SƏNƏT FƏDAİLƏRİ...

SƏNƏT FƏDAİLƏRİ...

Və ya unudulmağa məhkum olanlar

(4-cü yazı)

Xalq artisti Əşrəf Yusifzadə haqqında

Ulu Şeyx Nizami yurdunda doğulub boya-başa çatdığımdan, xüsusi ilə də valideyinlərim olan, mərhum xalq artistləri Məhəmməd Bürcəliyev və Sədayə xanım Mustafayevanın həyatlarının əsas qayəsi məhz Gəncə Dövlət Dram teatrı ilə üzvü surətdə daha sıx şəkildə bağlı olduğundan bu sənət məbədinə tez-tez getməli olurdum. Hər dəfə də burada calışan müqtədir sənət korifeyləri haqqında söhbətlərdə daha yaxından iştirak edirdim. Yaxşı yadımdadır, bu söhbətlərdə qocaman aktyorların bir neçəsinin adı çəkilir, onlar haqqında ağızdolusu xatirələr danışılırdı. Kimisi onların böyük sənətə olan əvəzedilməz marağından, istedadından, kimisi həyat eşqi, qurub yaratmaq əzmində olan qəlblərindən, kimisi də ki, onların gözəl insani keyfiyyətlərindən söhbət açırdılar. Bu qocaman sənət ustalarından biri də hər zaman xatirələrdə yaşayan respublikanın xalq artisti Əşrəf Yusifzadə haqqında olan söhbətlər idi. Xatırladım ki, mərhum sənətkarımız, respublikanın xalq artisti Rəmziyyə xanım Veysəlova bu qocaman sənətkarımızın ömür-gün yoldaşı olub. Hər dəfə bu söhbətlərdə çox arzulayırdım ki, məhz Rəmziyyə xanım Veysəlova da iştirak etsin. Ancaq bu fürsət nədənsə mənə nəsib olmurdu.

Yaradıcılığının ən parlaq mərhələsi Gəncə Dövlət Dram Teatrı ilə bağlı olan Əşrəf Əmrah oğlu Yusifzadə 5 dekabr 1906-cı ildə Şərur rayonunun Sərxanlı kəndində dünyaya gəlib. 14 yaşına kimi Sərxanlı kəndində yaşayıb. 1921-1925-ci illər ərzində Şərurdakı birinci dərəcəli məktəbdə oxuyub. Ədəbiyyata, dramaturgiyaya coşqun həvəs göstərən Əşrəf Yusifzadə məktəbdəki dram dərnəyinin fəallarından biri olub. Beşillik təhsilini burada uğurla başa vuraraq müəllimlərinin tövsiyyəsi ilə İrəvana gəlib. Burada 20-ci illərdə bütün SSRİ-də dəbdə olan “Rabfak” adlanan fəhlə fakültəsinə daxil olub. Təhsilinə davamiyyətli şəkildə yiyələnən Əşrəf Yusifzadə eyni zamanda İrəvanda Azərbaycan teatrının canlı klassiklərindən olan Yunis Nurinin dram dərnəyinə də qatılıb. Burada epizodik rollar oynayıb, kütləvi səhnələrdə iştirak edib. “Rabfak” fəhlə fakültəsini iki ilə başa vuran Əşrəf Yusifzadə Yunis Nurinin zəmanəti ilə İrəvanda Azərbaycan teatr dəstəsinin aktyor heyətinə qəbul olunub. 1928-ci ildə bu kollektivin əsasında İrəvan Dövlət Azərbaycan Dram Teatrı yaranıb və kollektiv Jan Batist Molyerin “Zorən təbib” komediyası ilə fəaliyyətə başlayıb. Aktyor bu tamaşada nökər rolunu ifa edib. Əşrəf Yusifzadə dram truppasında və Dövlət teatrında hazırlanan Cəfər Cabbarlının “Aydın” pyesində Dövlət bəy, “Pepo” əsərində isə Pepo əsas rollarında maraqlı çıxışları ilə yadda qalıb. 1930-cu ildə Əşrəf Yusifzadə teatr sənətindən ayrılaraq Bakıya ali təhsil almağa gəlib. Burada Politexnik İnstitutunun “Kənd təsərrüfatı” fakültəsinə daxil olub. Məşhur aktyor Rza Təhmasib və şair-dramaturq Hüseyn Cavidlə dostluğu onu yenidən teatr sənətinə bağlayıb. 1932-ci ilin oktyabrında Bakı Türk İşçi Teatrının truppasına aktyor kimi qəbul olunub. Kollektivlə birgə elə 1932-ci ilin dekabr ayının 15-də Gəncəyə gəlib və ömrünün sonuna qədər Gəncə Dövlət Dram teatrında aktyor kimi fəaliyyət göstərib. Gəncədə 1930-cu illərdə Foreren qardaşları tərəfindən çaxır anbarı üçün nəzərdə tutulub tikilən, 1934-36-cı illərdə teatr binası üçün yenidən rekonstruksiya olunan və 1936-cı ildən müstəqil teatr binasında fəaliyyət göstərən Gəncə Dövlət Dram teatrının repertuarının əsas ağırlığını cəsarətlə çiyinləri üzərində çəkən, demək olar, bütün qəhrəman və əsas rolları oynayan barmaqla sayılacaq aparıcı aktyorlardan biri də Əşrəf Yusifzadə olub. O, Gəncə tamaşaçılarının rəğbət və məhəbbətini, ehtiram və hörmətini qazanaraq, kollektivin populyar aktyoru kimi sevilməyi bacarıb. Bu illərdə Gəncə Dövlət Dram teatrının səhnəsində tamaşalar hazırlayan rejissorlardan Həbib İsmayılovun, Mehdi Məmmədovun, Həsən Ağayevin, Yusif Yulduzun, Hüseyn Sultanovun, Tofiq Kazımovun, Nəsir Sadıqzadənin, Yusif Bağırovun, Vaqif Şərifovun, Əşrəf Quliyevin bədii cəhətdən daha kamil quruluşlarında əsas rolları məhz Əşrəf Yusifzadə oynayıb.

Coşqun səhnə ehtirası, daxili temperamenti, gur səsi, qaynar psixoloji aləmi, pafoslu danışıq ahəngi olan aktyor klassik faciə obrazlarının mahir ifaçısı kimi bu gün də yaddaşlarda yaşayır. Əşrəf Yusifzadə hər zaman realist səpkili tamaşalarda da romantik monumentalizmə meyil göstərib. Coşğun səhnə ehtirası, daxili temperamenti, gur səsi, qaynar psixoloji aləmi, pafoslu danışıq ahəngi klassik faciə obrazlarının və çağdaş romantik duyğulu xarakterlərin səhnə təcəssümündə onun obrazlarında daha qabarıq nəzərə çarpıb. Qəhrəman surətlərdə qazandığı nailiyyətlərlə yanaşı, mürəkkəb psixoloji personajları da məharətlə oynaya bilib. Məhz daxili aktyorluq harmoniyasını plastik hərəkətlərdə ustalıqla təcəssüm etdirməyi bacarıb. Zəngin mimika ifa vasitələrini yüksək səviyyədə mənimsəməyi bacaran Əşrəf Yusifzadə romantizmi və emosionallığı həssaslıqla öz oyununda hər an birləşdirə bilib.

Romantik aktyor məktəbinin qabil sənətkarlarından olan xalq artisti Əşrəf Yusifzadə Gəncə Dövlət Dram teatrının səhnəsində bir-birindən maraqlı, rəngarəng obrazlar qalereyası yaradıb. Belə ki, Mirzə Rəhim (Vasili Şkvarkin “Özgə uşaqları”), Balarza, Atakişi, Mirzə Rza, Aqşin, General Qubernator, Dövlət bəy (Cəfər Cabbarlı “Almaz”, “Sevil”, “Nəsrəddin şah”, “Od gəlini”, “1905-ci ildə” və “Aydın”), Məktəb naçalniki (Tur qardaşları və Lev Şeynin “Üzləşdirmə”), Frans Moor (Fridrix Şiller “Qaçaqlar”), Vaqif və Qacar, Xosrov (Səməd Vurğun “Vaqif” və “Fərhad və Şirin”), Dəmirçi Musa, Mirzə Qərənfil, Gülümov, Qasım (Sabit Rəhman “Toy”, “Xoşbəxtlər”, “Aşnalar” və “Nişanlı qız”), Yaqo (Uilyam Şekspir “Otello”), Veysəl və Qaya (Məmmədhüseyn Təhmasib “Bahar”), Hacı Fərəc (Nəcəf bəy Vəzirov “Hacı Fərəc”), Nizami (Mehdi Hüseyn “Nizami”), Tofiq (İlyas Əfəndiyev və Mehdi Hüseyn “İntizar”), Əhmədi Biqəm, Məşədi Hüseyn (Mirzə İbrahimov “Məhəbbət” və “Həyat”), Hacı Qara (Mirzə Fətəli Axundzadə “Hacı Qara”), Xosrov Atayev, Nəcəf (İlyas Əfəndiyev “Atayevlər ailəsi” və “Bahar suları”), Con Rayt (İlo Mosaşvili “Qərq edilmiş daşlar”), Şeyx Nəsrulla (Cəlil Məmmədquluzadə “Ölülər”), Vilyams (Nazim Hikmət “Kəllə”), Qurban (Əbdürrəhim bəy Haqverdiyev “Pəri cadu”), Los və Muradov (İmran Qasımov və Həsən Seyidbəyli “Böyük ürək”), Sultan Zöhrabov (Bəxtiyar Vahabzadə “Vicdan”), Şeyx Sənan və Özdəmir, Keykavus (Hüseyn Cavid “Şeyx Sənan” və “Səyavuş”), Ezop (Gilerma Fiqeyredu “Tülkü və üzüm”), Səməd Vurğun (İsgəndər Coşqun “Komsomol poeması”) və başqa digər obrazları da məhz Əşrəf Yusifzadənin aktyorluq məharətindən, səhnədə böyük bir aktyor məktəbinin geniş, bənzərsiz bir ampulasından, zəngin və əlvan yaradıcılıq xəzinəsinin aydın, parlaq mənzərəsindən xəbər verir.

Gəncə Dövlət Dram teatrının 1939-1940-cı illər repertuarına nəzər salarkən Səməd Vurğunun “Vaqif”, “Xanlar”, Süleyman Rüstəmin “Qaçaq Nəbi”, Mirzə İbrahimovun “Madrid”, Cəfər Cabbarlının “Aydın”, Məhəmməd Hüseyn Təhmasibin “Bahar”, Q. Musayevin “Şərqin qalası” və digər pyeslərinin tamaşaçılar tərəfindən əsasən böyük maraqla qarşılandığının şahidi oluruq.

Professor Bağır Bağırov “60 il xalqın xidmətində” (“İşıq”, 1981) kitabında yazırdı: “ “Vaqif”, “Xanlar”, “Qaçaq Nəbi” pyeslərinin tamaşaya qoyulması Gəncə teatrı tarixində böyük, özü də fərəhli bir hadisə idi. Çünki həmin tamaşalar teatrın yaradıcılıq imkanlarının necə geniş olduğunu bariz şəkildə nümayiş etdirirdi. Bu tamaşalarla teatr irəliyə doğru ciddi, inamla addımlayırdı. Həmin tamaşalar teatrın istedadlı aktyorlara malik olduğunun nümayişinə çevrildi”.

Məhz bu illərdə Səməd Vurğunun “Vaqif” tarixi dramında xalq artisti Əşrəf Yusifzadənin yaratdığı Ağa Məhəmməd şah Qacar surəti maraqla izlənilən obrazlarından biri kimi diqqəti cəlb edirdi. Xatırladım ki, tamaşanın quruluşçu rejissoru İsmayıl Əfəndiyev, rəssamı isə Bəhram Əfəndiyev olublar. Bu səhnə əsərində Əşrəf Yusifzadənin ifasında Qacar yalnız qaniçən və yırtıcı bir fateh kimi təqdim olunmurdu. Aktyor çox böyük bir məharətlə səhnədə Qacarın ruhi əzablarını da, ətrafında olanlara münasibətini də, yırtıcı təbiətini də öz hərəkət və mimikaları ilə tamaşaçılara təqdim etməklə yanaşı, bu qansız hökmdarın hər zaman qələbə çalmasına baxmayaraq mənəvi cəhətdən yoxsul biri olduğunu, daxilən böyük sarsıntılar keçirdiyini, məhz buna görə də ölümə məhkum edildiyini göstərməyə müvəffəq olurdu. Əşrəf Yusifzadənin Qacarı öz qüvvəsini başa düşən, bu qüvvəyə inanan bir obraz olaraq təqdim olunurdu.

Respublikanın xalq artisti Rəmziyyə xanım Veysəlova aktyorun Ağa Məhəmməd şah Qacar obrazı haqqında öz xatirələrində yazırdı: “Əşrəf Səməd Vurğunun “Vaqif”pyesində Qacar obrazı üzərində işləyərkən, onun bir əmisi vardı, Naxcıvanda yaşayırdı. Ona müraciət etdi. O kişi də çox savadlı bir adam idi. Əmisi ona cavab məktubu yazıb bildirdi ki, “Əşrəf sən calış Qacarı savadlı, geniş dünya görüşlü sərkərdə kimi göstər”. Əşrəf bu pyesdə Qacarı bu baxımdan işıqlandırmağa calışırdı. Cəsarətlə deyə bilərəm ki, Qacar obrazını Azərbaycan səhnəsində Sidqi Ruhulladan sonra mükəmməl yaradan aktyor Əşrəf olub. Bir sözlə bu obrazda Əşrəf çalışırdı ki, Qacarı bütün eybəcərliyi ilə yanaşı, ağıllı, bilikli bir şəxsiyyət, sərkərdə olaraq göstərsin”.

Həmçinin xüsusi olaraq qeyd etmək lazımdır ki, Əşrəf Yusifzadənin bütün obrazları onun geniş ampulaya malik bir aktyor olduğunu göstərməklə yanaşı, səhnədə cilddən-cildə girmək, obrazları mahiyyət etibarı ilə formalaşdırıb təqdim etmək qabiliyyətini nümayiş etdirirdi. Onun ifasında xəsis, qorxaq, pul üçün insanlıq şərəfini itirən Hacı Qaranı, qəlbi, vicdanı kömür kimi qara olan, xəyanət mücəssiməsi kimi tanınan Yaqonu eləcə də Şeyx Sənanın daxili dünyasını açıb göstərmək və tamaşaçılara sevdirmək qabiliyyəti aktyorun böyük səhnə uğurlarının təqdimatı kimi diqqəti cəlb edirdi.

Aktyorun böyük məharətlə yaratdığı obrazlardan biri də rejissor, respublikanın əməkdar incəsənət xadimi Hüseyn Sultanovun quruluşunda Gilerma Fiqeyredonun “Tülkü və üzüm” pyesində olan Ezop obrazıdır. Obraz Əşrəf Yusifzadənin Gəncə Dövlət Dram teatrının səhnəsində oynadığı ən yadda qalan, maraqlı və bitkin obrazları silsiləsinə daxildir. Əşrəf Yusifzadə hər bir obrazında olduğu kimi məhz Ezopu da fərqli cizgilərlə göstərməyə müvəffəq olaraq, onu səhnə fəaliyyətinin uğurlu surətlərindən biri kimi tamaşaçılara təqdim edə bilirdi. Rejissor Nəsir Sadıqzadə “Bakı” qəzetində Əşrəf Yusifzadənin Ezop obrazı haqqında yazırdı: “ Əşrəf Yusifzadə öz oyununda qulun azadlıq etirazı ilə çırpınan qəlbini hiss və həyacanlarını gözəl təcəssüm etdirirdi”. 1960-cı ildə “Ədəbiyyat və İncəsənət” qəzeti Gəncə Dövlət Dram teatrının Bakı şəhərinə olan qastrol səfəri haqqında isə yazır: “Bakıda qastrol günlərində teatrın dünya dramaturgiyasının ən yaxşı nümunələrinə müraciəti də müsbət qiymətləndirildi. Bu əsərlər icərisində Brazilya yazıçısı Gilerma Fiqeyredonun “Tülkü və üzüm” (Ezop) tamaşası xüsusi diqqəti cəlb edirdi. Bu pyes Gəncə teatrındakı tərcümə əsərləri arasında ən müvəffəqiyyətlisidir”.

Xalq artisti Əşrəf Yusifzadə həmçinin “Azərbaycanfilm”in istehsalı olan bir sıra filmlərdə də yaddaqalan, maraqlı obrazlar qaleriyası yaradıb. Belə ki, Mirzə Fətəli Axundzadənin eyni adlı komediyası əsasında Cəfər Cabbarlının ssenariləşdirdiyi və 1929-cu ildə quruluşçu rejissoru Abbas Mirzə Şərifzadə və quruluşçu operatoru İvan Tartakovski tərəfindən lentə alınan “Hacı Qara”,daha sonra 1958-ci ildə ssenari müəllifi Qılman Musayev, quruluşçu rejissorları İsmayıl Əfəndiyev, Şüa Şeyxov və quruluşçu operatoru Əsgər İsmayılov tərəfindən lentə alınan “Kölgələr sürünür”və 1960-cı ildə ssenari müəllifi Mehdi Hüseyn, quruluşçu rejissoru Ağarza Quliyev və quruluşçu operatoru Dmitri Feldman tərəfindən lentə alınan “Səhər” tammetrajlı bədii filmlərində yaratdığı obrazları Azərbaycan kino səlnaməsinə bir rəngarənglik və fərqlilik gətirə bilib.

Romantik aktyor, cəfakeş teatr xadimi olan Əşrəf Yusifzadə hər zaman Gəncə Dövlət Dram teatrında ilk kövrək addımlarını atan gənclərin qayğıkeş hamisi kimi də böyük nüfuz sahibi idi. Bu gün məhz onun sənət məktəbinin öz yetirmələri var. Gəncə Dövlət Dram teatrının rejissoru, respublikanın xalq artisti Vaqif Şərifov öz xatirələrində Əşrəf Yusifzadə haqqında deyir: “Mən Gəncə Dövlət Dram teatrına yenicə gəlmişdim. O zaman Hüseyn Sultanov Gəncə teatrının direktoru həm də baş rejissoru idi. Bu illərdə Gilerma Fiqeyredonun “Tülkü və üzüm” (Ezop) pyesi tamaşaya hazırlanırdı və elə bir dövr gəldi ki, mən bu pyesdə rejissor asissenti oldum. Sevincimin həddi-hüdudu yox idi. Bu mənim üçün əlcatmaz bir zirvə idi. Təssəvvür edin ki, mən Ezop əsərini bütünlüklə əzbər bilirdim. Bu pyesdə Əşrəf Yusifzadə Ezopu oynayırdı. Pyesin tamaşası zamanı Əşrəf Yusifzadə ilə işləməkdən böyük zövq alırdım. Sonra qismətim elə gətirdi ki, onunla səhnədə həm də tərəfmüqabili oldum. Səməd Vurğunun “Vaqif” tarixi dramında Əşrəf müəllim Vaqif obrazında mənsə Əli bəyi oynamalı oldum. Bu müqtədir sənət karifeyi ilə tərəfmüqabili olmaq mənim üçün böyük bir zirvə idi. Əşrəf Yusifzadə çox əzəmətli bir sənətkar idi. Deyim ki, o illərdə Əşrəf Yusifzadənin gənclərə olan xüsusi diqqət və qayğısı vardı. Məşq proseslərində xüsusi olaraq onun məsləhətləri hər zaman köməyimizə çatırdı və biz bundan bəhrələnirdik. Mən bu gün də xalq artisti Əşrəf Yusifzadəni böyük hörmət və ehtiramla xatırlayıram. Tarix bu kimi şəxsiyyətləri zamanında çox nadir hallarda bəxş edir. Xoşbəxtliyim o böyük sənətkarı tanımağım idi”.

Əşrəf Yusifzadə 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 30 aprel 1955-ci ildə isə xalq artisti fəxri adları ilə təltif olunub. O, 1963-cü il mart ayının 7-də Gəncə şəhərində vəfat edib və buradakı qədim Səbiskar qəbiristanlığında dəfn olunub. Bu gün təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, respublikanın xalq artisti Əşrəf Yusifzadənin vəfatından 54 il ötməsinə baxmayaraq onunla bağlı heç bir dövrü mətbuatda geniş formada yazılar dərc edilmir və ya xatirə verilişləri belə hazırlanmır. Hətta xatirəsinin əbədiləşdirilməsi üçün yaşadığı binanın önündə belə xatirə-baralyef lövhəsi yoxdur. Görəsən böyük bir sənət məktəbi keçən və sözün əsl mənasında özünün möhtəşəm sənət məktəbini yarada bilən bu kimi sənət fəadilərinin unudulmasının və ya unudulmağa məhkum olunmasının əsas səbəbi nədir?

Bəlkə də elə biz, özümüzük!

Anar Bürcəliyev,

Teatrşünas

Loading...

QALEREYA