SİL GÖZÜNÜN YAŞINI...

  • 2019-04-04 11:18:17
  • |
  • Ölkə /

SİL GÖZÜNÜN YAŞINI...

(Şəhid anası Ceyran xanım Axundovaya)

Onu ilk dəfə Sumqayıt şəhər mədəniyyət idarəsində görmüşdüm. İşlə təmin olunmaq məqsədilə müraciət etdiyim məsləhətçi Ceyran xanım Axundovadan danışmaq istəyirəm. İxtisasıma uyğun olaraq S.Vurğun adına Mərkəzi Kitabxanada işləmək arzusundaydım. O, mənə hələlik boş yer olmadığından mədəniyyət sarayında işləməyi təklif etdi. Lakin israrla kitabxanada işləmək istədiyimi bildirəndə məndən köməyini əsirgəmədi. Söhbətimiz o qədər şirin keçdi ki, sanki illərin tanışı idik. O qədər səmimi, o qədər gülərüz bir xanımdı ki...

Sonralar işlədiyim kitabxana kollektivində onun necə sevildiyinin şahidi oldum. Vaxtilə çiyin-çiyinə çalışdığı həmkarları onu zəhmətsevər, qoçaq, qayğıkeş bir əməkdaş kimi tanıyırdılar. Hər dəfə kitabxanaya gələndə onu əziz bir qonaq kimi qarşılayır, məsləhətlərini dinləyir, ətrafına toplaşırdılar. Bu, Ceyran xanıma olan sevginin və ehtiramın təzahürü idi. İlk təəssütdan yadımda gülərüz obrazı qalan Ceyran xanımı sonralar da belə pozitiv, enerji dolu bir insan kimi gördüm.

Tale elə gətirdi ki, Sumqayıtdan başlayan əmək yolumu Bakıda davam etdirməli oldum. İş qayğıları, məişət problemləri adamın başını o qədər qatır ki, keçmiş iş yoldaşlarınla əlaqə saxlamağa da imkan tapmırsan. Amma həmişə məni işə götürən Ceyran Axundovanı, S.Vurğun adına Mərkəzi kitabxananın direktoru Yeganə Əhmədovanı, iş yoldaşlarımı sevə-sevə xatırlayır, imkan tapan kimi intertnet vasitəsilə onların uğurlarından xəbər tutub sevinirdim.

Amma bir dəfə aldığım xəbər məni çox sarsıtdı. O xəbəri oxuyanda dünya gözlərimdə qaraldı. Ceyran xanımın sonbeşiyi - Əbdülməcid Axundov aprel döyüşlərində qəhrəmancasına şəhid olmuşdu. Məni qınamayın, mən Ceyran xanımın bu acılı günündə nə onun yanına gedə bildim, nə də bir cümlə ilə fasebook səhifəsində başsağlığı verə bildim. Bunun səbəbi var idi. O qanlı aprel döyüşlərində mənim sonbeşiyim də Göranboyun Tapqaraqoyunlu kəndində iştirak etmişdi. O günlərdə şəhid olan əsgər yoldaşlarının sorağını alan başqa əsgərlər kimi mənim oğlum da çox sarsılmışdı. Hər dəfə söz düşəndə “Hayıf o uşaqlardan” deyirdi. Bəlkə də oğlumun özünün o döyüşlərdə sağ-salamat qalması da Allah möcüzəsi idi.

Amma mən Ceyran xanımdan utandım. Elə bil onun oğlunun şəhid olması, mənim oğlumun sağ qalması məni utandırdı. Bu utanc hissi bu gün də məni rahat buraxmır. O zamandan üç il keçib. Bu üç ildə mən Ceyran xanımın şəkillərini görəndə tanımadım. Onun qara saçları dümağ olmuşdu.

Bu üç ildə mən Ceyran xanımın gülər üzünü ağlar gördüm... Bu üzdəki ifadəni ancaq balasını itirən analar anlaya bilər. O analar ki, min cür əzab-əziyyətlə övlad böyüdür və günlərin birində övladı namərd erməni gülləsinə qurban gedir. O analar ki, oğul toyu tədarükündəykən oğul yası tutmağa məhkum olur. O analar ki, mənim kimi oğlu döyüşlərdən sağ çıxmış analar onlara təsəlli verməyə söz tapa bilmir.

Bu gecikmiş yazıya görə məni bağışla, şəhid anası! Kim deyir ki, övladın daha yoxdur. Axı şəhidlər ölmür. Bilirəm, bir ömür boyu göz yaşların qurumayacaq. Amma hər bir azərbaycanlı kimi mənim də bir arzum var. Əbdülməcidin və onun kimi vətən övladlarının uğrunda qanı tökülən torpaqlarımız düşməndən geri alınsın və mən “Sil gözünün yaşını, Ceyran bacım!” deyə bilim.

Əliyeva Tərlanə,

Milli Kitabxananın aparıcı kitabxanaçısı

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA