"Rusların düşmənçiliyini unutdurmaq üçün 19 yanvara mitinqə icazə verildi" - SƏRDAR CƏLALOĞLU

"Rusların düşmənçiliyini unutdurmaq üçün 19 yanvara mitinqə icazə verildi" - SƏRDAR CƏLALOĞLU

“Milli Şuranın keçirdiyi mitinqdə 20 Yanvarla bağlı, rusların əleyhinə bəyanat olmadı”; “Axırıncı aşırım”, “Yeddi oğul istərəm” filmləri qadağan olunmalıdır”

20 yanvarda telekanallarda “Axırıncı aşırım”, “Yeddi oğul istərəm” filmləri nümayiş etdirildi. Cəmiyyətdən belə tənqidlər səslənməkdədir ki, Xocalı soyqırımının, 20 Yanvar hadisələrinin ildönümü günlərində efirdə sovet hökumətini, bolşevizmi təbliğ edən filmlərin nümayişi düzgün deyil.

Arqumentlər ondan ibarətdir ki, 20 Yanvar gecəsi sovet tankları Bakıya girərək əliyalın insanları gülləboran edib, telekanallar isə sovet hökumətinin qurulmasını, bolşeviklərin mübarizəsini təcəssüm etdirən məsələn, “Axırıncı aşırım”, “Yeddi oğul istərəm” kimi filmləri efirə verir.

Elə son olaraq 20 Yanvar faciəsinin 29-cu ilində telekanallarda Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizə ilə heç bir ideoloji-mənəvi bağlılığı olmayan filmlər nümayiş etdirildi.

Doğrudur, həmin kinolarımızda böyük sənətkarlar rol alıblar, həmişə maraqla izlənir və tez-tez göstərilir.

Amma bu filmlərin məhz 20 Yanvar günü və yaxud 18 oktyabr Müstəqillik Günü, Milli Dirçəliş günü efirə verilməsi heç bir məntiqə sığışmır. Axı o filmlərin 20 Yanvarla nə əlaqəsi var? Əksinə, tam antaqonist proseslərdir.

Bir tərəfdə sovet hökuməti qurulması üçün mübarizə aparılır, əks tərəfdə isə 70 ildir qurulan Sovet İttifaqının ordusu müstəqillik tələb edən azərbaycanlıları gülləboran edir. Bu mövzuda Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”ın suallarını cavablandırıb.

S.Cəlaloğlu deyib ki, bu, adi məsələ deyil, ruspərəst qüvvələrin işidir: “Həmin qüvvələr iqtidarın müxtəlif tribunalarında və postlarında yer alıblar. Bu siyasətin məqsədi Rusiyanın xalqımıza düşmənçiliyini unutdurmaq, ört-basdır etməkdir. İstəyirlər ki, yenidən ruslarla dostlaşaq, can deyib, can eşidək. Ondan sonra Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv etsinlər, rusların 100 il qabaqkı pisliklərini yaddaşlardan silsinlər. Ona görə də işğala haqq verilən filmlər nümayiş olunur. “Yeddi oğul istərəm” filmi dinimizə, mədəniyyətimizə bir üsyandır. Onu göstərirlər, amma “Cavadxan” filmi nümayiş olunmur. Niyə? Çünki ruspərəstlərin xoşuna gəlmir. Hesab edirəm ki, bu siyasət təhlükəli tendensiyadır və Qarabağın təslim edilməsinə, Rusiyanın xalqımıza qarşı işğal siyasətini unutdurub münasibətlərin yaxınlaşmasına hesablanıb. Azərbaycanı təzədən Rusiyanın qucağına aparmaq istəyirlər, işğal prosesinin təkrarlanmasını istəyirlər. Həmin filmlərin göstərilməsi ilə bərabər Qarabağ mitinqinə razılıq verilməməsi də eyni siyasətin ssenarisidir, tərkib hissəsidir. Çünki Qarabağ mitinqi ruspərəstlərin əleyhinədir. Amma Mehman Hüseynova azadlıq tələbi ilə mitinq keçirilməsi onların indiki məqamda, özü də 19 yanvarda maraqlarına uyğundur. Bununla rus qoşunlarının 20 Yanvar gecəsi Azərbaycan xalqına divan tutmasını arxa planda saxlayırlar, iqtidarın ölkədə insan haqlarını pozması təsəvvürünü yaradırlar. Bu siyasətin nədən ibarət olduğunu uşaq anlamaz, biz anlayırıq”.

- Yəni, Milli Şura bu mitinqdə ruspərəst qüvvələrin əlinə oynayıb?

- Siz zamana, şüarlara baxın. Rusların düşmənçiliyini unutdurmaq üçün 19 yanvara mitinqə icazə verildi. Niyə Qarabağ Komitəsinin mitinqinə icazə vermədilər? 20 Yanvarda rusların Bakıya girməsi ilə komsomol hərəkatının bəylərimizə, zadəganlarımıza hücumu arasında nə fərq var? Mən bir müddət əvvəl Səməd Vurğunun “Komsomol” poemasının qadağan olunmasını təklif eləmişdim. Etiraz edənlər olmuşdu. İndi hamı dediyimə gəlir. Bu gün də o fikirdəyəm ki, o filmlər efirdə qadağan olunmalıdır. Bizim xalqımızın tarixinə qarşı olan bu filmlər nə üçün nümayiş etdirilməlidir? Niyə Nadir şah, Qacar şah, Şah İsmayıl Xətai barəsində filmlər vermirlər? Fətəli xanın ruslara qarşı mübarizəsinə dair film var, nə üçün nümayiş olunmur? “Cavadxan” filmini niyə göstərmirlər? Bu suallara cavab verilməlidir.

- Yəni, hesab edirsiz ki, həm “Axırıncı aşırım” filminin nümayişi, həm 19 yanvar mitinqi 20 Yanvar faciəsini unutdurmaq mahiyyəti daşıyır?

- Mitinq iştirakçıları bu məsələdə yetkin olmaya bilər. Amma “Mehmana azadlıq” şüarı ilə 19-da mitinq keçirmək rus qoşunlarının Bakıya soxulması hadisəsini arxa plana keçirmək idi. Qarabağa azadlıq tələbi ilə mitinq keçirilməsinə qoymurlar, amma 19-da “Mehmana azadlıq” aksiyasına icazə verir. Qarabağın azadlığı vacibdir, yoxsa Mehmanın? Mən demirəm ki, Mehman azad olunmasın. Amma sən niyə Qarabağ mitinqini ikinci dərəcəli sayırsan, icazə vermirsən? Əksinə, Milli Şura Qarabağ mitinqinə icazə verilmədiyi üçün 19 yanvar mitinqindən imtina etməliydi. Diqqət edin, son 10 ildə biz Şəhidlər Xiyabanına rahatlıqla ziyarətə gedirdik. Amma bu dəfə 4 saata gedib çıxdıq.

- Düşünürsünüz ki, sülhə hazırlıq prosesinin davamıdır?

- Əlbəttə. Nazirlərin Paris görüşü də xalqların sülhə hazırlanmasıdır. Biz Qarabağ mitinqində torpaqlarımızın azadlığını tələb edirik, bunlar sülhə hazırlaşırlar. Deyirlər ki, Qarabağdan danışma. Sən necə sülh danışıqları aparırsan ki, işğal edilmiş torpaqlarında hələ də erməni qoşunları var?! Sən beynəlxalq konvensiyanın şərtlərini özün pozursan. Orada qeyd olunur ki, torpaqları işğala məruz qalan ölkə ərazilərini istənilən yolla azad etmək hüququna malikdir. Bəs sən kimsən ay Elmar Məmmədyarov? Niyə xeyrimizə olan beynəlxalq hüquqdan imtina edirik? Düşünürlər ki, Qarabağı verək, KTMT-yə üz olaq, axı o halda Ermənistanın iddialarını yerinə yetirməliyik. Ona görə də 19 yanvar mitinqi rus qoşunlarının 20 Yanvar gecəsi törətdiyi cinayətləri ikinci planda saxlamaqdır və Milli Şuranın keçirdiyi mitinqdə 20 Yanvarla bağlı, rusların əleyhinə bəyanat olmadı. Xalqı təslimçi sülhə hazırlayırlar.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA