Separatçı "Talış-Muğan Respublikası"nın təsisçilərindən biri Fəxrəddin Abbasov həbs edilib

  • 2019-03-01 20:41:45
  • |
  • Ölkə /

Separatçı "Talış-Muğan Respublikası"nın təsisçilərindən biri Fəxrəddin Abbasov həbs edilib

Özünü elan etmiş separatçı "Talış-Muğan Respublikası"nın təsisçilərindən biri Fəxrəddin Abbasov Rusiyadan deportasiya edilib və o, Bakı hava limanında saxlanıb, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

1993-cü ildə Bakı Dövlət Universitetinin müəllimi olmuş Fəxrəddin Abbasov özünü elan etmiş separatçı "Talış-Muğan Respublikası"nın təsisçilərindən biri olub.

O, 1994-cü ildə Azərbaycanı tərk edərək Rusiyaya gedib.

DTX Fəxrəddin Abbasovu Cinayət Məcəlləsinin dövlət əleyhinə yönələn açıq çağırışlar və milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması maddələri ilə ittiham edir.

Məlumatda deyilir ki, Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsi Fəxrəddin Abbasovla bağlı deportasiya qərarı verib.

DTX bildirir ki, Bakı şəhəri Səbail rayon məhkəməsi ötən il iyulun 14-də onun barəsində həbs qətimkan tədbirinin seçilməsi qərarını verib.

"Hazırda F.Abbasovun Ermənistana səfərləri, özünün də bildirməsinə görə, Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistanda keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir", - DTX məlumatında bildirib.

O, təcridxanadan yoxa çıxıb?

DTX-nin bu ittihamlarına Fəxrəddin Abbasovun, onun yaxınlarının münasibəti məlum deyil.

Amma onun Rusiyadakı vəkili Rodion İdrisov Azadlıq Radiosunun rusca xidmətinə deyib ki, fevralın 26-da Fəxrəddin Abbasova Rusiyada sığınacaq verilməsindən imtina edilib. "Ayın 27-də isə saxlandığı İstintaq Təcridxanasından yoxa çıxıb", vəkil deyib.

Rodion İdrisovun sözlərinə görə, fevralın 28-də Moskva vilayətinin Lyuberetsk məhkəməsində proses olmalı idi. O qeyd edib ki, Fəxrəddin Abbasovun maraqlarını qorumaqdan ötrü çox adam yığılsa da, məhkəmə prosesi olmayıb.

Rodibon İdrisovun sözlərinə görə, sonra eşidiblər ki, burada məhkəmə olub. Vəkil əslində məhkəmə olmasına inanmır: "Əgər belə bir proses olsaydı, bundan xəbərimiz olardı. Sonradan sadəcə sənədlər vasitəsilə belə bir görüntü yaradıblar ki, guya onun Azərbaycana ekstradisiyası qanun çərçivəsində baş verib".

Vəkil bildirib ki, eşitdiyinə görə, Fəxrəddin Abbasov Azərbaycan əleyhinə çağırışlarda ittiham edilib.

"Onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsinə gəldikdə isə, istintaq materiallarında belə hal olmayıb",- deyə vəkil bildirib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA