Sərdar CƏLALOĞLU: "Həmin bəyanata qol çəkməyən adamlar vətən xainləridir" - MÜSAHİBƏ

Sərdar CƏLALOĞLU: "Həmin bəyanata qol çəkməyən adamlar vətən xainləridir" - MÜSAHİBƏ

"Əgər Azərbaycan iqtidarı öz əli, öz başı olsa, yəni Rusiya maneçilik törətməsə, iki həftə ərzində işğal olunmuş ərazilərimizi azad edə bilərik"

"İqtidar islahat keçirmədiyi halda deyir ki, islahat aparırıq, camaat da deyir ki, onsuz da islahatın heç bir xeyri yoxdur, ancaq inqilab lazımdır"

"Xaricdəki bloqqerlərin meydana gəlməsi hakimiyyətin özünün əməllərinin, ölkədə informasiya vakuumu yaratmasının nəticəsidir"

Sentyabrın 11-də Ana Vətən Partiyasının təşkilatçılığı ilə "Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı" mövzusunda dəyirmi masa keçirilib. Qeyd edək ki, sözügedən tədbirdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, həmçinin media və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirin sonunda isə dəyirmi masa iştirakçıları bəyanat qəbul ediblər.

Bəyanatda bildirilir: "Biz, "Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi" mövzusunda təşkil edilmiş "Dəyirmi Masa"nın iştirakçıları olan siyasi partiyaların, vətəndaş cəmiyyətinin təmsilçiləri, media rəhbərləri və müstəqil siyasi ekspertlərin bu gün beynəlxalq aləmdə, o cümlədən regionda baş verən mürəkkəb və həssas prosesləri, real imkan və perspektivləri hərtərəfli müzakirə edərək, Azərbaycanın müstəqilliyinin, eləcə də dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, taleyüklü məsələlərdə milli həmrəyliyimizin tam şəkildə bərqərar edilməsi, xalqımızın həyat səviyyəsinin, dövlətimizin iqtisadi və hərbi potensialının, beynəlxalq aləmdə nüfuzunun və təsir imkanlarının daha da gücləndirilməsi məqsədilə aşağıdakıları bəyan edirik:

- Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi istiqamətində hərb yolu da daxil olmaqla atılacaq addımları birmənalı şəkildə müdafiə edəcəyimizi bəyan edir;

- siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın ordu qurculuğuna və silahlı qüvvələrimizə hərtərəfli və birmənalı dəstəyinin zəruriliyini ifadə edir;

- ölkədə həyata keçiriləcək islahatları dəstəkləyir, ardıcıl və davamlı olmasını vacib sayır;

- vətəndaş sülhü və milli həmrəylik istiqamətində birgə fəaliyyətin göstərilməsinin zəruriliyini nəzərə alaraq, siyasi mübarizədə etik normaları gözləməyə, milli-mənəvi və əxlaqi dəyərlərimizə zidd əməllərə yol verməməyə, eyni zamanda davamlı dialoq mühitinin yaradılmasına, sosial şəbəkələrdə, o cümlədən kütləvi informasiya vasitələrində təhqir, böhtan və şayiə xarakterli məlumatlar yaymamağa çağırır;

- respublikamızda keçirilən seçkilər zamanı bu prosesə beynəlxalq hüquqa zidd hər hansı xarici müdaxilənin yolverilməz olduğunu xüsusi vurğulayır və belə müdaxilə cəhdlərinə qarşı birgə fəaliyyəti zəruri saydığımızı bildiririk".

Məsələnin maraqlı tərəfi ondadır ki, Müsavat Partiyasının başqanı Arif Hacılı və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğluna dəvət göndərilsə də, onlar dəyirmi masaya qatılmayıb. Odur ki, bugünkü sayımızda ADP sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə həm bu barədə, həm də bəyanatda qeyd olunan məqamlar və digər önəmli məsələlərlə bağlı söhbətləşdik.

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/serdar_clalolu_quotazerbaycanda_cox_tehlukeli_proses_bas_vere_bilerquot_-_msahib)

"İqtidar torpaqlarımızı azad etmək məqsədiylə hərbi yola baş vursa və Rusiya buna razı olmasa, müxalifəti bu məsələyə qoşaraq hakimiyyətin başını qatmağa çalışsa, o zaman ADP iqtidarın yanında olacaq!"

- Sərdar bəy, sözügedən dəyirmi masada qəbul edilən bəyanatda deyilir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi istiqamətində hərb yolu da daxil olmaqla atılacaq addımları birmənalı şəkildə müdafiə edəcəyimizi bəyan edir. Bu, yaxın vaxtlarda müharibənin başlayacağını deməyə əsas verirmi?

- Bildiyiniz kimi, Azərbaycan tərəfi dəfələrlə işğal altında olan ərazilərimizi hərbi yollarla azad etməyə cəhd edib. Buna misal kimi 2016-cı ilin aprel döyüşlərini göstərmək olar. Sadəcə olaraq, hər dəfəsində Rusiya buna imkan verməyib. Məhz bu səbəbdən də açıq şəkildə bəyan edirəm ki, əgər Azərbaycan iqtidarı öz əli, öz başı olsa, yəni Rusiya hər hansı bir şəkildə maneçilik törətməsə, o zaman biz iki həftə ərzində işğal olunmuş ərazilərimizi azad edə bilərik. Lakin qeyd etdiyim kimi, Kreml buna imkan vermir, torpaqlarımızı qaytarmağımızı istəmir. Buna görə də həmin tədbirdə qəbul edilən bəyanatın ismarıcı ondan ibarətdir ki, əgər Azərbaycan iqtidarı torpaqlarımızı hərbi yollarla işğaldan azad etməyə qərar verərsə və bu zaman Rusiya rəsmi Bakıya təzyiq göstərərsə, bu işdə müxalifətdə təmsil olunan bəzi qüvvələrdən istifadə edərsə, biz birmənalı şəkildə Azərbaycan iqtidarının yanında olacağıq. Bu, çox ciddi bəyanatdır. Yəni biz iqtidarı arxayın salmalıyıq ki, Azərbaycan dövlətinin maraqlarına uyğun olaraq işğal olunmuş ərazilərimizi hərbi yolla azad etmək istəyərkən, sənə hər hansı bir xarici dövlət təsir etmək, təzyiq göstərmək istədikdə və bu zaman müxalifətdən istifadəyə qərar verərsə, onda biz sənin yanında olacağıq. Başqa partiyaları deyə bilmərəm, lakin mən həmin bəyanata imza atmışam və bəyan edirəm ki, əgər sabah Azərbaycan iqtidarı torpaqlarımızı azad etmək məqsədiylə hərbi yola baş vursa və Rusiya buna razı olmasa, müxalifəti bu məsələyə qoşaraq hakimiyyətin başını qatmağa çalışsa, o zaman Azərbaycan Demokrat Partiyası iqtidarın yanında olacaq! Bu, o deməkdir ki, iqtidarın Dağlıq Qarabağla bağlı apardığı siyasətdə xarici təzyiqlər zamanı müxalifət onun yanında olacaq, xarici qüvvələrin alətinə çevrilməyəcək.

"Ölkədə heç bir islahat getmədiyi halda, iqtidar hər hansı bir hərəkəti islahat kimi təqdim edir ki, bu da özlüyündə olduqca təhlükəlidir"

- Fikirlərinizdən belə aydın olur ki, sözügedən bəyanat Azərbaycan tərəfinin Dağlıq Qarabağla bağlı apardığı siyasətdə daha güclü mövqeyə sahib olması, Rusiya və digər xarici qüvvələrin təsirlərinin azaldılması baxımından olduqca önəmlidir. Elə isə müxalifət düşərgəsində təmsil olunan digər partiyaların həmin tədbirdə iştirak etməmələrini necə başa düşmək olar?

- Bəli, bu bəyanat çox önəmlidir. Bu səbəbdən də hesab edirəm ki, həmin bəyanata qol çəkməyən adamlar vətən xainləridir. Yeri gəlmişkən, tədbirdə bir layihə təqdim etmişdilər və orada bir neçə prinsipial məsələ vardı ki, biz onlarla razılaşmadıq. Çox sağ olsunlar ki, təklifimizi nəzərə alıb dəyişiklik etdilər. Onun biri bu idi ki, guya Azərbaycan iqtidarı Dağlıq Qarabağın azad edilməsi ilə bağlı qətiyyətli mübarizə aparır. Axı hansı qətiyyətli mübarizədən söhbət gedir? Bir şey ki, Rusiya deyir otur yerində, oturur. Buna rəğmən, ermənilərin işğal olunmuş ərazilərimizdə məskunlaşması hələ də davam edir. Hətta Ermənistan rəhbərliyinin Dağlıq Qarabağla bağlı bəyanatlarına adekvat bəyanat verilmir. İkincisi, məsələni belə qoymuşdular ki, xarici qüvvələr Azərbaycanda seçki proseslərinə müdaxilə etməməlidir. Biz dedik ki, seçki proseslərinə müdaxilə beynəlxalq öhdəlikdir. Yəni beynəlxalq təşkilatlar seçkilərin ədalətli, demokratik şəkildə keçirilməsinə müdaxilə etməlidir. Buna görə də təklif etdik ki, siyasi proseslərə müdaxilə məsələsi müzakirə olunsun. Üçüncüsü, layihədə qeyd olunurdu ki, guya Azərbaycan iqtidarı hansısa bir islahatlar aparır, həmin islahatların genişlənməsinə biz dəstək verək. Bununla da razılaşmadıq. Axı islahat yoxdur axı. Bundan əvvəl də bir neçə dəfə bildirmişəm ki, ölkədə heç bir islahat getmədiyi halda, iqtidar hər hansı bir hərəkəti islahat kimi təqdim edir. Bu isə özlüyündə olduqca təhlükəlidir.

""İnqilab təhlükəlidir, bura xarici müdaxilələr ola, nəticədə müstəqilliyimizi itirə, suverenliyimiz məhdudlaşa, əlavə ərazilər itirə bilərik" dedikdə heç kəs buna qulaq asmır, çünki..."

- Daha ətraflı izah etsəniz, söhbət hansı təhlükədən gedir? Sizcə, bu halda nələr baş verə bilər?

- Yəni bu zaman xalqda belə bir təsəvvür yaranır ki, artıq bu ideyanın, islahatın heç bir xeyri yoxdur. Məsələn, ölkədə islahatlar keçirilmədiyi halda iqtidar və iqtidarı dəstəkləyən qüvvələr deyirlər ki, islahatlar keçirilir. Belə olan halda biz insanlara "İnqilab təhlükəli yoldur, biz yalnız islahatlar yolu ilə Azərbaycanda prosesləri dəyişə bilərik" dedikdə, bildirirlər ki, iqtidar islahatlar keçirir, lakin bunun heç bir nəticəsi yoxdur. Yəni yalandan "islahatlar keçiririk" deməklə xalqın islahatlara inamı azalır və bu, təhlükəli proseslərə zəmin yaradır. Buna görə də həmin tədbirdə dedim ki, iqtidar hətta öz maraqlarına zidd addım atır. Yəni iqtidar islahat keçirmədiyi halda deyir ki, islahat aparırıq, camaat da deyir ki, onsuz da islahatın heç bir xeyri yoxdur, ancaq inqilab lazımdır. Ona görə də inqilab tərəfdarları günbəgün artır. Bu onu göstərir ki, Azərbaycanda ictimai rəy radikallaşıb. Yəni xalq sənin dost və ya düşmən olmağına baxmır, radikal çıxış edirsənsə sənin arxandadır. Bu isə çox təhlükəlidir. Bu gün də ictimai rəy radikallaşmaqda davam edir və bu səbəbdən də kütlə bizim ölkəni real təhdid edən problemlərlə bağlı heç bir ideyamızı qəbul etmir. Məsələn, "İnqilab təhlükəlidir, bura xarici müdaxilələr ola, nəticədə Azərbaycan müstəqilliyini itirə, suverenliyimiz məhdudlaşa, əlavə ərazilər itirə bilərik" dedikdə heç kəs buna qulaq asmır. Çünki radikal qüvvələr ancaq "asaq, kəsək, iqtidarı yıxaq, cəzalandıraq" kimi şüarlardan istifadə edir. Təəssüf ki, əhali də getdikcə radikallığa meyl etdikcə ölkədə inqilabi vəziyyət yaranır. Məşhur filosof Engelsin bir sözü var: "İnqilablar ya betinlərdə olacaq, ya da olmayacaq". Beyinlərdə inqilabın olmasının əsas əlaməti isə ictimai rəyin radikallaşması, destruktivliyin artması, şüarların daha çox təhdidedici, yəni siyasi formadan kənara çıxaraq cinayət xarakteri almasıdır. Necə ki, selin qabağında çör-çöp gələr, eynilə inqilabların da əvvəlində zir-zibil gəlir. Rus inqilabı da bunu sübut elədi. Belə ki, cinayətkarların böyük əksəriyyəti inqilaba daxil oldu. Götürək, elə Stalini. Hamıya bəllidir ki, o, bank oğrusu idi. Çünki cinayətkar da, həqiqətən demokratik təfəkkürlü insan da azadlıq istəyir. Azadlıq istədikdə isə demokratlarla cinayətkarlar özləri istəməsə də bir çox hallarda eyni müstəvidə olurlar.

"Təcili olaraq dövlət və özəl telekanallar müxalifətin üzərinə açılmalı, debatlar başlamalı, hətta ayrıca monoloqlar olmalı, ölkənin ciddi problemləri ilə bağlı elmi müzakirələr təşkil edilməlidir"

- Necə düşünürsünüz, müxalifət ictimai rəyin radikallaşmasının qarşısını almaq üçün hansı addımlar atmalıdır?

- Əvvəla, onu qeyd edim ki, bizə xalqı daxildə istiqamətləndirməyə, vətəndaşları maarifləndirməyə imkan vermirlər. Baxın, bu gün Azərbaycan telekanalları mənasız verilişlərlə efiri doldurmaqla məşğuldur. Xalqa lazım olan informasiya verilmir. Halbuki müxalifətin telekanallara çıxışı təmin olunmalı, efirdə debatlar təşkil edilməlidir. Yəni xalq söyüş söyənlərə qulaq asmaq əvəzinə, Əli Əhmədovla Sərdar Cəlaloğlunun dialoquna qulaq asmalı və özü üçün haqq-ədaləti müəyyən etməlidir. Biz iqtidarla nə qədər kəskin mövqedə dursaq belə, inqilab, destruktivlik, ölkədə qarşıdurma məsələsində həmişə bunun əleyhinə olmuşuq və bu gün də bu mövqedəyik. Yəni biri var ki, mən səninlə debata gəlib mövqeyini tənqid edirəm, lakin inqilab, qanın tökülməsini, xarici mqdaxiləni istəmirəm, bir də var, başqası eynilə sənin mövqeyinlə barışmır, amma inqilab istəyir. Hansı yaxşıdır?! Azərbaycan iqtidarı elə bir vəziyyətə düşüb ki, bu seçimi edə bilmir. Hesab edirəm ki, təcili olaraq dövlət və özəl telekanallar müxalifətin üzərinə açılmalı, debatlar başlamalı, hətta ayrıca monoloqlar olmalı, ölkənin ciddi problemləri ilə bağlı alimlərin, siyasi liderlərin iştirakıyla elmi müzakirələr təşkil edilməlidir. Bu gün iqtidar ölkədə informasiya vakuumu yaradıb. Lakin başa düşmürlər ki, Parkinsonun "Boşluq qanunu"nda deyilir ki, dünyada boşluq yoxdur, harda boşluq varsa ora mütləq tutulur. Məsələn, əgər polis öz funksiyasını yerinə yetirməsə, o zaman cinayətkar onun funksiyasını yerinə yetirər. Bu baxımdan, xaricdəki bloqqerlərin meydana gəlməsi hakimiyyətin özünün əməllərinin, ölkədə informasiya vakuumu yaratmasının nəticəsidir.

"Bu gün Azərbaycanda cinayətkarlığın artmasıyla inqilaba meyllilik paralel inkişaf edir"

- Sizcə, xalqın maraqlarını ifadə edən real müxalifətin parlamentdə təmsil olunması cəmiyyətdə mövcud olan narazılığı yumşalda, radikallığı aradan qaldıra bilərmi?

- Sözün açığı, hələ buna qədər bilməliyik ki, radikalizmin əsasında nə dayanır. Bu, bir psixoloji məsələdir. Əslinə baxsaq, radikalizm təfəkkürdə zorun yaranması deməkdir. Yəni insanlar hər şeyi zorakı yolla həll etmək istəyirlər. Odur ki, artıq ictimai rəydə zorakılığa meyl yaranıb. Bunu aradan qaldırmaq üçün ilk növbədə ölkədə psixoloji sağlamlıq işi aparılmalıdır. Lakin bu, aparılmır. Məsələn, bu gün Azərbaycanda cinayətkarlığın artmasıyla inqilaba meyllilik paralel inkişaf edir. Bu, onu göstərir ki, bütünlükdə cəmiyyətin psixoloji vəziyyətini düzəltmək, sağlamlaşdırma aparmaq lazımdır. Xatırlayırsınızsa, sovet hökuməti dağıldıqda insanlar yeni situasiyaya keçdiyindən intiharlar xeyli artmışdı. Hətta o zaman Rusiyanın baş keşişi Pimen xalqa müraciət edərək, intiharın günah olduğunu bildirmişdi. Onda insanların psixoloji durumunu düzəltmək məqsədiylə Kaşpirovski və digər ekstrasensləri efirə çıxarırdılar. Odur ki, iqtidar ilk öncə ölkədə psixoloji sağlamlıq işi aparılmalıdır. İkincisi, siyasi mübarizə konstitusiya və qanuna uyğun şəkildə aparılmalı, müxalifətin üzünə bağlanan qapılar açılmalıdır. O cümlədən, müxalifətə tətbiq olunan informasiya blokadasına, onun xalqla əlaqələrinin qarşısının alınmasına, müxalifətə qarşı düşmənçilik siyasətinin aparılmasına, müxalifətin dövlətin və cəmiyyətin həyatında iştirakının məhdudlaşdırılmasına, xarici dövlətlərlə qanunauyğun şəkildə əlaqələrin yaradılmasının qarşısının alınmasına son qoyulmalıdır. Baxın, siyasi islahat məhz budur. Bunlar olmadıqca, müxalifətdən mənim və ya bir başqasının deputat olması ilə problem həll olunan deyil. Yəni iqtidar radikalizmin əsasında dayanan, buna səbəb olan problemləri yoluna qoymalıdır ki, cəmiyyətdəki gərginlik aradan qaldırılsın. Əgər iqtidar bu dediklərimin heç birini etməsə, o zaman Azərbaycan parlamentinin hamısı müxalifət düşərgəsindən olsa da, ölkədə inqilab qaçılmazdır!

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org