuməti tərəfindən o vaxt ucqar bir ərazi hesab olunan Azərbaycanın kiçik şəhəri Zaqatalaya sürgün edilən “Potyomkin” zirehli gəmisinin üsyankar matrosları ilə yerli inqilabçıların Rusiya imperiyasına qarşı birgə mübarizəsindən bəhs edən filmdə Zülfüqar Baratzadəyə epizodik bir obraz həvalə olunub. Bu filmdən sonra aktyor bir sıra kinorejissorların marağını cəlb edə bilib. 1983-cü ildə kinorejissor Nicat Feyzullayevin çəkmiş olduğu “Yeni evlənənlər”, 1985-ci ildə Mövlud Süleymanlının ssenarisi əsasında kinorejissorlar Ceyhun Mirzəyev və Vaqif Mustafayevin çəkmiş olduqları “Bəyin oğurlanması”, 1989-cu ildə Rüstəm İbrahimbəyovun ssenarisi əsasında kinorejissor Rasim Ocaqovun çəkmiş olduğu “Ölsəm bağışla” və Yusif Səmədoğlunun eyniadlı romanı əsasında ekranlaşdırılan kinorejissor Gülbəniz Əzimzadənin çəkmiş olduğu “Qətl günü” filmlərində bir-birindən maraqlı obrazlar qaleriyası yaradan Zülfüqar Baratzadə maraqlı ekran işləri ilə də daima yaddaşlarda yaşayır.

Deyirlər yaşamaqda bir sənətdir. Taledən hər kəsə bəxş olunan sənət. Əsl insan isə bu ömrü mahir bir sənətkar kimi yaşayır. Zülfüqar Baratzadə ömrü kimi. Şərəflə, ləyaqətlə.

Unudulmaz sənətkar 11 fevral 1991-ci ildə 60 yaşında Gəncədə vəfat edib.

Anar Bürcəliyev,

Teatrşünas

M

Loading...

QALEREYA