Siyasilərdən Səməd Seyidova SƏRT CAVAB - “Azərbaycan xalqının maraqları tələb edir ki...”

Siyasilərdən Səməd Seyidova SƏRT CAVAB - “Azərbaycan xalqının maraqları tələb edir ki...”

Həsrət Rüstəmov: “Bu, Azərbaycan iqtidarının maraqlarına uyğun verilmiş bir bəyanatdır”

İqbal Ağazadə: “Təkbaşına inkişaf etməyi düşünən Azərbaycanı Afrika ölkəsi kimi görmək niyyətindədir”

Natiq Cəfərli: “Səməd Seyidovun məntiqi ilə Azərbaycan MDB-dən də çıxmalıdır”

“Azərbaycan Avropa İttifaqına inteqrasiyanın deyil, bu birliklə qarşılıqlı faydalı əməkdaşlıq etməyin tərəfdarıdır”.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

O bildirib ki, hər hansı birliyə inteqrasiya ölkənin müqəddəratını həmin təşkilata həvalə etmək deməkdir: “Azərbaycan çoxtərəfli münasibətləri inkar etmir. Biz də nə vaxtsa Avropa İttifaqı ilə müqavilə imzalayacağıq. Lakin bu gün bizim əsas prioritetimiz strateji əməkdaşlığı genişləndirməkdir. Gələcəkdə isə Avropa İttifaqı ilə münasibətləri çox ciddi təhlil edəndən sonra bu təşkilatla Azərbaycanın maraqlarına uyğun hər hansı bir saziş imzalanacaq”.

Deputat S. Seyidovun “hər hansı birliyə inteqrasiya ölkənin müqəddəratını həmin təşkilata həvalə etmək deməkdir” fikri ölkə ictimaiyyəti arasında ciddi müzakirə olunmaqdadır. Çünki, bu, haqlı olaraq mübahisə doğuracaq bir fikirdir. Ən azı ona görə ki, Azərbaycan MDB-də təmsil olunduğu halda, hökumət yetkilisinin bu fikri birmənalı qarşılana bilməz. S. Seyidovun məntiqi ilə belə çıxır ki, Azərbaycan MDB-nin üzvüdürsə, ölkənin müqəddəratı da həmin təşkilata rəhbərlik edən Rusiyaya həvalə olunub. Bu məntiqlə Azərbaycanın Rusyanın yanında yer alması ortaya çıxmış olur. Görünür, digər təşkilata, yəni Avropa Birliyinə inteqrasiya da bu baxımdan uyğun hesab edilmir, ancaq xalqın hansı təşkilatın yanında yer almaq istəyi unudulur. Unutmayaq ki, xalq birmənalı Avropa Birliyinə inteqrasiyanın tərəfdarıdır.

“Azərbaycan xalqının maraqları tələb edir ki, Azərbaycan Avropa Birliyinə inteqrasiya etsin”

Səməd Seyidovun “hər hansı birliyə inteqrasiya ölkənin müqəddəratını həmin təşkilata həvalə etmək deməkdir” firki ilə razılaşmayan Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Həsrət Rüstəmov bildirdi ki, Səməd Seyidovun fikirləri tamamilə səhvdir: “Azərbaycan xalqının maraqları tələb edir ki, Azərbaycan Avropa Birliyinə inteqrasiya etsin. Azərbaycandan dəfələrlə böyük olan və dünyada siyasi çəkisi Azərbaycanla müqayisə olunmaz dərəcədə fərqlənən Türkiyə illərdir ki, bu Birliyə daxil olmaq istəyir. Onda belə çıxır ki, Türkiyənin bu birliyə daxil olmaq üçün göstərdiyi təşəbbüslər Səməd Seyidovun məntiqi ilə tam yanlış olur”.

“Bu bəyanat Azərbaycan xalqının maraqlarına qətiyyən uyğun deyil”

“Əvvəla, Avropa Birliyi iqtisadi birlikdir, onun üzvü olan ölkənin asılılığına səbəb olmur. İkincisi, könüllü birlikdir. Gördüyünüz kimi, İngiltərə xalqın səsverməsi ilə birlikdən çıxdı. Yəni orada heç kimi zorla saxlamaq mümkün deyil. Üçüncüsü də, Azərbaycan istəsə belə, Avropa Birliyi onu qəbul edirmi? Çünki Avropa Birliyinin həm iqtisadi, həm də siyasi bəlli standartları var. Birliyə uyğun olmayan ölkələri o quruma qəbul etmirlər. Azərbaycan Avropa Birliynin üzvü olsa, ora qəbul etsələr, bu, Azərbaycanın indiki vəziyyətinə, insanların sosial durumuna, ölkənin iqtisadi durumuna necə təsir edər, bunları düşünmək lazımdır. Əlbəttə ki, çox müsbət təsir edər. Azərbaycan iqtisadi sıçrayışa nail olan Avropa Birliyinin böyük dəstəyini əldə edər. Bütün dediklərimi nəzərə alıb, Səməd Seyidovun dediklərinə belə cavab vermək olar ki, bu, Azərbaycanın indiki iqtidarının maraqlarına uyğun verilmiş bir bəyanatdır, Azərbaycan xalqının maraqlarına isə qətiyyən uyğun deyil”, -deyə Rüstəmov vurğuladı.

“Azərbaycanın Avropaya inteqrasiyası ölkə vətəndaşları, dövlət üçün də olduqca faydalıdr”

Ümid Partiyasının sədri İqbal Ağazadə isə dedi ki, dünya bu gün inteqrasiyadan, müştərək birliklərdə iştirakdan qazanır və bütün bunların hamısında da demokratik, azad və iqtisadi cəhətdən güclü dövlətə çevrilir: “Avropa Birliyi gözümüzün qarşısındadır. Azərbaycanın Avropaya inteqrasiya etməsi onu kənar təsirlərdən və təhükələrdən qoruyur. Bu, təhlükəsizlik baxımından çox vacibdir. Ölkənin iqtisadi cəhətdən güclənməsi, yeni bazar imkanları və əlaqələrin birbaşa olması baxımından Azərbayacana xeyri dəyir. Əslində, mədəni, humanitar, təhsli, səhiyyə sahələrində də Azərbaycanın yeni məkana inteqrasiyası ölkə vətəndaşları, dövlət üçün də olduqca faydalıdr. Bunu qəbul ediriksə, hesab edirəm ki, təkbaşına inkişaf etməyi düşünən Azərbaycanı Afrika ölkəsi kimi və yaxud geridə qalmış post-sovet ölkəsi səviyyəsində görmək niyyətindədir. Başqa halda, məntiqlə bunları demək doğru deyil”.

“Avropa Birliyinə inteqrasiya həqiqətən ölkənin təhvil verilməsidir” sualına İ. Ağazadə belə cavab verdi: “Əsla, çox yanlışdır”

“Onda Azərbycanın MDB-də nə işi var?”

REAL Hərəkatının icra katibi Natiq Cəfərli isə Səməd Seyidovun açıqlmasını eşitdikdə sual etdi ki, onda Azərbycanın MDB-də nə işi var? “Azərbaycan onda MDB-dən də çıxsın. MDB də həmin prinsiplərlə qurulmuş bir təşkilatdır. Səməd Seyidovun məntiqi ilə Azərbaycan MDB-dən də çıxmalıdır və o təşkilatda təmsil olunmaqla öz suveren hüquqlarının bir hissəsini itirdiyi anlamına gəlir. Belə çıxır ki, Avropa Birliyinə daxil olan Almaniya, Fransa və digər böyük ölkələr, öz suveren huquqlarından və yaxud da müəyyən huquqlardan imtina ediblər. Avropa Birliyinin fəlsəfəsi birgə fəaliyyət göstərməyin yollarını tapmaqdır. Ümumi bazardır, heç bir iqtisadi manelər yaratmadan inteqrasiyanın güclənməsidir, Avropa Birliyi məkanında ümumi qaydaların tətbiqidir. Bu qaydalar Azərbaycan hökumətinə sərf etmirsə, bu, başqa məsələdir. Çünki o qaydaların əsasında insan hüquqları və azadlıqları, azad rəqabət, məhkəmə müstəqilliyi, ədalətli seçkilər, yəni bir çox məsələlər durur. Bu faktorlar Azərbaycan hökumətinə sərf etmirsə, bunu Səməd Seyidov açıq deyə bilməyib, ezop dili ilə elan edibsə, bu, başqa məsələdir, o zaman mən anlayıram. Amma açıqlamada məntiq görmürəm. Çünki bu məntiqlə Azərbaycan birincisi, MDB-dən çıxmalıdır. İkincisi də Avropa Birliyində təmsil olan ölkələrin müstəqilliyi şübhə altına düşməlidir. Bu da gülməli görsənir. Yəni Almaniyanın, Fransanın, İtaliyanın, İspanıyanın özlərinin apardığı siyasət də var. Kifayət qədər də müstəqil qərarlar verirlər. Amma ümumi qaydalar çərçivəsində, sivil dünyanın qəbul etdiyi və ümumbəşəri dəyərlər çərçivəsində ortaq bir məkan da qurublar”.

Şamo EMİN, Hurriyyet.org

  • Hamısı
  • Loading...

    QALEREYA