Sərkisyan qardaşının güllələnməsində Rusiyanın əlinin olduğunu deyir - "Bu hadisənin üstü ancaq Putin gedəndən sonra açıla bilər..."

Sərkisyan qardaşının güllələnməsində Rusiyanın əlinin olduğunu deyir - "Bu hadisənin üstü ancaq Putin gedəndən sonra açıla bilər..."

Ermənistan parlamentində 1999-cu il oktyabrın 27-də törədilmiş terrorun üstünün açılmasını heç indiki hakimiyyət də bacara bilməz.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, belə bəyanatla “Respublika” partiyasının lideri Aram Sərkisyan çıxış edib. Sərkisyanın qardaşı, keçmiş müdafiə naziri Vazgen Sərkisyan həmin hadisələr zamanı parlamentdə güllələnənlər arasında olub. Vazgen Sərkisyan Qarabağın işğalına rəhbərlik edənlərdən biridir və azərbaycanlı mülki əhaliyə qarşı çoxsaylı hərbi cinayətlər törətmiş cani idi.

“Birmənalı olaraq bu hadisənin üstünün açılması üçün maneə var. Və mən birmənalı şəkildə indiki hakimiyyətin də, dövlətin də imkanlarını, məntiqi nəzərə alıram. Ona görə də hakimiyyətin dəyişməsindən sonra öz müsahibələrimdə əsasən bu mövzudan yan keçməyə çalışmışam, onu qaldırmamışam”-Aram Sərkisyan bildirib.

Sərkisyanın sözlərinə görə, 27 oktyabr cinayətinin üstü ancaq Rusiyada hakimiyyət dəyişəndən sonra açıla bilər. O, həmin hadisəni 2008-ci ilin 1 mart hadisələri ilə müqayisə edib. Deyib ki, 1 mart hadisələrinin üstü ancaq 11 il sonra, Robert Köçəryanın və Serj Sərkisyanın hakimiyyətinin devrilməsindən sonra açılıb.

“2024-cü ildən sonra Rusiyada Vladimir Putin prezident olmayacaq. Hesab edirəm ki, Stalini Xruşşovun, Brejnevi Qorbaçovun əvəz etməsi kimi Rusiyada da yeni ideyalar, baxışlar meydana çıxacaq. Və Rusiya o zaman özü Litvinenko, Berezovski və digər bu kimi işlərlə bağlı arxivlərin açılmasına qarşı olmayacaq”-o bildirib.

Aram Sərkisyanın sözlərinə görə, hətta 1 mart işində də Rusiya hakimiyyəti bu iş üzrə həbs edilmiş Robert Köçəryana dəstəyini gizlətmir. “Təsəvvür edin ki, hakimiyyət Rusiya xüsusi xidmət orqanlarının nümayəndəsi Litvinenkonun 1999-cu il oktyabrın 27-də törədilmiş terror aktının QRU-nun diversiya qrupu tərəfindən təşkil edildiyi haqda versiyasını yoxlamağa cəhd edir. Ruslar bunu Ermənistan tərəfindən elan edilmiş müharibə kimi qarşılayarlar, bu halda isə nəticəsi dövlət, xalq, hakimiyyət üçün çox ağır olar”-Sərkisyan belə deyib.

Aleksandr Litvinenko keçmiş KQB polkovniki olub və 2000-ci illərin ortalarında Londonda radioaktiv maddə ilə zəhələnərək öldürülüb. Onun qətlini Rusiya xüsusi xidmət orqanları təşkil edib.

Qeyd edək ki, 1999-cu il oktyabrın 27-də, ABŞ-ın vasitəçiliyi ilə aparılmış Qarabağ danışıqlarında həlledici məqamın yaxınlaşdığı bir zamanda Nairi Unanyanın başçılıq etdiyi silahlı qrup Ermənistan parlamentinin binasına daxil olub və bir sıra yüksək vəzifəli dövlət rəhbərlərini, o cümlədən Vazgen Sərkisyanı, Karen Dəmirçiyanı və digərlərini güllələyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA