Sirrozu təkcə hepatit yaratmır, başqa səbəblər də çoxdur – Müayinə barədə həkim məsləhəti

Sirrozu təkcə hepatit yaratmır, başqa səbəblər də çoxdur – Müayinə barədə həkim məsləhəti

Son zamanlar yayılan hepatit viruslarının vaxtında müalicə olunmadıqda qaraciyər çatışmazlığı, sirroz, hətta xərçəng kimi ölümcül xəstəliklərə səbəb olduğu məlumdur. Lakin bəzi hallarda hepatit virusuna yoluxmadan da ciddi qaraciyər problemləri başlaya bilir.

Medicina.az hepatoloq Könül Mahmudovaya bir sıra suallar ünvanlayıb. Həkimin açıqlamasını təqdim edirik:

-Qaraciyər virus hepatitlərindən başqa hansı hallarda sirroza yoluxur?

-Sirroz xəstəliyinin yaranması üçün yalnız hepatit viruslarının olması önəmli deyil. Alkoqol, autoimmun xəstəliklər, genetik səbəblərdən də sirroz xəstəliyi meydana çıxa bilər. Bu xəstəliklər cinsə və yaşa baxmır. İrsiyyətin də xəstəlklərin meydana çıxmasında rolu böyükdür. Ona görə məndə hepatit yoxdur deyib, illərlə müayinə olunmamaq və zərərli vərdişlərə, qidalanmaya davam edib, arxayın olmaq olmaz.

-Qaraciyərdə meydana çıxan xoşxassəli törəmə ilə yaşamaq mümkündürmü, yoxsa mütləq əməliyyat olunmalıdır?

-Bir çox hallarda qaraciyərində xoş xassəli törəmə meydana gələndən sonra biz xəstəni nəzarətimizə götürürük. Bu zaman xəstə mütləq vaxtaşırı olaraq qan analizi verməli, USM və kontrast MRT müayinələrindən keçirilməlidir. Əgər həmin törəmələr qaraciyəri sıxarsa, xoşxassəli olmasına baxmayaraq cərrahi əməliyyat yolu ilə kənarlaşdırılmalıdır. Bu törəməllərin konservativ müalicəsi yoxdur.

Əgər törəmələr xəstənin həyat keyfiyyətinə heç bir təsir göstərmirsə, o zaman xəstə pis vərdişlərdən uzaq duraraq, mümkün qədər sağlam qidalaranaraq ömrünün sonuna qədər həmin törəmələrlə yaşaya bilər.

-Qaraciyəri təmizləmək üçün çox dərmanlar satılır. Bəzən insanlar həkimlərə müraciət etmədən kor-koranə şəkildə həmin dərmanlardan istifadə edirlər. Bu xəstənin ölümünə və ya xərçəngə səbəb ola bilərmi?

-Bu dərmanlar ölümə və ya xərçəngə səbəb olmur. Amma hepatit xəstəsi olduğundan xəbəri olmayan şəxslər bu cür dərmanlardan kortəbii şəkildə istifadə etdikdə xəstəlik daha da kəskinləşə bilər. Bu zaman xəstənin qaraciyərində fibrotik proses gizli şəkildə irəliləyə bilər. Bu dərmanlar xəstələrə protolkol əsasında gündə 2-3 tablet şəklində təyin edilir. Özbaşına qəbul edildikdə isə dozalanma düzgün təyin edilmir. Yəni xəstə gün ərzində yalnız 1 tablet qəbul edir.

Belə olduqda xəstə müalicə olunduğunu düşünür amma doza az olduğu üçün proses irəliləyir. İlk 3 ayda virus sönərək neqativə ensə sə daha sonralar yenidən aktivləşərək qaraciyərə ciddi xəsarət yetirə bilər.

-Aclıqla müalicə qaraciyərə nə cür təsir edir?

-Piy distrofiyası olan xəstələrin uzun müddət ac qalması məsləhət deyil. Ac qaldıqca piy hüceyrələrində ərimə baş verir. Bu zaman həmin piy hüceyrələrində toksiki maddə əmələ gəlir. Bu maddələr qaraciyərə mənfi təsir edir. Buna görə də əsasən də kök insanlara aclıqla müalicə qətiyyən məsləhət görülmür.

-Sağlam insan qaraciyərini neçə müddətdən bir yoxlatdırmalıdır?

-Yaxşı olardı ki, sağlam olsa belə hər kəs qaraciyərini ildə iki dəfə yoxlatdırsın. İldə bir dəfə elatometriya aparatından keçmək, iki dəfə isə qan analizi vermək qaraciyərdə yarana biləcək hər hansı bir problemin vaxtında aşkarlanmasına və aradan qaldırılmasına yardımçı olur. Bu isə insanı sirroz, qaraciyər xərçəngi kimi bir sıra ölümçül xəstəliklərdən qorumağa imkan verir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA