SÜLEYMANİ-İSRAİL DUELİ TƏHLÜKƏLİ HƏDDƏ ÇATIR: İsrail kəşfiyyatı İran generalını hər yerdə təqib edəcək – Təhlil

SÜLEYMANİ-İSRAİL DUELİ TƏHLÜKƏLİ HƏDDƏ ÇATIR: İsrail kəşfiyyatı İran generalını hər yerdə təqib edəcək – Təhlil

Ben Kaspit

Maariv (İsrail), 27.08.2019

Söhbət amansız dueldən gedir – İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) özəl bölməsi “əl-Qüds”ün komandanı Qasım Süleymani və İsrail dövləti arasında. Süleymani Suriyanı ikinci Livana, Colan təpələrinin Suriya hissəsini isə Hizbullahstana çevirməkdə qəti niyyətlidir.

Livan səhvini təkrarlamamaq və öz sərhədlərinin yanında terror infrastrukturunun yaradılmasına yol verməməyə and içmiş İsrail dövləti ona qarşı durub. SAXAL-ın baş qərargah rəisi Aviv Kohavi telekameralar qarşısında Süleymaninin adını təsadüfən aydın tələffüz etməyib. SAXAL-ın üst qatının ismarıcı şübhə doğurmur: biz “əl-Qüds” bölməsini və şəxsən səni istənilən yerdə, istənilən vaxt təqib edəcəyik – quruda və dənizdə.

Süleymani ilə qarşıdurmada İsrailə hələlik heç nə yardım etmir: budur, iranlı general artıq iki ildir çətin zərbələrə dözür, amma özünü elə göstərir ki, eyhamları anlamır. Xüsusi xidmətlərin məlumatına əsasən, Süleymaninin rəhbər tutduğu motivlər ağla ziddir. O öz fəaliyyətinə dini missiya kimi – İsraildə həyatı cəhənnəmə döndərmək – yanaşır. Tehranda ona qarşı ciddi müxalifət durur. Lakin Süleymani ölkə daxilindəki rəqiblərinin qabağını ala bilir. Həm də İranın ali ruhsal lideri, ayətullah Xamnəi onun tərəfindədir. Hələlik. İranın Suriya və Yəməndəki uğurları, sünnilərin göstərdikləri zəiflik Süleymanini ürəkləndirir. Bu mənzərəyə sığışmayan yeganə güc zərbəni zərbə dalınca vuran İsraildir. Təəssürat yaranır ki, İran generalı geri çəkilmək niyyətində deyil. Əksinə.

Amerika sanksiyaları gərəkli hədəflərə hələlik yetmir. İranlılar Vaşinqton, Avropa və Rusiyaya basqı qəsdilə İsraillə çəkişmənin közərtisini gücləndirməyə çalışırlar. İsrail indiki mərhələdə simasını qoruyur və tempi aşağı salmır. Baş Qərargah rəisi Aviv Kohavi öz sələfi Hadi Ayzenkotun dönəmində hazırlanmış strategiyanı davam etdirir. Heç bir güzəşt və plandan geri çəkilmə yoxdur. SAXAL və xüsusi xidmətlər KİV-lərin və siyasilərin bəyanatlarının yaratdığı gurultu fonuna məhəl qoymur. Knessetə yaxınlaşan seçkilər də orduya və kəşfiyyata heç bir təsir etmir. İsrail Beyrutdakı deyil, Suriyadakı son əməliyyatlara görə məsuliyyəti öz üzərinə götürüb. Beyrutda “Hizbullah”ın qalası olan Dəhya məhəlləsi bu yaxın zamana qədər İsrail və Livan arasındakı münasibətlərdəki yazılmamış qanunlara uyğun olaraq “steril” sayılıb. SAXAL bu bölgədə fəaliyyətdən vaz keçib. Dəhyada pilotsuzdan kimin istifadə etdiyi hələlik aydın deyil. Çoxlu konspiroloji nəzərəiyyə var. Bəziləri bildirir ki, bu, İranın təxribatı idi. Belə, ya elə, Nəsrullahın baxışınca, qaydalar dəyişib. O, cavab verməyi vəd edib.

Baş nazir Netanyahu bu dueli olduqca ölçü-biçili və soyuqqanlı aparır. O, müdafiə müstəvisində baş qərargahın tövsiyələrini qəbul edərək onun təklif etdiyi əməliyyatları təsdiqləməklə orduya tam sərbəstlik verir. İşlər siyasi mühitdə bir qədər pisdir: Netanyahu nazirlər kabineti ilə məsləhətləşmir. Bu, yalnız bütün bu hadisələrin nəzarətdən çıxdığı hallarda baş verir. Netanyahu arabir artıq sözlər danışır. Və bu, dedikcə təhlükəlidir. İsrail və Süleymani arasındakı duelin nəticələri birmənalı deyil. Taktiki baxımdan, İsrail Suriyada İranın nüfuzuna ciddi ziyan vurmağa nail olur. Strateji baxımdan, İran Tehranda başlanan və Beyrutda qurtaran şiə dəhlizini formalaşdırmağı davam etdirir – Colan təpələrinə şaxələnməklə. Ameriaklılar və rusların Suriyada İranın qabağını almaq vədləri dəyərsiz boşboğazlıq çıxdı. İan bazaları və İsrail sərhədi arasında heç bir 80 km-lik ara yoxdur. Güman etmirəm ki, 80 metrlik arada da var. Şiə oxu yeni gerçəklikdir, sərhədlərimizin üzərindən asılıdır və İsrail dövləti üçün ən ciddi təhlükədir.

Tərcümə Strateq.az-ındır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA