Səsində yaşayan sənətkar

Səsində yaşayan sənətkar

Hər kəsin qəlbi bir muzey, hər kəsin yaddaşı heç yerdə tayı bərabəri olmayan bir qalereyadır. Elə bir muzey, elə bir qalereyadır. Elə bir muzey, elə bir qalereya ki, onun qəlbində daşıyan kəsdən başqa heç bir tamaşaçısı, ziyarətçisi yoxdur. Ziyarət etmək istəyən olsa belə, onun qapıları həmişə və hər vaxt hər bir kəsin üzünə bağlıdır. Nağıl dili ilə desək , divin otağını gedib ziyarət etmək həmin qəlblərdə qorunan muzey və qalereyaları ziyarət etməkdən çox – çox asandır.

Bunları niyə dilə gətirdim, bilmirəm, ancaq onu bilirəm ki, hər bir kəsin qəlbi oxunması qeyri- mümkün olan bir nağıl, insanın göz yaşını yağış kimi ələdən, kədərli bir həsrət nəğməsidir.

Mən Ağalar müəllimlə təqribən on beş il bundan əvvəl tanış olmuşam. İşlədiyim kənd məktəbində 50 illik yubileyim qeyd olunanda tədbirin nəğməli qonaqları Xalq artisti Flora Kərimova, Firuzə İbadova, Cavanşir Məmmədov və bəstəkar Ətiqə Ələkbərova ilə bərabər, Azərbaycanın əməkdar artisti, o zaman hələ yaxından tanımadığım, bu günlərdə 65 illik yubileyini Rəşid Behbudov adına Mahnı Teatrında təntənəli şəkildə qeyd edəcəyimiz Ağalar Bayramov da var idi. Biz bir-birirmizi tanımasaq da, dostlarımın dostu olduğuna görə tədbiri aparmaq ona həvalə olunmuşdu.
Ağalar müəllimi gördüyüm ilk andan onun səhnə davranışına, danışıq qabiliyyətinə, ifa tərzinə “dastan dili ilə desək”bir könüldən min könülə valeh oldum. Həmin gündən bu günədək ona, onun ifasına, tədbiri idarə etmə qabiliyyətinə, insanlığına, ətrafında və ünsiyyətdə olduğu insanlara olan səmimi münasibətinə vurğunluğum məni onun pərəstişkarlarından birinə çevirdi.

Səmimi söhbətləri, ifasında dinlədiyim müxtəlif məzmunlu şeirlər, bənzərsiz ifaçılıq qabiliyyəti onu mənim gözlərimdə daha da ucalara qaldırdı.

Hər bir oxucu oxuduğu şeirin daşıyıcısına çevrilir. Şeirdə ifadə olunan hisslər, duyğular, oxucunu öz ağuşuna alır, onu düşündürür, sevindirir, kədərləndirir, haldan hala salır.

Həmin şeirlərə biz bədii qiraət ustası Ağalar Bayramovun ifasında qulaq asanda hər bir şirin söz şəkərə, bala, hər bir kədərli söz qəmə, söz yasına çevrilir insanın qəlbində. Şeir şairin təxəyyülünün Tanrı tərəfindən göndərilən əbədi meyvəsi olsa da, həmin şeirlər A. Bayramovun ifasında səsləndikdə dinləyicinin kədəri kədərinə qarışıb, insanı nağıllar dünyasının kədərinə bürüyür.

Sayılıb sevilən bədii qiraət ustasının ifasında hansı şairin, hansı şeirinə qulaq asırsan as, o öz biçimi, öz təsir gücü, öz duyğusallığı ilə digər ifalardan diqqəti cəlb edəcək qədər seçilir, təsir gücü artır, insanın hissini, duyğusunu səfərbər edib ələ alır və onu tar simi kimi ehtizaza gətirir.

Ağalar Bayramovun repertuarını təşkil edən şeirlərin əsasını Vətənə, torpağa, haqqa, düşmənə nifrətə həsr edilən şeirlər təşkil edir.

Onun ifasında səslənən “Gözü yaşlı Xocalım”, “Laçınla Şuşanın söhbəti” və s. şeirləri dinlədikdə yaşından asılı olmayaraq, hər bir kəs öz yurdunun, torpağının azad olunması üçün bir anda səfərbər olunur, onun müdafiəsinə hazır dayanır.

Ağalar müəllimin keçdiyi həyat yolu, uşaqlığı, yeniyetməliyi, tələbəlik zamanı yaşadığı həyat şəraiti ilə tanış olanda sanki qəmli bir romanın oxucusuna çevrilirsən və üz çevirib bugünkü Ağalar Bayramovu göz önünə gətirəndə onun özünün ifasında dinlədiyimiz

Ələsgər deyər, yaxşı deyil ayə, nə?

Pünhan sirrin niyə saldın aya, nə.

Çırağın ki, ilahidən a yanə,

Ehtiyacın nədi, a yağa, yağa?!

şeiri səslənir və başa düşürük ki, həyatı, insan taleyini insanın özünə məlum olmayan bir nizamlayanı var.

Ağalar Bayramovun repertuarına daxil olan şeirləri dinləyəndə ifaçının həyat yolu ilə tanış olanların əksəriyyətinə elə gəlir ki, bu şeirlərin hər birinin müəllifi ya onun özü, ya da onun sifarişi ilə yazılan sənət nümunəsidir. Onun ifasında dinlədiyimiz:

Bu da yəhərləyib mindiyim o daş,

Kövrəlmə, ürəyim, tab gətir, tablaş,

Ömrümün ləzzəti, a köhnə dam- daş,

Nə yaxşı görüşdük, nə yaxşı yenə...

forma və məzmunlu, niskilli misralar bir anda insanı qəhər dənizində boğmağa çalışır. Qəhər boğa – boğa insanın gözləri qarşısında qəmli bir tablo dayanır. Hər tərəfini və içərisini kol- kos basmış, divarları təbiətin şıltaqlığına tab gətirmiyərək uçub tökülmüş, heç zaman qapısına bir iz düşməyən kimsəsiz və hər zaman sahibinin yolunu gözləyən sahibsiz bir həyət - baca ... Və elə bu zaman yenə də Ağalar müəllimin ifasında səslənən bir bənd şeir insanın qulaqlarında cingildəyir:

Yanan ocaqların od-ərən oğlu,

Çiçək pərvanəsi, çöl-çəmən oğlu,

Bir torpaq dəlisi, bir Vətən oğlu,

Ağalar yaşayır xatirələrdə.

Bu misraları ağır ürək ağrısı, qəhər və göz yaşı ilə yola verdikdən sonra o anda Ağalar müəllimin müsahibə zamanı söylədiyi bir cümlə yada düşür: “ Ucarın şoran torpaqlı Boyat kəndi mənə dünyanın hər yerndən əzizdir. Uşaqlıqda mənim o ocaqdan başqa heç nəyim yox idi”.

Bu cümlələri oxuyanda öz yurduna, torpağına, kəndinə vurğun, onun həsrətilə alışıb yanan bir Vətən sevdalısı insanın gözləri qarşısında canlanır. Ancaq sonradan onun “Uşaqlarım heç zaman ora üz tutmayacaq” , “Boş ev dağılıb, evi kim üçün tikim” fikri az qala insanı bir azca caşdırır. Fikirləşirsən ki, Ağalar müəllim ilk dəfə Bakıda yaşadığı o dar daxmadan sonra neçə evlər dəyişib və o evlərin heç birində bu gözəl insanın yaşadığını hiss etdirən bircə daş da onun xatirələrini dilləndirəcək qabiliyyətində deyil. Və Boyat kəndində hələ də Ağalar müəllimin yolunu gözləyən, onun uşaqlıq xatirələrini özündə qoruyub yaşadan o daxmanın, o həyət – bacanın vəfasına görə sahibinə diqqətinə görə, o, uçuq sökük daxma cana gətirilməyə, göz oxşamağa yanından ötüb keçənlərə əbədi olaraq Ağalar Bayramovu dilə gətirməyə layiqdir. Məhəmməd Cahan Pəhləvanın tikdirdiyi “Mömünəxatun” abidəsi kimi 100 yaşını ata yurdu olan Boyat kəndində tikdirəcəyin göz oxşayan evində qeyd etmək arzusu ilə

Sərdar Zeynal

Şair, filologiya elmləri doktoru

06.02. 2019

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA