SƏNƏT ƏSƏRLƏRİMİZ XARİCƏ NECƏ DAŞINIB... - II HİSSƏ

SƏNƏT ƏSƏRLƏRİMİZ XARİCƏ NECƏ DAŞINIB... - II HİSSƏ

Azərbaycanın xalqının milli sərvətini talayanlar hələ də cəzasız qalır

Fitnə-fəsadın hökmfərma olduğu məkanda asari-ətiqə yada düşməz

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/snt_srlrimiz_xaric_nec_dainib)

Təfəkkürü çayxanada formalaşmış dünənki gədə nə bilirdi Rubens, El Qreko kim­dirlər, Sakson farforu ilə qə­dim Çin farforu arasında han­sı fərqlər var? 1991-92-ci illər­də Gömrük sistemində pulgir juliklərin işləməsindən sui-isti­fadə edən sənət dəllalları çox vaxt ölkədən çıxarılacaq rəsm əsərlərinin üzərinə tez silinə bilinən boyalarla başqa bir şə­kil çəkdirib məntəqədən keçi­rirdilər.

Belə işlərlə məşğul olub yaxşıca qazanan rəs­samlar, tanınmaz hala salın­mış sənət əsəri üçün "milli bə­dii dəyərlərə malik deyil” rəyi­ni verən şərəfsiz ekspertlər elə özümüzünkülər idi. İndi vaxtilə baş vermiş hadisələri xatırlayanda fikirləşirəm ki, bu millət indiyə qədər kimin və nəyin qədrini bilib? Avropa­dan, ABŞ-dan gələn harınlar bizim qədim çeşnilər əsasın­da toxunmuş xalçaları göydə alıb aparırdılar. Bizim zövqü­müz isə o qədər murdarlanıb ki, almanın, fransızın, çexin dəhlizə ayaq altına atdığı ma­şın xalçalarını hətta təntənəli tədbirlərdə, xeyirdə, şərdə di­varlarda, lap yuxarı başda asırıq. Özü də utanıb eləmirik... 600 çeşnisi olan xalqa yaraşırmı ki, əcnəbilərin qarşısın­da özünü biabır etsin? Azadlı­ğa çıxmağımıza sevindik və haçandan-haçana ayılıb gör­dük ki, sovet "əsarəti" dövrün­də indikindən min qat artıq və­tənpərvər və savadlı olmuşuq. Heç demə, əsl zövqün nə de­mək olduğunu elə onda bilmi­şik.

O azadlıq qalmayıb ki, ona sahiblənməyək, insan alverində ad qazanmışıq. Vaxtilə bir zənən xeylağı haradasa təhqir olunanda bütün mahal ayağa qalxardı. İndi isə qız-gəlinin Dubay macəraları heç kimi narahat eləmir.

Azadıq, əhli-əyalımız, oğul-uşağımız telekanallarda hər cürə düşük, heyvərə verilişlərə baxa bilir.

Azadıq, dualıq olmuş əyalət “inqilabçılarının” birinin sözü o birisinin boğazından keçmir. Azadlıq havasından elə bihuş olmuşuq ki, vəhhabi-mason alyansının yiyəsiz qalmış təhsil sistemini necə zəbt etdiyini, təxribatçı əcnəbi mərkəzlərin pulu ilə Bakıda fəaliyyət göstərən sektaların, icmaların iç üzünü görmürük. Amma, bir təsəlli var, Mübariz Qurbanlı namlı münəvvər bir zat buyurub ki, millət rahat rəxti-xabda yata bilər. Bütün dünyaya tolerant olmağımızı sübut etmək üçün imkan olsa, hələ yüz-yüz əlli sektanı, missioner qrupunu da qeydiyyatdan keçirəcəyik.

Azadıq, amma hələ başa düşməmişik ki, durub-oturub iqtidarı söyən hər bambılıya demokrat, mərd mübariz demək avamlıqdır. İllər keçəndən sonra, çoxumuz hələ indi başa düşüb ki, gözə kül üfürməyi bacarmış, anadangəlmə fitnəkarlarla iqtidar arasında çoxdan əhdnamə bağlanıbmış, yəni avamların bellərinə palan qoymaq üçün bizi söyə bilərsiniz, məqsəd, aldanıb ətrafınıza cəm ola biləcək qüvvələri, narazıları tam aşkarlamaqdır. Sizləri hörmətə mindirmək üçün qəzetinizə heç kimin əli çatmadığı məlumatları ötürəcəyik. Mütəmadiyən bir-birini təkzib edən xəbərlər verin, qoy camaat çaşıb qalsın. Dünən ələ salıb söydüyünüzü bu gün tərifləyin... Səy göstərsəniz, yaxşı ənam da alacaqsınız, belə lap medal da... İkibaşlı oyunlarınızı, riyakarlığınızı bilib sizləri ifşa etmək istəyənləri susdurmaq bizim işimizdir.

Bu illər ərzində xisləti, başqanları dəyişmə­yən xəstə müxalifətin yazarlarının kəramətindən söz də, hörmətdən düşdü. Ardı-arası kəsilməyən böhtanlar, iftira­lar, ədəbsizlik, bu gün yazdı­ğını sabahı günü unutmaq, iki eşşəyin arpasını bölə bilmə­yən gədə-güdənin qəzet səhi­fələrini dava meydanına dön­dərmələri mətbuatı qara günə saldı. Məhz bunun ucbatındandır ki, dərd-ələmdən ba­şından tüstüsü çıxan dərd əhli qəzet səhifələrinə min hə­qiqəti də çıxarsa, məhəl qo­yan tapılmır. Asari-ətiqə söhbəti də belə aqibətlə üzləşdi... Dəyəri astronomik rəqəmlərlə ölçülə bilən sənət əsərlərinin taleyi barədə indi kiminlə da­nışasan? Gömrük söhbətini ortaya atsan, cavab verəcək­lər ki, bəs narahat olub elə­məyin, siz deyən adamlar da­ha burada işləmirlər, indi bi­zim yeni, yüksək erudisiyalı kadrlarımız var, onlar quşu gözündən vururlar və bir sə­nət əsəri respublikanın hü­dudlarından o yana keçmir. Əlbəttə ki, mən buna inanı­ram, istəməyən kor olsun!

Məni başqa dərd yandırır, axı yiyəsizlik dövründə məm­ləkətin asari-ətiqəsinin vəhşi­cəsinə talan olunmasını bizim bütün ziyalı təbəqəsi bilirdi, di gəl birinin səsi çıxmadı. Hə­kimlərdən, pedaqoqlardan, di­gər peşə sahiblərindən danış­mayacağam. Bizim rəssamlar ittifaqının 90-cı illərin əvvəllə­rində 800-ə qədər üzvü var idi. Bunların içində neynim de­mədən yaşayan, titullu, təriflə­nib dağ başına çıxarılanı da, ailəsini dolandıra bilməyəni də vardı, başımla cavabde­həm ki, hamısı da 1991-1993-cü illərdə ölkənin asari-ətiqə­sinin, sənət əsərlərinin tala­nından xəbərdar idi. Əksəriy­yəti də bilirdi ki, benəlxalq oğ­rular sənət əsərlərini keçmiş gömrük xidmətinin gözü qar­şısında hansı fəndlərlə qırağa çıxarırlar. Nə onda, nə indi bir titullu sənət adamı səsini çı­xartmadı ki, çixartmadı. Özlə­rini elə aparırdılar ki, elə bil bu hadisələrin heç onlara dəxli yoxdur, indi durub bir-bir itti­ham verəcəksən, aləm bir-birinə dəyəcək, başlayacaqlar onu-bunu qınamaq, yaxşı deyil, filankəsi bütün dünya tanıyır, yaşı da keçib, hamının səhvi var və i.a. Axı biz belə lüzumsüz liberallıqla hər şeyi güda­za vermişik!..

...Nə qədər özümü oda-közə vururamsa, bir əsrardan baş aça bilmirəm ki, bilmirəm. Bəşər tarixində elə bir xalq yoxdur ki, milli istiqlaliyyət uğrunda döyüşə qalxsın, amma ötəri məğlubiyyətlə üzləşən kimi əllərini sallayıb otursun və ondan-bundan kömək dilə­sin. Biz azərbaycanlılardan başqa dünyanın xalqları ya ki­şi kimi vuruşub bir yana çıxıb­lar, ya da bir dəfəlik məhv olub tarixin səhnəsindən ge­diblər. Getməyinə, gediblər, amma hər halda ad da qoyub­lar... Qədim pruslar, daklar, Avar xaqanlığı, qotlar, hunlar, xəzər dövləti, bizim Albaniya, məxləs, bu siyahını çox uzat­maq olar. Biz isə əyyaşlıq edə-edə, futboldan, meyxa­nadan zövq ala-ala, şou-bizneslə əylənə-əylənə heç özü­müz də bilmirik ki, hara gedi­rik. Çox götür-qoy edəndə heç kimi qınamaq olmur. Biz qərinlər boyu gənc nəslə tari­xi şəxsiyyətləri də seçmə yolu ilə təlqin etmişik. 20-ci əsrin 40-cı illərində Babək yada düşdü. Bundan əvvəl isə onun adından söyüş kimi isti­fadə edirdilər. (Bu barədə hə­lə bir neçə il bundan əvvəl mən yazmışdım). Rus çariz­minin irticaçı siyasətinə qarşı vuruşmuş mərd qaçaqların adları tarixdən tamam silin­miş, tək Qaçaq Nəbi qalmışdı. Nə var, nə var, onun bəzi əməlləri bolşevik ideoloqların tələblərinə uyğun gəlib. Tacir­ləri, sövdəgərləri, çarvadarları soyubsa, deməli əzilən sinfə kömək edib, əsl profetar adamdır. Koroğlunu adətən Cəlali hərəkatı ilə bağlayır­lar...

İndi bu saatın özündə kimdən soruşsan ki, "Cəlali hərəkatı nəmənədir, məqsədi nə idi, ümumiyyətlə o dövrdə yırtıcılaşan Avropaya qarşı təkbaşına vuruşan Osmanlı imperiyasını arxadan vuran, onu zəiflədib laxladan hərəka­tın özü mütərəqqi idimi?", heç kim cavab verə biiməyəcək. Sonra kommunist ideoloji aparatı bir az Cavanşirdən, bir az da Şah İsmayıl Xətai­dən danışmağa icazə verib. Həm gülməli, həm də ağlama­lı təbliğat forması, sosializm quruluşunda aşağı təbəqə həmişə təhqir, föhş hədəfi olmuş hökümdarlardan vətənpərvər­lik öyrənməli idi. Milli ideologi­yanın təməl daşları əvvəlcə­dən düzgün qoyulmadı. Rus uşaqlarına İvan Susanin, knyaz Pojarski, Dmitriy Dons­koy, Aleksandr Nevski və di­gər real şəxsiyyətlər haqqında məlumatlar verilirdisə, bizimkilər ən yaxşı halda "Dədə Qorqud"un personajları ilə ki­fayətləndilər. Nə Cavad xan, nə rus qoşunlarına qarşı kişi kimi vuruşub şəhid olmuş Salyan, Lənkəran mücahidləri, nə Əlincə qəhrəmanı Laçın bəy yada düşdü. Saysız-hesabsız titulların sahibləri başa düş­mədilər ki, tək bir eposla və­tənpərvərlik hissi oyatmırlar. Türkçülükdən gəvəzələyən hərbgü cahillər də tarixə baş çəkib qəsddən unutdurulmuş, yaddan çıxmış qəhrəmanları üzə çıxartmağa tənbəllik etdilər.

Bunun üçün isə savad, elm və bir də zəhmət lazım idi... Nə qədər şou-biznesdən pul qazananları, hərbgü qərbçiləri, qiblələrini itirmiş insan­ları söysək də, bir məsələni unutmamalıyıq. Yaşlılar o ya­na dursun, orta yaşlı nəsil cil­dini, maskasını dəyişmiş "ideoloqlara" inanmır, onlara ikrahla baxır. Dünən Şaumyanları, sosrealizmi, Azərbay­cana ekzotika yeri kimi bax­mış imperiya xadimlərini mədh etmiş bizim akademik­lər, elmlər doktorları indi milli­likdən, müsavatdan danışan­da mən özümə yer tapa bilmi­rəm. Bunların yetirmələri nə olacaq ki?

Ordenlər, yüksək təqaüdlər, bağ yerləri, imti­yazlar, mənzillər dolu kimi yağdırıldı. Hamısı da demək olar ki, nəvələrinin də gələ­cəklərini təmin etdi. Prezident bunlardan kişi kimi işləməyi gözləyirdi... Amma, millət, gənc nəsil yaddan çıxdı, hərə ancaq öz mənafeyini güddü. Hər dəfə televizorda çeynən­miş ibarələrlə, mentor ədası ilə çıxış etməyi bunlar dövlə­tə, millətə xidmət kimi başa düşürlər.

Titullu, ordenli, şıq geyin­miş akademikləri, elmlər dok­torlarını, özlərini siyasətşünas kimi gözə soxmaq istəyən məmurları biz həmişə hansısa təntənəli tədbirdə ya rəyasətdə gör­müşük, ya da telestudiyaların təşkil et­dikləri "dəyirmi ma­salarda". Qarabağ işğal təhlükəsi ilə üzləşəndə bunlar­dan bircəciyi nə Şuşada göründü, nə Laçında. Hələ indiyə qədər bir nə­fər adam deyə bil­məz ki, bunların bircəciyi nüfuzunu, savad və titullarını bilatəşbeh tərəzinin gözünə ataraq gənc nəsli şou-biznesi idarə edən təxribatçıların caynağın­dan xilas etmək üçün odlu-alovlu məqalələr yazıb, müx­təlif səviyyəli yığıncaqlarda te­lekanallarda baş alıb gedən bayağı verilişləri tənqid atəşi­nə tutub.

Yazıçılar birliyinin də ərbabi-girami ümumiyyətlə özünü qırağa çəkdi. Dedektiv əsərlərin müəllifi, ədası yerə-göyə sığmayan Çingiz Abdullayevin mövqeyi maşallah nəyə desəniz dəyərdi. Özünü hamıdan ağıllı sayan Çingiz ağanın dedektiv istedadını işə salıb oğurlanmış sənət əsərlərinin taleyi ilə niyə maraqlanmadı? Bütün üsuli-idarələrlə dil tapa bilmiş Elçindən danışmağı özümə yaraşdırmıram. Ədəbiyyat “knyazları” özlərini elə aparırdılar ki, guya bu məsələlərin onlara dəxli zadı yoxdur. Durub bir-bir ittiham verəcəksən, aləm bir-birinə dəyəcək, başlayacaqlar məni qınamağa, yaxşı deyil, filankəs saraya yaxındır, yaşı da keçib, hamının səhvi var və i.a.

(Ardı var)

Firuz Haşımov

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA