SİYAHIYA ALINAN ÖLÜLƏR, KAMERA VƏ QARA ŞÜŞƏLƏRDƏN İZLƏNƏN DİRİLƏR… - Türkmənistanda total nəzarət başlayıb: toy çəkilişləri belə, yoxlamadan keçir

SİYAHIYA ALINAN ÖLÜLƏR, KAMERA VƏ QARA ŞÜŞƏLƏRDƏN İZLƏNƏN DİRİLƏR… - Türkmənistanda total nəzarət başlayıb: toy çəkilişləri belə, yoxlamadan keçir

“Deutsche Welle”,

(Almaniya)

Türkmənistanda hüquq-mühafizə orqanları ölkə əhalisi üzərində nəzarəti gücləndirib. Nəzarət hətta bu orqanların öz əməkdaşlarına qarşı da tətbiq edilir. İlk dəfə bu barədə baş ofisi Vyanada yerləşən “İnsan Haqları üzrə Türkmən Təşşübüsü” təşkilatı danışmışdı. İyulun sonlarında təşkilata məxsus “Türkmənistanın xronikası” saytında xəbər yayılmışdı ki, ölkə sakinləri hər 2-3 aydan bir yerli məntəqələrə yaşayış yerləri və yaxın qohumlarının dəfn yerləri haqda arayış təqdim etməlidirlər.

Türkmənistanda bu arayışlar “uç arka” adlanır. Bu arayışları vətəndaşlardan ilk dəfə Saparmurad Niyazovun dövründə tələb etməyə başlamışdılar. Lakin həmin vaxt şəxs öz qohumları haqda məlumatı işə qəbul edilərkən təqdim etməliydi.

“Şəxsin tutmaq istədiyi vəzifə nə qədər böyükdürsə, “uç arka” bir o qədər təfərrüatlı olmalı idi. Bəzən hətta 7 nəslin məlumatlarını tələb edirdilər”, – deyə “İnsan Haqları üzrə Türkmən Təşşübüsü”nün sədri Fərid Tuxbatullinbildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, bu arayışları hətta uşağı bağçaya və ya məktəbə yazdıranda da vermək lazım gəlirdi. Bir müddət əvvəl isə hakimiyyət tələb qoydu ki, vətəndaşlar “uç arka”nı bir neçə aydan bir yeniləməlidirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə iş yerlərinə bütün qohumları barədə mütəmadi məlumat təqdim etməlidir.

“Türkmənlərin əksəriyyəti öz əcdadları haqda məlumatlıdırlar, onların harada dəfn olunduğunu bilirlər. Amma bir məqam da var ki, işə qəbul zamanı tam doldurulmamış “uç arka” həlledici faktor olmur”, F.Tuxbatullin bildirir.

Hüquq müdafiəçisinin sözlərinə görə, əvvəllər dövlət məmurları və hüquq-mühafizə orqanlarının yoxlanılması ilə iş yerlərindəki kadrlar şöbəsi məşğul olurdu. Onlar lazım olduqda bu arayışları yuxarı instansiyalara təqdim edirdilər.

Saparmurad Niyazov

“Düşünmürəm ki, orada onları durmadan yoxlayıblar. Amma hansısa məmura qarşı cinayət işi başladılırdısa, onun sənədlərini qaldırır və siyahıları yoxlayırdılar”, – deyə Tuxbatullin qeyd edir: “”Uç arka” siyahısı insanların yüksək vəzifələrə seçilməsi zamanı kriteriyalardan biri idi. Lakin bu üsul o qədər də səmərəli olmadı. Niyazov məlum qaydada seçilmiş məmuru bir-iki ildən sonra korrupsiya ittihamı ilə həbsə atdıra bilirdi”.

Bəzi müşahidəçilər “uç arka”nın toplanmasının iyulun sonlarından intensivləşməsini hazırkı prezident Qurbanqulu Berdiməhəmmədovun bir müddət əvvəl “yoxa çıxması” və bunun ardınca onun səhhətində problemlərin yarandığına dair məlumatların yayılması ilə əlaqələndirir.

F.Tuxbatullin xatırladır ki, iyulun 21-də Türkmənistanın bir sıra internet saytlarında prezidentin öldüyünə dair xəbərlər yayıldı. Bundan sonra Aşqabadda və regionlarda yerli hökumət orqanları və güc strukturlarının təcili yığıncaqları keçirildi:

“Yığıncaqların iştirakçılarından biri bizə məlumat vermişdi ki, təhülükəsizlik orqanlarının bir çox əməkdaşı bu dəyişiklikdən qorxuya düşmüşdü. Prezidentin ölümü hüquq-mühafizə orqanlarında dəyişiklik və bir çoxunun vəzifə və gəlirdən məhrum edilməsi demək idi. Lakin prezident “dirildi” və məmurlar ona sədaqətlərini, həmçinin işlərinin başında olduqlarını sübut etmək üçün yarışa girdilər”.

Qurbanqulu Berdiməhəmmədov

Türkmənistanın Respublikaçılar Partiyasının mühacirətdə olan lideri Nurməhəmməd Xanamov vətəndaşlarla bağlı məlumatların toplanmasının dövlət aparatında hazırlanan dəyişikliklərlə bağlı olduğunu istisna etmir: “Prezident Niyazovun dövründə məlum siyahılar, keçmiş prezident hakimiyyətin yuxarı və orta eşalonunda “təmizləmə” aparandan sonra tərtib olunmağa başlamışdı. Türkmənistanda klan və qohumluq əlaqələri, həmçinin şəxsi münasibətlər böyük rol oynayır. Ona görə də Niyazova təkəcə yaxın ətrafındakıların deyil, həmçinin əcdadlarının da ona yaxınlıq dərəcəsini bilmək vacib idi”.

Hüquq müdafiəçisi ehtimal edir ki, hazırkı prezident sələfi Niyazovdan nümunə götürmək və “kadr təmizliyi” aparmaq istəyir: “Əks halda çoxdan ölmüş qohumların bioqrafiyasını aktuallaşdırmaq cəhdinin səbəbini anlamaq çətindir”.

N.Xanamov Türkmənistanda təhlükəsizlik qüvvələrinin fəaliyyətinin aktivləşməsini iki amillə əlaqələndirir: “Birincisi, ölkədə təhdid yaradan iqtisadi və sosial situasiya yaranıb. Və hakimiyyət iğtişaşlardan qorxur. İkincisi, son bir ildə ölkə xaricindəki türkmən gəncləri aktivləşib. Onların arasında xaricdə təhsil alan tələbələr də var, mühacirlər də. Xaricdəki müxalifət parçalansa da, bu dairələr öz aralarında əlaqələri gücləndirirlər”.

F.Tuxbatullin xüsusi xidmət orqanlarının nəzarətlərinin güclənməsinə də toxunaraq bildirir ki, vilayətlərin mərkəzində müşahidə kameralarının, tünd şüşəli avtomobillərin sayı artır. Bu da insanların daha asan izlənməsini təmin edir:“Toyları, yubileyləri videolentə almaq dəbdədir. İndi bu məclisləri lentə alanlar qarşısında çəkdiklərini Milli Təhlükəsizlik Nazirliyinə təqdim etmək öhdəliyi qoyulub. Məclislərdə insanlar içirlər və içkinin təsirindən “dilləri açılır”.

Tərcümə: Strateq.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA