“Siyavuş Novruzov Qarabağ Komitəsinə üzv olmaq üçün müraciət edərsə...” - PƏNAH HÜSEYN

“Siyavuş Novruzov Qarabağ Komitəsinə üzv olmaq üçün müraciət edərsə...” - PƏNAH HÜSEYN

Sabiq baş nazir: “Ənənəvi müxalifət onlardan kənarda başladılan təşəbbüsləri nəzərə aldı”

Bu müsahibə Qarabağ Komitəsinin 15 dekabra təyin etdiyi mitinqə hazırlıq dönəmində alındı. Komitənin İşçi Qrupunun üzvü, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn mitinq hazırlıqları və digər mövzularla bağlı “Yeni Müsavat”ın suallarını cavablandırdı. Lakin yazı çapa hazırlanan ərəfədə məlum oldu ki, Bakı Şəhər İcra Hakimiyyəti mitinqə icazə verməyib.

- Pənah bəy, 15 dekabr Qarabağ mitinqinə hazırlıqlar necə gedir? Mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığınız müraciətə cavab verilib. Cavab yoxdursa, gözləntiniz nədir? Razılıq verilsə, ikinci mitinqə qatılım gözləntiləriniz necədir?

- Mitinqin təbliğatı əsasən sosial şəbəkələrdə aparılır. Ayrı-ayrı internet TV kanallarının da imkanlarından istifadə edilir. Texniki hazırlıqlara isə hələ konkret başlanmayıb. Ancaq texniki məsələlərin də müzakirəsi mitinqin təşkilat komitəsində aparılır. Hələ ki, mitinqlə bağlı məktuba cavab verilməyib.

Hakimiyyətlə mitinqin keçirilməsi razılaşdırılarsa bunların həllində problem olmalı deyil. Bundan əvvəlki 29 sentyabr mitinqinin təcrübəsi və resursları işə yarayacaq. Razılıq verilib-verilməməsi barədə bizdə konkret rəy yoxdur. Əgər hakimiyyətin 24 noyabr mitinqinə mənfi cavabı, bu məsələ barədə məhkəməyə müraciətlərimizin qanun pozuntuları ilə müşahidə olunması, ayrı-ayrı hakim partiya funksionerlərinin mətbuata açıqlamalarına baxsaq hələ ki, yenə mitinqə qadağa qərarının qəbul edilməsi ehtimalı daha yüksək görünür. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, Qarabağ mitinqlərinə qadağa, məsələn, siyasi müxalifət şüarları ilə keçirilən müraciətlərə qadağadan fərqli nəticələr verir. Siyasi müxalifət siyasi tələb və şüarlarla etiraz mitinqləri üçün müraciət etdikdə və hakimiyyətin qadağası olursa, bunu keçirmədikdə, nəticə o olur ki, müraciət edən tərəf istər-istəməz həm də mənəvi zərər çəkir. Barələrində ki, qorxdular, müraciət xətrinə müraciət etmişdilər və sair. Hətta nüfuzdan düşmə baş verir. Ancaq 24 noyabr mitinqinə hakimiyyətin qadağası müşahidə etdik ki, cəmiyyətdə əks reaksiya verdi. “Qarabağa azadlıq”, “Erməni işğalına son” şüarları ilə keçiriləcək tədbirə qadağa insanlarımızı ruhdan salmaq əvəzinə qəzəbləndirdi. Həm də mitinqə müraciət, bu dövrdə gedən müzakirələr elə mitinqin əsas hədəf olan Qarabağ naminə, Qarabağ uğrunda təşkilatlanmanı, fəallaşmağı gücləndirdi. İkinci mitinqə qadağadan sonra Qarabağ Komitəsinə müraciətlər daha da artdı.

Prosesin sözün həqiqi mənasında Qarabağ uğrunda xalq hərəkatına keçməsi müşahidə olundu. Odur ki, məsələ sayda deyil, baxmayaraq ki, say da çox mühümdür. Və mən hesab edirəm ki, mitinq razılaşdırılarsa iştirakçılar 29 sentyabrdakı mitinqə qatılanların sayından çox olacaq. İnsanlarımız getdikcə daha çox bu məsələyə milli namus, qeyrət məsələsi kimi yanaşır. Mitinq Komitəsi 15 dekabra hazırlıq şüarı kimi “Hər yer Qarabağ, hər gün Qarabağ” şüarını elan edib. Bu şüarın davamı odur ki, hamımız Qarabağlıyıq, hamımız qaçqın-köçkünük. Yəni “mitinqə ilk növbədə qarabağlılar gəlməlidir, qaçqın- köçkünlər gəlməlidir” kimi zərərli yanaşma da aradan qalxıb.

- Mitinqə yenə razılıq verilməsə hansı addımlar atılacaq?

- Bu məsələ rəsmi cavab verilənə qədər müzakirə edilmir. Bu cür suallar bir qədər də provokasion məzmun da daşıyır. Biz qanun çərçivəsində müraciət etmişik və Bakı Şəhər İcra Hakimiyyətinin müraciətə mənfi cavab verməsi, mitinqə qadağa qoyması üçün heç bir əsas yoxdur. Ancaq bir halda ki, siz də bu sualı verirsiniz, öz mövqeyimi deyim. Komitədə ümumi rəy var ki, Qarabağ mövzusundan, taleyüklü səbəb yoxdursa siyasi gərginlik yaranması üçün istifadə edilməsin. Yenə qadağa olacaqsa, yuxarıda qeyd etdim, bu hakimiyyətin zərərinə işləyəcək. Qarabağ mitinqlərinə qadağaya görə hakimiyyətə qarşı toplumsal qınaq, qəzəb, təpki bu qadağaya “baş əyməyə” görə təşkilatçılara olan qınağı əhəmiyyətli dərəcədə kompensasiya edir. Hüquqi müstəvidə, məhkəmələrə şikayət formasında iş gedir və növbəti mitinq üçün də müraciət edilir. Zal tədbirləri, başqa fəaliyyət formaları həyata keçirilir ki, Qarabağ məsələsi gündəmdə qalsın. Ancaq əlbəttə ki, bu sonsuza qədər belə davam etməyəcək. Mənim mövqeyim belədir ki, xalqı razılaşdırılmamış aksiyaya çağırmaq indiki situasiyada lazım deyil. Ancaq təşkilatçılar elan olunmuş yerdə və vaxtda aksiyanı keçirsinlər. Qoy buna görə bizlər cəzalandırılaq. Ancaq təbii ki, cavabdan sonra müzakirə edilib müvafiq qərar veriləcək.

- Xəbərlərə görə, Qarabağ Komitəsi bölgələrdə də təşkilatlanır. Hətta məlumatlarımıza görə, xaricdə də komitəyə qatılanlar var. Qarabağ Komitəsi ümumrespublika miqyaslı təşkilata çevriləcək? Komitədə yalnız müxalifətyönlü simalar təmsil olunur?

- Təşkilat sözünü, kütləvi təşkilatlanma ifadəsini mən də komitə üzvləri də işlədir, mən də işlətmişəm. Ancaq mənim də tərəfdar olduğum mövqe ondan ibarətdir ki, bu yeni bir siyasi partiya, siyasi birlik, QHT və ya QHT-lər alyansı deyil. Bu, təşkilat olmaqdan daha artıq bir hərəkatdır, Qarabağ uğrunda Qarabağ naminə xalq hərəkatıdır, müqavimət hərəkatıdır. Odur ki, ənənəvi mənada başa düşülən təşkilatlanma anlayışı da burda yerinə düşmür. Yerlərdə insanlar özləri təşəbbüs göstərib dayaq dəstələri, dəstək qrupları, təəssübkeşlər şəklində bu hərəkata qoşulur. Hətta bizim təklifimiz odur ki, burda etnik mənsubiyyət, vətəndaşlıq da şərt deyil. Hazırda Qarabağ Komitəsinin Cənubi Azərbaycan qolunun yaradılması barədə ciddi təşəbbüslər var.

Sualınızın ikinci hissəsinə gəldikdə, Qarabağ Komitəsində kifayət qədər hakimiyyətin daxili və xarici siyasətinə münasibətdə loyal olan şəxslər də var. Biz bu yaxınlarda indiki hakimiyyətə radikal müxalifət mövqeyindən çıxış edən mühacir Qurban Məmmədovu onun təkidli müraciətlərindən sonra Komitəyə üzv qəbul etdik. Sabah radikal iqtidarçı Siyavuş Novruzov, ya bir başqası Qarabağ Komitəsinə üz olmaq üçün müraciət edərsə o da qəbul edilə bilər. Əsas məsələ Komitənin əsasnaməsindəki məqsəd və hədəflərlə razılaşdığını bəyan etməkdir. Yeri gəlmişkən, Qarabağ Komitəsi təkcə hakimiyyət tərəfindən yox, nüfuzlu müxalifət qruplarının bəziləri tərəfindən də birmənalı qarşılanmır və dost olmayan münasibətlə üzləşir.

- Hakimiyyətin aprel ayında növbədənkənar parlament seçkilərinə gedəcəyi barədə məlumatlar yayılır. Deyilənlərə görə, növbədənkənar prezident seçkiləri kimi bu seçkiləri də qəfil təyin edib sakit şəraitdə keçirmək istəyi mövcuddur. Növbədən kənar parlament seçkiləri müxalifət düşərgəsini aktivləşdirə, müxalifətə revanş üçün fürsət verə bilərmi? Bəzi iddialara görə, hətta Əli Kərimlinin və bir sıra müxalifət qüvvələrinin son vaxtlar fəallaşmağa başlamasının arxasında da növbədənkənar parlament seçkilərində revanş götürmək planı dayanır.

- Mən burda növbədənkənar parlament seçkiləri ətrafında şayiələrin rolunu tam istisna etməzdim. Hakimiyyətin növbədənkənar parlament seçkilərinə gedəcəyi istisna deyil. Ancaq məncə, hazırda müşahidə etdiyimiz müxalifətdaxili hərəkətlənmələrdə bu ehtimalın olmasınun rolu cüzidir. Düşünürəm ki, ənənəvi müxalifət onlardan kənarda başladılan təşəbbüsləri nəzərə aldı. O cümlədən Qarabağ Komitəsinin meydana gəlməsi və fəaliyyəti, xüsusən 29 sentyabr mitinqinin də şübhəsiz rolu oldu. “Əvvəl ayrılaq, sonra birləşərik” şüarı artıq nə verə bildisə verdi və aydın oldu ki, bu ilk növbədə ayrılmaq istəyənlərə zərər verdi, əlbəttə ki, ümumdemokratik çevrə də itirdi. Funksional əməkdaşlıq modelinin mənasızlığı və effektivsizliyi də təcrübədə göründü. Odur ki, yenidən hərəkat şəklində təşkilatlanma meylləri güclənib. Ancaq burda bir incə məqam var ki, bu proses, yəni hərəkat şəklində təşkilatlanma indiki mövcud siyasi situasiyada seçkilərdə iştiraka münasibətdən asılı olaraq ciddi sınağa məruz qalacaq. Bir hissə, məlumdur ki, mövcud şərtlər daxilində seçkilərdə iştirakın əleyhinədir və dinc inqilabı hədəfləyir. Digər hissə seçkilərdə iştirakı və idarə olunan, hətta imitasion demokratiyanı məqbul sayır. Odur ki, elə ilk müzakirələrdə məncə bu kriteriya həlledici olacaq. Çox mühüm proseslər gedir. Və hamımız bu prosesin içindəyik.

- Ümumiyyətlə, son vaxtlar müxalifət düşərgəsində bir canlanma, toparlanma meylləri müşahidə edilir. Bu nə ilə bağlıdır və sizcə ciddi prosesə çevriləcəkmi?

- Həm Azərbaycanda, həm də regionda baş verən hadisələr bizdə kardinal siyasi dəyişiklikləri labüd edir. Və mən hesab edirəm ki, hazırda müşahidə olunan toparlanma meylləri çox ciddi nəticələr verə bilər. Daxildə Əli Kərimlinin təşəbbüsü var, İsgəndər Həmidov konkret addım və format təklif edib. Xaricdə Qurban Məmmədov və İsa Sadıqovun təşəbbüsləri kifayət qədər əks səda verib. Mən baş verən prosesləri ciddi dəyərləndirməyin tərəfdarıyam. Hakimiyyətin öz ənənəvi məlum kursunu davam etdirəcəyi, yoxsa dövrün, şəraitin çağrılarına adekvat olub-olmamasından da çox şey asılıdır. Hər mənada.

- Fransada bir neçə həftədir hökumətə qarşı “sarıjiletlilər”in mitinqləri keçirilir və hökuməti verdiyi qərarlardan geri çəkilməyə məcbur etdilər. Azərbaycanda da müxalifət bundan ilhamlana və sarı jilet geyinib meydana çıxa bilərmi? Ukraynada “Narıncı inqilab” olanda Azərbaycan müxalifəti narıncı rəngə boyanmışdı. İkincisi, ümumilikdə Fransa kimi ölkədə aksiya keçirənlərə güc tətbiq edilməsinə münasibətiniz necədir?

- Fransa inqilablar beşiyidir. Orda baş verənlər müasir dünyanın siyasi sinir mərkəzlərindən biridir. Və bizə də təsir edir. Mən xüsusən sol gənclik hərəkatları canlansa təəccüb etmərəm. Rəng məsələsi isə əsas məsələ deyil.

- Ermənistanda keçirilən son parlament seçkilərin nəticələrinin regionda gedən proseslərə, həmçinin Qarabağ məsələsinə hansı təsirlərinin olacağını düşünürsünüz?

- İşğalçı Ermənistan dünya tərəfindən demokratik kimi qəbul edilən bir seçki keçirə bildi və bu Ermənistan tərəfindən Azərbaycana qarşı geopolitik təzyiq vasitəsi kimi istifadə ediləcək. Bizimkilərin də bundan etkiləndiyini necə görməmək olar? Mən yuxarıda iqtidarın mövcud çağrılara adekvat ola bilməsi məsələsinə toxunarkən bunu da nəzərdə tuturdum. Azərbaycana dünyanın da müsbət qiymətləndirəcəyi bir demokratik seçki hava-su kimi lazımdır. Hakimiyyət məncə bunu nəzərə almalıdır.

- Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun müxalifətin zirvə toplantısı təşkil etmək qərarına münasibətiniz necədir?

- Müsbət. Reallaşsa yaxşı olar.

- Müsavat Partiyası bir neçə gün öncə “Cümhuriyyət-100” tədbiri keçirib. Demək olar ki, əksər müxalifətçilər orada iştirak edib. Hətta təltiflər də olub. Sizin isə o tədbirdə olmadığınız deyilir. Dəvət edilməmişdiniz, yoxsa özünüz qatılmamışdınız? Müsavatın sizi dəvət etməməsini necə qarşıladınız?

- Əsas odur ki, Azərbaycan Parlamentinin 100 illiyi qeyd edildi. Tədbirə kimin dəvətli olub-olmaması önəmli deyil.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA