Sərdar CƏLALOĞLU: "Azərbaycanda çox təhlükəli proses baş verə bilər" - MÜSAHİBƏ

Sərdar CƏLALOĞLU: "Azərbaycanda çox təhlükəli proses baş verə bilər" - MÜSAHİBƏ

"İqtidarın daxilində çat və parçalanma getdikcə daha da dərinləşir, oliqarxların maraqları artıq barışmaz xarakter alıb"

"Ölkəmizin daxili işlərinə ən aktiv şəkildə qarışan dövlətlərdən biri məhz Rusiyadır"

“Bu, açıq şəkildə onu göstərir ki, Azərbaycan iqtidarı özü də Rusiya və başqa dövlətlərin ölkənin daxili işlərinə qarışmasından çox narahatdır”

Sentyabrın 11-də Ana Vətən Partiyasının təşkilatçılığı ilə "Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı" mövzusunda dəyirmi masa keçirilib. Qeyd edək ki, sözügedən tədbirdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, həmçinin media və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirin sonunda isə dəyirmi masa iştirakçıları bəyanat qəbul ediblər.

Bəyanatda bildirilir: "Biz, "Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi" mövzusunda təşkil edilmiş "Dəyirmi Masa"nın iştirakçıları olan siyasi partiyaların, vətəndaş cəmiyyətinin təmsilçiləri, media rəhbərləri və müstəqil siyasi ekspertlərin bu gün beynəlxalq aləmdə, o cümlədən regionda baş verən mürəkkəb və həssas prosesləri, real imkan və perspektivləri hərtərəfli müzakirə edərək, Azərbaycanın müstəqilliyinin, eləcə də dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, taleyüklü məsələlərdə milli həmrəyliyimizin tam şəkildə bərqərar edilməsi, xalqımızın həyat səviyyəsinin, dövlətimizin iqtisadi və hərbi potensialının, beynəlxalq aləmdə nüfuzunun və təsir imkanlarının daha da gücləndirilməsi məqsədilə aşağıdakıları bəyan edirik:

- Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi istiqamətində hərb yolu da daxil olmaqla atılacaq addımları birmənalı şəkildə müdafiə edəcəyimizi bəyan edir;

- siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın ordu qurculuğuna və silahlı qüvvələrimizə hərtərəfli və birmənalı dəstəyinin zəruriliyini ifadə edir;

- ölkədə həyata keçiriləcək islahatları dəstəkləyir, ardıcıl və davamlı olmasını vacib sayır;

- vətəndaş sülhü və milli həmrəylik istiqamətində birgə fəaliyyətin göstərilməsinin zəruriliyini nəzərə alaraq, siyasi mübarizədə etik normaları gözləməyə, milli-mənəvi və əxlaqi dəyərlərimizə zidd əməllərə yol verməməyə, eyni zamanda davamlı dialoq mühitinin yaradılmasına, sosial şəbəkələrdə, o cümlədən kütləvi informasiya vasitələrində təhqir, böhtan və şayiə xarakterli məlumatlar yaymamağa çağırır;

- respublikamızda keçirilən seçkilər zamanı bu prosesə beynəlxalq hüquqa zidd hər hansı xarici müdaxilənin yolverilməz olduğunu xüsusi vurğulayır və belə müdaxilə cəhdlərinə qarşı birgə fəaliyyəti zəruri saydığımızı bildiririk".

Məsələnin maraqlı tərəfi ondadır ki, Müsavat Partiyasının başqanı Arif Hacılı və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğluna dəvət göndərilsə də, onlar dəyirmi masaya qatılmayıb. Odur ki, bugünkü sayımızda ADP sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə həm bu barədə, həm də bəyanatda qeyd olunan məqamlar və digər önəmli məsələlərlə bağlı söhbətləşdik.

"İqtidardakı bəzi oliqarxlar əllərindəki hakimiyyəti itirməmək üçün xarici dövlərlərin ölkəmizin daxili işlərinə qarışması üçün zəmin hazırlayır"

- Sərdar bəy, ilk öncə ondan başlayaq ki, belə bir görüşün keçirilməsi hansı zərurətdən irəli gəlib?

- Görüşün əsas predmeti, yəni belə bir tədbiri zəruri edən məhz xarici qüvvələrin Azərbaycanın daxili işinə qarışması ilə bağlıdır. Bildiyiniz kimi, bütün dünyada belədir ki, nəhəng dövlətlər bu və başqa kanallarla digər ölkələrin işinə qarışır, onları öz maraqlarına uyğun istiqamətləndirirlər. Qeyd edim ki, bir qayda olaraq xarici dövlətlərin hər hansı bir ölkənin işinə qarışmasının iki səbəbi var. Birincisi, müxalifətin, ikincisi isə iqtidarın fəaliyyəti nəticəsində qarışa bilər. Yəni o iqtidarlarki xalqdan qorxur, qeyri-legitimdir və ölkə konstitusiyasına məhəl qoymadan cinayətlər törədir, adətən onlar xarici dövlətlərə meyl edirlər və həmin ölkələri öz dövlətlərinin daxili işlərinə qarışmalarına şərait yaradırlar. Məsələn, Bəşər Əsəd Rusiyanı Suriyaya dəvət etdi. Bununla da Rusiya dedi ki, biz Bəşər Əsədin dəvəti ilə gəlmişik. Beləliklə, faktiki olaraq Suriyada iqtidar-müxalifət münasibətlərinə məhz hakimiyyətin dəvətiylə İran və Rusiya qoşulub. Bundan sonra isə müxalifət Türkiyə və ABŞ-ı dəvət edib. Bununla da həm müxalifət, həm də iqtidar tərəfi ölkənin daxili işlərinə xarici qüvvələrin qarışmasına şərait yaratdı. Bəzi ölkələrdə yalnız iqtidarlar xarici qüvvələrin müdaxiləsinə zəmin yaradır, onları dəvət edirlər. Misal kimi Əfqanıstanı göstərmək olar. Belə ki, orda müxalifət heç bir xarici dövlətin Əfqanıstanın daxili işlərinə qarışmasına çalışmayıb. Lakin iqtidar "Taliban"a qarşı mübarizədə Rusiya, ABŞ və digər ölkələrin dəstəyindən istifadə edir.

Azərbaycana gəlincə, həm iqtidardakı bəzi oliqarxlar əllərindəki hakimiyyəti itirməmək üçün xarici dövlərlərin ölkəmizin daxili işlərinə qarışması üçün zəmin hazırlayır, həm də müxalifətdə müəyyən kəsimlər var ki, ya ideologiyalarına görə xarici dövlətlərlə üst-üstə düşən mövqedədirlər, yaxud da bu və başqa şəkildə xarici ölkələrdən dəstək ala bilərlər. Həmin dövlətlər isə bu və başqa şəkildə Azərbaycanın daxili işlərinə qarışa bilər. Yəni məsələ olduqca ciddi və problematikdir.

"Kremlin ölkəmizin daxili işlərinə qarışması Azərbaycan iqtidarının fəaliyyəti ilə bağlıdır, ola bilsin ki, müxalifətdə də kimlərsə zaman-zaman Rusiyanın dəstəyinə müraciət edib"

- Sizcə, sözügedən tədbirin Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Azərbaycana səfərindən dərhal sonra gündəmə gəlməsi nədən xəbər verir?

- Bu, açıq şəkildə onu göstərir ki, Azərbaycan iqtidarı özü də Rusiya və başqa dövlətlərin ölkənin daxili işlərinə qarışmasından çox narahatdır. Bildiyiniz kimi, 2016-cı ilin aprel döyüşlərində iqtidarın mövqeyi bu oldu ki, aprel döyüşləri ancaq Rusiyanın təzyiqi nəticəsində saxlanıldı. Yəni Rusiya Azərbaycanın daxili işlərimizə o dərəcədə qarışır ki, beynəlxalq hüquqla bizə verilmiş öz ərazilərimizi istənilən üsulla azad etmə hüquqlarımızı əlimizdən alır. Bu gün Rusiya Azərbaycanın əl-qolunu bağlayır və Ermənistana isə hər cür dəstək verir, dünyada da belə bir illüziya yaradır ki, guya ermənilər azərbaycanlılara qalib gəlib. Bizə qalib gələn Rusiyadır. Rusiya nəhəng dövlətdir, başdan ayağa silahlanıb və əsas məqsədi Azərbaycan xalqını ermənilərin qarşısında məğlub vəziyyətə salmaq, torpaqlarımız hesabına yaratdığı Ermənistanın sərhədlərini genişləndirmək, bununla da Cənubi Qafqazda Rusiyanın maraqlarına qul kimi xidmət edən "marionetka" dövlət yaratmaqdır. Qeyd edim ki, ermənilərin ümumiyyətlə Qafqaz xalqlarına aidiyyatı yoxdur. Onlar bu regiona gəlmədir və demək olar ki, bütün tarixləri boyu ayrı-ayrı xalqların maraqlarına xidmət etməklə başını girələyən qaraçı kimi bir xalqdır. İndi ruslar onlara burada torpaq veriblər və Qafqazda özləri üçün dövlət yaradıblar. Bütün bunları nəzərə alaraq, bilməliyik ki, bu gün Azərbaycanın daxili işlərinə ən aktiv şəkildə qarışan dövlətlərdən biri məhz Rusiyadır. Kremlin ölkəmizin daxili işlərinə qarışması Azərbaycan dövlətinin, iqtidarının fəaliyyəti ilə bağlıdır. Ola bilsin ki, müxalifətdə də kimlərsə zaman-zaman Rusiyanın dəstəyinə müraciət edib. Məsələn, Rüstəm İbrahimbəyov, "Milyarderlər ittifaqı" və Milli Şura məsələsi ortaya çıxanda biz açıq şəkildə bildirdik ki, bu, Rusiyanın planıdır və əsas məqsəd Azərbaycanın daxili işlərinə qarışmaqdır. Bundan başqa, uzun müddət Rusiya prezidenti Vladimir Putinin müşaviri olmuş Söyün Sadıqov dəfələrlə Azərbaycan hökumətini təhdid edən bəyanatlar verib. Bu, elə Azərbaycanın daxili işlərinə qarışmaq deməkdir. Bu baxımdan, problem olduqca kəskindir. Elə buna gör də bu problem yavaş-yavaş gündəmə gəlir. Onu da qeyd edim ki, Azərbaycanda sosial-iqtisadi vəziyyət durmadan ağırlaşır, artıq iqtidar əvvəlki üsullarla xalqı idarə etmək imkanına malik deyil, xaricdəki bloqqerlərin fəaliyyəti isə artıq hakimiyyətin informasiya blokadasını tamamilə dağıdıb. Bundan başqa, iqtidarın daxilində çat və parçalanma getdikcə daha da dərinləşir, oliqarxların maraqları nəinki toqquşur, artıq barışmaz bir ziddiyyət xarakter alıb.

"Müəyyən qüvvələr Suriya, İraq və Əfqanıstandakı kimi xarici qüvvələrin Azərbaycanın daxili işlərinə qarışması üçün çalışacaqlar"

- Necə düşünürsünüz, hazırda yaşanan proseslər nəyə doğru gedir? Ölkəmizi hansı təhlükələr gözləyir?

- Əgər belə davam edərsə, o zaman günün birində Azərbaycanda çox təhlükəli bir prosesin baş verə biləcəyi ehtimalı var. Və bu hadisədə də müəyyən qüvvələr Suriya, İraq, Əfqanıstandakı kimi xarici qüvvələrin Azərbaycanın daxili işlərinə qarışması üçün çalışacaqlar. Qeyd edim ki, müsəlman ölkələri üçün eyni bir model var: İqtidar-müxalifət münaqişəsini qızışdırmaq, onu müəyyən bir konfliktli vəziyyətə gətirmək və bundan sonra ya müxalifətin, ya da iqtidarın dəvətiylə qoşunları yetirmək. Əfqanıstan, Suriya, İraq, Yəmən, Liviya və Misirlə bağlı məhz bu modeldən istifadə olunub. Eləcə də bu gün Türkiyəyə qarşı mübarizə aparan PKK terror təşkilatı ABŞ və Avropanın dəstəyindən istifadə edərək onların Türkiyənin daxili işlərinə qarışmalarına çalışırlar. Odur ki, Azərbaycan həm goepolitika, həm mədəniyyət cəbhələşməsi baxımından bu siyasətin, yəni daxili işlərinə qarışılan ölkələr siyahısına daxildir, riski böyükdür.

"Bütün bunları nəzərə alaraq, düşünürəm ki, sentyabrın 11-də baş tutan tədbir iqtidarın bilavasitə razılığı ilə keçirilib"

- Sərdar bəy, sentyabrın 11-də baş tutan dəyirmi masanın yalnız Ana Vətən Partiyasının təşəbbüsü olduğu inandırıcıdırmı? Sizə elə gəlmir ki, sözügedən tədbir məhz iqtidarın istəyi ilə reallaşıb?

- Şəxsən mən düşünmürəm ki, həmin tədbir yalnız Ana Vətən Partiyasının təşəbbüsü ilə baş tutub. Çünki əgər Ana Vətən Partiyası təşəbbüs göstərir və Yeni Azərbaycan Partiyası orada ən yüksək səviyyədə təmsil olunursa, bu, o deməkdir ki, Azərbaycan iqtidarının özünün də bilavasitə bu tədbirin keçirilməsində xüsusi marağı var. Bundan başqa, tədbir açılarkən ilk sözün Əli Əhmədova verilməsi, onun isə sanki hansısa simpoziumdakı kimi geniş və hərtərəfli çıxış etməsi, digərlərindən fərqli olaraq ona reqlamentin qoyulmaması göstərir ki, bu, iqtidar tədbiridir. Əks halda, digərləri kimi tədbir iştirakçısı olan Yeni Azərbaycan Partiyası nədən ilk söz hüququna, digər partiyalardan üstün mövqeyə malik olmalıdır?! Qeyd edim ki, dəyirmi masada səsləndirilən fikirlərə də Əli Əhmədov bu və başqa cür vacab verirdi. Bütün bunları nəzərə alaraq, düşünürəm ki, sentyabrın 11-də baş tutan həmin tədbir iqtidarın bilavasitə razılığı ilə keçirilib. Lakin buna rəğmən, həmin tədbirə iqtidar-müxalifət dialoqu demək olmaz. Bu, ortalığa çıxarılan problem ətrafında aparılan diskusiya idi. Düzdüz, o qədər geniş formatda təşkil edilmişdi ki, həmin formatda bu cür ciddi bir məsələ ətrafında produktiv müzakirələr aparmaq mümkün deyil. Bildiyiniz kimi, tədbir "Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı" mövzusunda idi. Adından da göründüyü kimi, burada söhbət siyasi proseslərdən və partiyalardan gedir. Odur ki, həmin tədbirə mətbuat nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin çaxırılmasının heç bir mənası yoxdur. Həmin tədbirə Azərbaycandakı siyasi prosesin tərəfləri olan siyasi qüvvələr çağırılmalı idi. Onlar da öz mövqelərini ifadə etməli idilər. Yəni məhz siyasi partiyaların iştirakı ilə kimlərin xarici qüvvələrlə bu və digər formada əlaqədə olması, kimlərin hansı ölkənin Azərbaycanın daxili işlərinə qarışmasına çalışması kimi məsələlər daha ciddi şəkildə müzakirə edilməliydi. Təbii ki, uzun fasilədən sonra ilk görüş idi. Biz burda elə də qeyri-adi dərəcədə bir nəticə gözləmirik. Lakin bu görüşün əhəmiyyəti ondan ibarət oldu ki, ilk dəfədir iqtidar etiraf etdi ki, Azərbaycanın daxili işlərinə, siyasi proseslərə xarici qüvvələr madaxilə edə bilər. Halbuki indiyədək iqtidar deyirdi ki, heç kim bizə söz deyə, işimizə qarışa bilməz. İndi isə özləri müzakirəyə çıxarıblar ki, xarici dövlətlər siyasi proseslərə müdaxilə edə bilərlər. Deməli, əvvəlki hay-küy, neftdən gələn gəlirlərin yaratdığı eyforiya bitib və indi artıq çılpaq reallıqlar var.

"Belə bir nəticə çıxarmaq olar ki, həmin tədbirdə iştirak etməyənlər ya xarici qüvvələrin Azərbaycanın daxili işlərinə qarışmasında maraqlıdır, ya da onlar dövlətin qarşı-qarşıya qaldığı strateji təhlükələr haqda təsəvvürlərə malik deyillər"

- Bu prosesləri inkişaf etdirib iqtidar-müxalifət dialoqu müstəvisinə çıxarmaq mümkündürmü? Belə bir gözləntiniz varmı?

- Tədbirdə belə bir fikir ifadə edildi ki, bu gün burada iştirak etməyən siyasi qüvvələrin də iştirakı təmin edilsin, daha ciddi və real müzakirələr təşkil olunsun. Təbii ki, prosesləri inkişaf etdirib siyasi dialoq müstəvisinə çıxarmaq da olar. Ümumiyyətlə, hansı cəbhədə durmasından asılı olmayaraq, milli qüvvələrin bir araya gəlməsini, millətin və dövlətin qarşısında duran prosesləri müzakirə etməsini alqışlamalıyıq. Bu, çox mütərəqqi bir addımdır. Təəssüf edirəm ki, bir çox müxalif qüvvələr siyasi səbasızlıq nümayiş etdirərək bu tədbirdə iştirak etməmişdilər. Buradan belə bir nəticə çıxarmaq olar ki, həmin tədbirdə iştirak etməyənlər ya xarici qüvvələrin Azərbaycanın daxili işlərinə qarışmasında maraqlıdır, ya da onlar Azərbaycan dövlətinin qarşı-qarşıya qaldığı strateji təhlükələr haqda təsəvvürlərə malik deyillər. Qeyd edim ki, mən başqalarından fərqli olaraq "kimlərsə ora gəlirsə mən də gəlim, kimlərsə gəlmirsə mən də gəlməyim" kimi mövqeyin tərəfdarı deyiləm. Məsələn, o qədər tədbir olub ki, Arif Hacılı, Əli Kərimli orada iştirak edib, lakin mən iştirak etməmişəm. Yəni mən özümün iştirakçılığımı başqa partiyaların iştirakçılığı ilə əlaqələndirmirəm. Əgər tədbirdə müxalifət cəbhəsindən təkcə mən olsaydım belə, yenə də iştirak edəcəkdim. Çünki belə bir ciddi problem müzakirəyə çıxarılırsa, iqtidar tərəfindən də belə bir narahatlıq varsa, mən Azərbaycan dövlətçilik mövqeyində durmuşamsa həmin tədbirdə mütləq iştirak etməli və sözümü deməliyəm.

(Ardı var)

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org